Ev Bədii Fatma Bacara – Kölgə Aşiqlər (POVEST)

Fatma Bacara – Kölgə Aşiqlər (POVEST)

1737

Türkiyəli yazar Fatma Bacaranın “ Kölgə Aşiqlər “ povesti insanın həyatına vaxtsız, gözlənilmədən gələn eşqdən bəhs edir. Ömrün ortalarında da gələn sevda bir kölgəyə bənzəyir, ya bir yay günəşində itir, ya da payız yağışına qarışır.

Povesti təqdim edirik:

Sərçələr eyvandakı yuvalarından uçmaq üzrəydi ki, Hacı Hüseyn həyət qapısından çıxdı. Faytonçu Cəlil qapıda onu xeyli vaxtıydı ki, gözlədyindən səbri tükənmişdi. Dünən bütün günü Cəlilin başı əhliləşməmiş atları ram etməyə qarışdığından, faytonu təmizləməyi unutmuşdu. Dua edirdi ki, ay Allah, nə olar, Hacı içəridəki natəmizliyi görməsin. Həyəcəndan saqqalını dartışdırıb, dərindən əsnədi. Hacı, axır ki, gəlib faytonda oturdu. Qırmızı neylondan olan tozlu xalçanın bir ucu oturacaqdan sürüşüb döşəməyə sallanmışdı. Hacının başı cürbəcür fikirlərlə elə doluydu ki, bu tör- töküntüyə fikir verəsi halda deyildi. Onu yola salan oğullarına uzun-uzadı göstərişlər vermiş, gethagetdə bir də təkrar danışmağa lüzum görməyib, söhbəti qısa eləmişdi: “ Qalib, dediyim kimi, mağazanı sahibsiz buraxmayın. Fuad da dərsdən sonra mağazaya gəlsin. İstanbula çatan kimi sizi arayacam, yaxşımı?”
Altmış yaşlı Hacının sifətinin cizgiləri çox sərt idi. Ağarmış saqqalını elə dünən qırxdırmışdı bərbər Səfərə. Buxara papaq daz başını tamamilə örtmüşdü. Hacı oğlanlarını çox sevir, amma həmişə pərdəli dolanır, onlara sevgisini hiss etdirmirdi. Hacının nüfuzlu baxışları altında sıxılan oğlanları “ Oldu, ata” deyə başlarıyla onun dediklərini təsdiqlədilər.
Hacı bu gün saat altıda İstanbula gedən avtobusa yetişməliydi. Mal almalıydı. Amma fikri-zikri qalacaqdı işdə. Ona görə ki, nə qədər eləsə də, oğlanları onun istədiyi canfəşanlığı, əzmi göstərə bilmirdilər. Fayton yerindən tərpənər- tərpənməz başını pəncərədən çıxardı:” Ağlıma gəlmişkən, Qalib, kirayə pullarını yığmağı yaddan çıxarma, bildinmi? Di, salamat qalın!”
Fayton tində gözdən itənə qədər, uşaqlar yerlərindən tərpənmədilər. Sonra dərindən nəfəs alıb bir-birini gözaltı süzdülər. İri cüssəli Qalib qardaşı Fuaddan yaşca da böyük idi. Fuad universitetdə ikinci kursda oxuyurdu. Zəif, cılız bədənli bir cavan idi. Qumral saçlarını həmişə önə darayan bu gəncin kiçik, şabalıdı gözlərindən saflıq yağırdı. Həyət qapısını açıb, dəhlizə girəndə – “Valla, bu gün mağazaya gələmməycəm, qardaş, üzürlü say” – dedi. Qardaşına baxan Qalib, – “Atam narahat olmaqda, deyəsən, haqlıdır”, – deyə düşündü. Çünki tələbə olandan sonra Fuad qəribə dostlar qazanmışdı özünə .
“Bu həftə izləyəcəm. Görüm, kimlərdi onun dostları? Off, bir də bu kirayə pullarını yığmaq var ha, ən əsəbiləşdiyim şeydi. Sağ olsun, atam da həmişə məni göndərir” – fikirləşən Qalibin canı sıxıldı…
Rəngbərəng yaz çiçəkləri həyətdə ətir saçırdı. Eyvanın tavanının milləri arasında yuva quran sərçələrin civiltiləri həyəti başına götürmüş, bir canlanma əmələ gətirmişdi. Sanki “biz oyandıq, siz də oyanın” deyirdilər. Qalib pilləkənlə eyvana qalxıb, qədim tikili olan evə keçdi. Zalın döşəməsinə salınmış süfrə hələ yığışdırılmamışdı. Süfrənin kənarında oturdu. “Samirə, çay gətir” -deyə səsləndi. Beş yaşlarında bir oğlan uşağının əlindən tutmuş gənc bir qadın otaqdan çıxıb, uşağı atasının yanında oturtdu. O, asta səslə Qalibə: “Uşaq da səninlə yesin, yoxsa, yemir” – dedi, sonra ərinin qabağındakı boş stəkanı götürüb, çay gətirməyə getdi. Qalib bir yandan yeyir, o biri yandan da gözünün ucuyla oğlunu süzürdü. Uşağın əynində anasının toxuduğu yaşıl yundan köynək vardı. Yuxudan təzəcə qalxdığı üçün saçları bir-birinə qarışmışdı.
-Ayə, kərata, de görək, niyə yemək yemirsən?
Qaşqabağını tökmüş uşaq çiyinlərini qısdı:
-İstəmirəm.
-De görüm bir, atasının qoçu.
Yumurtanın yarısını ağzına atıb, əyninə xırda güllü, uzun ətəkli don geyinmiş, əlində sini ayaq üstə durmuş arvadına baxdı: -“Yoxsa, ananmı hirsləndi sənə?” deyə soruşdu. “Murad paşama kim nə deyib, bir bilək.”
-Kim nə deyəcək, tərs uşaqdı, səhərdən tutdurub ki, Mətingilə gedək.
– Oğlum, Mətin kimdir?
– Dostu, qonşumuz Raziyənin oğludur.
-Qoy səhər yeməyini yesin, apar anası, Murad paşamı üzmək olmaz. Haydı, qoçum, qarnını doyuzdur.
Oğlunun başını tumarlasa da, uşaq tərpənmədi. Anası qaynadılmış yumurtanın qabığını səliqəylə soyub, uşağın qabağındakı boşqaba qoydu. Bu vaxt mətbəxdən yırğalana-yırğalana gələn dolu bədənli, yaşlı qadın dərindən ufuldadı:
-Atan getdimi, oğlum?
Əlindəki lavaşları süfrəyə qoydu. Başındakı kəlağayının uclarını yuxarı atmış qadının xınalı telləri üzünə dağılmışdı.
-Getdi, getdi, ay ana.
-Çox yaxşı, gülə- gülə getsin. Qalib, mən bu gecə heç yatmadım. Dizlərimdəki ağrılar yatmağa qoymadı. Çöldəki itlər yatdı, mənim yuxum gəlmədi.
Elə bu vaxt əlində bir yığın dəftər-kitab tutan Fuad öz otağından çıxaraq, qapıya tərəf getdi:
-Ana, mən getdim dərsə.
Anası tərs- tərs ona baxdı.
– A bala, gəl, bir loxmasa da ye.
– Gecikirəm, ay ana. Görmürsənmi?
– Yaman çox dərs oxuyursunuz, ha!- astadan dilləndi Qalib.
– Oxumaqdan uşaqda can qalmayıb, üfürsən yıxılacaq, yaman zəifləyib. Qalib, qardaşına niyə demirsən ki bir tikə çörək ye?
Həyət qapısının cırıltısından görünürdü ki, anası söylənəndə Fuad artıq çoxdan getmişdi. Qalib pendir dilimini lavaşın arasına qoyub, yedi, üstündən də bir stəkan çay içdi. Yoldaşı Samirə sakit səslə, – “Qalib, məni də bu gün anamgilə apararsan”, – deyə xahiş etdi. Qaynanası gəlininə əyri-əyri baxdı:
-Ay gəlin , mən özümü pis hiss edirəm, təkbaşına neyləyəcəm evdə?
Qalib, – “İndi durub işə getsəm, yaxşı olacaq”,- deyə fikrindən keçirdi.
-Nə deyirsən? – Samirə Qalibdən cavab gözləyirdi. Qalib kəsədən gəldi:
– Anangilə sabah gedərsən, olarmı? Bu gün anam özünü pis hiss edir.
Samirə sussa da, ərinin sözləri ona toxundu. Hirsini balaca Muraddan çıxıb, loxmanı zorla onun ağzına soxmağa çalışdı. Uşaq əlindəki qaşığı tullayınca, qadın bağırdı:
-Canın çıxsın, ye!
Muradın başına bir qapaz vurdu. Uşaq var gücüylə bağırmağa başladı. Qalib dərin bir nəfəs alıb, arvdına tərs- tərs baxdı. Samirə qəzəblə süfrədən qalxıb, mətbəxə keçdi.
Qalib uşağı sakitləşdirməyə çalışsa da, xeyri olmadı. “Sən uşağa bax, ana, getməliyəm”- deyə qapının arxasındakı taxta asılqandan pencəyni alıb, özünü bayıra atdı.
***
Qollu-budaqlı ərik ağacının yarpaqlarını başına çətir edən təkqatlı, baraka bənzəyən taxta evin hər tərəfi darmadağın idi. Eyvan və evin böyük bir hissəsi ağacın kölgəsi altında qalmışdı. Evin kiçik bir həyəti də vardı. Bu səhər yük maşınından endirilən əşyalar – xalı, stullar, qatlama çarpayılar, divan, masa, yataq dəsti, yorğanlar və bağlamalar o qədər çox idi ki, eyvanı aşaraq, həyəti də tutmuşdu.
Kim deyir daşınmaq asan işdir? Daşınmaq – zaman kəsiyni beyninizin, bədəninizin, ruhunuzun yorğunluğu altında bir ayrılıq psixologiyası ilə yaşamaq deməkdir. Daşınanda, sadəcə, məkan dəyişikliyi baş vermir, bu həm də ruhi baxımdan insana təsir edir. Buna alışmaq məcburiyyəti və ya alışmağa çalışmaq daşınan insanın qədəridir. Daşınmaq yeni təyinat alanların alın yazısıdır. Yeni şəhər, yeni insanlar, fərqli bir ev və iş yeri, uşaqlar üçün yeni məktəb həyatı, küçələrdə tanımadığınız adamlar, daxilinizdəki yarımçıq qalanlar və yadlıq duyğusu… Bunu ancaq yaşayanlar bilir.
Yeni iş yerinə təyinat alanlardan biri bu gün yenə də əşyalarını kirayə tutduğu evin qapısı ağzına tökmüşdü. Zibil qabından tutmuş, süpürgə, plastik ləyənlər, cürbəcür bağlamalardan ibarət ev əşyaları dağınıq halda hara gəldi səpələnmişdi. Bütün bu baş verənlərdən xəbərsiz olan Arif və Sevgi dağınıqlıq içində şən qəhqəhələrlə ora-bura qaçırdılar. Uşaqların başı elə qarışmışdı ki, – “Ay uşaqlar, ananızı çağırarsınızmı?” – deyənə qədər yad adamın onlara yaxınlaşdığınıı belə hiss etməmişdilər. Sevgi qaçaraq, içəri keçdi:
– Ana, bir adam qapıda səni çağırır -dedi.
Mətbəxdə əşyaları yerbəyer edən Canan narazı halda işini dayandırıb, əlindəki boşqabları yerə qoydu: – “Kimdir?” – deyə səkkiz yaşlı qızından soruşdu.
-Mən haradan bilim?- dedi Sevgi və yenə sürətlə də bayıra qaçdı.
Canan maraq içində artırmaya çıxdı. Qarşısında gənc bir kişi dayanmışdı.
-Buyurun, kimi axtarırsınız?- deyə Canan evi təmizləyəndə geydiyi rəngi solmuş paltardan utanaraq, üst-başını düzəltməyə çalışdı.
– Bağışlayın, yengə, sizi narahat etdim. Mən ev sahibinin oğlu Qalibəm. Evdə düzəldiləsi əyər-əksikliklər varmış, yoldaşınız söyləmişdi. Karniz və bəzi elektrik düymələri dəyişdiriləcəkmiş. Gəldim ki, xarab olan şeyləri düzəldim.
Cananın işi başından aşırdı. Bu qarmaraşıqlıqda üstəlik təmir işini çəkəsi halda deyildi. Olduqca dəqiq İstanbul ləhcəsində: – “ Maraqlandığınız üçün təşəkkür edirəm, amma indi bu imkansızdı. Çünki elə bu sabah gəlmişik və içəri bərbad gündədir. Addım atmağa belə yer yoxdur.Yaxşı olar ki, daha sonra gələsiniz “ – dedi.
-Necə istəyirsiniz, mən bir-iki gün sonra gələr, kəm-kəsiri tamamlamağa çalışaram, – deyə ev sahibinin oğlu dilləndi və unudacaqmış kimi bayaqdan bəri deməli olduğu sözü axır ki, dilə gətirdi:
– Xoş gəlmisiniz.
-Təşəkkür edirəm, gülə- gülə.
Canan eyvanda dayanaraq, iri cüssəli, qarabuğdayı, otuz yaşlarındakı bu adamın arxasınca baxdı, sonra içəri keçdi. Açılacaq bağlamalar hələ də evin ortasındaydı və uşaqlar şey-şüyün arasında gizlənpaç oynayırdı. Bu durum qadının əsəblərini daha da pozdu: – “Uşaqlar, yavaş olun” – deyə qışqırdı. Canı sıxılırdı. Bu ev necə düzələkdi? Mətbəxdəki kiçik stullardan birində oturub, siqaret yandırdı. Köhnə, pərdəsiz pəncərədən bayıra baxdı. Hava günəşli və istiydi. Qarşıdakı evdə bir qadın eyvanı təmizləyirdi. Həyətdəki ərik ağaclarının yamyaşıl yarpaqlarını külək yelləndirirdi. “Mən hardayam? Necə gəldim? Bura haradır?” Cananın başında bu cavabsız suallar dolanırdı. Ona elə gəlirdi ki, bütün bunların günahı əri Bəsridə idi. Onun üzündən gəlmişdilər bura. Yoxsa, nə işləri varıydı Allahın da itirib- axtarmadığı bu yerdə?! Bir qəribin qürbət qoxuyan nəfəsiylə siqaretin tütsüsünü içinə çəkdi…
***
Yayda gəldiyi bu kiçik şəhərə Canan get-gedə alışmış, artıq özünə uyğun bir həyat düzəni qurmuşdu. Evini bacardığı qədər gözəl bəzəməyə çalışırdı. Bankda işləyən Bəsrinin belə şeylərə vaxtı yox idi, işi başından aşırdı. O, evə axşam saat 10- dan tez gələ bilmirdi. Bütün məişət işləri Cananın üzərinə düşürdü. Banka aid dövlət evində müdir və onun köməkçisindən başqa digər məmurlara yer olmadığından Bəsri banka yaxın məhəllələrin birində ev tutmuşdu. Canan evi ilk dəfə görəndə qaşqabağını töküb deyinsə də, bir müddət sonra məhəllədəki digər tavanı axıdan, hamam-tualetsiz, suyu bayırda olan evləri görüncə, öz durumuna şükür etmişdi. Onların evi iki kiçik yataq otağından, qonaq otağı, mətbəx və hamamdan ibarətiydi. Cananın dincəlmək üçün ən çox sevdiyi yer eyvan idi. Eyvanda içdiyi çay, qəhvə, çəkdiyi siqaret günün yorğunluğunu qadının canından çıxarırdı. Canan əvvəlki kirayənişinlərdən qalan gül-çiçəkli həyətdəki alaq otlarını, sarmaşıqları yolub tökmüş, qərənfil, beqonya və zambaqların böyür-başını təmizləmişdi. Eyvana dairəvi masa və bir neçə kətil qoymuş, masanın üstünə çəhrayı rəngli, dördkünc süfrə salmışdı. Ailə burada yeyib-içirdi.
İyunun ortalarıydı. Bir axşamüstü Qalib kirayə evləri dolaşıb, ən axırda Canangilin qaldığı evə tərəf üz tutdu. Atası Hacının təlimatıydı: – “Kirayənişin məmurlar maaşlarını alan kimi, dərhal get, kirayə pullarını yığ, sağa-sola dağıtmalarını gözləmə”
Əgər Qalibdən “ən zəhləsi gedən iş nədir?” deyə soruşsaydılar, tərəddüd etmədən “Kirayə pulu toplamaq!” deyərdi. Haqqı çatan bir şeyi insanlardan istəmək belə ona çətin gəlirdi. Əgər kirayə evlər onun özünə aid olsaydı, Allah bilir, yəqin ki, aylarla oralara uğramaz, kirayə pullarının verilməsini kirayənişinlərin insafına buraxardı. Bəzi kirayənişinlər vərdiş etmişdilər, onu görər- görməz pulu gətirib verir, o da bu pulları utana-utana alırdı. Atasına buna görə çox hirslənir, “yanında işləyən birinə bu işi gördürə biləcəyin halda, niyə mənə tapşırırsan” deyə ondan soruşmaq istəyir, amma soruşmurdu. Bilirdi ki, atası bunu qəsdən edir. “Oğul, heç vaxt pul işini özgəsinə tapşırma. Kirayəçilər yolunun üstündədir, evə gələndə pulları yığ, sonra gəl evə”. Atası belə deyirdi.
Qalib hrslənsə də, özünə lənət yağdırsa da, yenə pul yığmağa gəlmiş, Canangilin qapısı önündə durmuşdu. Şər qovuşurdu, işıqlar yeni-yeni yanmağa başlamışdı. Qəşəng, gənc bir qadın eyvandakı masanı yığışdırırdı. Kürəyinə tökülən qara, hamar saçlarını əliylə tez-tez qulağının dalına atır, nəsə bir mahnı zümzümə edirdi.
Oğlan ilk dəfə görürmüş kimi ona baxa-baxa qalmışdı. Ayaqları, ətəyi, ayağındakı bəzəkli tərlikləri işıqda necə də gözəl görünürdü! Canan özünə də məlum olmayan bir duyğuyla eyvanın qarşısındakı adamı fərq etdiyində əti ürpəşdi, az qaldı ki, əlindəki boşqabları yerə salsın. Qorxu qarışıq, həyəcan, vahimə dolu səslə – “Kimsiniz, orda nə işiniz var?”- deyə ucadan soruşdu. Özündən asılı olmadan əlindəki boşqabları masaya qoyub kətilə çökdü. Çox qorxmuşdu… Qalib qadını qorxutduğunu hiss etdi. “Çox-çox üzr istəyirəm, yengə. Mənəm, Qalibəm, ev sahibinin oğlu. Siz təzə gələn günü təmir üçün gəlmişdim, amma sizin işiniz vardı. Sonra usta göndərdim. Deyəsən, sizi qorxutdum, bağışlayın.”
“Necə də qanmazdır, baxmaq yerinə bir səs etsənə, adam!” – düşündü Canan. Amma “ Hə, hə, xatırladım. Qorxmadım, çaşdım. Buyurun, nə istəyirsiniz?” – dedi.
Doğrudan da, nə istəyirdi? İşin çətin tərəfi bu idi. Ağlına gələn ilk sualı verdi:
-Bəsri bəy, evdə yoxdurmu?
– Gözləyin, çağırım. – qadın içəri keçdi.
-Bəsri, bir baxsana, ev sahibinin oğlu qapının ağzını kəsdirib. Gör, nə istəyir. Yəqin ki, kirayə pulu üçün gəlib.
Bəsri əl-üzünü dəsmalla qurulayıb, hamamdan çıxdı. Köynəyinin qollarını dirsəklərinə qədər qatlayan Bəsri gödərək, sarışın, bir az dolu bir adamıydı. Qarşısındakını daha yaxşı görmək üçün xırda, ala gözlərini azca qıydı və Qalibi o dəqiqə tanıdı.
