Ev Bədii Faiq Balabəyli – 60: Dənizə aşiq şair

Faiq Balabəyli – 60: Dənizə aşiq şair

132

Faiq Balabəylinin 60 illik yubileyinə həsr olunur

Faiq Balabəylini nə zaman tanıdığımı düzü, xatırlamıram. Lakin onunla daha yaxından tanışlığımız 2000-ci illərin məşhur ədəbi məclisi “Pərvanə”də olub. 2000-ci illərdə M.Ə.Sabir adına kitabxanada şair Qəşəm Nəcəfzadənin rəhbərliyi ilə fəaliyyət göstərən həmin ədəbi məclis hazırda məşhur imzaların görüş yeri idi. Mərhum Fərqanə Mehdiyeva, Məlahət Yusifqızı, Narıngül Babayeva, Həyat Şəmi, Aqşin Yenisey, Samir Sədaqətoğlu, Faiq Balabəyli, Şəlalə Əbil və başqa bir sıra şair və yazıçılarla birlikdə hər həftənin sonunda M.Ə.Sabir adına kitabxanada toplaşar, yeni yazdığımız əsərləri oxuyar, ədəbi müzakirələr aparardıq. “Pərvanə” bir neçə il uğurla fəaliyyət göstərdi.

O vaxtdan 20 ildən çox keçib. Bu müddət ərzində Faiq qardaşımla əvvəlki kimi tez-tez görüşməsək də, dostluğumuz davam edir. Bəzən hansısa bir məqalənin onun qurucusu və baş redaktoru olduğu saytda dərc olunmasına zərurət yaranır. Faiqə bir mesaj göndərmək belə kifayət edir. Dərhal həmin yazını saytda yerləşdirir. Bir sözlə, Faiq dostlarına qarşı sadiq və qayğıkeşdir.

Faiqin indiyə kimi bir sıra əsərləri (“Eh, ayrılıq, nə yamansan”, “Sənə yazılan şeirlər”, “Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Bayıldan bayıra”, “Yağışdan sonra” (bədii), “Kəsilməyən həyəcan fiti”, “Bakı buxtası-20 yanvar” (publisistik)) çap olunub. Faiqin yaradıcılığı haqqında çox yazmaq olar. Elə yazılıb da. Müxtəlif yazarlar, publisistlər, tənqidçilər Faiq Balabəyli yaradıcılığını araşdırıblar rəylər yazıblar. Bu məqalədə mən də dostum, qardaşım, şair Faiq Balabəylinin yardıcılığına kiçik bir ekskursiya edəcəyəm.

Məşhir bir deyim var. “Şairlər, yazıçılar öz həyatlarını yazırlar”. Bu deyimdə həqiqət payı çoxdur. Ola bilər ki, yazar hansısa bir əsərində yaşamadığını yazsın, lakin yazılanların böyük əksəriyyəti insanın yaşantıları olur, yazarın iç dünyasını əks etdirir. Oxucu yazarın əsərləri vasitəsilə onu tanıyır, sevir.

Faiqin yaradıcılığına nəzər saldıqda, onun doğulduğu torpağa, yurda nə qədər bağlı olduğunu görə bilirik. Faiqin həyatı şəhərlə bağlı olsa da, lakin o, hər zaman kəndinə sadiq qalanlardandır, onun üçün “burnu göynəyən”lərdəndir:

İndiki kimi darıxmazdım,
sevə bilməzdim
kəndimizin
adamlarını,
torpağını,
suyunu.
Yayda cadar-cadar olan,
qışda daşan çayını…

Faiqin yaradıcılığına vətən mövzusuna da tez-tez rast gəlmək olur. Onun Vətən sevgisi də, onu tərənnümü də özünəməxsusdur:

Mən səni belə istədim –
yarpaqlar küləksiz əsmədiyi kimi,
yağışlar kəsmədiyi kimi,
boz duman çöllərə sərilib
ondan küsmədiyi kimi…
Mən səni belə sevdim,
Mən səni belə oxşadım,
Mən sənsiz belə darıxdım,
Mən sənlə belə yaşadım,
Vətən!

