Ev Bədii Dünyayla üz-üzə bir oğlan yaşar – ŞEİRLƏR

Dünyayla üz-üzə bir oğlan yaşar – ŞEİRLƏR

390

Zakir Fəxrinin şeirləri

Sənsiz

Təki sən xoşbəxt ol, sən xoşbəxt yaşa,
Bir daha demərəm “ölərəm sənsiz”,
Ömrümü birtəhər vuraram başa,
Yaşayıb keçinə bilərəm sənsiz.

Ataram qəlbimdən qüssə, qəmi də,
Yaşaram vəslinə yetmiş kimi də.
Bir içim suyu da, son tikəmi də
Səninlə şərikli bölərəm sənsiz.

Söylərəm dost, tanış-bilişlərinə,
Qurbanam bu yerə gəlişlərinə.
Həyatda uğurlu gülüşlərinə
Ürəkdən şərikli gülərəm sənsiz.

Çalınar kədərim sarı sim kimi,
Gəl çilən ruhuma təbəssüm kimi.
Məzara baş çəkən bir yetim kimi
İlk görüş yerinə gələrəm sənsiz.

Zakir Fəxri, hicran boş yuvam olub,
Yaşaram gah gündüz, gah axşam olub,
Pərvanə soraqlı dilsiz şam olub,
İçimdə ney kimi mələrəm sənsiz.

Dünyayla üz-üzə

Üzünə, közünə saçı dağılmış,
taxtı viran olmuş, tacı dağılmış
Qonur göz, qara qaş, bir qara oğlan
Dolaşar dünyanı, gəzər biçarə
axtarar, dərdlərə tapammaz çarə.

Cüyürün qaçarı, quşun uçarı…
Qara qaş, qonur köz, o qara oğlan
Əlindən, dilindən salıb itirər
Bir eşqin sirrinə düşən açarı.

Getdiyi yollar da dalınca qaçar,
Gəldiyi yollara könlünü açar.
Torpağında gəzər, göyündə uçar
Qara qaş, qonur göz, o qara oğlan.

Qonur gözlərində qara yaş gəzər,
Qara ciyərində qara daş gəzər
Bu varlı dünyada cibi boş gəzər
Qara qaş, qonur köz, o qara oğlan.

Gözəl sevdalardan sönük adamlar,
Dost üzündən üzü dönük adamlar
Qarğıyar o ki var, hey danar onu
Gəzdiyi torpağa,
uçduğu göyə
Getdiyi yollara qısqanar onu.

Beləcə, beləcə yaşar dünyada
Gözündən, sözündən, özündən daşar.
Külündən püskürüb, gözündən daşar
Dünyayla üz-üzə bir oğlan yaşar…

Qara torpaq, muğayat ol anamdan

… Yükünü çəkəmmədim,
Arzusunda bünövrəsini qoyduğu
evini tikəmmədim.
…Dumanlı köçdən ayrılıb,
ocağı başında yanammadım.
İşıq olub gözlərinə qonammadım,
Qara torpaq, muğayat ol anamdan.

Qulaq asmadım
xeyirxah dualarındakı
yalvarışlara.
Damar-damar qəmə dönüb,
çökdüm alnındakı qırışlara.
Xəbər tutammadım düşəndə xəstə,
Saxlaya bilmədim gözümün üstə,
Qara torpaq, muğayat ol anamdan.

Ölüm bəlli, olum yox.
Yeri soyuq düşməsin,
Bürüməyə şalım yox,
İsti közümü yetir.
Külümdən duyuq düşməsin,
Qara torpaq, muğayat ol anamdan.

Qəbrinə gedən cığırlar,
barı, itməsin,
İllərin altında qalıb
qoy məzarı itməsin.
Qara torpaq, muğayat ol anamdan.

Çiynimdə tabut, gəzirəm

Alışdım tək daşımağa,
Çiynimdə yük daşımağa,
Yer yox bir tük daşımağa,
Çiynimdə tabut, gəzirəm.