-Ooo Qalib bəy!… Ayaqüstə niyə durmusunuz? Buyurun, keçin eyvana-deyə mehriban bir dillə qonaqpərvərlik göstərdi.
Qalib banka kirayə pullarını qoymağa gələndə Bəsri ilə təsadüfən tanış olmuşdu. Bəsrinin iş yoldaşı Qalibə bir nəfərin kirayə ev axtardığını demişdi. Bəsriyə isə Qalibi belə təqdim etmiş, – “Bəsri, bax, bu adam Qalib Üstündür. Atasının kirayə evləri var. Özü də evlərini həmişə bizim işçilərə kirayə verirlər. Görək, boş evi varsa, heç əldən vermə” demişdi. Qalib tərəddüd etmədən razılaşmış və bununla da, Bəsrinin başını döndərən böyük bir problemə çarə qılmışdı. Buna görə də indi Qalibi görən Bəsri əziz bir adamını görürmüş kimi çox sevindi.
-Mən sizi narahat etməyim. Evə gedirdim, dedim bir baş çəkim, şey üçün….
Sözünün dalını gətirməyə dili dönmədi.
-Hələ bir əyləş, sonra anladarsan. – dedi Bəsri.
Özünü itirən Qalib nə edəcəyini bilmirdi. Bəsri bəyin arvad- uşağının yanında oturmağa çəkinirdi.
-Qardaşım, oturmasam yaxşıdır, evdə gözləyirlər, – deyə bəhanə gətirmək istədi.
-Yox, yox, heç elə şey yoxdur. Guya bizim burda nə qədər tanışımız var ki? Buyurun, çaya qonaq olun,- deyə Bəsri israr etdi və cavab gözləmədən içəri keçdi.
– Canan , qonağımız var, – deyə arvadına ucadan səsləndi. Kişi tərliklərini geyinib geri döndüyündə Qalib hələ də içəri keçməmişdi. Bəsrinin onu gözlədiyini görüncə, ayaqqabılarını çıxarıb, pilləkənlə eyvana qalxdı. Bir ayağını qaçaraq qoyaraq, kətillərdən birində oturdu. Canan gümüşü sinidə çay gətirdi.
-Xoş gəlmisiniz, buyurun, bir stəkan çay alın, – dedi.
Əri qədər israr etməsə də, qadının da qonağın oturmasına narazı olmadığı hiss olunurdu. Təzə bir adamla tanış olacaqdılar. Qalibə də bu dəvət maraqlı gəlirdi. Üstəlik də “çay al” sözünü ilk dəfəydi ki, eşidirdi.
– Yaxşı, içərəm. Çox sağ olun, – dedi.
Bəsri siqaret qutusunu açdı və bir az çaşqın görünən Qalibə uzatdı:
– Buyur, çək, Qalib qardaş” – dedi.
Qalib bir siqaret götürdü və alışıdırb ağzına qoydu. Siqaret simit kimi dadlı gəldi ona. İkisi də birlikdə siqaret dumanına büründülər.
-Qalib bəy, gördüyünüz kimi canına qurban olduğumun qədəri bizi hardan hara – İstanbuldan ta buralara atdı.
-Hansı məmləkətdənsiniz, Bəsri bəy?- deyə Qalib maraqlandığı üçün deyil, elə belə, sözgəlişi, söhbət xatirinə, cansıxıcı durumdan çıxmaq üçün soruşdu.
-Aydın tərəflərdən, Nazillidən. – Bəsri cavabı uzatmadı.
-Eşitdiyimə görə oraların havası çox istidir.- qonaq bu dəfə də sözgəlişi dilləndi.
-Hə, elədir. Bir az istidir, amma çox gözəl yerlərdir. Neyləyəsən, çörəkpulu qazanmaq adamı hara desən, sürükləyir. Aldığımız üç-beş qəpik, iki də uşaq oxuduruq – Bəsri özü də istəmədən hirslə dedi.
Canan bir siqaret götürüb, sanki ailə sirrini açma deyirmiş kimi dilləndi:
– Şikayət etmə, Bəsri, çok şükür, bizə çatır”.
Arvadına təəccüblə baxan Bəsri bir söz deməsə də, “Sənə ancaq yetir qazandlığım!” deyə ağlından keçirdi.
Söhbətin qabağı açılmışdı. Bəsri onu sakitcə dinləyən bir həmsöhbət tapmağın rahatlağı içində İstanbuldan buralara necə gəldiklərini söyləməyə başladı: “Nə başını ağrıdım, qardaş, qədər insanı haralara uçurmur? Bunu şikayət üçün demirəm. Yalan, fırıldaq dünyanı alıb başına. Barı bir qəbahətim olaydı… Hansısa mərdimazarın uydurmasıyla gəlib düşdük buralara. Bacarıqlı adama paxıllıq eləyən çox olur. Şükür, indiyəcən nə özüm bir tikə haram yemişəm, nə ailəmə-uşağıma yedirtmişəm. Allahdan oldu ki, sənin kimi birisiylə tanış olduq, çox ora-bura getmədən kirayə ev tapa bildik. Çox sağ ol” – deyə Qalibə minnətdarlıqla baxdı.
-Bəsri bəy, mən nə etmişəm ki? Evimizi sizin kimi yaxşı bir adama kirayə vermişəm. Kim olsa, mənim etdiyimii edərdi.
Bəsri sözünü ancaq çay içəndə kəsir, get- gedə boş-boşuna gəvəzələməyə başlayırdı. Məğrur bir ədayla kətilə oturub, ayağını ayağının üstünə aşırmış Canan bir əliylə siqaretini çəkir, o biri əliylə siqaret qutusunu masanın üstündə ora-bura fırladır, aradabir oğrun-oğrun qonağı süzürdü. Hərdən sarı bığlarına sığal çəkərək, yorucu-yorucu danışan əri ilə müqayisədə bu gənc adamın üzü necə də təravətli görünürdü. Onun səliqəylə yana daranmış, qısa vurulmuş sıx qara saçları enli alnına tökülmüşdü. Qonaq eyvanın zərif, titrək işığında və batmaqda olan günəşin solğun şəfəqləri altında lap film qəhrəmanlarına bənzəyirdi. Qadın qonağın gözlərini aydın görə bilməsə də, “ Yəqin qara olar ” – deyə düşündü.
Qalib öz üzərindəki nəzər-diqqəti dərhal hiss etmişdi. Onu ilk dəfə tanışlığa gəlmiş adaxlı kimi tər basmışdı. Hərdən cibindəki ağappaq dəsmalla boyun-boğazının tərini silirdi. Qonağın iri cüssəsinə, yaraşıqlı qədd-qamətinə o qədər uyğun gəlməyən utancaqlığı Cananın xoşuna gəlmişdi. Yerindən qalxıb, Qalibin boşalan stəkanını yenidən doldurub gətirdi və bu dəfə keçib onunla üzbəüz oturdu. Onun sərbəst davranışı, xüsusən də yad bir kişinin yanında siqaret çəkməsi Qalibi təəcübləndirmişdi: “Onsuz da şəhər qadınları avropasayağı olublar” – deyə içində qınadı onu. Çayını tez-tələsik içib qurtardı, Canan çayı təzələmək üçün əlini boş stəkana uzadanda “Bu qədər bəsdir, sağ olun, daha içmirəm”- dedi. Qadınla göz-gözə gəlməkdən çəkinib, baxışlarını ondan yayındırdı. Havanın qaraldığını bəhanə edib, getmək üçün ayağa qalxdı. Bəsri onun qalxmasına etiraz etməsə də, gəlişinizin səbəbini demədiniz deyə maraqla qonağın üzünə baxdı. Qalib nə deyəcəyini bilmirdi. Kəkələyərək – “Heç, kirayə pulu üçün gəlmişdim” – dedi.
Bəsri maaşını bu gün almışdı. O “gözləyin, indi gətirirəm” – dedi, otağa keçdi, bir dəstə pulu gətirib, Qalibə uzatdı. Pulun əlli lirəsi əksikdir. Bu gün borclara dağıdınca bu qədər qalmışdı. “Bax, sabah bizə yeməyə gəl, Canan gözəl düşbərə bişirəcək. Biz qəribik. Bir-iki kəlmə söhbət edərik”. Qalib ani olaraq nəsə düşünüb, Canana baxdı. Qapının kənarına söykənib, qollarını sinəsində çarpazlayan Canan bu baxışları göydə tutaraq, – “Sizi gözləyəcəyik”, – dedi. Onun dəvətinə həm Bəsri, həm də Qalib rahat oldu. Qalib bu gözlənilməz təklifə, – “Təcili bir işim çıxmasa, gələrəm, amma pul üçün deyil, birdən səhv başa düşərsiniz” – dedi. “Sən Allah, elə danışma, gözləyəcəyik, vəssalam” – deyə gülümsədi Bəsri. Qalib də təbəssüm edərək, hökmən gələcəyini başıyla məmnun halda təsdiqlədi.
Məhəllədəkilərin dediyinə görə, Qalib tərbiyəli, ağır təbiətli, abırlı bir adamıydı. Hər səhər evdən işə, işdən evə gedər, başını qaldırıb, bir qıza-qadına gözünün ucuyla da baxmazdı. O, ata-anasının göz bəbəyiydi. Onları heç vaxt incidib qırmamışdı. Əsgərlikdən sonra valideynlərinin sözündən çıxmamış, anasının tövsiyəsi ilə xalası qızı Samirəylə evlənmişdi. İndi onlar uca divarlarla əhatələnmiş geniş həyəti olan qədim bir evdə yaşayırdı. Arvadı Samirə ağbəniz, zərif, qumral saçlı, al yanaqlı, ətli-əndamlı, təbii gözəlliyə malik bir kənd qızıydı. Ərindən ən azı beş-altı yaş kiçik olardı. Qaynanası gözəl gəlininin üstündə əsim-əsim əsirdi. Qızın bəxti gətirmiş, toylarından bir il sonra nur topası kimi bir oğlan uşağı doğaraq, yerini daha da bərkitmişdi.
Qalib öz sakit, yeknəsək həyatındakı ən böyük həyəcanı ayağı büdrəyib yıxılanda yaşamışdı. İş yeri atasının ucuz, aşağı keyfiyyətli mebellərlə, əşyalarla doldurduğu mağazaydı. Ofisdə atası oturur, bazarlığı Qalib edirdi. Pulu atası alırdı. Qalib və qardaşı isə müştəriləri qarşılayır, malı satırdılar.
Atasının yanında Qalib öz oz oğlu Muradı heç vaxt qucağına almaz, sevib oxşamazdı. Bəsri və onun ailəsiylə ilk tanışlığında onların Qalib üçün başqa kirayənişinlərdən heç bir fərqi yox idi. Hər kirayənişin çıxdıqdan sonra evin əyər-əksiyini təmir edib, ora-burasına əl gəzdirib, yeni kirayəçiyə vermək onun öhdəsindəydi. Sonra isə davamlı şəkildə kirayə pulu toplayırdı.
Amma bu axşam qəlbinin dərinliklərində qərib bir sevinc duymuşdu. Bəsrigildən çıxandan sonra axşamın sərin havası üz-gözünə sığal çəkəndə bəlkə də, həyatında ilk dəfə olaraq, – “Hava necə də gözəldi!” – deyə düşündü. Bu günəcən sanki havanın fərqinə varmamışdı. Bu günə qədər heç bir kirayənişin onu evinə yeməyə dəvət etməmişdi. Sıxılaraq oturduğu masada Bəsrinin olduqca təbii və səmimi danışığı onu rahat etsə də, arvadının sərt, özündənrazı ədasını bəyənməmişdi. Qısası, Bəsri və ailəsi onun beynini əməlli-başlı qarışdırmış, duyğularını silkələmişdi.
Bəsrigilin isti münasibətinə laqeyd olmayan Qalib cümə günü onlara getdi. Düşbərə çox ləzzətli gəldi. Ətsiz, sadəcə paxla ilə bişirilən düşbərəni ilk dəfə orda yeyirdi. İbtidai sinfə gedən Arif və Sevginin civiltiləri, Bəsrinin məhrəm söhbətləri və Cananın əvvəlkinə rəğmən olduqca səmimi davranışı onun duyğularına sığal çəkmişdi.
Bəsrigillə Qalibin münasibətləri get-gedə daha da istiləşdi. Bir müddət sonra Qalib bu ailənin ən yaxın dostuna çevrildi. Həftə səkkiz, mən doqquz onlara gedib-gəlməyə başladı. İsti yay axşamlarından gecə saat ikiyə qədər oturub elədikləri söhbətlər, kart ya da nərd oyunları ona indiyəcən görmədiyi əyləncəli gecələr yaşadırdı. Birlikdə pikniyə getmək, rakı, kabab keyfi….
Qalib bu ziyarətlərə heç vaxt nə yoldaşı, nə də oğlunu gətirirdi. İlk vaxtlar, – “Xanımın evdə işi var, xəstədir, uşağın hərarəti var” – kimi bəhanələr gətirsə də, zaman keçdikcə, – “Boş verin, gəlməməsi daha yaxşıdır”, – deyə dərdli bir görkəm alırdı. Get-gedə onun dili açılır, içindəkiləri boşaldırdı: “Ah, anam, anam məni yandırıb-yaxdı, atamla birləşib axırıma çıxdı. Arvadımı yanıma alıb, bir ürəkdolusu gəzmədim! Mənim günahım nədir, axı? And olsun, Allaha, elə bil həbsxanadayam”.
Qalibin doluxsunduğunu görən Bəsrinin də, Cananın da ona şəfqəti artmışdı. Bəsri çox həssas və eyniaçıq, deyib-gülən adamıydı. Canan isə onun qonaq olduğu vaxtlar nə qabiliyyəti varsa, ortaya qoyur, müxəlif yeməklər, məzələrlə süfrəni bəzəyirdi. O, masa arxasında ərinə və qonağa yoldaşlıq edir, maqnitafona gözəl mahnılar qoyur, birlikdə musiqi dinləyirdilər. Gah içəridə, gah eyvanda ərik ağacının xışıldayan yarpaqları altında gecəyarıya qədər, gah pıçıltıları, gah qəhqəhələri eşidilirdi. Həyətdə yaşayanlar qabaqlar bu gediş- gəlişə elə də fikir vermirdilər, amma vaxt keçdikcə, Qalibin Bəsrigilə daha sıx-sıx gəldiyini gördükcə, qonşular bu səmimi get-gəlin axırını daxili bir narahatlıqla izləməyə başladılar. Gecənin qaranlığında aydın eşidilən musiqi və gülüş səslərini bəziləri sakit qarşılasa da, bəziləri bunu ətrafdakılara qarşı sayğısızlıq hesab edirdi.
Canan güclü, sağlam qadınıydı. Qara, düz saçlarını tökdüyü enli çiyinləri, meydan kimi sinəsi vardı. Paltarını gözəl göstərən qabarıq budları, incə beli ona xüsusi yaraşıq verirdi. Zalım qızının yerişi isə bir ayrı aləm idi. Yeriyəndə yerə-göyə naz eləyir, yanından keçənlərə, – “Dön bir də bax!”, – deyirdi. Qırçınlı ətəyinin altında bir xəzinə saxlayırmış kimi, yüngül addımlarla yeriyir, quş kimi səkirdi. Qonşuları Gültənin, “Qadına bax e, yeriyəndə əndamıyla öyünür ”, – sözlərinin altında bir az heyranlıq, bir az da həsəd varıydı. Ona sərvboylu demək olmazdı. İlk baxışda gözəl də görünmürdü. Qarayanız, qaraqaş, qaragöz idi. Qalın dodaqları, iri, amma sifətinə çox yaraşan bir qədər iri burnu vardı. Amma neynirsən, işvəli baxışlarına təbəssüm və qəhqəhələr qarışınca baxanlar ağlını əldən verirdi. Harada olur-olsun, kişi, qadın, hər kəsi başına yığa bilirdi. Sözünü eşidir, istədiyini yerinə yetirirdilər. Yarmarkada, bazarda özünə güvənərək, inamla yeriyir, “Paşanın mübarək qızı!” dedirtdirirdi arxasınca. Həmişə dəbdə olan, diqqət çəkən pal-paltar, son model ayaqqabılar geyinirdi. Görənlər onu hansısa adi, sıravi bir bank işçisinin arvadı deyil, kimsə yüksək vəzifəli birisinin xanımı sanırdı. O, tənbəllik eləməyib, həftədə heç olmasa, bir dəfə də olsa, mütləq zənginlərdən birinin arvadı ilə kinoya gedir, gəzməyindən qalmırdı. Gəldiyi ilk vaxtlardan yan-yörəsində böyük bir heyranlar çevrəsi yaratmışdı. İstiqanlı, yardımsevər olması onu sevilən bir qadına, qonşuya, insana çevirmişdi. Demək olar ki, həyətin ən xətir-hörmətli qadınıydı. Bişirdiyi şirniyyatların, dadlı-ləzzətli yeməklərin tərifi dildən-dilə düşmüşdü. Kişilər Bəsrini bəxtəvər sanır, ürəklərində ona qibtə eləyir, qadınlar onu öz ərlərinə qısqanırdı. Gənc qızlar ürəklərinini sirrini onunla bölüşür, o ucuz siqaretini dodaqları arasında sıxaraq, bəzən gözlərini qıyaraq, bəzən də təəccüb edirmiş kimi geniş açaraq onları dinləyir, kiməsə, nəsə məsləhət verirdi. Bir neçə ay keçməmişdi ki, onun sözü-söhbəti şəhərin nüfuzlu adamlarından olan bank müdiri və zabit arvadının qulağına yetişdi.
Canan özü də elit kəsimdən olan adamlarla ünsiyyətə can atırdı. Şirin dili, ağıllı söhbətləri, qəhvə falına baxmaq qabiliyyəti onu yüksək təbəqənin yaxın dostuna çevirmişdi. Xüsusən də, İstanbuldan gəlməsi onun yüksək təbəqə tərəfindən qəbul edilməsi üçün bəs edirdi.
Cananla yaxından tanış olmaq istəyən mağaza müdirinin arvadı Sibel xanım onu evində çox səmimi qarşılamışdı. Hamı bilirdi ki, ən gözəl qadın kostyumlarını Sibel xanım geyinir, bahalı dəri ayaqqabılar sadəcə onda olur. Dərzilər öncə onun geyimlərini tikirdi. Bu, Canan üçün açılan tamam fərqli bir qapı ola bilərdi. Sibel boyalı gözlərini süzdürərək:
– İstanbuldansınız, harasından gəlmisiniz?, – deyə soruşdu.“
– Kadıköydə Fikirtəpədə yaşayırdıq – demək istəmədi Canan. Özünü kasıblar məhəlləsinin sakini kimi tanıtmaq istəmirdi. Odur ki, – “Əslən Aydın şəhərindənik. Ailəmiz İstanbula gəlmədir. Bəsriylə də orda tanış olmuşuq. O, bankda çox sevilən, təcrübəli bir işçi idi. Burdakı banka şef olaraq təyin etdilər. İşi belədir, nə edə bilərik?
-Bura necə, alışa bilirsinizmi?
-Alışmağa çalışırıq, olacağa çarə yoxdur.
-Çətin olduğunu bilmirəmmi? Mən də bursalıyam, bura öyrəşməkdə çətinlik çəkmədim desəm, yalan olar. Narahat olma, şəkərim, biz səni yalnız buraxmayacağıq.
-Çox naziksiniz. Gözəl qəlbiniz var, Sibel xanım. Əsl-nəcabətli insanın davranışı belə də olmalıdır.
-Sağ ol, şəkərim.
Belə yaxınlıqlar Cananın bu kiçik rayonda darıxmayacağından xəbər verirdi.

