Ev Bədii Eşqi var idi Şəhriyarın güllü-çiçəkli – Şeirlər

Eşqi var idi Şəhriyarın güllü-çiçəkli – Şeirlər

358

Məhəmmədhüseyn Şəhriyar – 115

Azərbaycan

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.

Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.

Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad
Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan.

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib “heçdir vətənsiz can”, Azərbaycan.

Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!

İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.

Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

Behcətabad xatirəsi

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar, yenə olmuş gecə yarı.

Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım, gör nə döşürməkdədi darı.

Bir quş: “Ayığam!”- söyləyərək, gahdan inildər,
Gahdan onu da, yel deyə laylay, huş aparı.

Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən,
Məndən aşağı kimsə yox, ondan da yuxarı.

Qorxum budu, yar gəlməyə, birdən yarıla sübh,
Bağrım yarılır, sübhüm, açılma, səni tarı!

Dan ulduzu istər çıxa, göz yalvarı çıxma!..
O çıxmasa da ulduzumun yoxdu çıxarı.

Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
Qaş böylə ağardıqca, daha baş da ağarı.

Eşqin ki qərarında vəfa olmayacaqmış,
Bilməm ki təbiət niyə qoymuş bu qərarı?

Sanki xoruzun son banı xəncərdi, soxuldu,
Sinəmdə ürək varsa, kəsib qırdı damarı.

Rişxəndilə qırcandı səhər, söylədi durma,
Can qorxusu var eşqin, uduzdun bu qumarı.

Oldum qaragün ayrılalı o sarı teldən,
Bunca qara günlərdi edən rəngimi sarı.

Göz yaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryaya baxar, bəllidi, çayların axarı.

Əzbəs məni yapraq kimi hicranla saraldıb,
Baxsan üzünə, sanki qızılgüldi qızarı.

Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.

Eşqi var idi Şəhriyarın güllü-çiçəkli,
Əfsus ki, qəza vurdu, xəzan oldu baharı.

Yalan dünya

Bu dünya fanidir, fani,
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı
Təxt üstündən salan dünya.

Sənin bəhrən yeyən kimdir?
Kiminkisən? Yeyən kimdir?
Sənə doğru deyən kimdir?
“Yalan dünya, yalan dünya!”

Səni fərzanələr atdı,
Qapıb divanələr tutdu,
Kimi aldı, kimi satdı,
Satan dünya, alan dünya,

Atı əzəl dağa saldıq,
Yorulduqca dala qaldıq.
Atı satdıq, ulaq aldıq,
Yəhər oldu palan, dünya.

Çatıb səndən keçən keçdi,
Əcəl camın içən keçdi,
Olan-oldu, keçən-keçdi,
Nə istirdin alan dünya.

Boğulaydın doğan yerdə,
Doğub, xalqı boğan yerdə,
Oğul nəşin olan yerdə
Ana zülfün yolan dünya.

Qazanıb, hey talanıbsan,
Qalanıb hey calanıbsan,
Əzəldən çalxalanıbsan,
Yenə də çalxalan, dünya!

Nənə qarnı ilk beşiyin,
Qəbristanlıq sən deşiyin.
Nə içərin, nə eşiyin,
Qaranlıq bir dalan dünya.

Səni bayquşlar alqışlar,
Dəli viranəni xoşlar.
Dolan əqlə səni boşlar,
İçi boşla dolan dünya.

Sənə Qarunlar allandı,
Qızıldan təlli qallandı,
Batıb zülmatə quylandı,
Ölüb təlli qalan dünya.

Ocaq ikən sönəymişsən,
Çanaq ikən çönəymişsən,
Nə pis qan nənəymişsən
Nağıl! Yalan-palan dünya.

Biri ayna, biri pasdır,
Biri aydın, biri kasdır,
Gecə toydur, səhər yasdır,
Gül içində solan dünya.

