Ev Araşdırma ETNOQRAFİK LEKSİKANIN SEMANTİK XÜSUSİYYƏTLƏRİ (ŞAMAXI ŞİVƏLƏRİNİN MATERİALLARI ƏSASINDA)

ETNOQRAFİK LEKSİKANIN SEMANTİK XÜSUSİYYƏTLƏRİ (ŞAMAXI ŞİVƏLƏRİNİN MATERİALLARI ƏSASINDA)

2516

ŞÜKÜROVA SƏNUBƏR FƏQANİ QIZI 1978-ci ildə anadan olmuşdur.1994-1998-ci illərdə BDU filologiya (bakalavr), 1998-2000-ci illərdə BDU Azərbaycan dilçiliyi (magistr) ixtisası üzrə təhsil almışdır. Hazırda ADPU-nun Şamaxı filialınıda çalışır.

Etnoqrafikleksika özünün rəngarəngliyi, zənginliyi ilə Şamaxı şivələrinin lüğət tərkibinin əsas hissəsini təşkil edir. Bu leksika xalqımızın ya­ran­­dığı ilk gündən mövcuddur.  Azərbaycan xalqı zəngin maddi mədəniyyətə malikdir. Bunu həm ədəbi dildə, həm də dialektlərin leksik tərkibində təsadüf edilən müxtəlif məişət əşyaları və qab-qacaq adları təsdiq edir. Azərbaycanın qədim torpağı olan Şamaxı tarixən müxtəlif peşə və sənətlə məşğul olan adamların  məskəni olmuşdur. Təsadüfi deyil ki, burada dəmirçilik, misgərlik, qalayçılıq, xalçaçılıq, boyaqçılıq, dulusçuluq və s.sənət sahələrinin inkişaf etməsi məişət əşyalarının müxtəlifliyini yaratmışdır. Məişət əşyaları müxtəlif: daş, dəmir, mis, taxta, dəri, saxsı və s. materiallardan hazırlanırdı.

Mə­işətlə bağlı etnoqrafiklek­sika dedikdə insanların hər gün iş­lət­­diyi ən vacib, ən la­zımlı əşyaların adlarını bildirən sözlər nəzərdə tutulur. Bu­­ra gün­dəlik hə­­yatda işlənən yemək, geyim, ev əşyalarının ad­ları daxil­dir. Bu qrupa daxil olan sözlər xalqın həyat tərzi, ailə mü­nasibəti, düşüncəsi və s. cə­hət­ləri ilə  bağlıdır.

Şamaxı şivələrinin lüğət tərkibində də etnoqrafik leksika ilə bağlı olan müxtəlif sözlərə rast gəlmək mümkündür.Bu sözlərdən ev əşyalarının adını bildirənləri istifadə yerinə görə: mətbəxdə istifadə olunan əşyalar və həyət-baca işlərində istifadə olunan məişət əşyaları kimi təsnif edilə bilər.

Mətbəxdə istifadə olunan əşyalar: gəlgəl (su qabı), çilossən (aşsüzən), ərsin (xəmir kəsmək üçün mis alət), mərciməy (kündə daşımaq üçün mis qab), təknə (xəmir yoğurmaq üçün taxta qab), tabağ (təknənin kiçiyi), satıl (mis su qabı),  sərnic, bardax, abgərdən, teşt (xəmir yoğurmaq və ya paltar yumaq üçün mis qab), qalğa (yağ yığmaq üçün dolçaya bənzər saxsı qab), külbə (təndirin yanması üçün yandan açılan deşiyi örtən əşya), sərcam (piyalə və ya kasanın ağzına qoyulan mis dairəvi qapaq), qəməlti (bıçaq), tilət (balaca bıçaq), masqura, qapçağ (dəmir qab), quppa (düymə), şirəppuz (şirələmək üçün əski parçası), dəstərxan (çörək süfrəsi), gügüm//gü:m, badyə (süd yağmaq üçün geniş mis qab), kürə (kiçik manqal), tayqulp (tək qulpu olan kiçik tava), əlliy//tutacağ (isti qab, qazanı tutmaq üçün bir-birinə bağlı parçalar), küsnət (küt bıçaq), mərtəbə (dərin boşqab).