***

Qalibin başı təzə tanışlarına elə qarışmışdı ki, yayın necə keçdiyindən xəbəri olmadı. Bəsrigil də onunla vaxt keçirməkdən məmnun idi. Son gəlişindən üç gün keçməsinə baxmayaraq, üz-gözünü təraş edərək həmişəki vaxtda yenə də Bəsrigilin qapısını döydü. Bu dəfə də, həmişə olduğu kimi isti qarşılandı. Bəsri söhbət edəcək bir dost tapmağın sevinciylə gülümsədi. Canan onun gəlişiylə xəfif bir həyəcan qarışıq sevinc duydu. Bəsri gecə lampasının narın işığında masa arxasında oturub, nəsə yazırdı.
-Xoş gəldin, dostum. Gəl bu hesabda mənə kömək et,- deyə qonağı yanına çağırdı.
Qalib stulu ona yaxın çəkərək, oturdu:
– Çətin hesabdı, deyəsən?
-Həm də necə! Maaşı bölmə hesabından çətin nə ola bilər ki?
-Maaş almadığım üçün bilmirəm. Bizdə pul işinə atam baxdığından rahatıq.
Canan içəri girdi. Qalib başını qaldırıb, ona tərəf bir qadının deyil, sanki bir ilahənin gəldiyini gördü. O an bu qadını görəndə nə qədər xoşbəxt olduğunu və izah edə bilməyəcəyi bir həyəcana düşdüyünü ilk dəfə hiss etdi. O vurulmuşdu! Yəqin buna görə həmişəkindən fərqli olaraq, baxışlarını yayındırmağı unutmuş, eləcə baxa-baxa qalmışdı. Canan da onun bu baxışlarını tutdu və özüylə oturacağı yerə qədər sürüklədi. Sanki gözlədiyi uzaq bir yolçusu gəlmişdi və arzuladığı bir diləyin hasil olduğu baxışla ona baxırdı. Qalib heyrətdən cansız bir heykələ dönmüşdü. Canan üzündəki təbəssümü gizləmədən yumşaq-yumşaq dilləndi;
– Xoş gəlmisən, Qalib. Bir az erkən gəlsəydin, yeməyə yetişərdin. Acsansa bir şey hazırlayım?
-Sağ ol, yengə. Yemişəm, ac deyiləm.
-Vallah, doğru sözümdür, acsansa, tez hazırlaya bilərəm.
-İnanın, ac deyiləm. Utanmıram ki, az yeməmişəm o gözəl yeməklərindən, sağ ol.
Bişirdiyi xörəklərə deyilən tərif Cananın ürəyinə sarı yağ kimi yayıldı:
– Onda təzə çay dəmləmişəm, heç olmasa, ondan için. Yanında isti paxlava də var.
-Buna yox deyə bilmərəm, – Qalib bütün sifətini nurlandıran və ona çox yaraşan təbəssümlə dilləndi.
-Bu dəqiqə gətirərəm, – deyən Canan çevik addımlarla mətbəxə keçdi. Amma ürəyi hələ də bərk döyünürdü. Ona dikilən ehtiraslı baxışlar ağlını qarışdırmış, bütün vücudunu sarmışdı. Nələr baş verirdi? Bu barədə düşünmək belə onu həyəcanlandırmağa bəs edirdi. Mətbəxin dərəyə baxan pəncərəsini açdı. Hava bu axşam çox istiydi, yoxsa ona elə gəlirdi? Hətyəcandan tərləmişdi. Dolabdan buz çıxarıb, ovcuna aldı. Buz əlində əridi. Əriyən buzun suyunu üzünə, boynuna, sinəsinə sürtdü, sərinlədi. Susadı. Bir stəkan su doldurub içdi. Uşaqlara, – “Yatmaq vaxtı gəldi, gedin yatın”, – dedi. Və birdən özünə gəlib, hazırlayacağı çayı xatırladı. Tez çay süzüb, paxlavalarla birlikdə salona gətirdi. Bəsrinin gözləri parıldadı. – “ Mənim əziz arvadım, bax, bu çox əla oldu!” – deyərək arvadına baxanda gördü ki, Cananın üzü qıpqırmızı qızarıb.
– Sənə nə olub, Canan, yaman pörtmüsən, xəstələnmisənmi?- deyə soruşdu.
– Yox, canım! Xəstələnmək nədir, mətbəx çox istidr, ona görə bir az istiləndim.
Qadın mövzunu dəyişdirmək üçün tez əyləşdi və ərindən siqaret istədi. Qalib ona tez siqaret uzatdı. Amma Canan ondan almağa bir anlığa tərəddüt etdi. – Həyatda ən vacib şey puldur, zənginlikdir, – hələ də nəsə yazan Bəsri öz-özünə dedi: – “Pulun varsa, xoşbəxtsən. Kasıb necə xoşbəxt olsun?”
-Elə demə, Bəsri, mən sənin kimi düşünmürəm. Ən vacibi sağlamlıqdır, sevgidir.
– Vallah, mən belə görmüşəm, belə də söyləyirəm. Samanlıq seyran olmaz. Mən görməmişəm, siz gördünüzmü?
Qalib ərlə arvadın arasında qalmışdı. Düşünürdü ki, atasını bu qəsəbədə varlı saymaq olardı. Amma onun üzünün güldüyünü bir dəfə də olsun görməmişdi. Allaha şükür, hər şeyləri varıydı, amma özünü xoşbəxt hiss etdiyini demək omazdı. Dünən Samirə yenə balaca oğulları Muraddan şikayətlənirdi. Samirənin donuq baxışları, büzməli, güllü donu gözləri önündən keçdi. Arvadı xahiş etmişdi ki, ona güllü yaylıq alsın. Az qala unudacaqdı.
– Bura bax, Qalib, düz demirəmmi? Yoxsulluğun harası xoşbəxtlikdir ki? -Bəsrinin sualına diksinib xəyaldan ayrıldı.
-Nə dedin?
-Pul xoşbəxtliyin əsasıdır deyəndə haqlı deyiləmmi?
– Haqlısan, qardaş. Amma varlı olmaq, çox vaxt insana gözlənilən xoşbəxtliyi gətirmir. Odur ki, Canan bacı da haqsız deyil.
-Elə şey olmaz. Sənin pula ehtiyacın yoxdur, sən xoşbəxt deyilsənmi?- Bəsri inad göstərdi.
Qalib heç nə deməyib susdu. O rahat olmağına rahat idi. Amma xoşbəxt deyildi. Bu Bəsri nə danışırdı? Onun yerinə olsaydı, Canan kimi biriylə yaşadığı üçün, quru saman üstündə yatsa da, özünü xoşbəxt sayardı. Ağlından keçənlərdən utandı, qıpqırmızı qızardı. Cananın pula önəm verməməyi xoşuna gəlmişdi.
Canan siqaretindən dərin bir qullab alıb, sözləri sapa düzdü:
-Pulum- param olsun, amma xəstə olum və sevmədiyim birisi ilə bərabər yaşayım, nəyimə lazımdır belə zənginlik. Mən sevgini puldan üstün tuturam.
Bəsri başını qaldırıb təəccüblə Canana baxdı:
-Çayları bir təzələ, Canan, – dedi, – və mövzunu dəyişmək istədi.
Cananın sözləri Qalibin ürəyini açmışdı. “ Necə də incə ruhlu, sevgiyə dəyər verən qadındır. Canan gözəl olduğu qədər də mərddir” – qəlbindən keçirdi, heyranlıqla ona baxdı.
Qalib bu axşam bır başqa adam olmuşdu. Qəribə nəzərlərlə baxırdı Canana. İri qara gözləri və üzündəki ifadə onu daha da gözəlləşdirmişdi. Canan siqaret götürdü. Qalib incə bir manevr edib, onun siqaretini yandırdı. Qalibin əli əlinə dəyəndə içindən bir cərəyan keçdi, başdan-ayağa, bütün vücuduna yayıldı. Bu dözülməz bir həyəcan idi. Dərindən nəfəs alıb, tüstünü bayıra üfürdü. Bununla sanki içindən keçənləri də bayıra atdı. Bəsri hələ də səs-küylə öz hesabatını edirdi. Qalib onun yazdıqlarına sadəcə hörmət xatirinə baxır, amma heç nə anlamırdı.
-Görürsənmi, dostum, bizim büdcə yenə kəsirdə qaldı. Məktəb açılınca yandıq. Görürsənmi, pulsuz heç bir şey alınmır.
-Narahat olma, ortaq, bu ay kirayə pulunda güzəşt edərik. – Qalib bir addım da irəli getdi, ortaq sözünü işlətdi.Gələcəkdə ortaqlı bir iş qurmaq haqqında söhbət etmişdilər.
Bəsri, – Yox, elə şey olmaz, – desə də, içindən “Niyə də olmasın?”- fikri keçdi.
Qalibin bu anda ən çox istədiyi şey Canana yaxın olmaq idi. Etiraf etməsdə də, bu bir həqiqət idi.
-Əlləriniz var olsun, çay çox gözəl olub. Əlinizin dəydiyi hər şeyi gözəlləşdirirsiniz.
Özü də dediklərinə heyrət etdi. Necə belə cəsarətli danışa bilirdi? Eyni masa arxasında, bir addım yaxınlıqda, eyni havayla nəfəs alarkən aralarındakı cazibə onları bir-birinə çəkirdi. Elə bil ətraflarında isti bir həlqə, sehirli bir kəmənd ikisini də ağuşuna alaraq, get- gedə daha da daralır, onları bir-birinə sıxır, açılmaz bir ilməylə düyünlənirdi.
Qalib qarmaqarışıq düşüncələrlə əlindəki kibrit qutusunu o üz-bu üzə çevirirdi. Bəsrinin hay-küyünü duymur, ancaq Cananın sükutunu dinləyirdi. Sanki bir divar yıxılmış, arada bu divarın toz-torpağından əmələ gələn bir səs qalmışdı. O da bir azdan sakitləşənə bənzəyirdi. Fikirliydi. Çox oturmadı. Bir az əvvəl hiss etdikləri onu yormuşdu. İcazə istəyib, onlardan ayrıldı.
Bayırda qatı bir qaranlıq var idi. Ulduzlar çox uzaqda görünürdü. Pəncərələrdən süzülən zəif işıqlar gecənin bağrını dəlirdi. Küçənin sonundakı evinin yolunu uzatmaq bəhanəsiylə addımlarını yavaşıtdı. Bu günə qədər niyə fərq etməmişdi? Yox, fərq etmişdi. Budur etiraf edir. Ona qarşı heyranlıq duyurdu. Hətta, bəlkə xoşlanırdı. Bəli, xoşlanırdı. Özündən utandı. Olan şeydirmi? Bu insanlığa sığmazdı. Bu, bir dost kimi açdığı qapıya xəyanət idi. Bunun başqa bir adı yox idi. Bir daha onlara getməyəcəyinə öz-özlüyündə söz verdi. Amma bütün bunlara baxmayaraq, niyə bu qədər xoşbəxt idi? İçində dolaşan sevincin adı nə idi? Xoşlandığını hiss etmək duyğusuydumu? Hər şey niyə bu qədər gözəl görünürdü? Ayaqları yerdən üzülmüş kimi yeriyirdi.

***

Canan o gecə yata bilmədi. Döndü durdu. Axşam nə baş vermişdi? Nə olmuşdu? Onun daxılini alt-üst edən nə idi? Qalibin o gözəl gözlərindən bal kimi heyranlıq süzülürdü. Bəyənildiyini bilən, xoşlandığını hiss edən bir qadın kimi qürur duyurdu. Yuxuya uzun müddət sonra daldı.
Qalib ertəsi gün axşamüstü Cananı görmək üçün şiddətli bir ehtiyac duydu. Bir neçə saat özünü sakitləşdirmək cəhdi boşuna getdi. O, başından çıxmırdı. Sanki beyninə girməsi üçün kimsə onu kodlaşdırmışdı. İşin sonu yaxınlaşırdı. Qərarsız və təlaş içindəydı. Bir ayağı gedir, biri getmirdi. Həyətə yaxınlaşdıqca qəlbi çırpınırdı. Sürətlə keçmək istəyirdi, ancaq, elə bil, ayaqlarından daş asılmışdı. Bədəni ayrı teldə, ruhu bir ayrı teldə çalırdı. Özünə nəzarəti itirmiş kimiydi.
“Bir dəfə getməklə heç nə olmaz, gedib Bəsrini soruşar, qayıdaram” – deyə həyətə girdi. Qapının zəngini çaldı. Elə geri dönmək istəyirdi ki, Canan qapını açdı. Onu görüncə nəinki çaşmadı, əskinə, gözləri parıldadı. – “ Qalib, sənsənmi?Xoş gəlmisən! “ – deyə sevincini gizləmədi. Qalib günahkar bir uşaq kimi nə deyəcəyini bilmirdi. – “ Yengə, Bəsrini soruşacaqdım…”
Canan gülümsədi: “O bu saatda gəlmir, axı “.
-Hə, doğrudur, bəzən gecikdiyini unutmuşam. Narahat etdim sizi.
-Sən bizi narahat etməzsən, Qalib, – qadın qaş-gözünü süzdürüb, mənalı-mənalı dilləndi.
Qalib narahat baxışlarını yayındıraraq, – “ Yaxşı, gecəniz xeyirə qalsın”- deyərək sürətlə uzaqlaşdı. Canan onun arxasınca baxıb gülümsədi. Artıq içi rahat idi. Ürəyinə eşqin qurdu girmiş, ağır addımlarla gəlməkdəydi. İçində evli bir qadının deyil, gənc bir qızın həyəcanını daşıyırdı. Bu dəqiqələrdə onu heç nə maraqlandırmırdı.
Qalib isə onu alçaldan ürəyinə qarşı çox əsəbiydi: “Nə etdiyini sanırsan? Dayan, oğlum, Qalib, özünə gəl, nə işin var yad adamın qapısında? Əri də evdə deyil. Uşaqlar bayırda. O və sən – ikiniz…”
Səhərisi duyğuları yenə baş qaldırdı. Əslində, Cananı istəyirdi, özü deyil, vücudu istəyirdi. Dəcəl bir uşaq kimi Cananın bədənini istəyirdi. Onun qoxusunu və ona sahib olmağı…. Olmayacaq şeylər istəyən qəlbi ağlına hökm etməyə başlamışdı.

***

Küçədəki köpək səsləri heç vaxt bu gecəki qədər olmamışdı. Sanki bayırda bir it sürüsü xorla hürürdü. Biri susan kimi o biri başlayır və ya bir neçəsi eyni anda davam edirdi. Hətta yaxınlıqdan gələn it səsinə uzaqlardakı itlər də səs verir və bu, qaranlıq gecəni daha da vahiməli edirdi. Gecə olduqca canlı və hərəkətliydi. Evin ətrafında ayaq səsləri eşidilirdi. Onlarla addım, pıçıltı, qorxu dolu gözlər ətrafda dolaşırdı. Bu vaxt adamın, – “Nə yaxşı ki, dörd divarım, başım üstündə damım, kilidli qapım var” – deyəsi gəlirdi. O an evdə, güvəndə olmaq ən böyük xoşbəxtlik idi. Amma hiss olunurdu ki, bəziləri gecənin qoynunda hələ də oyaqdır.
Cananın yuxusu təmiz qaçmışdı. Nəsə qeyri- adi bir vəziyyət var idi. Qulaqları onu yanıltmırdı, ayaq səsləri eşidilirdi. Kənardan duyacaqlarmış kimi qorxudan nəfəsini uddu. Yatağında tərpənmədi. Ona elə gəldi ki, qapı asta-asta döyülür. Diqqət kəsildi, doğrudan da, kimsə qapını döyürdü. Köpəklər ola bilərdi, lakin onların pəncələri yumşaq idi, belə səs eləməzdi. Sanki yad ayaq səsləri eyvana qədər gəlmişdi. Gözlərini anidən açdı, ürəyi şiddətlə döyünürdü. Tərslikdən işıqlar da, deyəsən, kəsilmişdi. Bayırdakı lampanın qırmışı işığı gəlmirdi. Amma qapı olduqca ürkək bir səslə, aramsız və tez-tez döyülürdü.
Canan sakitcə yorğanın altından çıxdı, gecə köynəyni düzəltdi. Ətraf çox qaranlıq idi. Mətbəxə keçdi, əl havasına kibriti və şamı axtardı. Qapı daha sürətlə döyüldü. Evdəkilər oyanacaq deyə Canan narahat oldu. – “Bu saatda kim ola bilər?”- deyə düşündü. Ağlından Qalib keçdi. Doğrudan da, o ola bilərdimi? Qalibdirsə, Bəsri bunu bilməməliydi. Onun oyanmaması üçün bir an əvvəl qapıya yaxınlaşmalıydı. Qapının önünə gəlib, xəfifcə, – “Kimsən?”, – deyə soruşdu. Səs gəlmədi. Təkrar, bir az yüksək səslə soruşdu. Qapı dalındakı adam, “ Mənəm”, – dedi. Səs Canana tanış gəlmədi. Bir də soruşdu: – “Sən kimsən, axı? ”, – Bayırdakı səs qorxudan kallaşmışdı: “Mənəm, Fuad” – dedi.
-Hansı Fuad?
-Qalibin qardaşı, ev sahibinin oğlu…
Canan indi xatırladı. Fuadı bir dəfə mağazada görmüşdü. Bir dəfə də kirayə pulunu o gəlib almışdı.
-Bəli, bəli , tanıdım. Bu saatda nə lazımdır sənə, Fuad?
-Yengə qulun, kölən olum. Qapını aç. Arxamca adamlar düşüb, məni öldürəcəklər.
– Evinizə niyə getmirsən, oğlum?
-Evə gedən yolu kəsiblər, məni öldürəcəklər, yengə, nə olar qapını aç, gizlənim, sabah tezdən gedərəm.
Canan qapını açmağa tərəddüd etdi. Bu oğlana necə güvənə bilərdi? Bir sıxıntı olsaydı, nə edəcəkdi? Ortalığın qarışıq vaxtında, qardaşın qardaşı öldürdüyü bir zamanda qapını necə aça bilərdi? Fuad isə bayırda yalvarırdı.
-Vallah, həyətə girdilər, tez ol, bacı, necə olur-olsun, tez ol, qapını aç!!!
Canan bir an içində qərar verməliydi: ya heç açmayacaq, riskə getməyəcəkdi; ya da birinin canı təhlükədə isə, onu qoruyacaqdı. Qapını açmamağın, bir insanın həyatı təhlükədə ikən kömək etməməkdən heç bir fərqi yox idi. Dönüb gedə bilərdimi? Bu Canan idi, heç bir vaxt belə etməmişdi! Açarı salıb, qapını açdı. Özünü içəri salan Fuad tir-tir titrəyirdi:
-Tez qapını kilidlə, bacı. Arxamca gəlirlər!!!
Canan qapını bağladı.” Dəmir lingi qapıya tax, bacım”, – deyən Fuad hələ də titrəyirdi.
Canan küncdən dəmir lingi götürüb, cəld qapının arxasına keçirdi. Fuad elə ordaca, qapının dibinə çökdü. Əgər qaranlıq olnmasaydı, Canan onun saralmış üzünü, qorxu dolu gözlərini görərdi.
– Bu adamlar kimlərdi?
-Soruşma, bacı. İt sürüsüdür.
– O nə deməkdir?
İndi onu necə başa salaydı, uzun-uzadı olanları bir cümləyə necə sığışdıraydı?
-Sonra anladaram, əsas odur ki, əllərinə düşsəydim, məni öldürüb leşimi sürüyəcəkdilər.”
-Qanlın-filanın varmı? Səndən nə istəyirlər? Nə etmisən onlara?
Fuad o qədər qorxmuşdu ki, huşu başından çıxmışdı.
– Mən onlara heç nə etməmişəm.
– Bəs, onda gecənin bu vaxtında sənin küçədə nə işin vardı?
Fuad nə cavab verəcəyini bilmədi:
-İşim yoxdu. Mən tələbəyəm. Bu səhər küçədə dava elədik. İndi də arxamca düşüblər.
Fuadın sözlərindən Cananın ağlı bir şey kəsmədi. Susub bir neçə dəqiqə bayırdakı səsləri dinlədilər. Ayaq səsləri ətrafda o tərəf-bu tərəfə yayılırdı. Bir müddət sonra səslər azaldı, uzaqlaşdı və tamam yoxa çıxdı. İndi uzaqdan gələn it səslərindən başqa hər şey susurdu. Canan Fuada, “İstəyirsən, keç mətbəxdə otur, gözlə”- dedi.
-Yox, bacı mənə belə yaxşıdır. Siz gedin, yatın. Xahiş edirəm, bağışlayın, sizi narahat etdim. Mən səhər tezdən gedəcəm.
Canan çox israr eməyib, yataq otağına keçdi. O qədər yorğun idi ki, yatağa girər-girməz yuxu onu apardı.
Səhərə yaxın gözlərini qəfil açdı. Bəsri yanında yox idi. Tez yataqdan qalxıb, qapıya tərəf getdi. Fuad gözə dəymirdi. Hamamdan çıxan Bəsri;
-Nə tez durdun – deyə soruşdu.
Canan axşamkı hadisənin təşvişi altında hələ də çaşqın idi.
– Elə-belə oyandım, səhər yeməyi hazırlayaram, – deyə mətbəxə keçdi.

***

Fuadı o gecə bu vəziyyətə gətirən bir neçə ay əvvəl dostu ilə çıxdığı maşın gəzintisi idi. Sinif yoldaşı Aslan onunla yaxın dostuydu. Aslan bəstəboy, qaraşın, yekəburun bir oğlanıydı. İmkanlı ailədəniydi. Heç kimdə maşın olmadığı vaxtlar o, atasının “Shevrolet” markalı maşınından düşmürdü. Kök olduğuna görə qızların o qədər də bəyənmədiyi Aslan onların diqqətini maşınla özünə çəkməyə çalışırdı. Həmin gün Fuada dedi ki, iki qız tanışım var. Maşınla gəzməyə çıxacağıq. Atam İstanbuldadır. Fürsəti qaçırmayaq. Fuad tərəddüd etmədən razılaşdı. Arıq vücudu indidən həyəcandan əsdi.
Ertəsi gün iki qızla şəhər kənarına gəzintiyə çıxdılar. Yolda sürətlə gedirdilər. Əvvəl- əvvəl gəzinti xoş keçirdi. Elə ki, Aslan maşını əsas yoldan çıxarıb, ağaclığa döndərdi, qızların kefi pozuldu. “Qayıdaq, valideynlərimiz narahat olacaqlar”, – dedilər.
Aslan onların sözünə fikir vermədi. Bunu görən qızlar səslərini qaldırdılar. Fuad qızların qorxduğunu görüb, – “Aslan, qayıdaq, qızlar, narahatdır”, – dedi. Qızlar ağlamağa başladı. Aslan, – “Nə olub, sizi yedikmi?”, – deyə hirsləndi. Arzu adlı qız, – “Bax geri dönməsən, özümü maşından atacam!”, – dedi.
Aslan onun sözünü ciddiyə almadı, – “İndi dönərəm” ,- deyib irəli sürdü. Arzu qəfildən maşınım qapısını açıb özünü bayıra atdı. Maşının təkəri onun ayağının üstündən keçdi. Aslan şoka düşmüşdü. Maşını dayandırmaq əvəzinə qazı basıb, irəli sıçratdı. Fuad, – “Dayan!”, – deyə qışqırdı. Aslan, nəhayət, sürəti azaldıb, geri döndü. Arzu yerdə hərəktsiz halda uzanmışdı. Fuad, – “Qızı öldürdün!” – deyə onun sinəsinə, üz-gözünə bir neçə yumruq vurdu.
Arzu nəfəs alırdı, amma bir ayağı sınmışdı. Onu xəstəxanaya çatdırdılar, dərhal əməliyyata alındı. Oğlanlar isə polis məntəqəsində gecələdilər. Qızlarn yaxınları Aslanının maşınını yandırdılar, Fuadı izləməyə başladlar. Hədə- qorxu bitmirdi. Fuadın həyatı cəhənnəmə çevrilmişdi. Aslan bir ay həbs yatıb, çıxdı.
Bir axşam çayxanadan çıxanda yenidən qızların qohumlarıyla qarşılaşdılar.

Aslan Fuadın qolundan çəkdi ki, – “Gəl qaçaq!”. Sürətlə qaçmağa başladılar. Fuad bərk qorxmuşdu. Qeyri- şüuru hara gəldi qaçırdı. Həyatı bir kino kimi gözünün önündən gəlib keçdi. Bilirdi ki, yaxalansa, sağ buraxmayacaqlar. Bir xeyli qaçdı. Aslan gözünə dəymir, səslər isə getdikcə yaxınlaşırdı. Əmisigilin qapısını döydü, açan olmadı. Kirayə verdikləri həyətə girib, bir neçə qapını döydü. Ən axırıncısı Canangilin qapısıydı. Qapını ümidlə döydü. Ayaq səsləri yaxınlaşırdı. Sonra yalvarışlar, qapının açılması… Qapı kandarında yuxulamasını Fuad ömrünün axırınacan unutmadı.

