Ev Bədii GÖYÜN QAPISI – İordaniya şairinin şeiri

GÖYÜN QAPISI – İordaniya şairinin şeiri

117

Məhəmməd Əli Taher Miqdadi1952-ci ildə İordaniyada dünyaya göz açıb. 1974-cü ildə Şam Universitetinin bakalavr, 1988-ci ildə isə İordaniya Universitetinin magistr pilləsini bitirib.
1994-cü ildə ABŞ-da “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1987-ci ildən İordaniya Yazarlar Birliyinin üzvüdür. 2006-cü ildə İordaniya Yazarlar Birliyinin Baş katibi olub. 2007-ci ildə isə Ərəb İnternet Yazarlar Birliyinin sədri seçilib. Ərəb dili Beynəlxalq Şurasının, Ərəb Yazarlar Birliyinin, Tunis Yazarlar Birliyinin və Amerikan İqtisadçılar Birliyinin üzvüdür. Bu, Məhəmməd Əli Taher Miqdadinin yaradıcılığından Azərbaycan dilinə ilk çevridir:

GÖYÜN QAPISI

Sehrli bir əldən axan gümüş kimi
suyu gurhagur axır bu şəhərin.
Tanrının dərgahına çox yaxın kralları
göyüzündən alırlar
müqəddəsliyi, igidliyi…

Burda küçələrin necə boğulduğu
şəhərin divarlarından,
qara zamanın işgəncəsindən,
yoxsulluğun pəncəsindən
və bir də
miqrantların üzündən bəllidir…
Qara fəhlələrin alın təri
hər şeyi izah edir.

Bu qəriblərdən biri də mənəm.
Yalvarıram, nə olar,
aç mənə qucağını.
Qədim incinin işiltısına
heyran olum.
Məni də al qucağına.
Bitməyən nağılların
alsın yorğunluğumu.
Küçələrin aparsın məni
qəlbimin gərilmiş tellərinin
çalınacağı yerə…
İzin ver,
param-parça olmuş xəyallarımı
ağ mərmərlərin boşluğuna düzüm…

Mən qəribəm.
Yaraşmaq istəyirəm bir lavanta çiçəyinə.
Və mələklərin, peyğəmbərlərin
həyat üçün
yeni bir tablo yaratdığı
o uca aləmə…

Mən qəribəm.
Sal daşların,
qızmış qumların,
qayadan yonulmuş yastıqların
tikanın və tükün dilini öyrənə bildim.
Lakin hələ də
bir işıq şüası kimi
aşiqlərin üzünə
və təzə çiçəklərin
tac yarpaqlarına düşən
dilini öyrənə bilmədim.

Mən qəribəm.
Qar qədər yalnızam.
Gecə və gündüz
bağlı qapıların arxasındayam.
O başa-bu başa
gedirəm-qayıdıram.
Sənətkarlardan başqa
heç kim fərq etmir məni…

Mən qəribəm.
Ayaqlarım
sərt yoxuşlarda yoruldu.
Qan dondu damarlarımda.
Ac qarğalar
xarabalıqlarımda
yaralı arzularını
hayqıraraq uçuşurlar.

Küləyin şiddətindən dilim tutuldu.
Oynaqlarımı gəmirən soyuq
məğlub oldu.
Və yenidən
aylı gecələrdə bədənimdə,
sümüklərimdə dolaşır o musiqi.
Elə buna görə də
Tanrıdan
uzun kölgəni qorumağı
diləyirəm.
Böyütsün zəhmətkeş Günəşini.
Və şəfqətli əlləriylə
xəyallara hamilə üfüqləri
genişləndirsin.

İngilis dilindən çevirən:
Rəsmiyyə SABİR