Faiqin şeirlərində vətən, torpaq, yurd, sevgi mövzuları ilə yanaşı, dəniz mövzusuna tez-tez rast gəlmək olur. Faiq müsahibələrinin birində deyir ki, “mən gəmiyə vurulub dənizə çıxmamışam. Dənizi sevib gəmiyə minmişəm”. Bu müsahibəsində, o, qeyd edir ki, “Azərbaycan ədəbiyyatında onun qədər dənizi yaşayıb yazan ikinci bir yazıçı, şair yoxdur”. Mənim fikrimcə də belədir. Hər bir yazarın yaradıcılığında dənizə həsr olunan nümunələrə rast gəlmək mümkündür.

Lakin Faiqin yardıcılığında dəniz mövzusu qırmızı xətt olaraq keçir və bu şeirlərdə onun dənizə heyranlığı, vurğunluğu aydın hiss olunur:

Dənizçinin yuxusuna
Torpaq ətri girər hər gün.
Dənizçiyə dalğaların arasından
əl eləyər su pərisi,
dənizçiyə ad qoyarlar –
su dəlisi.

Mavi sular mavi gözlü gözəl olar
naz eləyər dənizçiyə
Mənim üçün əziz olub,
heç bilmirəm, dəniz niyə?!

***

Günəş yenə də çıxdı
Xəzərin o üzündən…
Göyərtəyə çıxıram –
dənizin mehi alsın
yorğunluğun, təkliyin
acısın üz-gözümdən.

Faiq, həm də azadlıq hərakatının iştirakçılarındandır. Bu, onun yaradıcılığına da təsir göstərib. Onun “Kəsilməyən həyacan fiti” adlı kitabı dənizçilərin azadlıq hərakatındakı xidmətlərinə həsr olunub.

Faiq şeirlərinin birində yazır:

Mənim bu gündən sonra
uçan quşlara,
yağan yağışlara
axan çaya,
gecənin bağrına
işiq tutan aya
şeir yazmağa halım olmaz.

Lakin, mənə elə gəlir ki, Faiq bu şeirində səmimi deyil… Mənim tanıdığım Faiq hər zaman, hər vəziyyətdə şeir yazacaq.

Başqa, ürəyinə heç nə gəlməsin
mən bu məmləkətin qara daşıyam.
Doğma bildiklərim məndən küsməsin
bir isti ocaq yox küncdə, bucaqda
yansın korun-korun məni isitsin-
mən acı rüzgarla qarşı-qarşıyam.

Arzu edirəm ki, Faiqin çətin zamanları olmasın. Lakin, həyatdır da… İnsanın bütün ömrü yalnız xoşbəxtlikdən ibarət olmur ki… Hər bir kəsin çətin vaxtları da olur. Bir şair olaraq bunu dəqiq bilirəm ki, çətin zamanlarında isə məhz poeziya Faiqin köməyinə yetişəcək…

Göydə göy buludam, dağlarda çayam,
Çağırsan gələrəm, harayam, hayam.
Necə görursən də eləcə buyam,
Həminki adamam, dəyişməmişəm.

Faiq tanıdığımdan bəri özünün də dediyi kimi dəyişməyib. İllər, çətinliklər onun ruhunu dəyişə bilməyib. Yenə də elə həmin şən əhvallı, mehriban, qayğıkeş Faiqdir. Hər zaman da belə olmağını arzu edirəm.

Səni, 60 illik yibileyin münasibəti ilə təbrik edirəm, qardaşım! 60 illik bu yubiley məqaləsini sənin öz sözlərinlə bitirmək istəyirəm: “Çox yaşa, xoş yaşa”!

Rəsmiyyə SABİR