 

***

Qalib o səhər işə gedəndə olduqca fikirli idi. Hətta dalınca gələn faytonu belə hiss etməmişdi. Faytoncu Cəlil yanından keçəndə atları saxlayıb dedi: “Nə yaman dalğınsan Hacının oğlu? Az qala bizim fağır atlara özünü əzdirəcəkdin!” Faytoncunun səsi ucuz tütün çəkməkdən xırıldayırdı. O, Qalibə həmişə “Hacının oğlu” deyirdi. Faytonu Qalibin düz sağında dayandırmışdı, atların qoxusu hiss edilirdi. Qalib başını çevirib, yaşlı sürücüyə baxdı. Qozbel, qarınlı adam idi. Əllini çoxdan adlamışdı. Amma təraşsız, baxımsız üzü, tütündən saralmış cod bığları onu daha yaşlı göstərirdi. Yana əyilmiş kepkası gözlərini örtmüşdü.
-Necəsən, Cəlil dayı?
-Mən yaxşıyam, amma səndən əmin deyiləm!
-Məni boş ver… Bəzi hadisələr ürəyimi sıxır…
-Yaxşı haydi min, bazara qədər aparım səni. Onsuz da müştərim yoxdur. Gəl otur, fayton boşuna getməsin.
Qalib faytona alışıq deyildi, tez-tez minməzdi. Amma bu dəfə etiraz etmədi. Faytondan çıxan təkər və zıngırov səsləri onu lap uşaqlıq illərinə apardı. Küçəyə girən hər faytonun arxasınca dostları ilə qaçar, faytonun oxundan yapışıb, ayaqları göydə küçənin sonuna qədər gedərdilər. Necə də əyləncəli idi!… Həqiqətən, uşaqlıq xoşbəxtlikdir! Bu təhlükəli macəra küçədəki digər uşaqların faytonçuya xəbər verməsiylə bitərdi. Bağırardılar: “Faytonçu, arxaya bir qamçı!” Bu söz “Arxadan tutan uşaqlar var” mənasını verirdi və Cəlilin dala yellədiyi sərt qamçıyla uşaqlar faytonun oxunu buraxardılar. Bütün bunları yada salıb, xəfifcə gülümsədi. Atların taqqıltısı çox xoş idi. Arxaya söykəndi.
-İşlər necədir, dayı?
-Necə olacaq, taksi çıxandan sonra bizim işimiz bitdi. Bir çoxları faytonunu satdı. Mən də satmaq istərdim, amma indən belə nə iş görəcəm, neyləyəcəm?… Bu qocalmış atlarla ölənəcən işləməyə məcburam. Məni boş ver, bor öz dərdindən-odundan danış, görüm nə var, nə yox.
Qalibin fikri bir anlıq ona verilən sualda cəmləndi. “Nə olacaq, dayı, qardaşım Fuad yaman sıxır canımı. Kİmlərsə onun dalınca düşüb, ölümlə hədələyirlər. Heç bilmirəm, neyləyim” Qalibin gözlərindəki ümidsizlik o qədər dəriniydi ki, sanki qaranlıq bir quyunun içində qalmışdı, yol tapıb heç cür çıxa bilmirdi. Cəlil kişi susub, sadəcə, başını yellədirdi. Sözlər belə bəzən qorxaq və çəkingən olur, gizlənir. Hər insan üçün söyləmədiyi söz onun güvənc yeridir. Susmaq sirləri və düşüncələri örtür. Bəlkə də, indi susmaq, hər şeyi unutmaq, ağlın ən dərin, nə gizli yerinə atmaq vaxtıydı. Eynilə Canana olan hissləri kimi lap arxaya atmaq. Amma Fuad o qədər gerçək idi ki, onun bu vəziyyəti hər cür narahatlıq və kədəri də özüylə birgə çəkib gətirirdi.
Faytonun tıqqıltısı dayananda Cəlilin, – “Gəldik, Hacının oğlu” – deməsiylə Qalib fikir-xəyaldan ayrılıb, gerçək aləmə qayıtdı. Mağazanın qabağında faytondan düşəndə verdiyi pulu nə illah eləsə də, faytoncu götürmədi. Cəlil atlarını yüngülcə qamçılayıb, uzaqlaşdı. Qalib mağazaya girdi. Atası həmişə olduğu kimi ondan əvvəl gəlmişdi. Həmişə olduğu kimi yenə də qaçqabaqlı idi. Qalibin heç üzünə də baxmadı. Yenə gündəlik, adi, həmişəki bir iş günü başladı…

***

Canangilə getməmək üçün bütün gün özüylə mübarizə aparan Qalib, nəhayət, getmək üçün vacib bir səbəb tapmağın verdiyi rahatlıqla günün sonunda getməyi qətiləşdirdi. Canan Fuadın həyatını qurtarmışdı. Bunu Fuad özü söyləmişdi. Buna görə Canana minnətdarlıq etmək lazım idi. “Axtardığım yar idi, yetirdi pərvərdigar. Bundan yaxşı səbəb ola bilərmi?” – deyə Qalib düşündü.
Axşam düşəndə o artıq Canangilin qapısının ağzındaydı. Canan qapını açanda Qalibin ilk sözü, – “Təşəkkür etmək üçün gəlmişdim”, – demək oldu. Canan onu görəndə üzündə yaranan məmnun ifadə ilə, – “İçəri gəl, Qalib, çöldə dayanma, yağışdan islanma” – dedi. Qalib çəkinə-çəkinə içəri girdi. – “Ortağım gəlməyibmi?”- soruşdu. Bəzən Bəsriyə səmimilikdən , – “Ortağım”- deyə müraciət edirdi. Gecələrin birində söhbət zamanı birlikdə İzmirdə ortaq bir kafe açmaq haqqında söhbətləri olmuşdu.
-Gələr, gələr. Sən keç əyləş…
Qalib qonaq otağına keçdi. Uşaqlar üzbəüzdəki qonşudaydı. Hava çiskin, yağmurlu idi. Pencəyini çıxarmadan əyləşdi. Canan içəri girəndə Qalib, – “Mən gedim, Bəsri gələndə gəlib dəyərəm. Sadəcə, qardaşım Fuadın həyatını qurtardığın üçün ailəmin adından sənə təşəkkür etmək istədim. Sizi narahat etdim”, – deyərək ayağa qalxdı. Amma Cananın məlahətli səsi onu yenidən oturmağa vadar elədi.
-Yaxşı, amma bura kimi gəlmisən, bir qəhvə iç, gedərsən. İkicə dəqiqə gözlə, Bəsri də indicə gələr.
Canan cəlbedici, gözəl yerişiylə mətbəxə tərəf yönəldi. Qara rəngli qırçınlı bir don geyinmişdi. Corabsız baldırları açıqda qalmışdı. Qalib onun arxasınca gözucu baxdı. Bu, onu alt-üst etməyə bəs elədi. Əyləşdiyi yerə mismar kimi çaxıldı. Evdəki əşyalar sanki başına fırlanırdı…
Canan otağa girəndə Qalibə elə gəldi ki, sanki bura gəldiyindən saatlar keçib. Canan türk qəhvəsi gətirdi, sonra da keçib Qalibin qarşısında əyləşdi:
-Siqaretin varmı?”
Qalib cibindən siqaret qutusunu çıxarıb ona uzatdı. Canan Qalibin titrəyən əllərindən götürdüyü siqareti min bir naz ilə gözəl dodaqları arasına qoydu. Qalib bu dəfə əmrə tabe bir robort kimi çaxmağı alışdırdı. Qadının saçlarının ətri onu bihuş eləmişdi. O, bu qadının iki dodağı arasındaki siqaretin yerində olmaq istəyərdi! Cananın mənalı gözləri ürəyinə ox kimi sancılmışdı. Nə qədər istəsə də, gözlərini ondan çəkə bilmirdi. Masada üz-üzə əyləşib siqaretlərini çəkdilər. Bu şərait onları yaxınlaşdırmaq üçün bəs elədi.
Həyəcandan, utancdan danışmağa başqa bir söz tapmayan Qalib qardaşı üçün dalbadal minnətdarlıq edirdi. Canan Fuadın gəldiyi gecədən söz etməyə başladı:
-Böyüdüləcək bir şey deyil. Mənim yerimdə kim olsa, o da belə edərdi. Minnətdarlığa ehtiyac yoxdur.
Amma Qalib özü də fərqinə varmadan Cananın onların ailəsinə necə bir yaxşılıq etdiyini elə hey təkrar edirdi:
-Bilirsənmi, səndən əvvəl əmimgilin qapısını döyüb, açan olmayıb. İnsan dostu, düşməni çətin vaxtda tanıyır.
Sonra qəhvələrini içdilər. Hər ikisi bir-birini qucaqlamaqdan özlərini güclə saxlayırdılar. Radioda çalınan qədim bir mahnı ürəklərinə incə bir sızıltı kimi yayılırdı:
Getdi canımın cananı,
ah canım, vay canım, yar canım.
Qoydu məni yaralı,
ah canım, vay canım, cananım.

– Bəsri bu nəğməni çox sevir. – Canan gülümsədi.
– Sənin adın var, yəqin bu üzdəndir, yengə.
-Bir şey xahiş edim səndən. Bu “yengə” sözünü heç sevmirəm. Mənə sadəcə Canan de.
Qalib güldü:
-Olar yen… yəni Canan. – deyib azca pərt oldu. Ayağa qalxıb, könülsüz-könülsüz “Getsəm yaxşıdı” – dedi.
– Özün bilərsən. – Canan özünü o yerə qoymadı.
Canan qabaqda, Qalib arxada qonaq otağının qapısına tərəf irəlilədilər. Qapının tam qarşısında Canan anidən arxaya çevrilib, Qaliblə üz-üzə durdu, qapıyla oğlanın arasında sıxılıb qaldı. Cananın istiliyi Qalibi alov kimi qarsaladı. Hər şeyi unudub, Cananın üz-gözünü, boyun-boğazını hərarətli öpüşlərə qərq etdi… Canan qarşılıq vermir, amma dartınmırdı da. Eləcə oğlanın istəyinə tabe olmuşdu. Birdən müvazinətini itirib, Qalibin qucağına yıxıldı. Qalib ona möhkəm sarıldı, “Canan, Canan” deyə nəfəsi kəsilə-kəsilə pıçıldadı. Sonra qadını qucağından buraxıb, qapını çırparaq, evi cəld tərk elədi.
Canan bir müddət qapının arxasında donub qaldı. Əli ilə dodaqlarına toxundu, çaşqın idi, keçib oturdu. Bir az öncə yuxumu görmüşdü? Nə baş vermişdi bir anda? Yuxu olmadığı masadaki fincanlar, dodağındakı izdən görünürdü.

***

Qalibgilə məxsus olan “Qızılgül” mebel mağazası Cümhuriyyət küçəsinin ən mərkəzi yerində yerləşirdi. Mağaza cürbəcür mebellərlə doluydu. Yemək masaları, yataq dəsti, divanlar, kreslo, qəhvə masaları, bir sözlə, ağla gələn hər cür mebel var idi. Mağazanın şüşədən olan ön tərəfinə qırmızı boya ilə böyük hərflərlə “Qızılgül Mebel” yazılmışdı. Eyni rəngdə bir lövhə də mağazanın yuxarısından asılmışdı. Hacı Hüseyn kiçik bir xırdavat dükanını öz səy və zəhmətilə qəsəbənin ən yaxşı mebel mağazasına çevirmişdi. Kişi öz işində ciddi və tələbkar idi. O öz oğullarına heç vaxt bu işlə bağlı nəsə danışaraq, dərs keçməmiş, onların birbaşa praktikada öyrənmələrini istəmişdi. Buna görə də oğullarının bu işi sevərək gördüklərini demək doğru olmazdı. Qalib bu işdə atasına ümid vəd edirdi. O öz işini mənimsəmiş və yaxşı öyrənmişdi. Gülər üzü və xoş rəftarı sayəsində müştəri ondan razı qalırdı.
Qalib evlənməyə hazırlaşan bir cütlüyə mətbəx dəstini göstərirdi ki, Fuadın içəri girdiyini gördü. O, buna əhəmiyyət verməyib, müştəriylə söhbətini davam etdirdi:
-Bu mebel qoz ağacından hazırlanıb, dözümlüdür …
Sözünü hələ bitirməmişdi ki, qapıdakı gurultuya tərəf çevrildi. Fuad yerə sərilmişdi. Hər kəs təlaşla ona sarı qaçırdı. Qalib qorxuyla bağırdı:
-Fuad! Fuad, nə oldu sənə?
O, qardaşının yanına çatanda Fuadın durumu yaxşı deyildi. Hər tərəfi al- qan içində idi. Qalib:
– Fuad, qardaşım, kim etdi bunu sənə?- deyə bağırdı.
Amma Fuad özündə-sözündə deyildi. Onu tez xəstəxanaya çatdırdılar.
Yarası ağır idi. Üç gün sonra huşu özünə gəlsə də, vəziyyəti hələ də qorxulu idi. Günlərlə xəstəxanada qaldı. Qalib baş tərəfində oturub, keşiyini çəkirdi. Qardaşının halına çox üzülmüşdü. Anaları ağrıyan dizləri ucbatından gündə ancaq bir dəfə gələ bilir, ataları isə sadəcə telefonla əlaqə saxlayırdı. O zəif, çəlimsiz uşaq indi, demək olar ki, tamam əriyib əldən düşmüş, bir dəri, bir sümük qalmışdı. Üz-gözündə yaralar var idi, qabırğaları sınmış, dişləri tökülmüş, qaraciyəri şişmiş, başından ağır zədə almışdı. Qalib koridordakı telefonla atası ilə danışdıqdan sonra otağa qayıdanda qardaşı gözlərini tavana zilləmişdi. Bir həftə sonra ilk dəfə gözləri bu qədər açılmışdı.
-Fuad, Allaha şükür yaxşısan. Pəncərənin kənarına qoyduğu stulu cəld yatağın yanına çəkib oturdu. Fuadın əlini tutdu. Arıq, incə əllərini… Dırnaqları uzanmışdı. Bu gün kəsərəm, – deyə Qalib düşündü, gözlərindən damcılar süzüldü. “Niyə demirsən ki, sənə bu əclaflığı kim elədi?”
Sarği ilə sarınmış bəzi yerlərdən məlhəm və qan bayıra sızmışdı . Qalib dəfələrlə soruşsa da, cavab ala bilmədi. Sonra Fuad, – “Məni tualetə apar ”, – dedi. Səsi sanki bir borudan çıxırdı. Qalibin gözləri parıldadı. Cəld kömək edib, onu tualetə apardı. Bu səhər dializ cihazını çıxarmışdılar. Sidiyi hələ də qanlı idi. Təzədən çarpayıya qayıdanda çətinliklə uzandı:
-Mənim qardaşım aslandı, aslan! Şükür, ayağa qalxdı. Yaxında evə qayıdacaq. Sənin üçün bu dəqiqə şorba bişirtdirəcəm anama”- dedi Qalib.
Fuad ilk dəfə o gün şorba içə bildi. Axşama doğru ataları da gəldi. Bir kəlmə kəsmədən uzun müddət oğluna baxdı. Sanki öz yaralarıymış kimi bədənində o ağrıları hiss etdi, amma üzündə kiçik bir duyğu əlaməti belə yoxuydu. Bir xeyli Qalibin Fuada şorba yedirtməsini seyr etdi və sonra boşalan kasaları götürüb, gətirdiyi torbaya qoydu.
-Mən gedirəm evə, Qalib.”-deyə palatadan çıxdı.
Qalib qardaşının ağzını sildi, yorğanını düzəldib, “Yat, qardaşım”, – dedi və bir az mürgüləmək üçun köhnə kresloya əyləşdi. Sol əlini alnına dayadı, gözlərini yumdu. O an xəyalından Canan keçdi. Yan otaqdan zəif bir musiqi səsi gəlirdi.
Yağışın səsinə bax, eşqə çağırır.
Səni necə itirdim…
İllərdir mahnıya qulaq asmadığı, eşitdiyi musiqi səslərinin fərqinə varmadığı ona indi aydın olmuşdu. Musiqi qulağına necə də xoş gəlirdi. Canan və musiqi – ikisi də necə xoş idi. Canan kim idi? Yaşam idi, nəfəs, bütün rənglər, həyatın mənası idi. İçindəki kəpənəklər, gözlərindəki minlərlə ulduz idi… Sonra başını kreslonun arxasına söykəyib, gözlərini yumdu. Onu öpməyini, ona sarılmağını, Cananın baxışlarını xatırladıqca, içində təsvir edə bilmədiyi ilıq duyğular dolaşırdı.
Bu vaxt Fuadın səsini eşitdi:
-Çox döydülər. Acımadan vurdular… Vurdular…
Qalib gözəl xəyallarından ayrıldı:
-Nə dedin, Fuad?
-Onlar insan deyildilər.
-İnsan olsalar etməzdilər. Söylə qardaşım, söylə mənə, gedib dərslərini verim.
-Yox qardaşım, sən ilişmə onlara. – dodaqları, ağzının içi yara olan Fuadın sözləri də kəsik-kəsik çıxırdı. – O gün küçədə qarşıma çıxdılar, məni tutdular. Uzun müddət daşlı yolla harasa getdik. Sonra məni bir yerə apardılar, pilləkənlə zirzəmiyə düşdük. Orda mənə işgəncə verdilər. Sonra da şəhərdən uzaq tənha bir yerə gətirdilər. Var gücümlə qışqırdım, köməyimə heç kim gəlmədi. Sonra huşumu itirdim… Gözlərimi açanda mağazanın qabağındaydım. Öldüyümü düşünüb, atıb getmişdilər. Niyə gətirdiklərini də anlamıram, məni elə oradaca, buraxıb gedə də bilərdilər. Bəlkə də, atama görə həyatımı bağışlayıblar…
-Günah məndədi Fuad, səni yalnız buraxmamalıydım. Sənə böyüklük eləyə bilmədim. Səni qorumağı bacarmadım. – günahkarlıq hissindən çiyinlərinə ağır yük düşən Qalib nəsə etməyin mümkünsüzlüyü, qisasını ala bilməməyin çarəsizliyi ilə yumruqlarını düyünlədi.
– Xəta mənimdir, sən məni bağışla. -Fuadın solğun, göyərmiş üzü peşimanlıq ifadə edirdi.
Bir neçə gün sonra Fuadı xəstaxanadan çıxardıb evə gətirdilər.

***

 