Qapçağ sözü su yığmaq və ya müxtəlif məqsədlər üçün istifadə edilən qab mənasında işlədilir. Fərqli fonetik variantlarda digər dialekt və şivələrdə işlədilir. Şərqi Abşeron şivələrində isə “həsir kisə” mənasında işlədilir. Çox güman ki, bu həsir kisə qab daşımaq və ya yığmaq üçün istifadə edilmişdir. Ədəbi dildə işlənən qab-qacaq sözünün ikinci tərəfi də fonetik dəyişikliyə uğramış qabcaq sözündən yaranmışdır.

Xəmir kəsmək üçün istifadə edilən ərsin Şamaxı şivələri ilə yanaşı digər dialekt və şivələrdə də eyni mənada, fərqli fonetik variantlarda işlədilir. Türk dilinin şivələrində bu sözün “ıskıran”, “ısran” formalarında işlədilməsinə rast gəlinir. Arxaik feil olan “ısırmak” dişləmək mənasında müasir türk dilində indi də işlənməkdədir. Eyni mənada ərsin sözü Zaqatala-Qax şivəsində astamur, əsdəmi variantlarında təsadüf edilir. Isıran (qazıyan, kəsən, sıyıran) sözü sonralar əsrin şəklinə düşmüşdür.

Gəlgəl (su qabı) sözünün sinonimi kimi dialektin leksik tərkibində tayqulp, birəlli sözlərinə də təsadüf olunur. Bu söz eyni mənada Bakı dialektində də işlənir.

Çilossən (aşsüzən) sözünün birinci hissəsi olan çilo “plov, aş” mənalarında dialektdə işlənməkdədir. İkinci hissəsi isə ”süzən” feili sifətinin fonetik dəyişikliyə uğramış variantıdır.

Qalğa yağ yığmaq üçün istifadə edilən saxsı qab mənasında işlədilir. Sözün “kiçik saxsı qab” mənasında digər dialekt və şivələrdə işlədilməsinə təsadüf edilir. Bu sözə “qağla” fonetik tərkibdə işlənməsinə Xaçmaz, Quba, Qusar və digər  şivələrdə rast gəlinir.

Qalğa sözü iki: qal (qalmaq, saxlamaq) və ğa (türk dillərində isim düzəldən şəkilçi kimi işlənir) hissələrindən ibarət olduğunu düşünmək olar.

Həyət-baca işlərində istifadə edilən əşyalar: kəndi (taxıl saxlamaq üçün gil), sırıc (meyvə çırpmaq üçün uzun ağac), mıçil (meyvə çırpmaq üçün qısa ağac), go:ti (tut çırpmaq üçün ağac), meyzər//cecim (tut çırpılan zaman ağacın altına sərilən parça),  naçağ (kiçik balta),  xəkandaz, ko:ğabalta//dəhrə, qapıdalı, gillə (təndirdə alma və ya armud qaxı qurutmaq üçün palçıqdan düzəldilən xüsusi qab), basma (kömür), bülöy daşı, yarmasa, törpü (yeyə), ət taxdası//ət kötüyü, ciyə (paltar asılan ip), motal, eymə (süd, ayran saxlamaq üçün istifadə edilən qoyun dərisi), xəşə (iri kisə, çuval) .

Meyzər sözü Naxçıvan qrupu dialekt və şivələrində mezer şəklində “toxum səpmək üçün işlədilən “döşlük” mənasında istifadə olunur. Zaqatala, Qax şivələrində isə bu sözün mazyər//mayzar şəklində eyni mənada işlədilməsinə təsadüf edilir.

Cecim sözünə eyni mənada Naxçıvan qrupu dialekt və şivələrində rast gəlmək olur. Bakı dialektində isə bu söz “evdə döşənəcək kimi istifadə olunan yundan toxunmuş parça” mənasını ifadə edir.

