Hər bir dili yaşadan, inkişaf etdirən onun xalqıdır. Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində Azərbaycan dilinin ümumişlək dilə, dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə – diplomatiya aləminə yol açmasına, zənginləşərək böyük nüfuz qazanmasına gətirib çıxarmışdır.
1969-cu ilin 14 iyulunda ulu öndər Azərbaycana rəhbər təyin ediləndən sonra dil siyasəti məsələsini də daim diqqətdə saxlamış, ana dilimizin inkişafı naminə misilsiz xidmətlər göstərmişdir. Heydər Əliyev hələ keçmiş SSRİ imperiyasında rus dilinin ikinci ana dili kimi ölkənin bütün bölgələrində kütləvi şəkildə işlədildiyi bir vaxtda konfrans və yığıncaqlarda, yubileylərdə Azərbaycan dilində çıxışlar etmişdir. Bu siyasət məhz ötən əsrin 70-ci illərində daha güclü şəkildə özünü büruzə vermişdir. Heydər Əliyev Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləmişdir. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açmışdır. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında ana dilimizin dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün böyük hadisə idi. Azərbaycan dilçiliyində ilk dəfə olaraq dördcildlik “Müasir Azərbaycan dili” adlı fundamental dərslik çap olunmuşdur. 1974-cü ildə həmin dərslik dövlət mükafatına təqdim edilmişdir.
Müstəqillik ərəfəsində və müstəqilliyin ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli liderin yenidən hakimiyyətə qayıtması dil siyasəti sahəsində də bir çox önəmli hadisələrlə yadda qalmışdır. Hər şeydən əvvəl milli-mənəvi sərvətimiz olan ana dilimizin adı bərpa olundu. Heydər Əliyev hakimiyyətə gəldiyi qısa vaxtdan sonra respublikanın tanınmış dilçi alimlərini, görkəmli ziyalılarını bir yerə toplayıb geniş müzakirələr apardı, dilimizin adının dəyişdiliməsinin düşünülməmiş, səhv qərar olduğunu bildirdi. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyasında Azərbaycan dilinin adı bərpa olundu və dövlət dili kimi öz təsdiqini tapdı. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində bir çox əhəmiyyətli sənədlər qəbul edildi. 2001-ci il iyulun 18-də ölkə rəhbəri tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalandı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Fərmanda deyilir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
2002-ci ilin sentyabrında qəbul olunmuş “Dövlət dili haqqında” qanun, 2003-cü ilin yanvarında imzalanmış “Azərbaycan Respublikasında dövlət dili haqqında” fərman və həmin il qəbul olunmuş “Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” qanun və digər sənədlər ana dilinin zənginləşdirilməsinə, təkmilləşdirilməsinə və qorunmasına xidmət etmişdir. Bu qanunlarda dilimizin geniş şəkildə tətbiqi məsələsi irəli sürülmüş, ona qarşı çıxanların məsuliyyətə cəlb olunması və cəzalandırılması öz əksini tapmışdır. İndi dilimizin vəziyyəti ilə bağlı təlaş keçirməyə heç bir əsas yoxdur. Bütün xalq bu dildə danışır, kitablarımız bu dildə nəşr olunur, konfranslar, müşavirələr, dövlət tədbirləri bu dildə aparılır, ali məktəblərimizdə bu dildə mühazirələr oxunur. Lakin hər dövrün problemləri də olur. Ədəbi dilin dövlət idarələrində tətbiqi məsələsi, mətbuat, radio və televiziya dili, reklamlar, xarici dildə olan məktəblər, ziyalıların ana dilinə münasibəti və s. problemlər barədə düşünmək lazımdır.
Bu baxımdan bəzi kütləvi informasiya vasitələri, reklam agentlikləri, radio verilişlərinin aparıcıları, xüsusilə də bəzi televiziya kanallarının idman şərhçiləri ana dilimizin işlənməsi ilə bağlı qanunlara əməl etmir, dilimizin saflığına xələl gətirirlər.
Bu gün ölkəmizdə 600-dən çox qəzet-jurnal çıxır, bir çox özəl televiziya kanalları fəaliyyət göstərir. Bu, çox yaxşıdır. Lakin təəssüflə qeyd edək ki, onların bir çoxunda yüzlərlə qeyri-peşəkar da fəaliyyət göstərir. Bu insanların əksəriyyətinin jurnalist təhsili yoxdur, jurnalistin hüquq, vəzifə və funksiyalarından, etikasından xəbərsizdirlər, savadsız həvəskarlardır. Hər gün oxuduğum müxtəlif qəzetlərin, baxdığım, dinlədiyim televiziya və radio verilişlərinin, efirdə səslənən materialların zəifliyi, kasadlığı, sözlərin deyiliş tərzinin qüsurlu olmağı təəssüf doğurur. Ötən əsrin 90-cı illərinin əvvəllərində türk dilinə meyil edənlərdə canlanma əmələ gəlmişdi. Bu proses mətbuat orqanlarına və televiziyaya da yol tapmışdı. Həmin illərdə televiziya diktor və aparıcılarına Azərbaycan dilində danışmağı öyrətmək əvəzinə, Osmanlı dilinin təbliğinə geniş meydan verirdi. Sözlərdəki, kəlmələrdəki tələffüz xüsusiyyətləri süni surətdə türkləşdirilirdi.
Gəlin bir anlığa indiki dövri mətbuata, televiziya və radio verilişlərinin proqramlarına nəzər salaq. Əksərində dilimizə, mədəniyyətimizə, mənəviyyatımıza, adət-ənənlərimizə, inam və inancalrımıza biganəlik baş alıb gedir. İndiki mətbuat bolluğu şəraitində əksər, xüsusilə müstəqil qəzet və ya jurnalların bircə sayı qüsursuz çap olunmur. Qəzet dilinə cavabdehlikdə məsuliyyətsizlik əmələ gəlib. Onların səhifələri orfoqrafik, qrammatik, üslubi, elmi və məntiqi qüsurlarla doludur. Mətnin dilinin yeknəsəkliyi, məzmun dolaşıqlığı, lüğət tərkibindən qeyri-peşəkarcasına istifadə edilməsi, söz yığını baş alıb gedir. İndiki televiziya və radio verilişlərinin əksəriyyətinin aparıcılarının nitqində dilimizin orfoepik (düzgün tələffüz) qaydaları demək olar ki, hər iki-üç cümlədən bir pozulur.
Mətndəki sözlər, ifadələr, bütövlükdə mətnin oxu qaydaları, nitqin tembri, heca vurğusu, dinamik, emosional, sabit, sərbəst ifadə, həyacanlı vurgu və s. nitq prosesində tez-tez müxtəlif qüsurlarla səslənir. Bu da təbii ki, materialın ümumi məzmununun anlaşılmasına çətinlik törədir. Bəzən isə aparıcıların bir-biri ilə və ya dəvət etdikləri qonaqla primitiv söhbətləri, yersiz, suni və şit gülüşləri, zarafatları dinləyicini təngə gətirir. Düzdür, məsuliyyət hissi ilə çıxış edən ziyalılarımız çoxdur. Lakin iki kəlməni deyincə, dilin intonasiyasını on dəfə pozan vəzifə sahiblərinin bu dildə təhsil almadıqlarını, bu dilin ruhunu duymadıqlarını açıq-aydın hiss edirsən.
Həmçinin, aparıcıların əksəriyyəti doğma ana dilimizi dərindən bilmədiklərindən öz çıxışlarında yersiz olaraq alınma sözlərə daha çox yer verirlər. Məsələn, “Gülnarə superyekdir” cümləsinə nəzər salaq. Dilimizdə gəlişigözəl səslənən “yaxşı, əla” və “birincidir” sözləri ola-ola “super” və “yekdir” sözlərini işlətmək kimə lazımdır. Görəsən, rəhmətlik Mirzə Cəlil demişkən, aparıcılar ana dilimizdə “Gülnarə birinci yeri tutdu” ifadəsini işlətməkdən niyə utanırlar…
Aparıcılıq edən müğənnilərimizin etik normalara sığmayan hərəkətləri isə daha usandırıcıdır. Hətta onlar ifa etdikləri mahnıların musiqi ahəngini, tembrini pozur, mətnləri əzbər bilmədiklərinə görə təhriflərə yol verirlər. Mən hamı tərəfindən müsbət qarşılanan bir musiqi müsabiqəsinə öz münasibətimi bildirmək istəyirəm. “Muğam televiziya müsabiqəsi” ifadəsi gəlişigözəl və ahəngdar səslənsə də, elmi, məntiqi və linqvistik baxımdan qüsurludur. Bu ifadə əslində “Televiziya muğam müsabiqəsi” olmalıdır. Çünki müsabiqə televiziyalar arasında yox, muğam ifaçıları arasında keçirilir.
Bu müsabiqənin nəticələri də hamının alqışını qazanmışdır. Digər iradım isə “SMS”lərlə “İlin müğənnisi” və ya “Maestro” (ustad) kimi fəxri adların incəsənət sahəsində qeyri-peşəkarlara verilməsi ilə bağlıdır. Bu, məqbul sayıla bilməz. İncəsənət, yaradıcılıq, sənətkarlıq “SMS”lərin çoxluğu ilə yox, müğənni və ya xanəndənin istedadına və peşəkarlığına görə verilməlidir.
Unutmamalıyıq ki, ana dilimiz – ədəbi dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli sərvətidir. Bu milli sərvətə isə heç kəsin soyuqqanlı yanaşmasına yol vermək olmaz. Milli sərvətimizi qorumaq, onun keşiyində ayıq-sayıq durmaq hamımızın müqəddəs borcu və gündəlik vəzifəsidir.
Mədəd ÇOBANOV,
filologiya elmləri doktoru, professor
Azərbaycan. – 2009.- 4 avqust.- S. 5.