Sentyabrda məktəblər açıldı. Uşaqların yeni məktəbə qeydiyyata düşməsiylə Canan özü məşğul oldu. Yoldaşının təyinatından dolayı uşaqların təzə yerdəki məktəbə dəyişdirilməsi, yeni forma, kitab və başqa ləvazimatların alınması üçün onun bir neçə günü bazarda, məktəbdə keçdi. Yaxşı ki, hava əvvəlki istiliyini itirmişdi. Əslində, bu qaçaqaç Canana yaxşı təsir etmiş, fikri az da olsa, dağılmışdı. Amma budağından qopan yarpaq kimi özünü taleyin rüzgarına təslim edərək, yaşamağa davam edirdi. İçindəki qəribə duygular onda bir ümidsizlik yaratmışdı. Nə ev, nə də uşaqlar gözündəydi. Heç bir qohumu, ailəsi-uşağı olmayan gənc qız kimi ürəyi çırpınırdı. Sevirdi! Amma bu onu xoşbəxt etmirdi. Bilirdi ki, sevdiyi insan onunüçün mümkünsüz və əlçatmazdır. Yeganə istəyi onu görmək idi. Bu cür düçüncələrlə günlər bir-birini əvəz edirdi.
Bu gün eyvana belə çıxmaq istəməmişdi. Mətbəxdəki kiçik masanın arxasında siqaretini tüstülədərək, gözlərini pəncərədən görünən söyüd ağaclarına dikmişdi. Ayağa qalxdı, mətbəx rəflərində qabların altına sərdiyi örtüyü düzəltdi, stəkanları səliqəylə düzdü. İkigözlü qaz sobasını sildi, altda görünən qaz balonunun pərdəsini çəkdi. Səliqə -səhman sevən qadın idi.
Bu vaxt çöldə kimsə “Canan bacı! Ay Canan bacı!” – deyə uca səslə hayladı. Qonşusu Gültənin səsinə oxşayırdı. Canan təlaşla qapıya çıxdı:
-Nədi, a Gültən, nə olub yenə?
-Sağlığın a bacı, bir şey olmayıb. Suzangilə alverçi gəlib, gəl bir sən də bax, elə gözəl şeylər var ki! Suzan yaxşı çay dəmləyib, dedi ki, Canan bacını da çağır gəlsin, oturub bir yaxşı çay içək.
Cananın ürəyi getmək istəmirdi, amma bədbin-bədbin Qalibi düşünmək- dənsə, getsə yaxşı idi. -Aha, yaxşı, paltarımı dəyişib gəlirəm – dedi. Çox keçmədən Canan həmişəki kimi əlində siqaret və alışqan yellənə-yellənə evdən çıxdı. Qarşıdan onu izləyən qadınlar öz aralarında pıçıldaşmağa başladılar.
-Gültən, Canan bacı arıqlayıb elə bil?- dedi Suzan. Gültən də diqqətlə baxanda onun doğrudan da arıqladığını hiss elədi.
-Hə, arıqlayıb. Axır vaxtlar üzü də gülmür. Kefi yoxdur sanki. Nə isə gəlsin görək, soruşub öyrənərik…
Sentyabr ayının qızmar günlərindən biri idi. Suzan eyvana kilim sərmiş, yerə döşəkcələr düzmüş. Alverçi qadın boxçasında nəyi varsa, açıb, sərmişdi eyvana. Kirli ayağının birini altına almış, o birini də uzadaraq döşəkçənin üstündə oturmuşdu. Əynindəki büzməli şalvar onu olduğundan daha şişman və qarınlı göstərirdi. Qarayanız, toppuş üzü tərləmişdi. Gülümsəyib, – buyurun bacılar, – dedi. Sol tərəfdəki üst dişlərinin hamısının qızıldan olduğunu gördülər. Zalım qızının ağzı elə bl zərgər dükanı idi, alışıb yanırdı. Sarı naxışlı və oymalı kələğayısının uclarını təpəsində düyünləmişdi . Qulaqlarında ləl daşından qızıl sırğalar sallanırdı:
-Gəl şıx, ay Canan bacı, bu yazıq arvadlar bayaqdan səni gözləyirlər.
Canandan səs çıxmadı, balkonda onun üçün ayrılan ən qalın döşəkçəyə oturub, arxasını divara söykədi. Suzan tezcə onun kürəyinə bir yastıq qoydu. Sağ tərəfdə, bir az aralıqda havanın istiliyinə baxmayaraq, kürəyinə şal bağlamış yaşlı bir qadın oturmuşdu. Canan, – Salam, xala, – deyərək qadını başıyla salamladı. Azacıq gülümsədi. Yaşlı qadın onun salamını başını yelləməklə aldı. Suzan incə səsiylə, – Canan can, bu qadın mənim anamdır, bir müddət bizdə qalacaq, – dedi.
-Ooy, nə yaxşı! Sənə qulaq yoldaşı olar, darıxmazsan,- dedi Canan.
Suzan böyük bir sinidə çay, cürbəcür şirniyyat, konfet, şokolad gətirdi. İnci kimi dişləriylə gülümsəyə-gülümsəyə dedi:
-Canan, bir gün xəbər elə gəl, gör Suzan bacın sənə nələr hazırlayacaq!
Suzan hicablı, xırda-mırda bir qadın idi. Altı ay idi ki, ərə gəlmişdi. Bu evlilikdə, aranı düzəltməkdə Cananın böyük rolu olmuşdu. Suzan qonşuların ətrafında fırlana-fırlana həvəslə toyundan danışırdı. Canan ona baxır, amma heç nə eşitmir, heç nə görmürdü. Sadəcə dinləyirmiş kimi başını yellədirdi. Başqa vaxt olsaydı, söhbətə müdaxilə edər, xırdalayar, fikirlərini bildirərdi. İndi o hayda deyildi. Üzünü alverçiyə tərəf çevirdi:
-Göstər görək, nəyin var?
-Sən istə, mən göstərmərəmmi, gör bir nələrim var. Dəstlərim çox gözəldi, çox…
Qadın boxçanı alt-üst edərək masa örtülərini, yataq dəstlərini, dəsmalları, əl işlərini, rəngli naxışlı yorğan-döşək üzlüklərini çıxarıb, qadınların qabağına düzdü.
– Qurban olum, a bacı, hələ bu ağ örtülərə bax! Bunlar təmiz Qaziantəp əl işidir. Əl əməyi, göz nuru… Hələ bu yataq dəstinin gözəlliyinə bax!
Suzan yataq dəstini əlində o tərəf-bu tərəfə çevirə-çevirə incələyirdi.
-Neçəyədir bu?
İşin əsl önəmli tərəfi bu idi. Bazarlıq. Alverçi qadın elə yüksək qiymət söylədi ki, Gültən, – sən boxçanı topla get, – deməli oldu. -Bizə görə deyil.
-Ay qız, niyə elə deyirsən, sən də bir qiymət de hələ…
-Yox ay bacı, vallah biz ala bilmərik.
-Sən mənim ölmüşüm, bir qiymət de…
Axır ki alverçi qadın malı normal bir qiymətə endirdi. Alına biləcək münasib bir qiymət idi. Suzan sevinclə içəri qaçdı, amma qayıdanda kefsiz idi. -Çox təəssüf, pulum çatmır, bacı” – dedi.
Canan səssizcə bazarlığı izləyərək siqaretini tüstülədirdi. Alverçi arsızca, – bir siqaret də bizə ver, biz də tüstülədək, – dedi. Canan bir siqaret uzadıb, alışqanı da verdi. Qadın siqareti yandırdı. Dərin bir qullab alıb, tüstünü yekə burun deşiklərindən buraxdı. Çox siqaret çəkən olduğu dərhal hiss olunurdu.
– Mən olsam, bu dəsti qaçırmazdım, bacı, amma genə də özün bilən yaxşıdır, – desə də, alver getmədiyindən üzüldüyü hiss olunurdu.
-Nəysə, nəsib deyilmiş, – dedi Gültən.
Alverçi tərs-tərs ona baxıb söylənməyə başladı:
-Yeni gəlinin həvəsini niyə qursağında qoyursuz, kömək edin alsın da!
Alverçi qadınlar adamda həmişə heyranlıq oyadırlar. Onlara alverçilərin şahı demək olar. Onların ağır boxçaları da çiyinlərində yayın istisində tozlu küçələrdə, ara məhəllələrdə dolaşa-dolaşa sərgilədikləri hünər təqdirəlayiqdir. Həmişə özlərinə inamlı görünür, fağır durmurlar. Səs tonları daim gur, davranışları təbii və güvənli olur. Küçələrdə, – “Boxcaçı gəldiii!” – deyə bağırmaqdan utanmırlar. Açıq gördükləri həyət qapılarından girməyə heç vaxt çəkinmirlər. Bu onlar üçün olduqca normal bir şeydir və digər adamlar tərəfindən də təəcüblə qarşılanmır. Onların çəkinmədən, – “Ölmüşlərinə rəhmət, bir stəkan su” və ya “Sən sağların canı, bir tikə çörək” – deyə xahiş etmələri adi bir şey olduğu kimi, verilən yeməkləri iştahla yemələri də təəccüblü deyil. İri döşləri arasından bir dəstə pul çıxarıb, xırda qaytarmaları ilə tanınırlar…
Heç şübhəsiz, qaraçı tayfasından olan bu qadın da o alverçilərdən biri idi. Gültənə qaşla-göz arasında krujevalı süfrə dəstini satdıqdan sonra keyfi yerinə gəldi. Canan maraqlanırmış kimi, – Hə, nə gözəlmiş bu dəst, nələr var içində?- soruşdu.
-Nə lazımdısa, hamısı var Canan bacı. Bu bəyaz yataq dəstinin iki böyük, bir uzun, iki də kiçik yastıq üzü, yataq örtüyü və yorgan üzlüyü var. Bu gözəlliyə bax hələ… Əl əməyidir.
-Yaxşı. Onda mən alıram- dedi Canan.
Suzan nə deycəcəyini bilmədi, bir yandan malın alınmasına sevindi, bir yandan da özü ala bilmədi deyə üzüldü.
-Gözlə bacı, gəlirəm indi, – deyə Canan başmaqlarını ayağına keçirib, həyətin axırındakı evinə sarı getdi. Az sonra ovcundakı qatlanmış pulu qadına uzadanda alverçinin gözləri parıldadı. Pulları diqqətlə sayaraq döşlərinin arasına soxdu. Sonra dəsti tezbazar qatlayıb, Canana uzatdı. Yığışdırdığı boxçasını belinə atmasıyla sağollaşıb getməyi bir oldu. Qadınlar onun dalınca baxa-baxa qaldılar. Suzan gözaltı bəyaz dəstə heyran-heyran baxırdı.
-Xeyirli olsun, bacı, yaxşı eləyib aldın… Ağlımda qalardı alan olmasaydı.
-Sənə xeyirli olsun, Suzanım…
-Mənə niyə xeyirli olsun ki, bacı?
Canan döşəkçənin yanındakı paketi götürüb, Suzana doğru uzatdı:
-Al, bu sənindir. Sənə hədiyyə aldım. Səhv başa düşmə, onsuz da sənə bir hədiyyə almağı düşünürdüm, bu lap yerinə düşdü.
-Yox ay bacı, olmaz vallah, qəbul edə bilmərəm.
-İnan ki, inciyərəm, üzmə məni, götür.
Dünyalar Suzanın olmuşdu. Çox xoşbəxt idi. – Hə indi yaxşı oldu, bunun şərəfinə bir siqaret yandıra bilərəm – deyən Canan da çoxdandır bu qədər sevinmədiyinin fərqinə vardı. Bayaqdan heç bir söz demədən onları seyr edən, qapıya yaxın oturmuş yaşlı qadın birdən dilləndi: – Qızım, sən bura gəlməsənmi? – deyə Canandan soruşdu. Gültənlə Suzan balkondan otağa keçmişdilər. Canan çevrilib qadına baxdı. Yaşlı qadın yenə eyni ruhsuz ifadəylə ona baxırdı.
-Bəli, xala, buralı deyiləm.
-Öz el-oban üçün darıxmırsanmı?
-Yox, darıxmıram.
-O zaman bir dərdinmi var?
-Yox, ay gözəl xala… Niyə soruşursan bunları?
-Sənin mütləq bir dərdin var, ay bala.
Damarlı çıxmış əlləri ilə üzünə düşən saçlarını örpəyinin altına soxan qadının gözləri canlanmışdı. Dodaqları qırışlar arasında itmiş, balaca çənəsi qızarmışdı:
-Yalnız dərdi olan bu qədər kədərli baxa bilər. Bu yaşıma gəlmişəm, illərim arxada qalıb, səndəki bu baxışları ancaq bir neçə insanda görmüşəm. Heç unutmaram, altmış yeddinci ildə bir baldızım var idi. Adı Həcər idi. Sevdiyi oğlana vermədilər, oğlan da çıxıb getdi. Həcər qəşəng idi. Üzü ay kimi işıq saçırdı, qar kimi dümağ idi.
-Bəs, sonra nə oldu?
-Sevdasından əridi getdi. Sonra eşitdik ki, özünü güllələyib. Heyf oldu.
Canan özünün titrədiyini hiss etdi.
Suzanla Gültən balkona qayıdanda, -Nəyə heyf oldu?, – deyə maraqla yaşlı qadına baxdılar. Rəngi qaçmış, donub qalmış Canan qadının susmasını istəyirdi.
-Heç nə, keçən zamana heyf. Oğlum məni qızımın yanına göndərdi, canı sağ olmuş, heç demədi, ana, necəsən…
Canan gözləri dolmuş halda yaşlı qadına baxırdı. Küçədən gələn qəfil səslərdən yerlərindən dik atıldılar. Küçədə bir izdiham var idi. Tez həyət qapısına tərəf qaçdılar. Uşaqlar qışqıra-qışqıra küçədən keçirdilər.
-Kinoteatrda, kinoteatrda Yılmaz Güney…
Sonra bir az qabaqda ayaqüstə dayanmış iki adamı daşıyan at arabası göründü. Birinin əlində səsgücləndirici, digərinin əlində kino afişasi var idi. Biri əlindəki səsgücləndiricini ağzına dayayıb qışqırırdı:
-Diqqət! Diqqət! Sabahdan etibarən “Günəş” kinoteatrında “Acı Həyat” filmi. Baş rollarda – Türkan Şoray, Ayxan İşıq. “Günəş” kinoteatrında… Bir də “Bəlalılar” filmi….Yılmaz Güney, sabah bu kinoteatrda! Duyduq, duymadıq deməyin!..
Bəstə boylu bir kişi əlindəki afişanı başından yuxarı qaldırmışdı. Arabadan yıxılmamaq üçün ayaqlarını geniş aralamasına baxmayaraq, sağa-sola ləngər vurur, yerində səndələyirdi.
Həyət qapıları açılmış, insanlar küçəyə tökülüşmüşdülər. Bir qisim qadınlar pəncərələrdən başlarını uzatmışdı. Onların, – Nə olub, kim olacaqmış, nə zaman imiş?- kimi sualları ətrafa yayılırdı.
-Türkan Şoray varsa gedək, vallah, – dedi Gültən.
-Türkanı neynirəm, Yılmaz Güneye görə getmək olar- dedi Suzan. – Elə deyil bacı?- Canana üz tutdu.
Filmlər Cananın marağını çəkmişdi. Həmin dəqiqə filmlər arasında seçim etmədən təklifini dedi.
-Sabah gedəkmi qızlar, ya da elə bu axşam?…
– Vallah, gedək, – dedi Gültən. – Mən gələndə bizimkinə deyim, gedək ee, nə yaxşı olar.
Arxalarınca beş-altı uşağın qaçışdığı at arabasının üstündəkilər sentyabrın istisində qan-tər içində dayanmadan qışqırırdılar. Küçə bir anda canlanmışdı. Araba küçələrdə yavaş-yavaş irəlilədikcə, elan daha yüksəkdən səslənir, arxada buraxdığı toz-duman uşaqları başdan-ayağa bürüyürdü.
Canan kinoteatra getmək fikrini bəyənmişdi. Bəlkə, bir az fikri dağılardı. Neçə gündür ki, ruh kimi dolaşmaq onu pərişan etmişdi. Üzü qəmgin və kefsiz idi. Sevdiyi adamı neçə həftə idi ki, görmürdü. Nə baş vermişdi, nə etmişdi ki, Qalib belə eləyirdi. Görsə, bunun səbəbini soruşacaqdı ondan. Amma Qalib artıq kirayə pulunu almağa da gəlmirdi. Günlərlə ağlını itirmiş kimi mənasız dolaşır, gecələri yatmır, gündüzlər yataqdan çıxmırdı. Cananın səbri artıq tükənmək həddinə çatmışdı. Bəhanəsi hazır idi, “xəstəyəm” deyir, ərinin həkimə getmək təklifini isə qulaqardına vururdu. İlk dəfə həvəslə, – Hə qızlar, kinoya gedək, – dedi.
Səhərsi gün qadınlar saat ikinin seansına gecikməmək üçün evdən bir az tez çıxdılar. Kinoteatr çarşının ən izdihamlı yerlərindən birində idi. Məhəllədən çarşıya qədər məsafə ayaqla yarım saata yaxın olardı. Məhəllənin yeganə market sahibi İloş Ablanın dükanı bir neçə yüz addım qabaqda idi. Daha sonra dəmirçixanaların və çayxanaların arasından keçmək lazım idi. Sonra isə Bələdiyyənin qabağından yolu keçmək, “Günəş” kinoteatrına çatmaq lazım idi. Canan, – Yox ay bacı, – dedi. -Mən o çayxanaların qabağından, dəmirçilər bazarından keçə bilmərəm. Yol uzun olsa da gəlin polis idarəsi tərəfdən gedək- deyə fikrini bildirdi. Hamı buna haqq qazandırdı. Hərçənd, Gültən İğdıra xas olan İran çarşabına bürünmüşdü, amma yenə də çayxanaların önündən keçmək ürəyincə deyildi. Ara küçə tənha idi. Dalğın-dalğın gedirdilər ki, Suzan yenə sevinc dolu səsiylə qışqırdı:
-Aa… hələ ora baxın! O gələn Qalib deyilmi?!
Gültən təstiqlədi:
-Hə odu. Nə vaxtdandı kirayə pullarını da almır. Eşitmisizmi, qardaşı ölümdən dönüb..”
Canan özündən asılı olmadan həyəcanlandı. Ürək döyüntülərinin eşidilməsindən qorxurmuş kimi yalandan öskürməyə, boğazını arıtlamağa başladı. Qıpqırmızı qızarmışdı. Bir az tez görsəydi, bəlkə, yolun o üzünə keçərdilər, amma artıq gec idi, Qalib onlara tərəf gəlirdi. Qaçılmaz bir qarşılaşma olacaqdı. Elə də oldu. Bir-birinə yaxınlaşırdılar. Canan özünü saxlamasa, az qala ağlayacaqdı. “Həqiqətən də o necə də yaraşıqlıdır”- dedi öz-özünə. Nurlu bir işıq vardı üzündə. İndi yaxınlaşacaq və özünü onun kölgəsində, qaranlıqda qalacaqlarmış kimi hiss edəcəkdi.
Qalib də onları görmüş, şaşırmış, pörtmüşdü. Amma başını əydi və yanlarından keçərkən, -Hər vaxtınız xeyir, – deyib tez də uzaqlaşdı. Sadəcə, bu qədər. Cananın səsi çıxmadı. Yanındakılar: – Hər vaxtın xeyir, – dedilər. Canan sonraki danışıqları eşitmirdi. Sanki kiminsə ona möhkəm bir sillə vurmağı lazım idi. Ayaqları necə gedirdi, özü də buna təəccüb edirdi. Yalnız çarşıya çatdıqdan sonra bir az özünə gələ bildi. Birdən ağlına yolda eşitdiyi o söz düşdü. Dayana bilməyib soruşdu:
-Qardaşı ölümdənmi dönüb?
-Kimin?- deyə qadınlar təəccüblə bir-birlərinə baxdılar.
-Yəni bir az əvvəl dediniz ki,Qalib bəyin…
– Həəə… onumu deyirsən? Sənin xəbərin yoxdur, deyəsən. Qalibin qardaşı Fuad var ha, onu çox pis hala salıblarmış.
Danışan Gültən idi. Gözlərini iri açaraq, son xəbərləri eşitməyən birinə xəbər verməyin kefi ilə danışırdı. Suzan yenə bağırdı:
-Ay aman, baxın, kinoteatrın qabağı necə sıxlıqdır…
Qadınların izdihamı xüsusilə çox idi. Uşaqlı qadınlar bu qarmaqarışıqlıqda itməsinlər deyə uşaqlarının əllərindən bərk-bərk tutmuşdular. – “Tum! Çərəz! Qazlı su! Limonad!” – deyə qışqıran səyyar satıcılar fürsətdən istifadə edərək, matahlarını xırıd eləmək istəyirdilər. Canan isə tez salona girmək istəyirdi. Qaranlığa ehtiyacı vardı.
Kinotetatrın qabağına necə gəlib çıxmışdı heç fərqində belə deyildi. Kinoteatr-filan vecinə deyildi. Qalibin başına gələnləri düşünürdü. Deməli, həyatı qarışmışdı… Bəlkə də, artıq buna görə gəlmirdi. Amma yenə də bir fürsət tapıb gələ bilərdi. Aralarında olub keçəni xatırlayınca, onun eşqlə baxan gözləri, qucaqlaması, toxunuşu… Bunlar adi bir şey ola bilməzdi. Bəlkə də, Qalib artıq bunları öz daxilində bitirib, hər şeyi unutmaq istəyirdi? Canan film boyu doyunca ağladı. Necə olursa-olsun onu görmək qərarına gəldi.
-Canan bacı çox təsirləndi – deyə Suzan Gültəkinin qulağına pıçıldadı. Gültən onun bu halına o qədər də məna verə bilmirdi. – Bu Cananda bir qəribəlik var. Gözləyək görək, nə çıxacaq- deyə ağlından keçirdi. Bəlkə də, əriylə arası dəyib, hardan bilmək olar?

**

 