Gil və palçıqdan hazırlanan əşyaları: qalğa (yağ yığmaq üçün dolçaya bənzər saxsı qab), külbə (təndirin yanması üçün yandan açılan deşiyi örtən əşya), kəndi (taxıl saxlamaq üçün gil), gillə (təndirdə alma və ya armud qaxı qurutmaq üçün palçıqdan düzəldilən xüsusi qab) və s.

Misdən hazırlanan  məişət əşyaları: gəlgəl (su qabı), ərsin (xəmir kəsmək üçün mis alət), mərciməy (kündə daşımaq üçün mis qab), satıl (mis su qabı),  sərnic, teşt (xəmir yoğurmaq və ya paltar yumaq üçün mis qab), sərcam (piyalə və ya kasanın ağzına qoyulan mis dairəvi qapaq), badyə(süd yağmaq üçün geniş mis qab) və s.

Həyət-bacada təsərrüfat işlərində istifadə olunan və daşdan hazırlanan bir sıra əşyaların adı da diqqəti cəlb edir. Bu sözləri nəzərdən keçirək:

Laqqız//lağız: daşdan düzəldilmiş kiçik hovuz olub, içərisinə it-pişik, toyuq-cücə üçün içinə su və ya yem tökülür. Lağzın sözü monqol dilində “donuz” deməkdir. Orxon-Yenisey abidələrində bu sözün “donuzun yemək yediyi qab – lağzın//laqqız” mənasında işlənməsinə təsadüf edilir.

Yalaq: laqqız sözünün sinonimi kimi çıxış edir. İt üçün yal tökülən qab mənasını bildirir.

Doqqazdaşı: küçə qapısını bağlamaq üçün istifadə edilən daşlar. Təxminən 2-2,5 metr uzunluğunda, simmetrik şəkildə deşik açılmış daşları evin həyətində basdırırdılar. Üz-üzə basdırılmış bu daşların oyuqlarına ağac keçirilir və bunlar müasir darvazaların vəzifəsini yerinə yetirirdilər.

Maldaşı: heyvanları bağlamaq üçün daş. Yarım metr uzunluğunda ensiz daşın bir ucunda ustalar deşik açırdılar. Həmin daşları deşik tərədi çöldə qalmaqla yerə basdırır və yayda heyvanları bu daşlara bağlayırdılar.

Dingdaşı: çəltik döymək üçün daş alət. Yəhər formasında olan bu daşın hər iki tərəfində oyuqlar açılır. Bu daşın vasitəsilə çəltik döyülür, düyü alınır.

Əldaşı: əl dəyirmanı. Eyni böyüklükdə və qalınlıqda daşlar dairəvi yonulur, cilalanır. Hər iki daşın ortası deşilir, birinə palıd ağacından kiçik ox taxılır. Buna əl dəyirmanının alt daşı deyilir. Alt daşının üzərində mərkəzdən kənara doğru kiçik kanallar açılır ki, buna dişək deyilir. Əldaşı vasitəsilə evdə buğda, arpa üyütmək üçün istifadə edilir.

Sudaşı: suyu təmizləmək, durultmaq üçün istifadə edilən daş alət. Məsaməli daşlardan düzəldilir, su daşın üzərindəki kiçik oyuğun içərisinə tökülür. Bir müddətdən sonra “daş suyu” adlanan təmiz su alınır.

Qartdaşı:iti, kəsici alətləri itiləmək üçün daş, bülöv mənasında işlədilir. Bəzən bu söz ikinci hissə olmadan qart şəklində də işlənməsinə rast gəlinir.

 

                                          ƏDƏBİYYAT:

  1. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964, 480 s.
  2. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Ba­kı, 2008, 416 s.
  3. VəliyevaG.Q. ŞərqiAbşeronşivələrininleksikası.Bakı, Elm, 2001, 167 s.