İgidlərin başın yeyən,
Qocalar bozbaşın yeyən,
Qəbirlərin daşın yeyən,
Özü yenə qalan dünya!

Nə qandın, kim gül əkəndir?
Kim qılınc tək qan tökəndir?
Teymur hələ kürəkəndir,
Çingiz canın alan dünya.

Yaman qurğu, yıxılaydın!
Tufanlarda boğulaydın!
Noleydi bir dağılaydın,
Bizi dərdə salan dünya.

Demişəm

Sən yarımın qasidisən,
Əylən, sənə çay demişəm.
Xəyalını göndəribdi,
Bəs ki, mən ah-vay demişəm

Ah! Gecələr yatmamışam,
Mən sənə lay-lay demişəm.
Sən yatalı, mən gözümə
Ulduzları say demişəm.

Hər kəs sənə ulduz deyə,
Özüm sənə ay demişəm.
Səndən sonra həyatə mən,
Şirindisə, zay demişəm.

Hər gözəldən bir gül alıb,
Sən gözələ pay demişəm.
Sənin gün tək batmağıvi
Ay batana tay demişəm.

İndi yaya qış deyirəm,
Sabiq qışa yay demişəm.
Gah toyuvu yadə salıb,
Mən dəli nay-nay demişəm.

Sonra yenə yasə batıb,
Ağları hay-hay demişəm.
Ətək dolu dərya kimi,
Göz yaşıma çay demişəm.

Ömür sürən mən qarə gün
Ax demişəm, vay demişəm…

Getmə tərsa balası

“Getmə tərsa balası mən də sənə sayə gəlim.
Damənindən yapışım mən də kəlisaya gəlim.

Ya sən islamı qəbul eylə mənim dinimə gəl,
Ya da təlim elə mən məzhəbi-İsaya gəlim.”

İzn ver toy gecəsi mən də sənə dayə gəlim.
Əl qatanda sənə məşşatə təmaşayə gəlim.

Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol.
İzn ver, mən də dalınca sürünüb sayə gəlim.

Mənə də baxdın o şəhla gözlə, mən qaragün,
Cürətim olmadı bir kəlmə təmənnayə gəlim.

Mən cəhənəmdə də baş yastığa qoysam sənlə,
Heç ayılmam ki durub cənnəti-məvayə gəlim.

Nənə qarnında səninlə əkiz olsaydım mən,
İstəməzdim doğulub bir də bu dünyayə gəlim.

Sən yatıb cənnəti röyadə görəndə gecələr,
Mən də cənnətdə quş ollam, ki o röyayə gəlim.

Qıtlıq illər yağışı tək, quruyub göz yaşımız.
Kuyi-eşqində gərək bir də müsəllayə gəlim.

Sən də səhrayə marallar kimi bir çıx, nə olur,
Mən də bir seyrə çıxanlar kimi, səhrayə gəlim.

Allahından sən əgər qorxmayıb, olsan tərsa,
Qorxuram mən də dönüb dini məsihayə gəlim.

Şeyx Sən’an kimi donquz otarıb illərcə,
Səni bir görmək üçün mə’bədi-tərsayə gəlim.

Yox sənəm! Anlamadım, anlamadım, haşa mən,
Buraxım məscidimi, sənlə kəlisayə gəlim?!

Gəl çıxaq Turi-təcəllayə, sən ol cilveyi-Tur,
Mən də Musa kimi, ol Yuri-təcəllayə gəlim.

Şirdir Şəhriyarın şe’ri, əlində şəmşir,
Kim deyir mən belə bir şir ilə dəvayə gəlim?!

Türkün dili

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.

Pişmiş kimi, şerin də gərək dad-duzu olsun,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.

Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.

Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.

İnsan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.

Hərçənd Sərabın südü çox, yağ-balı çoxdur,
Baş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.

Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.

Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.

Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.

Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

Azər qoşunu qeysəri-Rumi əsir etmiş,
Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.

Tural Adışirinin təqdimatında