Qalib ziddiyyətlərin burulğanında sürüklənən çarəsiz biri kimi başını itirmiş, yaşadığı son hadisədən sonra bir daha Cananın yanına getməyəcəyinə and içmişdi. Çölə çıxmadı. Evə erkən getdi. Qardaşının adi, gündəlik həyata dönməsi üçün çox cəhd göstərdi. Arvadıyla birlikdə vaxt keçirdi. Hədiyyələr alıb, onun könlünü xoş tutmağa çalışdı. Balaca oğlu ilə oyunlar oynadı. İş yerinə apardı, oyuncaqlar aldı. Bir sözlə, evdəkilərin təəccüblü baxışları altında ondan gözlənilən hər şeyi elədi. Amma evdəkilər nə qədər xoşbəxt idisə, o bir o qədər məyus idi. Günlərlə üzündəki kefsiz ifadə ilə dolaşdı. İnsan zorla gülə bilməz deyirdilər, inanmırdı əvvələr. İndi doğrudan da gülə bilmirdi. Cananı görmədən yaşamaq onun üçün ən böyük bədbəxtlik idi. Həyatında bir əksiklik, bir dadsızlıq vardı. Qiymətli bir əşyası əlindən alınmış cocuq kimiydi. Sentyabr ayı onsuz keçdi. Meyvələr tükəndi, günəşli günlər azaldı, yağışlar başladı. Amma Qalib sözündən dönmədi. “Sənsiz olmaq qismətimdir, Canan”- deyərək gözlərini ürəyindən söküb ata bilmədiyi Canandan məhrum elədi. Onsuz yaşamağı özünə bir cəza kəsdi.
Qardaşı artıq mağazaya onunla bərabər gəlməyə başlamış, evdəkilər “Oğlumuz düzəldi” – deyə sevinmişdilər ki, günlərin birində Canan mağazaya gəldi. O gün çox da isti olmayan payız günəşinin altında Qalib qədərinə boyun əyərək, dalğln halda mağazanın önündəki taxta oturacaqda oturmuşdu. Yolda adam az idi. Alıcı yox idi, tək- tük adamlar mağazalara sadəcə boylanıb, elə-belə vitrinləri süzürdülər. Bu ərəfədə şəhərin məşhur dəlilərindən Dağso küçədə bir neçə gəncə ağzına gələni deyirdi. Onlar isə dəlini daha da qızışdırır, onunla məzələnir, qəhqəhə çəkirdilər. Dağso qəfildən var gücüylə bağırdı: – “Sizin ananızı, arvadınızı s…m!” Gənclər hirslənmək əvəzinə daha da gülüşdülər: “Dağso, hələ bir de görək, sənin şeyin varmı? … Dağso arvadlar hamamda necə bayılırlar?!” Gənclərin zavallı dəliyə lağ etmələrinə Qalib dözə bilmədi. Hirslə onların yanına getdi:
-Oğlum, utanmırsınızmı, Allahın qərib bəndəsi ilə lağ-lağı edirsiniz. Günah deyilmi? Başqa bir işiniz-gücünüz yoxdurmu, bu zavallıyla əylənirsiniz?
Dağso isə nə baş verdiyinin fərqində deyildi, hələ də əsəbi halda söyüş söyürdü. Qəribə bir dəliydi. Zərərsizdi, amma adamlar onu zərərli hala gətirmək üçün əllərindən gələni edirdilər.
-Sənə nə olub, Qalib qardaş, iş yox, güc yox, başımızı qatırıq. Onsuz da heç nə anlamır ki, dediklərimizdən. O özü bizə söyür.
Gənclərin belə söylənməsi eyninə deyildi, Qalib gördüyünü görmüşdü. Dəlini onların əlindən alaraq, məhəllənin yolla kəsişdiyi yerə qədər aparıb, buraxdı:
-Evinə get, ortada boş-boş dolaşma Dağso – dedi.
Saç- saqqalı uzanmış dəli kirli, yırtıq patlarlarının içində əl-qolunu oynadaraq, çıxıb getdi. Çayçı Mülazim üstündə dörd stəkan sini də əlində bayaqdan baş verənləri izləyirdi. Asta addımlarla Qalibin yanına gəldi:
-Hamısı o Nəriman qarının ucbatından oldu.- dedi.
-Onunla nə əlaqəsi var, Mülazim?
-Elə demə, hamı bilir, bir tək sən bilmirsən, deyəsən.
-Nədir bildiyin?
-Dağsonun hekayəsini.
-Danış görüm, Mülazim.
– Bir vaxtlar burdakı fahişələr evinə Nəriman adlı bir qadın gəlmişdi. Dağso gənc bir dəliqanlı, Nəriman da çox gözəl imiş. Onda Dağxan adlanan bu gənc həmin qadına vurulur. Qadın da, deyilənə görə, bu evə yeni düşübmüş. Dağxan necə aşiq olubmuşsa, onu alacağam deyirmiş. Amma atası heç alıb, onu evinə gəlin edərdimi? Kişi Nuh deyir, peyğəmbər demir, qızı yaxın qoymur ki, qoymur. Hələ bu azmış kimi, qızı İğdırdan sürgün etdirir. Zavallı Dağso qızın həsrətinə dayana bilməyib, küçələrə düşür, “ – Di, haydı vurun , məni! Ey millət, xına yaxın , Nəriman getdi! Şəhərin namusu təmizləndi.” – deyə bağırır, Məcnuna dönür. Hər gəlib keçənə sinəsini açıb göstərirmiş. Baxın, yaralarım var mənim. Görürsünüzmü, necə dərindir? Yazıq dəli olur. Sonra atası gedib Nərimanı gətirsə də, faydası olmur, çünki Dağso artıq ağlını itirmişdi.
Qalibin içindən soyuq bir gizilti keçdi. Tüklərinin biz-biz olduğunu hiss etdi.
-Yəni eşqdən oldu deyirsən?
– Ola bilməzmi?
-Yox, canım, məncə, onun başqa səbəbləri var. İnsan eşqdən ağılını itirməz.
-Nə bilim, qardaşım, onu sən yaxşı bilərsən, bilikli adamsan. Mən gedim, gözləyirlər, görüşənədək.
Qalibin əhvalı onsuz da pozulmuşdu. Eşitdiyi hadisə də canını lap sıxdı. Gəlib yenidən mağazanın önündəki mizin üstündə oturdu. Bir siqaret yandırdı. Sınmış səki daşlarına baxaraq, düşüncələrə təzəcə dalmışdı ki, əvvəlcə onun zərif ayaqqabılar içində incə tül corablı ayaqlarını gördü. Canan füsunkar səsiylə, – “ Salam , Qalib”, – dedi. Yüksək bir ədayla, “Gözəl xalçaların varmı?”- deyə soruşdu. Qalib çaşqınlıqdan danışa bilmədi. Qorxurdu ki, qardaşı həyəcanını hiss edə bilər. Ətrafa baxdı. – “ Təbii ki, var, var, buyurun, göstərim”, – dedi. Mağazaya keçdilər. Burda ev üçün hər şey satılırdı – xalılar, qoltuqlar, dolablar. Canan guya maraqlanırmış kimi xalılara baxdı. Malların özəllikləri, bir-birindən fərqi, keyfiyyəti ilə maraqlandı, qiymətlərini soruşdu. Sonra arasından birini bəyənib, almaq istədiyini bildirdi. O, guya aralarında heç bir şey olmamış kimi davranır, özünü mümkün qədər laqeyd aparmağa çalışırdı. Sonra vitrinin önündə çayçı ilə danışan Fuada baxaraq, hüznlü bir səslə, – “Əslində, sənə keçmiş olsun deməyə gəldim. Dünən eşitdim, bilmirdim. İnan ki, çox üzüldüm.”, – dedi.
Qalib başını aşağı əydi:
-Sağ ol, Canan”
-Yaxşı görünür.
-İndi elədir. Amma əvvəlki halını bir görsəydin, inanmazdın. Çox pis döymüş, az qala ölüsünü vermişdilər bizə.
Çarəsiz halda, – “Təəssüf, zəmanə çox pisdir, nə edə bilərik?, – deyə bildi Canan.
– Sən onsuz da bir dəfə əlindən gələni etdin, onun həyatını qurtardın. Amma bu dəfə o öz taleyindən qaça bilmədi. Artıq görəcəyi bir iş yoxdur. Ən doğrusu, uzaq durmaqdır. Atam onu bu yaxınlarda Almaniyadakı xalamın yanına göndərəcək.
-Bəli, ən yaxşısı budur. Özü nə deyir?
-O döyülmədən sonra, əsəbləri pozulub, hər şeydən qorxur, hürkür. Getmək istəyir.
-Yolu açıq olsun.
Sonra elə susdular ki, elə bil, danışılası sözləri qalmamışdı. Canan getmək lazım olduğunu anladı:
-Mən gedim, artıq, – deyə könülsüz dilləndi.
Qalibdən səs çıxmadı, eləcə gözlərini Canana zilləyib durmuşdu. Onun üçün nə qədər çox darıxdığını hiss etdi. Canan düz qabağaında durmuşdu. Az qalırdı desin ki, getmə, nə olar, bir az da qal. Amma elə bil ki, dili kilidlənmişdi. Ağzını aça bilmirdi. Canan, – “ Təkrar, keçmiş olsun”, – deyərək qapıya tərəf getdi. Oğlan anasının dalınca mələyən quzu kimi onun arxasınca baxa- baxa qaldı. Onun arxasınca getməmək üçün özünü zorla saxladı. – “ Dayan, getmə, mən də gəlirəm” dedi qəlbi, amma ağlı onun əl-qolunu buxovladı.
Qalib ertəsi gün soluğunu Canangilin qapısının önündə aldı. O qədər səbirsiz idi ki, iki dəqiqə gözləmək belə ona bir il qədər uzun gəlirdi. Evdə heç kimin olmaması üçün dua etdi. Qapını Canan açdı. Sevdiyi bir əşyanı itirib, sonra yenidən tapan birisi kimi gözləri parıldadı. Qalib dəvət-filan gözləmədən qapını itələyib, ayaqqabılarla evə keçdi, qapını örtdü. Qollarını açıb Canana sarıldı. Onu sinəsinə sıxdı.
-Canan, sənin üçün yaman darıxdım. Daha dayana bilmədim.
-Bilirəm, mən də sənin günündəyəm. Səni sevdiyimi anladım, Qalib.
-Mən də, Cananım.
Bu qədər yaxın olub, dəlicəsinə vurulduğun qadını öpməmək üçün gərək dəli olasan. O anda olanlara heç bir qüvvə mane ola bilməzdi. Zaman, məkan anlayışı itmişdi. Sadəcə ikisi qalmışdı, paylaşdıqları vücudlarını bir-birlərindən əsirgəmədən həzlərin dünyasında qeyb olub getmişdilər..
Qəsəbənin yeganə prospekti olan Cümhuriyyət prospekti çox qələbəlik idi. Qəribə bir həngamə var idi. 29 Oktyabr Cümhuriyyət Bayramı həmişə belə olurdu. Məktəblərin orkestr qrupları, uniforma geyinmiş oğlanlar və qızlar prospektdə başdan-ayağa sırayla düzülmüşdülər. Ata-analar, gənclər, bir sözlə, bütün şəhər bayram meydanında idi.
Cümhuriyyət bayramları adətən hər il soyuq, yağışlı havada qeyd edilsə də, o səhər, əksinə, günəşli bir gündə oyanmışdılar. Bu, Cananı çox sevindirmişdi. Qara qısa ətəyini və ağ pencəyini geyinmişdi. Boynuna zərif bir şərf bağlayıb, qara günəş eynəyini taxdı. Gözəlliyi ilə generalın yoldaşı daxil olmaqla bütün zabit xanımlarının diqqətini çəkirdi . – “Ay qız, İstanbul gözəli! Zabitlərin arvadlarını çatlatdın!” – Sibel dedi.
Keçid mərasimi başlayanda coşqu daha da çoxaldı. Hərbi orkestr qrupunun çaldığı marşın oynaq ritmi qəlbləri coşdurur, damarlardakı qanı qaynadır,milli hissləri oyandırırdı. Orkestr qrupu öz yerinə keçdikdən sonra bütün məktəblər müəllimlərlə birlikdə rəsmi parada başladı…
Məktəblilərin çıxışı qurtarmaq üzrə idi. Gözləri üçüncü sinifdə oxuyan Arifi və beşinci sinifdə oxuyan Sevgini axtardı. Bu səhər uşaqları səliqəli hazırlamış, qara önlüklərini axşamdan diqqətlə ütüləyib, ağ yaxalarını qatlamışdı. Sevginin çiyinlərinə düşən saçlarını hər iki qulağının üstünə toplayaraq, ağ bantlar taxmışdı. Uşaqları məktəbə apararaq, müəllimələrə təhvil vermişdi. Uşaqlarını görəndə qəlbi sevgi və mərhəmət hissiylə çırpındı. Tədbirin ən əyləncəli tərəfi müxtəlif sənətkarların at arabalarının üstündə öz əllərinin əməyini göstərmələri idi. Qəssabın, dərzinin, dəmirçinin, dülgərin və digərlərinin öz reklamlarını sərgiləyərək keçmələri izləyiciləri həm güldürür, həm də əyləndirirdi.
Bu vaxt ön cərgədən iki qadından biri qarşı səkidəki bir neçə gənc oğlanı görüb, – “ O ortadakı Qalib deyilmi? – dedi. Canan həmin dəqiqə səs gələn tərəfə dönüncə, Qalibi gördü. Qadınlar dedi-qoduya başlamışdı: – “Məncə, onların içində ən yaraşıqlısı Qalibdir. Qardaşı heç ona oxşamır. Dayıları da belə yaraşıqlı idi. Qalib dayılarına çəkib. Şəhərin ən gözəgəlimli dəliqanlı gənciydi, amma atası getdi ona kənddən qohumunun qızını aldı.” Cananın gözləri Qalibə dikilib qalmışdı. Qalib də onu görmüşdü. Həqiqətən də, burdakı ən yaraşıqlı kişi o idi. Ona heyran olmamaq mümkün deyildi. Qəlbində bir sevinc duydu. Necə olsa da, yenə gələcək və onu görmək fürsəti çox olacaqdı. Qadınların pıçıltısını artıq eşitmir, yalnız Qalibi görürdü.
Qələbəlik dağıldıqdan sonra Canan sözləşdikləri kimi uşaqları götürərək, bankın qabağında Bəsri ilə görüşdü.
-Elə geyinib bəzənmişkən, uşaqlar da bayram geyimindəykən, ailəvi şəkil çox əla olar, – dedi Canan.
-Yaxşı fikirləşmisən, Canan. Başqa vaxt imkan olmur şəkil çəkdirməyə. Həm də uşaqlar gələcəkdə baxıb xatırlayarlar, – deyə Bəsri Cananın sözlərini təsdiqlədi.
O gün “Həyat fotostudiyası”nda bir neçə ailəvi şəkil çəkdirdilər. Canan tək özü profildən də şəkil çəkdirdi. Şəkillər ağ-qara olacaqdı, amma olsun. Şəkil çəkdirmək gözəldir. Sonra da uşaqların əllərindən tutaraq, “Günəş Dönər Evi”nə dönər yeməyə getdilər. Canan neçə müddət idi ki, belə əyləncəli gün keçirməmişdi. Bayram şənliyinin dağılmasına baxmayaraq, hələ də küçələrdə, yollarda dəstə-dəstə adamlar dolaşırdı.
Canan “yaxşı ki Sibellə tanış olmuşam” deyə ağlından keçirdi. Sibel keçən həftə onu Bəsri ilə birlikdə axşam əsgər kazinosunda keçiriləcək Cümhuriyyət gecəsində iştirak etməyə dəvət etmişdi. Cananın sevincdən gözləri parlamış və təklifi sevə-sevə qəbul etmişdi.
Canan həyəcandan o gecə yata bilmədi. Bu dəvəti sevinclə Bəsriyə söylədikdə əri gözlənilmədən etiraz etdi.
-Bəsri, axşamkı bala mütləq gedək. Ora çox adam gələcək. Başçı, zabitlər, generallar və xanımları. Mədəni təbəqə hamısı orada olacaq.
Bəsrinin həvəsi yox idi.
-Canan, orada nə işimiz var? Gözünə qurban, gəl getməyək”.
Canan qaşqabağını tökdü:
– Demək, bunu mənə çox görürsən? Neçə illərdir ki, ömrünü bu qoca kənddə, bu cansıxıcı həyatda çürüt, indi uyğun insanlar tapmışkən, səni uzaqda tutsunlar. Ayda, ildə bir dəfə əyləncə olsun, onu da ərin sənə çox görsün.
Əli-ayağı bağlandı Bəsrinin, razı olmaqdan başqa ayrı çarəsi qalmadı. . Yoxsa, ömürbillah Cananın üzünü güldürə bilməyəcəkdi. Günlərlə deyinəcəkdi:
-Yaxşı, indi yataq, sabah tezdən işə gedəcəm.
Canan çox sevindi. Bala nə geyinəcəyini düşündü, bütün geyimlərini göz önünə gətirdi. Xoşuna gələn olmadı, yenisini tikdirməyə isə vaxt az idi. Birdən nişanında geyindiyi paltarı gəldi ağlına, bir az düzəltsə, bala da geyinmək olardı.
Axşam uşaqları Gültəngilə qoyub, rayonun yeganə kazinosu olan əsgər kazinosuna Cümhuriyyət bal gecəsinə getdilər. İşıqlar, masalar, şux qadınlar, yaraşıqlı əsgərlər, yaxşı geyinmiş bəylər – hər şey çox gözəl idi. Ön tərəfdəki kiçik orkestr nəsə müasir bir musiqi ifa edirdi. Hər kəs göstərilən yerdə əyləşdi. Canan çaşmışdı, amma sevincliydi. Sibel də şişman əri ilə gəlmişdi. Geriyə daranmış, tumarlı saçları olan bu adamın kostyumu çox bahalıydı. Sibel polkovnik arvadı kimi geyinmişdi. Bu kiçik şəhərdə qısa ətəkli, kürəkləri açıq dekolteli, çılpaq qollu qadınlar görəcəyi Cananın ağlına gəlməzdi. O isə pudra rəngində küprdən, ətəkləri dizinə qədər olan donunu geyinmiş, zinətlərini taxmışdı. Geyimi sadə olsa da, öz gözəlliyi bəs edirdi.
-Bax, Bəsri, əzizim, yaxşı ki, gəldik. Hər şey çox gözəldir deyilmi? – deyə soruşdu.
Uzun masanın ayağına tərəf otursalar da, Canan çox məmnun idi. Polkovnik və arvadının rəqsi ilə əyləncə başladı. Cütlüklər özlərini ortaya atdılar. “ Bəsri, məni rəqsə dəvət etsənə” – deyə ərini dürtmələdi. Bəsri həvəssiz ayağa qalxdı.
-Mən rəqsmi bilirəm, Canan?
-Eləcə dönüb dolanacaqsan.
Musiqisi və yeməkləri ilə görə çox möhtəşəm idi.

***
Hacı Hüseynin ən böyük sərvətim dediyi oğullarından başqa, atadanqalma beş hektar ərazisi, evləri, gözəl meyvə bağı vardı.
Son zamanlar oğlu Qalibdən nigaran idi, onun davranışı Fuadı geridə qoymuşdu. Axşam bu haqda arvadı Almasla dərdləşmiş, arvad sakit halda, – “Ay kişi, rahat burax uşaqları. Onlar həyatın yolunu bilir. Artıq yaşlanmışq, öz qeydimizə qalaq”, – demişdi. Hacı da daha bir söz deməmiş, yatağına uzanmışdı. “ Eh, Almas, səninlə dərdləşəcəyim günə qurban kəsəcəm”, – deyə fikrindən keçirmişdi.
Gözləmə salonunun kirli və köhnə, sökülmüş oturacaqlarında oturan Hacı Hüseyn, iki oğlu və elə hey ağlayan arvadı yola düşəcək avtobusu gözləməkdəydilər. Fuadın gedişi ən çox anasına təsir etmişdi. Oğlunu öz yanına yaxın, Hacının qarşısındakı oturacaqda oturtmuşdu. Bəzən səsli, bəzən səssiz göz yaşı tökürdü. Hıçqırıqlarına hakim ola bilmir, yaylığının uclarını gözlərinə sıxaraq, ağı söyləyirdi: “Sarı balamı qürbət ellər aldı, gümanım qalmadı. Vay çiləli başıma. Baiskarın evi yıxılsın,ocağı sönsün…”
Hacı, – “ Sus, ay arvad, bəsdir, yetər!”, – desə də, o qədər hirslənmirdi. Bəlkə də, bir daha görməyəcəyi oğlunu Almaniyaya yola salarkən, indidən həsrət içini bir qor kimi yandırırdı. Qısa, yoğun qollarını çarpazlamışdı. Bəzən də ağ yundan hörülmüş jiletinin hər iki yaxasını dartışdıraraq, göbəyini örtməyə çalışırdı. Fuadda bir həvəssizlik, tanımadığı yerlərə qarşı bir qorxu vardı, amma o ağır döyülmədən sonra buralardan canını qurtadığına sevinirdi. Bu səhnəni seyr edən Qalibə çoxdan tərgitdiyi siqareti yenidən çəkmək istəyi gəldi. Oturduğu yerdən ayağa qalxdı, -“ Mən buralardayam”, – deyərək, bayıra çıxdı.
Avtobusda hələ bir tərpəniş yox idi. Yerdə çoxlu yüklər var idi. Kiminsə onu səslədiyini eşitdi: – “Qalib, qaraağacın altında çox durma, leyləklərdən ehtiyatlı ol”.
Qalib başını qaldırıb yuxarı baxdı. Leyləklər çoxdan günəşə tərəf köç etmişdilər. Amma budaqlarda qarğalar atılıb düşürdülər. Üstünə quş peyini düşə bilərdi. “ Sağ ol, qardaşım”, – gülümsədi, – “ Ziyanı yoxdur, biz onsuz da boğazımıza qədər pisliyə batmışıq, quş pisliyinə batsaq, nə olacaq ki”- deyə pıçıldadı öz-özünə. Siqareti atıb, içəri keçdi. Anası başını Fuadın çiyninə qoymuş, əlindən möhkəm-möhkəm tutmuşdu. Hələ də için-için ağlayırdı. Onun bu halı ərini və oğlanlarını daha da üzürdü. Atasına baxdı, kişi sanki on yaş qocalmışdı. Kepkasını geriyə çəkmiş, ayaqlarını geniş açmışdı. Üzü çox solğundu. Yanında oturdu, avtobusun gecikməsi onu əsəbləşdirmişdi:
– Dinsiz, imansızlar, nə qədər vaxt keçib, hələ də avtobus yerindən tərpənmir. Bu fürma çox səhlənkarlıq edir. – Hacı səsini qaldıranda əmisi oğlu Surat onlara yaxınlaşıb sakitləşdirdi.
-Nolub?
-Daha nə olacaq, Fuad gedir.
-Hara?
-Almaniyaya.
-Nə gözəl! Sizə baxan elə bilər ki, ölünüz düşüb. Allah üzünüzə gülüb. Fuad, sən də almaniyalı olacaqsan. Siz buna görəmi belə bikefsiniz. Şanslısınız, xəbəriniz yoxdur. Xala, sən niyə ağlayırsan? Oğlunun həyatı qurtulub, sevinmək əvəzinə üzülürsən. İşə girər, işləyər, vətəndaşlıq alar, sonra Vətənə rahat gedib-gələr. Hacı əmi, oğlun lotereyada udub. Bu gün markanın neçə lirə olduğunu bilirsənmi? Hələ qoy bir getsin-gəlsin, vallah, bunun tozu milləti basacaq. Markaları toplayarsan, İğdırın yarısını alarsan.”
Əmioğlu Surat elə danışırdı ki, guya ağzından bal damırdı. O dəqiqə Hacı belini dikəltdi. Heç o tərəfini düşünməmişdi. Anası da ağlamağını kəsdi.”Tezliklə gələrmi, deyirsən?”
– Sən nə vaxt istəsən, gələr, ana. Ora Avropadır. Kaş mənim də bir qohumum olaydı orda.
Fuad oturacaqda yerini rahatladı. Atası onunla birgə hava limanına qədər gedərək, oğlunu Almaniyaya uçan təyyarəyə mindirib geri dönəcəkdi. Qalib avtobusun arxasınca əl yelləyərkən, içində böyük bir boşluq hiss etdi. Həyatın bu boşluğunda hər şey boz olsa da, qəfildən bir sevinc qığılcımı yandı içində. Varlığını fərəhləndirən bu alovun səbəbi Cananın işıq saçan gözləri idi. “Nə yaxşı ki, onu tanımışam”, – deyə qəlbindən keçirdi.
Mebel mağazasına bitişik manufaktura dükanının sahibi Kəlbalayi Şöhrət adına uyğun özü də şöhrət qazanmışdı İğdırda. Qumaşın ən gözəli və hər çeşidi onda tapılırdı. Ətrafı seyr edən, radarı andıran gözləri heç bir şeyi qaçırmırdı. Bu gün heç özü də fərqinə varmadan dükanın önünə çıxdı. Qarşıdakı zərgərlik, ayaqqabı, qalantereya dükanlarını gözdən keçirdi. Yan tərəfdəki qonşusu Hacı Hüseyni axtarırdı. Amma onun mağazasında səssizlik idi.
-Bir mənə bax, Mülazim, -dedi.
Çayçı Mülazim əlində çay sinisi yanından keçirdi.
-Nə deyirsən, ay Şöhrət əmi
– Hacıgil haradadır? Heç biri yerində yoxdur. Xeyir ola?
– İstəyirsən, gedim soruşum?
-Yox lazım deyil. Sən işində ol.
Çənəsini sığallayıb, söylənə-söylənə dükana keçdi:
“ Yenə bu kommunist Hacı nələr qarışdırır, görəsən? Kim bilir öz-özünə hansı hinlərin izindədir. Zalım oğlunun bütün fikri-zikri məndədir. Paxıllığımı çəkir. Neyləsin, əlində deyil”.
Hüseynin ona paxıllıq etdiyinə adı kimi əmin idi. Onun özündənrazı hərəkətlərinə qıcıq olurdu. Dünən bayırdakı oturacaqda necə də ayağını ayağının üstünə aşırmışdı. Heç onun üzünə baxmadan çayını içirdi. “ Mən salam verməsəm, salam verməz dəyyus. Ən gözəl qızı da o aldı. Mən ondan qabaq istəyirdim Almazı. Girdi aramıza. İndi də oğullarına güvənir. Bizim arvad mənə bir oğul da vermədi”
Bu vaxt çayçı Mülazim içəri girdi. Yeni öyrəndiyi məlumatı tələm-tələsik xəbər verdi:
-Şöhrət əmi, bilirsənmi, Hacı bu gün oğlu Fuadı Almaniyaya göndərir.
Şöhrətin gözləri iriləndi:
-Hara göndərir dedin?
– Almaniyaya. Bəlkə də, heç vaxt geri dönməyəcək.
Bu çox gözəl xəbər oldu. Çayçının ovcuna 25 qəpik qoydu, kefi yerinə gəldi: “ Hə, Hacı əfəndi! Dur hələ, baxaq görək daha nələr olacaq? Sən də oğulsuz təkbaşına qal görüm, nə təhər qalırsan?” Gözlərini örtən qalın qaşları yuxarı dartılmışdı. Əlindəki sarı kəhrəba təsbehini şövqlə çevirərək, oturacağa yaslandı.

***

Qalib neçə gün idi ki, qərarsızlıq içində çabalayıb dururdu. Cananı təkrar görmək istəyi onu dəli eləmişdi. Gedib onu yenidən görməliydi. Burda nə pis şey vardı ki? Amma yox, getməsə, yaxşıdır. Bu mümkün olası şey deyildi. Ən yaxşısı onu unutmayıldı, elə bu an, elə bu dəqiqə! Amma bu da mümkün olan şeyə bənzəmirdi. Onu qəlbindən söküb atmaq heç də asan olmayacaqdı. Hər gün işlə başını qatmaq istəyirdi. İş isə çox yorucu, bezdirici idi. Hər hansı bir müştərinin çoxsaylı suallarına cavablar vermək səbrini tükətmişdi. Satılası oturacaqlardan birinə çökərək, mağazanın içindəki əşyalara göz gəzdirdi. “Görəsən, mənim ömrüm elə burda keçəcək?” – deyə köks ötürdü.
Günlər öz axarıyla gəlib-keçirdi. Gün boyu gözü saatdaydı. Saatlar bitir, həsrət bitmirdi ki, bitmirdi. Qalibin tərəddüdləri Bəsrinin evə dönmə saatına qədər sürürdü və sonda düşüncələrdən yorulmuş halda yorğun-arğın ev dönürdü. Evə qədər başını qaldırmadan, heç yerə baxmadan gedir, Canan haqda düşüncələrinə görə özünü danlayırdı: “Lənət olsun, mən nə edirəm, mən alçağın biriymişəm”
Canana da qızırdı: “Hər şey onun üzündən oldu, onun yerişindən, cəlbedici baxışlarındandır. Yoxsa olmazdı belə şeylər. Hansı gün haram yedim ki, ağlımı başımdan aldı bu zalım qızı?!” Bəzən də zərif, incə duyğular onu yenidən tapır, başdan-ayağa bürüyürdü.

***

Axşamüstü qapı çalınanda Canan yemək hazırlayırdı. Elə bildi ki, gələn qonşudur, tez gedib qapını açdı. Məsum görkəmdə dayanan Qalibi görüncə, həyəcanlandı, içi titrədi. Eləcə bir müddət baxışdılar.
– Kimdir?- deyə içəridən Bəsrinin səsi gəldi.
– Qalib gəlib, bir baxarsanmı?
-Oooo, buyur usta, – deyə Bəsri qapıya gəldi .
– Axşamın xeyir, Bəsri. Sağ ol, evdə bir az işim var, getməliyəm.
-Kirayə pulu üçün gəlmisən? Sabah göndərəcəm.
-Yox, canım. Şey üçün…. – kəkələdi.- Bu gün usta göndərmişdim, işıqdakı problemlə bağlı. Dedim, görüm necə oldu? Gündüz gələcəkdim, evdə olmursan deyə gəlmədim.
Bu sözlərə Cananın gülməyi gəldi. Bəsri onu səmimiyyələ bir daha içəri dəvət etdi. Qalib bu dəfə etiraz etmədi. Cananı daha yaxından görə bilmək arzusu onun içini qurd kimi yeyirdi. Elə bil havalanmışdı. Canan yenə Qalibin ətrafında dolaşır, ətrini ətrafa yayıb, onu məst edirdi.
Qalib çayını tez-tələsik qurtumlayıb ayağa qalxdı. Bundan artıq həyəcana dayana bilməzdi. “ Mən gedim” deyərək bayıra çıxandan sonra dərindən nəfəs aldı. Arxasından Bəsri minnətlə başını endirdi:- “Namuslu uşaqdı bu Qalib. Eşitdinmi nə dediyini? Mənim evdə olmadığımı düşünərək, gəlməyib.” Canan dillənmədi.

***

Son iki həftə ərzində Qalib onlara gəlmədi. Hey Bəsridən qaçdı. Içindəki tərəddüdlərlə baş-başa qalsa da, bir müddət sonra vicdanı üstün gəldi. Onsuz da bundan əvvəl də bir həyat yaşamırdı. İndi isə günahkarlıq duyğusu da bir yandan onu əzirdi. Həyatı əlindən alınıb oğurlandığına görə ailəsinə qəzəblənirdi. “Canana aşiq oldum, onu sevirəm. Məgər mən insan deyiləmmi? Mənim hisslərim yoxdurmu? Dünya qopursa, qoy qopsun! Həyatda bir dəfə, yalnız bir dəfə çox xoşbəxt oldum. Aşiq oldum, təmənnasız sevdi, sevildim. Sevgi ilə qucaqlayan qolları gördüm…”
Nə qədər eləsə də, özünü saxlaya biıməyb, Canana ev telefonudan zəng vurdu. Yalvarış dolu bir səslə danışdı:
-Nə olar, Canan, nə olar, qoy, beş dəqiqəliyinə gəlib, səni görüm. Sonra bir daha narahat etmərəm. Bağışla məni, bağışla, səni görmədən yaşaya bilmirəm.” Bu acizanə yalvarışların qarşısında Cananın səssizliyi uzun sürdü. Sonra isə bütün sevən ürəklər kimi görüşməyə qərar verdi.
Çox keçmədən qapı döyüldü. Onu həsrətlə açdı. İnanılmazıydı, amma o idi. Eşqi, sevgisi, əsiri olduğu o… Bütün varlığıyla qarşısındaydı. Tez içəri aldı sevdiyini. Qapını bağladı. Aşiqlər bir-birinə sarıldılar. Heç bir şey söyləmədən bir-birini uzun-uzadı öpüşlərə qərq etdilər. Dodaqlar bir-birini tapdı, gözlər kilitləndi…

***
Dekabrda ilk qar yağdı. Küçələr qara təslim olmuşdu, adamlar seyrək idi. Səfil küçə itlərindən başqa bütün canlılar ortalıqdan çəkilmişdi. Amma insanlar daha onun heç eyninə də deyildi. Günorta yeməyindən yağan narın, ağappaq qarın fonunda Qalib öz qara paltosuyla heybətli görünürdü. Gözəl üzünə düşən qar dənələri o andaca əriyirdi. Onun içindəki eşq atəşini, ehtiras alovunu söndürməyə bir dünyanın qarı da bəs eləməzdi. Ayaqları onu Canangilin qapısına gətirdi. “Necə rahat gedilirmiş qadağan olan yollarla! Gizli gəlmək nə imiş, səni tanıyınca bildim, Canan!” – deyə öz-özünə pıçıldadı.
“Bilirsənmi, günlərlə necə üzülərək gözlədim, Gərəksiz, tərk edilmiş bir adam kimi”. Bu fikirlər hər ikisinin ağlından keçir, amma heç biri bunu dilinə gətirə bilmirdi.
Qalibin atası narazılığını üzə vurmasa da, elə hey arvadına donquldanırdı. – “Bu oğlana nəsə olub. Nə mağazaya gəlir, nə də bir iş görür. Qəribə halı var. Daim qaşqabaqlı, düşüncəlidir. Niyə belədir, anlaya bilmirəm…” Yazıq ana da olanlardan xəbərsiziydi. Onsuz da oğlunun birini xaricə göndərmək məcburiyyətində qalmışdı. Üstəlik o biri oğluyla bağlı sıxıntıya, dərdə ürəyi dözməzdi.
-Bir dərdi var, amma nə olduğunu bir bilsəm…- kişi deyinməyində idi.
-Mənə də, gəlinə də heç nə demir.- bunu Almaz dedi.
-Bu gedişat heç yaxşı gedişata oxamır. Zənnimcə, bu gün, ya da sabah qoxusu çıxar, bilərik. Oğlanın birini göndərdik. Allah canını almadı, amma qürbətə saldı. Fuadın gedişi onsuz da məni bitirib. İndi də Qalibin bu durumu….
Almaz arvad gəlinin də şikayətlərini eşidir, amma dərinə gedib, onu üzmək istəmirdi. “Düzələr, düzələr, hələ gəncdir. Səs eləmə, görək nə olur. Biri getdi, barı bu yanımızda qalsın. Canları sağ olsun, önəmli olan da bu.” – deyə onu sakitləşdirirdi.
Hacı – “Bütün işlər mənə baxır, məndəki şansa tüpürüm! Başqaları oğullarını yanına düzüb, hələ bir mənimkilərə bax… Kiçiyin canını qurtarmaq üçün yad ellərə göndərdik. Bunun da ağlı başqa yerdə. Duyduqlarım doğruysa, vay başımıza gələnə! Onsuz da bu dərzi Şöhrət o xain gözlərini bizə dikib, qulağını mənim mağazama şəkləyib!.”- deyə söyləndi. Fərqində olmadan son sözləri yüksəkdən dedi.
-Manufakturaçı Şöhrətmi?- Almaz soruşdu.
-Başqa Şöhrətmi var, sən də lap uşaq kimi danışırsan!
Hirsini həmişə gəlinindən və arvadından çıxırdı. Evin başı üstündə elə bil ki, çalağanlar uçurdu. Ailə içərisində hiss olunacaq dərəcədə bir hüzursuzluq vardı. Lakin heç kimdən səs çıxmırdı, hamı nə isə gözləyirdi.

Samirə bir neçə gündən sonra kələğayısıını başına örtüb, oğlu Muradın da əlindən tutaraq, evdən çıxdı. Qaynanası arxasınca, – “Hara gedirsən, ay gəlin? – deyə səsləndi. Samirə qətiyyətli səslə “Anamgilə” – dedi. Qaynana daha heç nə demədi.
Samirə iki tin uzaqlıqda olan atası evinə gedəndə ona elə gəldi ki, yoldan keçənlərin ona yazığı gəlir. Adamların onun arxasınca qeybət etdiyini fikirləşdikcə, ürəyi sıxılırdı. Deyilənlər doğruydumu? Bu hal necə düzələ bilərdi? Anasının dediyi kimi, baxıcıya getsə, görəsən, düzələrdimi?
Samirə böyük inamla, əzmlə Qalibin əvvəlki kimi olmasını istəyir, onu çox sevirdi. Amma son eşitdikləri zavallı gəlini ruhdan salırdı. Qadınların bir ağızdan “Səbr elə, düzələr” demələri də ona təskinlik vermirdi. Əslində heç gözləməkdən başqa çarəsi də yoxuydu. Qalibin get-gedə ondan, oğlundan uzaqlaşmasını kədərlə izləyirdi. Ona yalnız şirin xatirələr güc verirdi. Toy gecəsi fatasını qaldıran Qalibin sevgi dolu baxışlarını heç unuda bilmirdi. Güvəndiyi dağa qar nə vaxt yağmışdı? Harada səhv etmişdi? Evliliyinin nə vaxtsa bitəcəyi heç vaxt ağlına gəlməzdi. Getdiyi falçılar da ona yaxşı heç nə vəd etmirdi. Həyatını Qalibsiz təsəvvür edə bilmirdi. Bu qara kabusun bitməsini ürəkdən istəyir, səbrsizliklə gözləyirdi.

***
Son üç ayın kirayə pulunun alınmamasını Bəsri aralarındakı səmimiyətə yozdu. “Dəliqanlı adamdır bu Qalib, görürsən Canan, vəziyyətimizi hiss elədi, bizi kirayə pulu üçün sıxışdırmır…”
Canan uşaqları məktəbə hazırlayırdı. Başını qaldırıb, yoldaşına baxa bilmədi. Eşitməməzliyə vurdu özünü.
Bəsri: – “Yaxşı oldu, ödəyərik bir gün. Allahın günləri çoxdur. Hələ bu ayı da ötüşdürək, görək nə olur. Sən yenə də Qalibin üzünə xoş bax” – dedi. Cananın gözləri yaşardı. Bilmədi gülsünmü, ağlasınmı. Qaliblə həddən artıq yaxşı davrandığını bilirdi. Hətta bağlandığının da fərqində idi. Qalib ilə Canan arasında yaşananların xırdalıqlarını ancaq ikisi bilirdilər. Bir-birlərindən dəli kimi xoşlanan iki insan nələr edirsə, onlar da bunu hər fürsətdə edirdilər. Ərinin tualetdə olduğu dəqiqələrdə belə əlləri birləşirdi. Stolun altında ayaqlarını bir-birinə toxundururdular. Artıq Qalibin o məsum halından əsər-əlamət qalmamışdı. O, Cananın şəklini almış, döş cibində gizləmişdi.
Qışın sonlarına doğru bir-birilərinə artıq qopa bilməyəcək qədər yaxınlaşmışdılar. Münasibətlərindəki həyəcanın yerini sonu bilinməyən ümidsizlik almışdı. Başları üstündə bir kədər buludu dolaşmaqdaydı. Yanan sobanın ətrafındakı döşəkçələrdə oturmuş, sevgi dolu qəlblərini, kədərli baxışlarını əllərindəki yanan siqaretlərə yükləyib, tüstüsünü üfləyirdilər. “Sonumuz yaxşı olmayacaq, ayrılacağıq, Qalib.” – deyirdi Canan. Qalib isə heç nə demədən onu dinləyirdi. Qalibin bir istəyi vardı – bu anların heç vaxt bitməməsi. Qrammafonda qəmli bir mahnı çalınırdı:
Saçların niyə bəyazlanmış, dostum?
Sənə də mənim kimi
çəkdirənmi var?…

Uzun-uzun oturur, sevişir, qoxlaşırdılar. Bu hal uşaqlar məktəbdən qayıdana qədər davam edirdi. Qalib istəmədən Cananından ayrılmaq məcburiyyətində qalırdı…

***

Onları ilk görən üzbəüzdəki qonşuları Gültən oldu. Bir axşam qonşudan köynək toxumaq üçün mil istəməyə gedəndə pəncərədə əks olunan mənzərəni təsadüfən görmüş və seyrə dalmışdı. Belə bir səhnəyə baxmamaq imkansız idi. O gün işıqlar səhərdən sönmüş və axşam saat altı olmasına baxmayaraq, hələ də verilməmişdi. Çırağın işığı pəncərənin pərdəsinə düşürdü. Pərdə otaqda gəzişənlərin kölgəsini bir sinema kimi özündə əks etdirirdi. Gültənin təəccübdən ağzı açıla qalmışdı – pərdəyə iki öpüşən kölgə düşmüşdü. Ehtirasla bir-birinə sarılan cütlüyün silueti uzun müddət pərdədən itməmiş, Gültən gözləri bərəlmiş halda yerində quruyub qalmışdı. Sonra kölgələr aşağıya doğru sürüşmüşdü. Qarşısındakı mənzərənin itməsiylə özünə gələn Gültən, utanaraq ətrafa baxmış və içəri qaçmışdı. Neçə ildən bəri evli olan cütlüyün bu sevgisinə təəccüblənmiş və qibtə etmişdi. Canangilin evində başqa birinin olacağı onun ağlına gəlməmişdi…
Gecənin bir vaxtı qarşı balkonun işıqları bu dəfə də qeyrri-ixtiyari Gültəni pəncərəyə sarı çəkmişdi. Qapını açan Canan, içəri girən isə əri Bəsri idi. Gültən təəccüblənmişdi. Bəsri evə hələ indi gəlirdi? Bu mümkün ola bilməzdi. Bəs, bayaq Cananla öpüşən kölgə kimin idi? Bu, Bəsridən baqşası ola bilərdimi? Kim ola bilərdi ? Kim?
Hə… bir müddətdir o evə tez-tez girib-çıxan Qalib idi. Qalib adını ağlından keçirdiyi an, “Yox bir, ola bilməz! Bəsri yəqin çölə çıxıb, siqaret-zad almağa, sonra da qayıdıb gəlib” – deyə ağlındakıları qovmaq istədi. O an beynindəki kiçik bir şübhənin daha sonra necə böyük bir marağa və davamlı bir müşahidəyə çevriləcəyini hələ bilmirdi. Cütlüyün gizli münasibətlərini gördüyü vaxt ağlından keçirdiyi bənzətmə belə oldu: “ Kölgə Aşiqlər.”

***

Bu qonşuların xoş münasibətləri artıq qeybətə çevrilməyə başlayanda qış hələ də davam edirdi. O gün hava tutqun idi. Quşbaşı qar yağırdı. Cananın qulağı qapıda qalmışdı. Gözlədiyi səsin gəlişi ilə xoşbəxtlikdən az qala uçmaq istədi. Qapını açar-açmaz gözləri parıldadı. Qalib idi. Necə də sevimli və yaraşıqlı idi. Əli ilə sevgilisinin qardan islanmış üzünü sildi. Qalib içəri girdi, qapını arxadan bağladı. O qədər cəlbedici idi ki, Canan ordaca boynuna sarılıb, Qalibi hərarətlə öpdü. Onun paltosunu əynindən çıxardı. Sarmaşdılar…
Onların ailə-uşaqları artıq gözlərində deyildi. Kim buna nə deyəcək, necə baxacaq, umurunda deyildilər. İndi onlar üçün yaşamaq birlikdə xoşbəxt olmaq, itirilmiş həzlərin arxasınca sonuna qədər getmək, dəlicəsinə eşqə sarılmaq idi! Canan hər istədiyini yerinə yetirən, onu məmnun etmək üçün əlavə iş saatlarına qalan, gecə-gündüz işləyən ərindən əsirgədiyi qayğını Qalibə comərdcəsinə göstərirdi. Bəsrinin üzünə baxmaq belə içindən gəlmirdi.
Qalib də arvadını çoxdan unutmuşdu. Onunla nə qədər uzaq olduğunu düşünürdü. O gün sobanın yanındakı döşəkcədə diz-dizə, əl-ələ oturduğu Cananın əllərini ovucları arasında tutarkən, nə vaxtdandır Samirənin o yumşaq, bəyaz əllərinə toxunmadığı ağlına gəldi. Qəlbində ona toxunmaq üçün heç bir istək yox idi. Onlarla eyni otaqda yatan balaca oğlunun hər gecə oyanıb ağlamağını bəhanə edərək, qonaq otağındakı divanda yatırdı. Canan maqnitafondakı kasseti dəyişdirib gələndə Qalibi fikirli gördü.
-Düşüncəlisən. Deyəsən, kefini pozan nəsə var.
-Heç nə yoxdur – Qalib başını qaldıraraq, yumşaq baxışlarla gülümsədi.
-Yoxdurmu?
Qalib susdu. Təbəssümü itdi. Başı yenə əyildi.
-Yanımdan bir saniyə belə ayrılmağını istəmirəm.Necə olacaq bizim halımız, Canan?
-Bu haqda düşünmək istəmirəm.- qadın dilləndi.
-Nə edəcəyik? Belə davam edə bilmərik.
İlk dəfə idi ki, bu qədər ciddi danışmağa başlamışdılar. Canan Qalibin çiyinlərinə dayadığı başını qaldıraraq, uzun, tutaş kirpiklərini ox kimi sevdiyinə tuşladı.
-Məndən bezmisənmi? Ayrılmaqmı istəyirsən, yoxsa?
Qalib gözlərini açdı. Heç belə qəti düşünməmiş, ayrılıq kəlməsini ağlına dagətirməmişdi. Başını yellədi:
-Səndən ayrılmağı heç vaxt düşünə bilmərəm, sənsiz yaşaya bilmərəm.”
İkisinin də qəlbinə ilk dəfə ümidsizlik qoru doldu.
Yenə o çox sevdikləri mahnı oxunurdu: “Niyə saçların bəyazlanmış, dostum…” Adnan Şənsəsin möhtəşəm ifasındakı bu mahnını dinləyəndə Qalibin içindən “Bunu bizim üçünmü oxumusan?!”- deyə bağırmaq gəlirdi.
Qapının zəngi çalındı və Canan qalxıb, qapını açmağa getdi. Gələn qızı Sevgi və onun rəfiqəsi idi.
-Ana, məktəbdə tətil oldu, mən də rəfiqəm Sibeli bizə gətirdim. Rəfiqəmlə dərs oxuyacağıq.
-Yavaş olun amma, evdə qonaq var.
-Yenə Qalib əmidir?
Qızın xoşuna gəlmədiyini bilir, amma dərinə getmirdi. Uşaqlar içəri keçəndə Qalib ayağa qalxdı. İçində cavabsız qalan suallarla çıxıb getdi. Canan yağan qarın altında gözdən itən Qalibin arxasınca sevgiylə baxırdı. İçində yarım qalmış, bitməmiş cümlələrlə kefsiz halda bir siqaret yandırdı.
Qızı yanına gəldi:- “Ana, yemək varmı?” Çöldə çox qar var, məktəblərdə tətildi. Çox sevindik…” Qızlar bir az əvvəl iki sevgilinin oturduğu döşəkcələrdə oturub, sevinclə oynamağa başladılar. Cananın gözləri doldu.

