Ev Bədii Ehtiram İlham: Hər sözə qanımı içirib yazdım

Ehtiram İlham: Hər sözə qanımı içirib yazdım

1826

****
Səni elə istəyirəm…
Elə istəyirəm, Adam.
Bu qış günü bir çiçəyə,
Gülə istəyirəm, Adam.

Gəl ha, içimi də yar, bax.
Heç nə səndən deyil uzaq.
Saçımda ağarır daraq,
Telə istəyirəm, Adam.

Nə bu eldən doyan olduq,
Nə kimsəyə əyan olduq.
Yaxşı olduq, yaman olduq –
Dilə, istəyirəm Adam.

Ömür buydusa, qoy keçsin,
Seçirsə, bircə Haqq seçsin.
Adım ürəyinə köçsün –
Belə istəyirəm, Adam.
04.01.21

 

***
Ağrılar, acılar sarar canını,
Hay çəkib bürüyər dörd bir yanını.
Boğar hisslərini, həyəcanını –
İçində sönərsən əllidən sonra.

Sevinc yüz addımdan dolanar gendə,
Arzular doğmamış ölər sinəndə.
Hər uçan zamanda, hər keçən gündə
Vurğunu anarsan əllidən sonra.

Batar qulağın bir dəli sükutda,
Əllərin üzülər ən son umuddan.
Xəyalın uçsa da ala buludda –
Göylərdən enərsən əllidən sonra.

Taleni qarğayıb, baxtı söyərsən,
Ən xoş anında da qara geyərsən.
Kövrək söyləyərsən, kirmiş deyərsən,
Ahəstə dinərsən əllidən sonra.

Görsən də, üzünə vurma heç nəyi –
Ehtiram İlhamın yıxılıb öyü…
Sağ dostun, haqq sözün, halal çörəyin
Başına dönərsən əllidən sonra.
13.08.2019.

BİR AZCA

Mən adam acıyam, dostum,
Gəl səndən dadım bir azca.
Bir azca savab eləyib,
Günaha batım bir azca.

Nə mübarək camalın var,
Al, məni dünyamdan qopar.
Haman dərdlərimi qaytar,
Qurusun matım bir azca.

Gəl, yenə düşüm azara,
Mən azarlı üzüqara.
…Başımı qoşum başlara,
Başımı qatım bir azca.

Hər saz xalında, gülündə,
Hər kəs yurdunda, elində.
…Bir halal adam dilində
Çəkilsin adım, bir azca.

 

***
Dərddən yol aldı dünyaya,
Yaşamaq istədi guya.
Göz açdı Günəşə, Aya,
Boylandı-boylandı, gördü –
Bu Allah bəndəsi.

Baxmadı dayaz-dərinə,
Boyun əydi qədərinə.
Əzabına, kədərinə,
Ağladı, sızladı, güldü –
Bu Allah bəndəsi.

Canında qalmadı canı,
Olmadı bir sirr açanı.
Bir-bir əlinə keçəni,
Taladı, dağıtdı, böldü –
Bu Allah bəndəsi.

Nələr dolandı başında,
Üşəndi öz təlaşından.
Bir cavan oğlan yaşında,
Yaşadı, yoruldu, öldü –
Bu Allah bəndəsi.

 

***
Adam çağırıldı mənim də adım,
Mən bu adamlıqdan heç yarımadım.
Gəzdim qarış-qarış, addımbaaddım,
Adamdan bir xəbər alınca qaçdım.

Adam görkəmində, adam biçimdə,
Adam sevgisində, adam gücündə,
Adam axtarıram adam içində,
Adama həsrətli qalınca qaçdım.

Adam ki, gəlmirsə adam belindən,
Tutulub asılmaz adam dilindən.
Adam olammıram adam əlindən –
Bu daşı başıma salınca qaçdım.

Tamarzı qalsam da düzün dalınca,
Getmədim çörəyin, duzun dalınca.
Qaçmadım şeirin, sözün dalınca,
Mən adam olmağın dalınca qaçdım.

 

***
Haçandı küsüb, inciyən,
İlhamım üzümə baxdı.
Şeir yazmaq istəmirdim,
Bir işdi əlimdən çıxdı –
Yazın ömrümə, qardaşlar.

Qanımı sümürüb içən
Fələklə öcüm çatmırsa,
Yetmirsə heç nəyə əlim,
Heç kimə gücüm çatmırsa,
Kəsin ömrümü, qardaşlar.

Mən elə Allah bəndəsi,
Tanrının xəbəri olmaz.
Nə gəlir, qoy mənə gəlsin,
Kimsəyə xətəri olmaz…
Yazıq ömrümə, qardaşlar.

Gördünüzmü hardan gəlib,
Yol aldı hara güzarım?
Qazdığınız quyu var ha
Qoy olsun axır məzarım, –
Qazın ömrümə, qardaşlar.

ADAMAM

Fələk məni yenəmməzdi bu boyda,
Mən bu dərddən yaralanan adamam.
Dərd ömrümü dən yerinə üyüdüb,
Bu dərdimlə uralanan adamam.

Xoş gün məndən qaçaq düşüb, gizlənib,
Dərd içimdə əzizlənib, süslənib.
Qoşa dərdi düyünlənib, düzlənib
Sinəsində sıralanan adamam.

Bu nisgildən səssiz-səssiz ötürəm,
Bu qəmlərin çiskinində itirəm.
Bu kədərin kölgəsində bitirəm,
Bu dərdimdən havalanan adamam.

 

***
O nə yazı idi, bu nə tale-baxt?
Bu yazını oxu, o qismətə bax.
Heç…nə yazdığımı bilmədim çox vaxt –
Hər dərdi içimdən keçirib yazdım.

Kor olmuş gözümlə hər şeyi görüb,
Beşəlli yapışdım…Şükür söyləyib.
Hər misradan ötrü canımı verib,
Hər sözə qanımı içirib yazdım.

Yersiz haytalanıb, haqsız çoşmadım,
Sözün hüzurunda həddim aşmadım.
Nağıl uydurmadım, dastan qoşmadım –
Başıma gələni köçürüb yazdım.

 

***
Çox da ki, çəməni çiçək-çiçəkdir,
Dərib qoxlamaram, gül orucuyam.
Elə odlandırıb közüm qalmayıb –
Bir ocaq yerində kül orucuyam.

Könlümə arzular dolandan bəri,
Bircə istəyimi görmədim diri.
Şeytanın əlinə verib günləri,
Mən ay tamarzısı, il orucuyam.

Yenə bürüyübdü dağlarını çən,
Torpağı tökülən qanla ölçülən,
Bütövlük istəyən bir halal Vətən,
Halallıq diləyən el orucuyam.

AYRILIQ

Axır gəlib yetişdi…
Bu da bir cür görüşdü.
Sevdan boyda, nə işdi –
Əzab verib ayrılıq.

Olacaqdı, ya nədi,
Qorxduğumuz əbədi –
Bir kövrək xatirədi,
Bir də qərib ayrılıq.

Daha hər axşam-sabah
Dilimi yandırar ah…
Mən indi gördüm, Allah,
Nələr görüb ayrılıq.

Azıb da izimizi,
İtirdik özümüzü.
Bu gəlirdi əlindən –
Axır ayırdı bizi,
Bu şoğərib ayrılıq.

 

***
Səni sevənlərin könlündə hər vaxt
Bir arzu kimisən, istək kimisən.
Başının tacıdır – öz dostlarına
Bir arxa kimisən, kömək kimisən.

Ağrıya-acıya sinə gərənsən,
Çətinə düşənə yol göstərənsən.
Çörəkli kişisən, çörək verənsən –
Halal duz kimisən, çörək kimisən.

Səndən nəsə demək gəlməsin asan,
Tanrıdan taleyə düşən paydasan.
Təpəndən-dırnağa ürək boydasan,
Sən başdan- ayağa ürək kimisən.

GÖZLƏYİR

Nədir aramızda bu dəli sükut?
İndidən gözünün yaşını qurut.
Səni irəlidə yalançı umud,
Məni qan tutacaq xata gözləyir.

Özünü yandırıb yaxma bu oda,
Ömrünü-gününü verərsən bada.
Məsum taleyini bəlkə dünyada
Haqdan veriləcək buta gözləyir.

Ən xoş vüsalın da bitən günü var,
Ayrılaq, özünü al məndən apar.
…Məni vağzallarda boş skamyalar,
Səni evinizdə atan gözləyir.

GET-GEDƏ

Atilay üçün

Ehtiyacdandımı, ya yaşdandımı,
Azalır başımda ağıl, get-gedə.
Mənim yaşadığım – cəhənnəm özü,
Bitir cənnət haqda nağıl, get-gedə.

Gözümü açandan gözüm yaşdadı,
İşim əl-amanda, qaçhaqaçdadı.
Nə ki, niyyətim var, zaman xışdadı,
Arzum uzaqlardan baxır get-gedə.

Dünyada qalası dünya malıdı,
Tanrı sevdasıdı, haqq amalıdı.
Oğul atasına oxşamalıdı, –
Sənə oxşayıram, oğul, get-gedə.

ÇOX YAŞADIM

Nə qələt elədim,
gəlib görüb də,
Sürünə-sürünə ömür sürüb də.
Adı dünya olan bu şoğəribdə
Elə çox yaşadım,
çox yaşadım ki…

Məni istəyənlər çoxdan yoxdular,
Bu nadanlar içrə nə azarım var?
Axı deyirdilər axtaran tapar –
Elə çox yaşadım,
çox yaşadım ki…

Bir gün də görmədim təmtəraqları,
Duydum üzərimdə hər qınaqları.
Sinəmdə gəzdirib çarpaz dağları,
Elə çox yaşadım,
çox yaşadım ki…

Yaş elə alıbdı gözümü neynim,
Demədim bir ürək sözümü neynim.
Yaşada bilmədim özümü neynim,
Elə çox yaşadım,
çox yaşadım ki…

 

***
Bir sərsəm, havalı könul istəyir –
Qoşa bu ömürün dəli şeirini.
Dagların dumanı qoynuna ala,
Oxşaya səhərin yeli şeirini.

Ağrı elə doğma, dərd elə şirin…
Hər yerdə, həmişə tutar bir-birin.
Torpağı yad əldə qalan şairin
Kim təpər təpər ölü şeirini?!

Baxtından yarıyan ozan olurmu?
Ozan söyləyəni yozan olurmu?
Bitdi… daha bir də yazan olurmu –
Akif Səməd, Şaiq Vəli şeirini.

Mən sözün rəngində, səsində azdım,
Qələmin ucuynan gorumu qazdım.
Yazdım – ürəyimin qanıyla yazdım,
Bu əlli yaşımın əlli şeirini.

Tural Adışirinin təqdimatında