“İlkin mərhələdə bu cərimələr dil qaydalarına düzgün əməl etməyən müəssisə, təşkilat və qurumlara tətbiq ediləcək ki, onlar səhvlərini düzəltsinlər”
Ölkəmizdə ədəbi dildən istifadə məsələsində hələ də xeyli qüsur var. Baxmayaraq ki, ədəbi dil qaydalarının pozulmasına qarşı müvafiq qurumlar tərəfindən mübarizə aparılır, bu halın qarşısının alınması üçün maarifləndirici tədbirlər həyata keçirilir, lakin bu problemin köklü şəkildə həllinə nail ola bilməmişik.
Dəfələrlə mövcud problemin birdəfəlik aradan qaldırılması üçün inzibati cəzanın tətbiq edilməsi gündəmə gətirilsə də, bir sıra mütəxəssislər hesab edirdilər ki, bu qüsurların aradan qaldırılması üçün cərimələrin tətbiq edilməsi fayda verməyəcək, problem yalnız maarifçilik yolu ilə öz həllini tapmalıdır. Ancaq, gördüyümüz kimi, maarifçilik işi heç bir fayda vermədi. Yenə də ədəbi dil qaydalarını pozanlara qarşı konkret cəzaların müəyyən edilməsi öz aktuallığını saxladı. Artıq bu məsələ qanun çərçivəsində həll ediləcək. Belə ki, Azərbaycanda ədəbi dil normalarının pozulmasına görə cərimələrin tətbiq edilməsi barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Nazirlər Kabinetinə verdiyi təklif qəbul edilib.
Qeyd edilənə görə, bu cərimələrin yeni yaradılacaq Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən tətbiq edilməsi nəzərdə tutulur. Mərkəzin noyabrın 1-dək fəaliyyətə başlayacağı gözlənir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması üçün bütün qanunverici sənədlər imzalanıb. AMEA-nın Dilçilik İnstitutunun rektoru, akademik Möhsün Nağısoylu qeyd edib ki, bütün bu sənədlər imzalansa da, yalnız Monitorinq Mərkəzinin yaradılması haqqında Prezidentin sərəncamının verilməsi məsələsi qalıb. “Bu il noyabrın 1-də Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalamasının 1 ili tamam olacaq. Hesab edirəm ki, Mərkəz həmin vaxtadək – noyabrın 1-dək fəaliyyətə başlayacaq” – deyə o vurğulayıb.
M.Nağısoylu bildirib ki, Monitorinq Mərkəzi afişalar, reklamlar və elanlarda normaların pozulması hallarının aradan qaldırılması üçün qurumlara göstərişlər verəcək, təbliğat işləri aparacaq: “Biz ədəbi dil normalarının pozulmasına görə cərimənin tətbiqini də təklif etmişik. Cərimələrin həm fiziki, həm də hüquqi şəxslər üçün tətbiqi təklif edilib. Bu təklifimiz NK tərəfindən qəbul edilib”.
Xatırladaq ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin Fərmanına əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq. Mərkəz Azərbaycan dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək.