Ev Bədii Doğu, batı, güney, qüzey Vətənim – Şeirlər

Doğu, batı, güney, qüzey Vətənim – Şeirlər

1750

GÜNDOĞANDAN TA GÜNBATAN MƏNİMDİR

Tanrı dedim: Ağ Üz çatdı hoyuma
Baba dedim: Oğuz yetdi dadıma
Vətən dedim: Tovuz düşdü yadıma
Gündoğandan ta günbatan mənimdi!

Günlə çıxdı, ayla batdı Atilla,
Alp dağında at oynatdı Atilla,
Apeninə kəmənd atdı Atilla,
Gündoğandan ta günbatan mənimdi!

Duman xandan Mete xana dönmüşəm
Qılınclardan daman qana dönmüşəm
Vaxt olub ki, küsüb qına dönmüşəm
Gündoğandan ta günbatan mənimdi!

Hardasınız, a yollarda itənim?
Alp Ər Tonqa, harayıma yetənim.
Doğu, batı, güney, qüzey Vətənim.
Gündoğandan ta günbatan mənimdi!

Şeytan soylu, Tanrı qanmaz qonşumuz
Suda batmaz, odda yanmaz qonşumuz
Qılınc çıxsa qımıldamaz qonşumuz
Gündoğandan ta günbatan mənimdi!

Soraq verin görücülər, görənlər
Necə oldu bəy adətlər, törənlər?
Axır gündü, haydı, qalxın ərənlər
Gündoğandan ta günbatan mənimdi.
Turan adlı böyük Vətən mənimdi!

HİCRAN KƏRƏMİ

“Adı bəlli Xan Əslinin eşqinə
Ödürürlər durna, töksən telləri”.
Bu necə çağrışdı, ay dədə Kərəm,
Bu, nə haray idi yurdu dağılmış.
Bu necə qarğışdı tutdu göyləri,
Tanrının qurduğu qurğu dağılmış.

Bu necə ahıydı, ay yanıq Kərəm,
Belə ah çəkərmi adam, ay dədə!
Alışdım, tutuşdum, yandım oduna
Başqa yanğılara yadam, ay dədə!

Bu, nə görünüşdü, ay dədə Kərəm,
Bir əlində od var, bir əlində su,
Görünür tək sənin payına düşdü
Babamız Zərdüştün yanmaq arzusu.

Bu necə sevgidi, ay ulu Kərəm,
Dağıtdı huşunu tərsa gözəli.
Dedin:
Xan Əslinin tuşuna gəlsin,
Əgər bu dünyanın varsa gözəli.

Bu nə yalvarışdı, ay dədə Kərəm,
Titrətdi göyləri Kərəm dilləri.
Bu necə yarışdı, a çarxı dönmüş,
Durna qanad çırpdı tökdü telləri.
1979

A GÖYÇƏ GÖLÜM, AĞRIMA
BİR GÖR NƏ GƏLİB AĞLIMA

Ozanların ruhu sənə yar olsun.
Bir “Osmanlı divanisi” çal görüm.
Elə çal ki, dağlar, daşlar yarılsın
Telli sazm divanəsi çal görüm.

Sən çaldıqca el başına yığılar,
Yer yarılar yoxa çıxar yağılar.
Düz dünyada işim dönüb nağıla
Kimin nədi bəhanəsi, çal görüm.

Fələk qurub bu qurğunu, bu tası.
Yad başına endirəcək bu tası.
Göyçə gölüm, ay könlümün butası,
Göy Tanrının nişanəsi çal görüm.

Görmürsənmi, uca dağlar dumandı
Tərs adamın düzəlməsi gümandı.
“Kərəmi”dən “Misri”yə keç amandı
Külə dönsün viranəsi, çal görüm.

MƏN ŞAİR OLMUŞAM BİR ZAMAN, ALLAH!

Taxtın Tanrının köşkündə öy tutsun Əli Kərim.

İlahi vəhyləri yoza bilmişəm,
Hərdən yozduğumu yaza bilmişəm,
Yazmağı canıma “cəza” bilmişəm
Mən şair olmuşam bir zaman, Allah!

Aydan dalğalanan nuruydum onda,
Bulaq suyundan da duruydum onda,
Dəliydim, doluydum, kürüydüm onda
Mən şair olmuşam bir zaman, Allah!

Ağ işıq selinə düşdüm də gəldim.
Eşqin kürəsində bişdim də gəldim.
Sufi köynəyindən keçdim də gəldim,
Mən şair olmuşam bir zaman, Allah!

Soğuldu bulaqlar, qurudu çaylar
Dəniz, dəniz deyib yürüdü çaylar.
Dənizə qovuşdu, kiridi çaylar
Mən şair olmuşam bir zaman, Allah!

Dənizə dönəndə çaylar çay olmur
Kəsilir nəfəsi, hay-haray olmur.
Haqqa qovuşanda bitir şairlik.
İlahi, sən mənə yetir şairlik.

Sükansız, yelkənsiz üzən gəmiyəm
Anam telli sazın pozuq simiyəm
Çalma bilmirəm dəli kimiyəm
İlahi, sən mənə yetir şairlik.

Ayağım altmışm astanasında
Əllərim qoynumda durub baxıram.
Gözlərim qürubun gün tanasında
Qos-qoca bir bardaş qurub baxıram.
İlahi, sən mənə yetir şairlik.

İlahi, nə şirin yuxuda idim.
Dərviş misallıydım, bihudə idim
Quşun qanadında göndər bir lələk,
Əlim ətəyinə yetməyib hələ.
İlahi, sən mənə yetir şairlik.

DƏLİ OLMAĞIM GƏLİR

Ağacnan, daşnan
yernən, göynən
qurdnan, quşnan
Sürüdəki qoçnan
Danışa-qonuşa
Havalı başnan gəzirəm.
Bir addım o yana –
dahilik.
Bu yana – dəlilik.
Bu yan mənə yaxın olub
Bu yan varım, yoxum olub
Əzrayıl da qohum olu
Biz az dəliliyim olsa.

Bir baş ola, bir çapacaq
Bə, bu başı kim çapacaq?
Qara div gəlib tapacaq,
Adam-badam iyim olsa.

Şimşək sinəmi dağlayar
Kimsə dil deyib ağlayar
Çəkib dizinə bağlayar
… yiyəm olsa

Ay ovlaram, il ovlaram
Qılıncımı qılovlaram
Fələkləri cilovlaranı
… yüyən olsa

BİR GÖZƏLƏ VURULMUŞAM ŞUŞADA

Bir gözələ vurulmuşam Şuşada
Yarı gerçək, yarı yuxu, yarı düz…
Göyərçindi gizlənibdi şüşədə
Yarı gerçək, yarı ovsun, yarı düz.

Daşaltıda sızlar, inlər ürəyim
Bir yaralı mahnı dinlər ürəyim.
Yaman olub axır günlər ürəyim,
Yarı yuxu, yarı həsrət, yarı düz.

Bulanmışam, durulmuşam Şuşada
Sevgi deyin qurulmuşam Şuşada
Xan qızına vurulmuşam Şuşada
Yarı gerçək, yarı xəyal, yarı düz.

Bu dağlarda heykəlləşən məhəbbət
Tanrı payım – göydən düşən məhəbbət
Ürəyimdə ay üyüşən məhəbbət
Yarı gerçək, yarı arzu, yarı düz.

Tilsimlidi, daş ovsuna düşübdü
Bu dağların daş ovcuna düşübdü.
Sənin bəxtin baş ovcuna düşübdü,
Yarı gerçək, yarı hənək, yarı düz.

Xurşid Banum, günəş bacım, ay anam
Bir layla çal, layla üstə oyanım
Qarabağın gül ətrinə boyanım,
Yarı gerçək, yarı xəlvət, yarı düz.

***
Qutlu dolular dolalı
Torpaq insanın halalı.
Həvva anadan olalı
Yürüyər, qovuşar Ona

Üçcə günlük böcəklər də
Zərif güllər, çiçəklər də
Gözəllər də, göyçəklər də
Çürüyər, qovuşar Ona.

Qılınc çalıb, gürz vuranlar
Fələklə üzə duranlar,
Yeddi iqlimi yoranlar,
Yüyürər, qovuşar Ona.

Hərdən könlüm qalxar zilə
Bu sonluğu bilə-bilə
Şam sızıldar gilə-gilə
Əriyər, qovuşar Ona.

***
Yorulub, yollarda qalıb
Bu yaşı hara aparım
Dönüb perikən bir quşa
Bu huşu, hara aparın?

Qara daş çıxır qarşıma,
Atıram yolun quşuna
Qayıdıb düşür başıma
Bu daşı, hara aparım?

Qara başım qaynar qazan
Qol götürdüm, oldum Ozan
Bir yol salğa yazı yazan
Bu başı, hara aparım?

ÜZÜ DAĞLARA

Aranın tozunu yudu ağ yağış
Ovcumu açmışam
yenə yağ, yağış.
Sənə yalvarıram –
elə yağ yağış,
Bir göz qırpımında on uşaq birdən
Keçənin altına doluşaq bir də.
Sığmaq diz-dizə, qoyun-qoyuna
Bu adsız oyuna
Təkcə ulu Tanrı qılsın tamaşa…
… Ötən günlərimlə verib baş-başa
Könlümdə bir sarı sim dinir indi
Üşüyən əllərim,
islaq tellərim
Titrəyən köynəkdə isinir indi
Keçənin o duzlu, tozlu havası.
Bir dəst göyərçinə cənnət yuvası.
Yadıma düşəndə atlanır sinəm
Dözgünən, töyşüyən ürək, dözgünən,
Neçə ki, canında can var, ağrıma,
Duzlu duyğularla qalasıyam mən.
Sədəfli saz təkin basıb bağrıma
Həmən havaları çalasıyam mən.

…A DAĞLAR

Məmməd Araza

Yay olanda yaylaqlara
Qonam, a dağlar, a dağlar!
Buzlu-buzlu bulaqlarda
Donam, a dağlar, a dağlar!

Çən sellənib axar bəri,
Lal qayalar baxar bəri.
Gözüm ovlar zirvələri
Yaman, a dağlar, a dağlar!

Mən tək olam, yar tək ola,
Bir tanrısız istək ola,
Başucunda şimşək olam
Yanam, a dağlar, a dağlar!

Daşlarında xmalansm,
Dumanında cunalansın,
Sularında sonalansm,
Sonam, a dağlar, a dağlar!

Gəzərgiyəm mahal-mahal,
Gedərgiyəm, dur yola sal
Salamat qal, sağlıqla qal,
Anam, a dağlar, a dağlar!

ŞƏLALƏ

Soyunmuş gözəlim…
Qayaların baxışında
yuyunmuş gözəlim.
Atmasaydın
o ucalıqdan özünü,
Olardın adi dağ çayı
Qoyundan, quzudan,
çobandan savayı
Tamaşana kim çıxardı,
Kim danışardı sözünü?!

Zirvədəki minillik qar,
qumru dilli bulaqlar,
Gündüz günəş, gecə ay,
Adamlar alay-alay
sənə tələsir.
Dodağı qaysaq bağlamış
qərənfilin
meyli sənədir.
Min, milyon sənədir
atılırsan, asılırsan qayadan.
Bir sənə baxıram, bir…
Yazığım gəlir özümə.
Alqış səndəki dözümə.
Tökmüsən ağca topuğuna
saçlarını qucaq-qucaq.
Örtmüsən büllur bədənini,
yad gözdən uzaq.

Boyu uzun Burla
Qoynun içi nurla dolu.
Hörüklərin qulac-qulac
Haray çəkirsən,
Gəlirəm igidim,
Qollarını gen-geniş aç!
Atmasaydın
O ucalıqdan özünü
Olardın, adidən adi dağ çayı,
ulac qurdlardan,
hampa öküzlərdən savayı
Tamaşana kim çıxardı,
Kim danışardı sözünü?!
1980

BAŞIMIN UCALIĞI DAĞLAR

Başımın ucalığı dağlar,
Yaşımın qocalığı dağlar.
Göyür-göyür göynədi gözlərim
Qüzeylərin göynərmola?
Oyur-oyur oynadı
Köhlənlərin oynarmola?
İlğım-ilğım qaynadı qanım
bulaqların qaynarmola?
Qumroy-qumroy ötdü sazım,
buludların kişnərmola?
Mürgülü-mürgülü yellər əsdi
ağır-ağır ellərin
qızçəmənlərdə yaylarmola?
Baş ucundan
bölük-bölük bulud keçdi
Oğuz elləri
bu yurddan, o yurda köçərmola?
“Bozuğu Koroğlu”ya gümüldəndim
gürşad oynarmola?
Misri qılınc sağı-solu
biçərmola?
Tomris içən, Babək içən,
Beyrək içən,
Ulular qeyrət içən
buludköpüklü
sularından
Oğlum-qızım içərmola?
Başımın ucalığı dağlar,
Yaşımın qocalığı dağlar.
1981

DALĞALAN, HUŞUM OYANSIN

Dalğalan, huşum oyansın
Silinsin yaddaş aynası.

Dalğalan, Tanrı eşqinə
Qalxım fələyin köşkünə.

Dalğalan, başına dönüm.
Bir çınqıl daşma dönüm.

Dalğalan, qurdum ulasın
Bu dünya mənim olası.

Dalğalan, Türkün dənizi
Oldur bəni-bəndənizi.

AY GÖRÜNDÜ, GÜNƏŞ DOĞDU

Ay göründü,günəş doğdu
İki qaşın arasında
Öpdü gözüm gözlərinin
Bilirsənmi,harasından?

Neçə çəpər adlayaydım,
Beş seçib,bir adlayaydım.
Tütünümü odlayaydim
Gözlərinin qarasında.

Çox demirəm bir an olsun
Təki gerçək güman olsun.
İstər dünya viran olsun.
Gəl,görüşək,sonrasında.
1979

MƏN BU YAZIN DOLANARAM BAŞINA

Yada düşdü yaz yaşılı günlərim,
O günləri harayladım, ünlədim
Hay vermədi, inir-inir inlədim
Bu ağrıdan sevgi damdı huşuma,
Mən bu yazın dolanaram başına.

Gözüm düşdü durnaların sətrinə,
Yaşayıram çiçəklərin xətrinə,
Bürünmüşəm yerin-göyün ətrinə,
Boz sərçələr dönüb humay quşuna
Mən bu yazın dolanaram başına.

Bir baxışdan alov aldı nəfəsim,
Şahə qalxdı mənim atlı həfəsim,
Buludlarda at oynatdı həvəsim,
Qəh-qəh çəkdi ömrün ötgün yaşma
Mən bu yazın dolanaram başına.

Mənim könlüm apaçıqdı, aynadı
Bulaq kimi daş altından qaynadı.
Cuşa gəldi, ağlım-huşum oynadı.
Öz yarımın gələ bilsəm xoşuna,
Mən bu yazın dolanaram başına.

Mən bu yazı yaya sarı ötürrəm,
ki, yolda salıb ittirəm
Mən bu yazı bir cam dolu götürrəm
Bir nəfəsə qaldıraram başıma,
Mən bu yazın dolanaram başına.
07.04.86
Bakı.

ƏLLƏRİM

Birdən elə baxdın gün də qamaşdı
Endi gözlərimə örtük əllərim.
Saçın dalğalandı huşum dolaşdı
Dönüb yarpaqladı kötük əllərim.

Mən bunu bir təmiz adnan saxladım
Siratdan keçirdim, oddan saxladım.
Hər yolu azanda addım saxladı
Haqqın ətəyindən öpüb əllərim.

İlğım təki gəldi, getdi cavanlıq
Göz yaşımız öynəmizə yavanlıq
Karvan ötür, daha yollar o yanlıq
Qoşa yaylıq kimi bitib əllərim.

Xırmanım sovrulur yel havasına.
Ürəyim titrəyir el havasına.
Gündüz yol gedirəm əl havasına
Gecə nə axtarır itik əllərim.

Deyillər ki, alma atsan nar gəli
Bir baxışdan kətan köynək dar gəli.
Sallanıban nağıllardan yar gəli,
Dur qarşıla, baxtı yetik əllərim…

BƏND

Göçəsiyik qalır səndə gözəllər
Gözəlləş, gözəlləş, gözəlim dünya.
Ruhum qanadlansın Tanrı köşkünə
Orda ulduz olum közərim dünya.

 

***
Adı mələk, özü mələk bir nənəm vardı.
Günlərin birində yuxuda gördüm.
Uca boyu bir boy da ucalmışdı.
Yanıma çatanda istədim qolundan tutam.
Ötüb keçdi. Yuxuda yuxulu, əks-sədalı səslə
“Eydir Allah, eydir Allah”dedi. Dalınca bir
bayatı çağırdı.

Yeyə durar
Dağlar üzü yeyə durar
Qar, çovğun adam öldürər
Allah balasına yiyə durar.
2000-ci il, Bakı.

***
İlahi, nurundan mənə qanad ver.
Bir işıq ilincə dönüm geriyə
Bir işıq ilincə uçum irəli
Oğuzdan o yana görüm kimiydim?

 

***
Xoşca qal, 73-üm.
Ağrım-acım qaldı səndə.
Durub, durub gendə
boylanıram
Keçdiyim dolaylar, döngələr hey!
Gördüyüm tamğalar, təngələr hey!
Ölçdüm, biçdim yüz kərə
Ağm-qaran, yaxşm-pisin
Enin-uzunun tən gələr
Buraxdım başını –
Xoşca qal!

Eheeyy! 74-üm.
Adamların, olayların
çox üzünü gördüm.
Yordum yolları,
dərdim günləri
Fırlatdım dünyanı
Nənəmin dükcəsi təkin.
Başına corab hördüm fələyin
Çatdım sənə.
Yola çıxıram…
Çiynimdə zaman adlı naxışlı xurcun
Bir gözündə suçum,
birində borcum,
Üzü gələcəyə…
Görüləsi işlərim öndədi
Gör nə gündədi məmləkətim
Kündəsi küt gedir millətin
Başdakılar hərami soylu
Taladı, soydu yurdumu Hoydu!
Millətimin-oğlumun öçünü alacam
İnsanlığa utanc gətirənlərdən.
Üzümü sənə tuturam:
-Yol ver uca Tanrım.