***

Düz on səkkiz gün Qalibi görmədi. Uşaqlar tətildə idi. Çöl soyuq olsa da, mənzil yaxşı qızdırılmışdı. Uşaqlarla bir otaqda, bir az cansıxıcı, əsəbi günlər keçirdi. Qalibsiz həyat qadına dadsız-duzsuz gəlirdi. Övladlarının varlığının verdiyi xoşbəxtliyin belə fərqində deyildi. Eşq və ehtirasın sadiq qulu kimi gözündə dünyanın heç bir dəyəri yox idi. Qalibdən başqa hər şey onun üçün dəyərini itirmişdi. Qalib eşq heykəli idi. Sevgi ibadətgahıydı. Orda qanını axıdır, özünü qurban verir, əhd-peyman edirdi.
Tətil bitər-bitməz Qalib yenidən peyda oldu. Canan o gün bayramlardakı uşaqlar kimi sevinirdi. Həyatına günəş doğmuşdu. Darıxması gözləri, gülüşü, toxunuşu, öpüşündən bilinirdi. Ona toxunduğuna inana bilmirdi. Var gücü ilə Qalibə sarıldı, heç buraxmaq istəmədi. İlk dəfə idi ki, onu görəndə ağlayırdı. Ürəyində saxladığı yanğılı sözləri sapa düzdü:
– Mən sənsiz yaşaya bilməyəcəyimi anladım.
-Bilirəm, çünki sən mənimsən. Mən də səndən ayrıla bilmərəm…

 

***

Yaz gələndə münasibətləri artıq gizlilikdən çıxmış, qadın məclislərində, çayxanalarda, məhəllədəki adamlar arasında dedi-qodular başlamışdı. Qalibin ailəsi və yoldaşı özlərini eşitməzliyə vursalar da, bağlı qapılar arxasında onlardan danışılırdı. Bəsrinin isə hələ heç nədən xəbəri yox idi. Deyilənə görə, bankdakı bir dostunun vicdanı yol verməmiş, Bəsrini bir qırağa çəkib, – “Bura bax, qardaş, burdan ərizəni yazıb, getsən, yaxşı olar”, – demişdi. Onun bu təklifini yanlış anlayan Bəsrinin pisinə gəlmişdi: – “Niyə, qardaş? Müdür məni yaxşı vəzifəyə gətirdi deyə qısqandınızmı?” – demişdi. Belə cavaba əsəbiləşən iş yoldaşı: -“Elə axmaqsan ki, arvadın üçün deyilməyən qalmayıb, amma sənin ruhun belə duymur…”- deyə ikrahla ona baxmışdı.
Yalan olsa belə, eşitdiklərindən Bəsrinin nə dərəcədə qəzəb, acı, məyusluq hissi keçirdiyini görməmək olmazdı. “Məni əfəl yerinə qoydular. Axmaq zənn etdilər, arxamca iş çevirdilər, ələ saldılar, məni məhv elədilər, öldürdülər”- deyə düşünüb beynindən vurulmuş kimi oldu. Həmişə gülümsəyən balaca gözləri qızardı, qəzəbi vulkan kimi püskürdü. Cəld bankdan çıxdı. Küçələrdən gözükölgəli keçdi. Eşitdiyini həzm etmək çox çətin idi. Adamın “Tanrı heç kimə belə bir çarəsizlik verməsin” deməyi gəlirdi. “Öldürüb leşlərini asacağam!” -deyə qərar verdiyi andan bir qədər sakitləşdi. Qapını döydü. Canan qapını açdı. Bəsri qəzəb və dərin kədərlə Cananın gözlərinə baxdı. Bir müddət qapıda dayandı. “Bax mənə və anla. Anla və utan, sıxıl, vicdanın varsa, öl. Məni necə məhv elədin. Vicdansız, əxlaqsız qadın!…”
Bunları demədi, sadəcə, ürəyindən keçirdi. Canan ona baxırdı. Qapının önündəki adam Bəsri deyildi, onun oxşarı olmalıydı. Bəsri ona belə baxmazdı..”Üzr istəyirəm, çox üzr istəyirəm. Etdiklərimin yanında bir üzr neyləyə bilər ki?”
Bəsri içəri girdi.
-Deyilənlər doğrudurmu cavab ver?
-Nə deyirlər ki?
-Bilirsən…
-Yox, bilmirəm. Məni nə ilə günahlandırırsan?
Nə iləmi? Allahın bəlası nə iləmi? Bilmirmiş kimi danışma! – səsini yüksəltdi.
-Bağırma! Mənə niyə elə pis baxırsan, söylə…
-Təkcə bir şeyi bilmək istəyirəm, mənə düzünü desən, aradan çəkilib gedərəm. Söylə, sənlə Qalib…” Onun adı belə Cananın üzünün pul kiimi qızarmasına bəs elədi. Gözlərini qaçırdı.
-Elə bir şey yoxdu, böhtandır. Belə çirkin böhtanlara necə inana bilirsən?
-Canan, mənə düzünü de…
Canan ağladı, göz yaşı tökdü, inkar etdi, ancaq sonunda boynuna aldı. Qalibi sevdiyini, ona aşiq olduğunu etiraf etdi. Bəsriyə bir güllə vursaydı, bundan yaxşıydı. Bəsri o qədər sarsıldı ki, güclü bir yumruq zərbəsi almış kimi səndələdi. Yoldaşına indiyə kimi əl qaldırmamışdı. Vurdu, vurdu, dəfələrlə vurdu onu. Canan qarşılıq vermədi, verə bilmədi. Bir müddət sonra evin bir küncünə yıxıldı, hıçqıra-hıçqıra ağladı, doyunca ağladı. Otağın zəif işığının yayıldığı iki küncdə, iki kədər dolu vücud fərqli səbəblərlə ağlayırdı. Kədər bir otağı necə də doldurarmış, ağrı və əzab bir otağı necə də əhatə edərmiş. Alovlu bir sevgiyə şahidlik edən otaq, soyuq bir atmosferlə qucaqlaşmışdı. Hıçqırıqlar yavaşıdı və kəsildi. Təsəlli boşluqları siqaretin kədərli dumanları ilə doldu. Bu yaşadıqları bitən bir sonun başlanğıcı idi. Canan partlayan dodağından, burnundan axan qanın ləkələdiyi, titrəyən əllərinə baxaraq səssizliyi pozdu:
-Tək günahkar mənəmmi, Bəsri? Mənəmmi olanların tək səbəbkarı? – səsindəki titrəməni dayandıra bilmirdi. -Sən deyildinmi, Canan, Qaliblə yaxşı davran, bizdən kirayə pulunu istəməsin deyən? Sən deyildinmi onu evə çağıran? Onun təkbaşına gəlməsinə göz yuman sən deyildinmi?…
Bəsri ayağa qalxdı və səndələyə-səndələyə yataq otağına keçdi. Arvadının hər sözü daş kimi ağır, bıçaq kimi kəskin idi. Bəsrinin gözləri böyüyüb, qan çanağına dönmüşdü. Hirslə bağıraraq stolun üstündəki qrafini Cananın arxasınca tolazladı. “Mən yaxşı davran dedim, daha demədiki, get onunla yat! Onu sev! İndi özünü təmizə çıxarma! Mən ölübmüşəm, xəbərim yox imiş! Ətimi çeynədiniz, yandırıb külümü bu şəhərin üstünə səpələdiniz… Mən nə yazıq imişəm, kor olmuşam, inanmışam, güvənmişəm, yoldaşım demişəm, dostum demişəm… Deməli, kürəyindən bıçaqlanmaq bu imiş…” – sonra deyinib durdu. Amma nə çarə, olan olmuş, keçən keçmişdi. Olanlar təmizlənə bilərdimi? Səhvlər düzələ, düzəldilə bilərdimi?
Uşaqlar axşam evə gələndə vəziyyəti hiss elədilər. Bundan sonra heç nə əvvəlki kimi olmadı və olmayacaqdı da. Evin üstündəki qara buludlar yox olmadı, bir qaraltı kimi çöküb qaldı.

***

Canan artıq ruh kimi dolaşırdı, həyata marağı sönmüşdü. Bəsridən boşanacağı günü gözləyirdi. Bəlkə, onda qəlbi rahatlıq tapardı. Bir gün evdə lal-dinməz dolaşan Bəsridən soruşdu:
-Məni nə vaxt boşayacaqsan?
-Səni boşamaq mənim ən böyük sevincim olardı. Amma bu olmayacaq. Mən ayrılmış bir ana-atanın övladıyam, eyni şeyi uşaqlarıma yaşatmayacağam. Uşaqların xətrinə bu evlilik davam edəcək. Amma daha arvadım ola bilməzsən…
Gözlərində hirs, qəzəb, ürəyində qatı bir nifrət vardı. Kədərli günlər sanki bitməyəcəkdi. “Səni heç vaxt sərbəst buraxmayacam, bunu ağlından çıxarma. Sənlə aramızda hər şey bitdi. İstədiyin ayrılıq da nə vaxtsa bir yerdə gerçəkləşəcək. Amma o an bu zamanda və bu yerdə olmayacaq…”
Bəsrinin Cananla evliliyi qarşılıqlı sevgidən baş verməmişdi. Bəsri ilk dəfə onu görəndə vurulduğunu zənn etsə də amma, – “ Bu qız mənə gəlməz” – deyə düşünmüşdü. Bu evliliyə məmur olması yol açdı. Çox keçmədən ağlını başından alan bu qızla evləndi. Kasıb bir ailənin qızı olan Canan üçün bu evlilik bir zərurət oldu. Cananı çox sevən Bəsri onun hər istəyini yerinə yetirməyə çalışırdı.
Evinə qəbul etdiyi Qalibin ona qarşı etdiyi hərəkətini həzm edə bilmirdi. Ondan intiqamını almalı, öldürməli idi onu. Əvvəl silah almaq istəsə də, sonra fikrindən daşındı. Arxa cibində bıçaq gəzdirməyə başladı. “Alçaq, namussuz. Son duanı et, öləcəksən” – deyə neçə dəfə xəyalən Qaliblə rastlaşmışdı. Sonra Cananı da öldürərəm, – deyə qətiləşdirsə də, uşaqlarını düşünməyə başlamışdı. Özü də yetimçiliklə böyümüşdü. Onu da həbs etsələr, bəs, uşaqlarınm aqibəti necə olacaqdı? Yetimxanaya verəcəkdilər. Yox, ürəyi dözməzdi buna. Canan hələlik yaşayacaqdı. Amma namusunu təmizləməliydi.
Başqa şəhərə təyinat istəmişdi. Saqqalı uzanmış, gözləri batmışdı. Qalibi nə qədər izləsə də, yolda qarşısına çıxmırdı. Ancaq onu harada tapa biləcəyini bilirdi – mebel mağazasında.
Gözləri yuxusuzluqdan qan çanağına dönmüşdü. Qərarında qəti idi. Anidən içəri girib, işini bitirəcəkdi.
Cümhuriyyət küçəsinin sahibkarları yavaş-yavaş mağazaları açırdılar. Mağazaya nə zaman gəlib çatdığını bilmədi. “Tam zamanıdır, onun leşini itlərə yem edəcəm”, – deyə düşündü. Mağazanın qapısı açıq idi. İçəridəki o idimi? Necə belə rahat işləyə bilir?- ağlından keçirdi.
Qalibin üzündə gözləmədiyi bir sakitlik və təmizlik vardı. Sanki bir ailəni kökündən sarsıdan bu adam deyildi. Qəzəblə mağazaya tərəf addımladı, qəfildən irəli cumdu. Dünya hər ikisi üçün qaraldı. Hər şey bir neçə saniyə içində baş verdi. Hər yer qırmızı qana boyandı.
Qalibi xəstəxanaya çatdırmışdılar. Bəsri ortalıqda yox idi. Baş verənlərin səbəbini bilən Hacı Hüseyn çox səs-küy olmasın deyə Bəsrini ailəsiylə birgə şəhərdən uzaqlaşdırdı. Qalib də onu kimin vurduğunu söyləmədi. Beləcə iş bağlandı. Qalib müqavimət göstərməmişdi Bəsriyə. Onun yarası sağaldı. Amma əsl zərbə ürəyində idi. O heç vaxt sağalmayacaqdı.
Kölgə aşiqlərin sevgisi gün işığında əridi. Ayrılq, həsrət iki aşiq arasındakı münasibəti sanki ülviləşdirmişdi. Bu sevgi indi əlçatmaz, dözülməz və unudulmaz idi.

***

Bura gələndə olduğu kimi Canan və ailəsi olduqları şəhəri yenə də bir yay tərk etdilər. Qadın ağlayırdı. Bu onun sevgisi üçün axıtdığı son göz yaşları idi. Daha sonralar Bəsri heç vaxt onun ağladığını görmədi.
Qalib bu gözlənilməz sonu taleyin qədəri kimi qəbul etdi. Amma o artıq fərqli duyğular, xoşbəxt olduğu həzlər kəşf eləmişdi. Bundan sonra ona nə toppuş arvadı, nə anası ilə atası, nə də cansıxıcı evlə hündür bağça divarları təsəlli verə bilərdi. Cananı necə unudacaqdı? Unutmaq asan idimi? Qətiyyən unuda bilmədi. Bir gün fikirli-fikirli ağır addımlarla işə gedəndə dükanların birindən gələn mahnı səsi onu Canana və onunla keçirdiyi gözəl anlara apardı. “Getdi canımın cananı, qoydu məni yaralı…” Addımlarını yavaşıtdı. Ətrafda hər şey yox oldu. Mahnının ahəngi, kədərli musiqisi və ürəyə toxunan sözləri onu varlığından elədi, Cananın yanına apardı. Göz yaşları sözə qulaq asırmı? Onun üçün necə də darıxmışdı. Onsuzluq, onu bir də görə bilməmək hissi… Göz yaşları leysan kimi axırdı…
Ömründə ilk dəfə içki içilən bir kafeyə getdi. Alaqaranlıq barda özünü sanki Canan da yanındaymış kimi hiss etdi, heç kim olmadan rahatca xatirələrini yaşadı. Zərif bir qadın mahnı oxuyurdu:
Bir qərib yolçuyam həyat yolunda,
Yarımı itirdim pərişanam mən
Alın yazım imiş həyat yolunda
Ümidsiz sevginin qurbanıyam mən
Yalan dünya hər şey boş, yolçu sərxoş…
Bəli, ilk dəfə sərxoş oldu və sonra dəfələrlə ora getdi. Amma belə rahatlaşa bilirdi. Evdəkilərdən səs çıxmırdı. Hər kəs bunu keçici hal kimi dəyərləndirib, səbrlə gözləyirdi.
Nəhayət, qəlbinə hakim ola bilmədi. Bir gün uzaq səfərlər avtobusunda yolçu oldu. Yollar onu Cananın getdiyi şəhərə çatdırdı. Samsunun dəniz qoxulu havasını dərin-dərin içinə çəkdi. Uzun-uzun ciyərlərinə doldurdu. Aylar sonra ilk dəfə bu qədər rahat idi. Anladı ki, Cananı görməsə belə, onun olduğu şəhərdə yaşamaq da gözəlmiş. İndi daha onun yaxınında idi. Halbuki, avtobusdakı uzun səyahət müddətində ağlından elə hey bu fikir keçmişdi: “Kaş, Cananla heç qarşılaşmayaydım və o gözəl duyğuları yaşamayaydım. Bəlkə də, o, mənə ən böyük xoşbəxtliyi bəxş etdi, amma məni acıların ən dərinində də boğdu. Gördüyün həyat nədirsə, bildiyin həyat da odur. Cananı tanımasaydım, mən də atam kimi dünyadan bixəbər yaşayıb gedəcəkdim. Görəsən, atam heç eşqi dadıbmı?” Atası ağlına gəldi. O, yumru, qaşqabaqlı sifəti, Hitlersayağı bığı, qalın qaşları ilə necə də zəhmli idi. Bir anlıq, bu cür bir macəra yaşadığı üçün özünü atasından şanslı hiss etdi. “Sevgim həm xoşbəxtliyim, həm də kədərim oldu. Ey Canan, sındır ürəyimin qapılarını!… Əsl qürbət sənsizlikdir. Sənin yanındır vətənim…”
İki gün kiçik bir otel otağında gözlədi. Ünvanı bankdakı dostundan yalvararaq almışdı. Əlindəki kağıza baxa-baxa dəqiqələrlə otaqda dönüb dolandı. Getsinmi, getməsinmi? Qərarsız idi. Birdən qapını açmasa, ya da evdə olmasa, neyləyəcəkdi? İçindəki səs “Get” deyirdi.
Həmin gecəni yolunu azmış bir insan kimi keçirdi. Narahat idi. Son qərarı Cananı götürüb getmək idi. Qorxurdu. Cinayət törətmək üçün plan quran biri kimi qərarlıydı.
O səhər şəhər boz bir örtüyün altında soyuqlamış xəstəyə bənzəyirdi. Qalibin ruhunu bir qəriblik bürümüşdü. Həyəcanlı, çarəsiz və tənha idi. Taksi onu dediyi ünvana aparırdı. Sağ ayağının əsdiyini hiss elədi. Ara küçələrdən birinə girdilər. Adi bir məhəllə idi. İnsanlar gedib-gəlir, uşaqlar qaçışır, balkonlardan aşağı səbətlər sallanırdı. İçindən “Nə gözəl” deyə keçirdi. “Hamı necə rahat və xoşbəxtdir… Bircə mənəm bədbəxt olan”. Gözləri yaşardı. Ağlında yalnız Canan var idi. Heç nəyə fikir vermirdi. Taksi köhnə, boyasının rəngi solmuş bir binanın qarşısında dayandı. Sürücü, – “Axtardığınız ünvan buradır”, – dedi. Qalib çalışsa da, taksidən enə bilmirdi. Bir neçə dəqiqə də keçdi, sürücü dözməyib yenə soruşdu: “Sizi gözləyimmi?”
-Aha. Bəli, bəli gözləyin.
Asta-asta maşından düşdü. Udqundu, ürəyi sürətlə döyünürdü. Pilləkənləri qalxdıqca həyəcanı daha da artır, ürəyı çırpınırdı. Axtardığı mənzil ikinci mərtəbədə idi. Taleyinin binası, 2- ci mərtəbə, mənzil 4. Dayandı, nəfəs ala bilmirdi. Gözlədi. Sonra gözlərini yumdu. Aylardır görmədiyi sevdiyi qadın bu qapının arxasındaydı. Onu uzaq yerlərə getməyə dəvət edəcəkdi.
Qapının arxasından gələn səslər evdə kiminsə olmasından xəbər verirdi. Qapı, – “Kimdir?”- deyən qadın səsiylə yavaşca aralandı. Kim idi o? Nə deməli idi? Sadəcə, baxırdı. Məsum, dərdli, çarəsiz və aşiq…
Canan Qalibi görəndə sözün həqiqi mənasında şok keçirdi. Heç gözləmirdi. Bir anlıq donub qaldı . Alçaq səslə – “Qalib, sənsən?! Sən buralarda, neynirsən, Qalib?…- deyərək səssizliyi pozdu Canan.
– Burdan keçirdim. Son dəfə görmək istədim. – necə çıxdı bu yalan dodaqlarından?
Canan nə deyəcəyini bilmirdi.
Qalib dözə bilmədi. İstəyini dilə gətirmək üçün cəsarətləndi:
-Vaxtın varsa, bir az danışa bilərikmi? Xahiş edirəm, mənim xətrimə.
Canan cavab vermədi. Sadəcə, qapının önündən çəkildi. Qalib içəri girdi. Uzun koridoru olan bir ev idi. Cananın arxasınca getdi. Çəkingən halda dağınıq qonaq otağındakı kreslolardan birində oturdu. Canan da qarşıdakı kresloda əyləşdi. Qalib barmaqları ilə oynayırdı. Deyəcəyi sözlər üçün vaxtının çox olmadığını bilirdi. Canan Qalibin danışmasını gözləyirdi. Ürəyindən keçənləri izah edə bilsəydi…
Sevdiyi qadın həm yaxınında, həm də çox uzaqda idi. Nə olmuşdu birdən-birə. Bu beş dəqiqə qabaq həsrətindən yanıb-yaxıldığı taleyinin qadını deyildimi? Niyə onu görəndən sonra hər şey gözlənilmədən belə dəyişdi? Deyəsən, qarşısındakı qadın da eyni hissləri keçirirdi. Hər ikisi başını aşağı dikib, gözlərini yerə zilləyib susurdular. Bir neçə dəqiqə səssizlik hökm sürdü.
Qalib ümidsiz bir səslə, “Mən burdan keçmirdim. Bu şəhərə sənin üçün gəldim. – dedi. – “Səni burdan aparmaq üçün gəlmişəm” demək istədi, amma özü də bilmədən, – “Səni son dəfə görmək üçün gəlmişəm” – dedi.
Ona elə gəlirdi ki, Canan bundan pərt olacaq. Amma gözlədiyinin əksinə qadın onu təmkinlə, sakitliklə dinləyirdi. Heç elə bil bir neçə ay qabaq dərdindən dəli-divanə olan qadın deyildi.
Canan Qalibin üzünə baxa bilmirdi. Elə bilirdi ki, Qalib ona etdiyi “xəyanəti” gözlərindən oxuya bilər. Anidən dəqiq və qərəzsiz bir tonda “Qalib, hər nə oldusa, keşmişdə qaldı. Unut məni”- dedi və özü də öz soyuqqanlılığına mat qaldı. Birdən-birə ona aydın oldu ki, Qalibi sevmir və deyəsən, heç vaxt sevməyib. Onun sevgi sandığı ötəri bir hiss, bir ehtiras alovu imiş.
Qalib qaşlarını çataraq təəccüblə Canana baxır. Səhvmi eşitmişdi? Elə bilmişdi ki, Canan sevincdən boynuna sarılacaq, göz yaşları içində onu öpüşlərə qərq edəcək. Həmişə olduğu kimi…
-Bilirəm nə düşünürsən. Amma ikimiz üçün də bundan sonra geriyə yol yoxdur. Həyat iki nəfərlik oyun deyil. O, dərdi, kədəri, sevinci, xoşbəxtliyi ilə bir macəradır. O macərada başqa insanlara da yer var. Övladlarım Arif və Sevgi. Hələ çox balacadırlar. İki uşağımı anasız böyüdə bilmərəm.” Onların yanında xoşbəxtəm. Onları böyüdüb yetişdirmək yeganə arzumdur…
Qalib sadəcə tək kəlmə – “Anlayıram” deyə bildi. Bu geri dönüşü olmayan çarəsizliyin və sonsuz səssizliyin ilk işarəsi idi. Anlayıram demək, sən bilərsən mənasında bir razılıq idi.
-Sən o qədər yolu qət edib gəldin mənim üçün. Necə şanslı bir qadınam. Bura qədər gəlməklə məni çox xoşbəxt elədin. Məni unutmadığınüçün sağ ol. Bir gün yaşlanıb geriyə baxanda, səni eyni yaraşıqlı halınla xatırlayacağam. Mənim Qalibimlə keçirdiyim günlərim keçmişimin ən gözəl xatirələri olaraq qalacaq. Amma nə olar əsəbiləşmə mənə. Bağışla!”
Qalib yenidən təkrar etdi:
-Anlayıram.”
Canan özünü onsuz bir həyata hazırlamışdı. Bu həyatında Qalibin yeri yox idi. Aralarında hər şey bitmişdi. Qalib üçün burda olmağın bir mənası qalmamış, beynində nə vardısa, hamısı uçub getmişdi. Halbuki, o nə xəyallar qurmuşdu… Düşündüyü səhnə belə deyildi. Bu an elə gerçək idi ki, hər şey mənasını itirmişdi. Ayağa qalxdı. Cananın içindən sanki bir şey qopdu, yerə düşdü. O da cəld qalxdı.
-Gedirsənmi?
-Hə, daha narahat etməyim.
Qəlbində küskünlük var idi. Qapıya tərəf getdi. Arxasınca Cananın zəif addımları onu izləyirdi.
Arxaya döndü:
-Özünə yaxşı bax, nə olar. Səni bəlkə də çətin vəziyyətə saldım, amma özümə mane ola bilmədim.
– Elə demə. Sən də özünə yaxşı bax. Səni görməsəm də, bir kölgə kimi həmişə izləyəcəyəm, səndən mütləq xəbərim olacaq.
Koridorda üzbəüz dayandılar, son dəfə bir-birilərinə baxdılar.
-Xudahafiz.
-Yolun açıq olsun, Qalib.
Canan sakit görünürdü. Qalib zorla gülümsəyirdi: “Səni unutmayacam. Daim xoşbəxt olmağını istəyirəm.
Dönüb qapını açdı, bir addım atdı, gedə bilmədi. Cananın və özünün koridora düşən kölgəsinin üstündən keçməli idi. Əvvəl-əvvəl buna tərəddüd etdi. Sonra nə düşündüsə, sürətli addımlarla kölgələrin üstündən keçib qapıdan çıxdı. Hər şeyi bir kölgə qədər arxada buraxdı…
Taksiyə minəndə açıq pəncərədən üzünə dəyən narın yağmur onu aylıtdı. Pəncərəni qaldırdı. İndi yağış onun qəlbinə, xatirələninin üstünə yağırdı…

Dilimizə uyğunlaşdıran: Nazilə Gültac; şair-tərcüməçi