Dolaşıram dağı-daşı,
Nə zər, nə yaqut gəzirəm.
Düyün-düyün yollarımı
Aça-aça oxuyan bir
Kökdən düşmüş ud gəzirəm.
Çiynimdə tabut, gəzirəm.

Gəzirəm dörd bir tərəfi,
Bilmirəm yolum haradı.
Çəkir məni sirr tərəfi…
Ölümü gördüm, deyəsən,
Görəsən, olum haradı?
Suyuna dodaq dəyməmiş,
Köksünə ayaq dəyməmiş,
Sinəsinə ox dəyməmiş
Gözdən uzaq yurd gəzirəm,
Çiynimdə tabut, gəzirəm.

Dörd yana meydan sulayan,
Səsi ruhunu dalayan,
Axirət deyib ulayan
Yalqız qalmış Qurd gəzirəm,
Çiynimdə tabut, gəzirəm.

Balalar çiçək doğulur,
Gül doğulur balalar.
Balalar göyçək doğulur,
…Qul doğulur balalar.
Torpaqdan altun doğulur,
Daşlardan yaqut doğulur,
Nədənsə şair doğulan
Çiynində tabut doğulur.
Çox göynətdi ürək məni,
Dərdsiz ürəyə qurd düşər…
Silkələmə, fələk, məni,
Çiynimdəki tabut düşər!..

Dünya, qayıt dünyamıza

Arxanca mən su atmışam,
Gözləməkdə haqlıymışam
Mən ki gedib qayıtmışam,
Dünya, qayıt düyamıza.

Bu bar ayrılıq barıdır,
Gözəllər erkən qarıdı
Yarıyan sənnən yarıdı,
Dünya qayıt dünyamıza.

Tale bizi yarıtmadı,
Yaramızı sarıtmadı,
Nəm gözləri qurutmadı,
Dünya, qayıt dünyamıza.

Daş da dönüb oğul olub,
Ərənlərin nağıl olub.
Körpələrə noğul doğub,
Dünya, qayıt dünyamıza.

Çəkdik hər çəkilən qəmi,
Bu ömür-gün boş yerəmi?
Götür Əslini, Kərəmi
Dünya qayıt düyamıza.

Torpağında ah göyərər,
Hər atılan ox göyərər.
Dönməsən günah göyərər
Dünya, qayıt dünyamıza.

Vahid Əlifoğlunun şeirləri

***
Axtardığım məndən küsüb, bircə gün,
Üz döndərib gedən imiş, bilmədim.
Məni sevən yüz il susub, bircə gün,
Harayıma yetən imiş, bilmədim.

Günahımış, bu günahı unutmaq,
Nisgil olur, üzə çıxır, unutmaq…
Deyirdim ki, nə var axı, unutmaq,
Sevmək qədər çətin imiş, bilmədim

Əldən çıxan o illərin qarğışı,
Ürcahımda at oynadar qar-qışı,
Dönmədiyim doğmaların çağrışı,
Dincliyimə vətən imiş, bilmədim.

Bir gecədə açıb, solan çiçəklər,
Çox aldatdı məni, yalan çiçəklər…
Dərdlərimə dərman olan çiçəklər,
Lap yaxından bitən imiş, bilmədim

Tənhalığın gümanı az, səbri daş,
İşığının qənşərində qəlbi daş…
Bu cığıra daş atanın qəlbi daş,
Barmaqları nədən imiş, bilmədim

 

***
Doğma deyil, mənə layla çalsa da,
Eyvanında yuxladığım qapılar.
Damcılamaz, bulud kimi dolsa da,
Yüyürdüyüm, haqladığım qapılar

Qismət gülü dönsə minə, açılmaz,
Hər taleyin tilsiminə açılmaz…
Dar günlərin “sim-siminə” açılmaz,
Xoş günlərə saxladığım qapılar…

Tənhaların ətəyində dərd əli,
Əl tutanda halalların mərd əli…
Əl çatmayan pəncərədi, pərdəli,
Həmişəlik bağladığım qapılar…

Yaşılını payızında geyənim,
Bu tərs dərdi atım, yoxsa bəyənim?
Bağışlamır, çöl tərəfdən döyəni,
İçəridən baxmadığım qapılar…

Qoruq olmaz ölümlərə hər ömür,
Günahların dəryazına vər, ömür…
Açar istər, kilidinə, bir ömür,
Yeri donub çıxmadığım qapılar…

 

***
Keçmişin altını-üstə çevirən,
Köçə bilərsənmi bu yad evə sən.
Nəyə and içim ki, səni sevirəm
Nəyə and verim ki, məni sevəsən.

Ətəklər cırılıb, əl üzülübsə,
Qabaqda nə var ki, qalandan demə.
Özümüz yazmışıq nə yazılıbsa,
Belə olmalıydı, yalandan demə…

Çiçəyə oxşamır kəsək də, daş da,
Dəlisov sevdalar uzaqdı məndən,
Sən indi Leylinin anası yaşda,
Məcnunun atası uşaqdı məndən…

Biz kösöv olanda söndü ocaqlar,
Külünə qovuşmaz külüm, sonsuzuq.
Ayrı-ayrılıqda övladımız var,
İkimiz bir yerdə, gülüm sonsuzuq.

Mətbəxdə, yataqda
xoş keçən ömrün,
Guya ki, ləzzəti, tamı belədi.
Təsəllisi birdi, boş keçən ömrün,
Adam elə bilir hamı belədi.

Bir qapıdan bəxtəvər tək girmədin,
Şükür mən də öz başımın daşıyam.
Heç sən də Allahın
günün görmədin,
Qoymadın ki, qulağı dinc yaşayam…

Bu istəklər qabağıma çıxandan,
Qazandığım, itirdiyim su olub.
O dünyada tutacağam yaxandan,
Deyəcəm ki, Əzrayılım bu olub…

 

***
Kim çəkibsə bu çevrəni, sözüm yox,
Ha axtardım, ha fırlandım, izim yox.
Nə getməyə, nə qalmağa üzüm yox,
Bir az qal var, bir az öl var içimdə.

Dağın dibi, yalın dalı nağıldı,
Gümanlarım it unu tək dağıldı.
Sularında balıqları boğuldu,
Kürüsü çürümüş göl var içimdə.

Nə açarı, nə kilidi hasarın,
Gor evinə çəkilidi hasarın…
Bu gördüyün şəkilidi hasarın,
Arxasına gizli yol var içimdə.

Çoxdu tez qazanan, gec dolandıran,
Durmadı qabağa heç, dolandıran…
Qışda neçə sürü, köç dolandıran,
Yayda örəniyən çöl var içimdə…

 

***
Xoşbəxt günlərimiz harda qurtarır,
Nahaq çəkdirirdin sən, bu hasarı.
Bütün icazələr burda qurtarır,
Niyə aşmalıyam mən, bu hasarı?

Quru xəyallarda yaşayır adı,
Əkmədin, gözləmə biçində heç nə.
Hər şey bu sarayın hasarındadı
Girsəm nə tapacam içində – heç nə.

Tənhalıq ömrümə ələyir qarı
Qonaqsız evlərdə dərd var, azar var.
İndi göy üzünün mələyi – qarı,
Endi yer üzünə, yerdə hasar var…

Eh, giley-güzardı axırda sevgi
Kağız çiçəkləri quşdan kiçikdi.
Vallah, şişirdirsən, bu xırda sevgi
Üst-üstə qoyduğun daşdan kiçikdi…

Sənsiz ölməmişəm illər uzunu,
Arvad söhbətiymiş məni ağrıdan.
Niyə bilməmişəm, illər uzunu,
Hasar həsrətiymiş məni ağrıdan…

Qılıqlı nəfəsə, sevdalı səsə
Ölüm ayağında çatdım həmişə.
Dünyadan nə umdum, nə istədimsə,
Hasara bükülü tapdım, həmişə…

Deyirdim ki, bəlkə çıxdı qanadım,
Göylər yurd yeridi, yer yuvasızdı.
Yaxşı ki, uçmağa yoxdu qanadım,
Yaxşı ki, bu hasar darvazasızdı…

Tural Adışirinin təqdimatında