Dilimizvarlığımız.az Əkbər Qoşalının yeni şeirlərini təqdim edir.
Günəş, fikir və bulud…
“Hər şey axar: su, tarix,
yıldız, insan və fikir”…
(N.F.Qısakürək)
Dağa nəğmə deyən çay
Düzənlərdən lal keçər;
Suya əksi düşən Ay,
Yuvarlanar dağ sarı…
Qış ömürdən yaz keçər…
Ya dağa, ya dənizə,
Axar, axar – nə görsən;
Ah, dünənki dolunay,
Bugünkü ayparadı…
Al, kamını al… keçər.
Nazlanar Ay düşən çay,
Suya budaq sallayar –
Ən qurumuş ağac da…
Çox da bayram ayıdı,
Ömürdən bir az keçər…
Nə yaxşı ki Günəş var,
Günəş var Göy üzündə;
Fikir də var nə yaxşı,
Dolanar Yer üzündə;
Günəşsiz və fikirsiz
Dünyanı nə bağlardı? –
Sual keçər ömürdən…
Suallar bir karvantək
Keçər Günəş önündən
Bulud olar suallar
Şimşək kimi çaxar gah,
Gah yağar Yer üzünə
Dövr eləyər beləcə…
Günəş, fikir və bulud… –
Yəqin burda olsaydın
Səslənərdin ahəstə:
Unut bu gün sualı
Özün umud ol, umud!..
Məmməd əmi
Məmməd İsmayıla
Yastığın yüngül olsun.
Ağrıma, Məmməd əmi.
Umud və dua gəlir
Çəkincə adınızı
Ağlıma, Məmməd əmi.
Sağ olsun gələn-gedən;
Nə deyir ağacdələn?
Teylənər avarçəkən,
Çəkincə adınızı
Ağrıya*!.. Məmməd əmi.
İncitməz sal suları;
Kim dinlər lal suları?..
Əsriyin bal suları,
Çəkincə adınızı
Arılar, Məmməd əmi.
Yastığın yüngül olsun.
Ağrıma, Məmməd əmi.
Çəkincə adınızı
İncəlsin dərd – tül olsun;
Tez sağal, Məmməd əmi.
*Ağrıdağı nəzərdə tutulur
Ona deməli…
Dünyada nə qədər yaxşı söz varsa,
Hamsını, hamsını ona deməli;
Könüldən keçəni, başa gələni –
Döşürüb, toplayıb ona deməli.
Çox gec görüşmüşük, tez tanış olaq,
Vaxt bizi qovmasın, biz vaxtı qovaq.
Lal çay, qərib gecə… və yaşıl qovaq –
Ah, bu nə ecazdı?!. – Ona deməli…
Əkbər, xəyallardan usanmaq olmaz,
Amma hər xəyalla yaşamaq olmaz;
Xəyal yuxu deyil, suya danışma,
Onu aramalı, ona deməli…
Bakı, 11.02.2024
Təbrizli andı
Qaralan göyüzünə,
Daralan üfüqlərə,
Qarışıq zamanlara
Ürəyə damanlara
And olsun!
And olsun
Şər vaxtına,
Şahın əsir taxtına;
Güllərin solmasına,
Gözlərin dolmasına…
Sökülmüş saatlara,
Xəstənin aynasına,
Ən incik baxışlara,
Çatılan sıx qaşlara
And olsun!
And olsun günahsıza,
Dörd divar arasına,
And olsun
allahsıza
əsir düşən insana!..
And olsun
susqunlara,
And olsun
başdaşına,
Ona qonan quşlara,
Son yarpaq duruşuna…
Qırılan qanadlara
Umudun uçuşuna,
Nə ölü, nə sağlara –
İtkinlərin canına
And olsun!
Sənə, mənə,
Yersiz Yerə
Göysüz göyə,
Yenə, yenə
And olsun!..
***
Tikanlar dil açsaydı,
“Nöbətdəyik!” deyərdi.
Gül sevgiylə dərilsə,
“Cənnətdəyik” deyərdi.
Bəlkə güllər gec anlar,
Sirr saxlayar tikanlar…
Amma nadan güldanlar
Əlbəttə ki
deyərdi…
Nə tikanlar, nə güllər,
Nə də əkib-dərənlər, –
Dərdi dərin çəkənlər
“Bir qismətdi” deyərdi…
Tikanlar dil açsaydı…
***
Niyə sənə bu qədər
Küsənirəm, bilmirəm.
Sənsiz niyə belə tez,
Tükənirəm, bilmirəm.
Dil taparıq yollarla,
yox olmarıq yoxlarla;
Sənsiz qalan qollarla
Üşənirəm… Bilmirəm…
Həsrət qalxsın ayağa,
Qar enibdi dağlara…
Ən isti xəyallara
Bürənirəm,
bilmirəm…
Sənə niyə bir belə
Küsənirəm, bilmirəm…
Tural Adışirinin təqdimatında