Ev Bədii Hər kəs məndən keçə bilməz – Yeni şeirlər

Hər kəs məndən keçə bilməz – Yeni şeirlər

879

Rəfail İNCƏYURD

Addamac

Ömür nədi?
-Zalım-zalım keçidlər,
Bu tayı var, o tayı var taleyin.
Çox dəlilər çayı vurub keçdilər,
Can, ay fağır, az çavala, az deyin.
Alnımıza yazılmayıb heç bizim
Dürlü-dürlü, tağlı-tağlı körpülər.
Görməmişlər nə görsünlər, əzizim,
Görəsilər görməlini gördülər.
Qol çirmələ, qara daşa könül aç,
Addamacdı bax bizimki- addamac!

Xoş ovqatlar dərənin o üzündə,
Bir qız sevdin- insafına yol uzun.
Vurnuxursan bir diləyin izində,
Qaranlığın aqibəti nə olsun?
Yamanlıqdan yaxşılığa varmı yol,
Bu nifrətdən məhəbbətə aman ver.
Zalım dünya, kötüyün bol, daşın bol,
İfçin-ifçin döşəməyə zaman ver.
Çoxalırsa o tərəfə ehtiyac,
Addamac ver, bir keçimlik addamac!

Misraları sel boyunca düzərəm,
Köçəsim var sevgi dolu yaddaşa.
Lənət olsun ayrılığa- dözərəm,
Ölüm odur doğmalıqlar yadlaşa…
Hər addamac hər kişini ötürməz,
Qoy açılsın Haqq qapısı taybatay.
Heç kim ORA ayrı saxlanc götürməz,
“Allah rəhmət eləsin”di axır pay.
Sən möhtacsan, mən möhtacam, o möhtac-
İman olsun o dərgaha addamac!
04.09.22

Can, ay qoca!..

Faniliyin yaxasına sancılan
ahılların hövsələsi dar olur.
Dinmədikcə səslədiyi ümidlər
Qoca dünya yavaş-yavaş kar olur.

Hər saatın öz qarası, öz ağı,
Cana dolur ömrün-günün sazağı.
Seyr eləmir heyran-heyran uzağı-
Toran gəlir göy üzünə, tor olur.

Gözəllərin insafına əl açır,
Borc istəyir ilahidən əlacı…
Həm kövrəkdi, həm şirindi, həm acı-
Məhəbbətin qocalığı zor olur.

Can, ay qoca! Asıldıqca vədədən
Səni saymır nə ruh, nə can, nə bədən.
Hicran odu döşədikcə təpədən
Buxarlanan göz suları car olur…
19.08.22

Adam

Kiminsə hər yana açıqdır yolu,
Kiminsə taledən bağlıdır qolu.
Kimsə hər yetənin müti bir qulu,
Kimsə “mənəm”liyin Şah Abbasıdı.

Gör, neçə ad endi, söz qondu haqqa,
Aqillər baxışı bir dondu haqqa.
Oğul var varlığı milyondu haqqa,
Oğul var dəyəri bir abbasıdı!

Yurdunda kök atıb, bitə bilməyən,
Nəsildən nəsilə ötə bilməyən,
Bildiyi düz yolu gedə bilməyən
Dünyanın ən yazıq palan-pasıdı.

İncəyurd, qınama əyyamı, vaxtı,
Hərənin yığvalı özünə haxdı.
Kim qura bilməsə qurmalı taxtı-
O, nakam ömrünün son xatasıdı!
30.02.22

***
Qibləgahım, ulum, ucam,
Əmanətdi yollar, Xocam!
Yox, körpü yox- addamacam,
Hər kəs məndən keçə bilməz.

Varam “olum” həvəsində,
Ruham İmrə nəfəsində,
Yol gedir can qəfəsində,
Gündüz bilməz, gecə bilməz!

Qadir Allah, o bir Allah,
Bölənləri bölür Allah…
İncəyurdu bilir Allah-
Aşiqləri necə bilməz!?
21.07.22

Belə yaxşıdı

Ərən oğullara, ay Vətən, qucaq
aç ki, abad olsun hər el, hər ocaq.
Şairlər Şuşaya qoy getsin, ancaq,
Qocalar kəndinə getsə yaxşıdı.

“Eşq” adlı ruh ilə dolan torpaqda,
Daşında qan izi qalan torpaqda,
Mərmi yarasını alan torpaqda
O vaxtı bitənlər bitsə yaxşıdı.

Nahaqqın öz adı, haqqın öz adı,
Sirdi yerin-göyün yeddinci qatı…
Xocalı millətin heysiyyatıdı-
O da nəğmələnib, ötsə yaxşıdı.

Hələ yerindədi o yağı düşmən,
Düzlən, canım-gözüm, son Haqqa düzlən!
Şeir öz yerində- gerçək əməlnən
hər kəs etməlini etsə yaxşıdı.
19.07.22

Olsun
(qoşaqafiyə)

Bu tərəfdən o tərəfə getməyə,
Gözəllərin gözlərində bitməyə,
Bir məzluma bir yaxşılıq etməyə
həvəs varsa, elə- olsun, qoy olsun.

Keçəndisə, hər xətanı böyütmə,
Hər mətləbi ütələnib üyütmə,
Onda dili həbs elə ki, zay ötmə,
Qəfəs varsa dilə, olsun, qoy olsun.

Nə yaxşı ki, haqqın gözü nəm deyil,
Nə yaxşı ki, son çarələr kəm deyil.
Qarabağın şikəstəsi bəm deyil,
Nəfəs varsa zilə, olsun, qoy olsun.

Keçmişinin sabahıdı hər ölkə,
Allah bilir nə “mütləq”di, nə “bəlkə”…
Atillaya, Teymurləngə, Babəkə
əvəz varsa, halə olsun, qoy olsun.

Var ol səni, ay yaradan, ay quran,
Car ol səni, ay güvəncim, ay Turan!
Zaman-zaman ruhdan ruha hayqıran
o səs varsa hələ- olsun, qoy olsun!
10.07.22

Bilgi

Batdıq yalan öyüləndə,
Əyriyə düz deyiləndə.
Səmtin sağı əyiləndə
“Vay səni…” solda bilinir.

On beşin beşi ayrıdı,
Bərkinin boşu ayrıdı.
Gəminin işi ayrıdı-
Qorxular salda bilinir.

Qalan süstlük, varan heydi,
Bu nə umu, nə gileydi.
Səxavət nə olan şeydi-
Hər şeyi bolda bilinir.

Böyüdün, paylayın, bölün,
Düz bölgünü hüzur bilin.
Önə çıxan zir-zibilin
Yiyəsi dalda bilinir.

Özünə özü elədi,
Haqqını özü dilədi.
Şahın ömrü hökm ilədi,
Xatası qulda bilinir.

Min içində yüz onluq var,
Düz hesabda düz sonluq var.
Zürafədə uzunluq var,
Əzəmət fildə bilinir.

Şeriyyətin söz tamı var,
Kamilliyi çöz- tamı var.
Hər nemətin öz tamı var-
Şirinlik balda bilinir.

Dan var qaranlıq çöksə də,
Haldan hala çökər səda.
Tikanı zəhlə töksə də
Bənövşə kolda bilinir.

Qüssə doymur, əzab doyur,
Elə dərd var yaşlar yuyur.
Duyğular bəmdə uyuyur,
Ağrılar zildə bilinir.

Talelər için bayrıdı,
O da ömrün bir hovrudu.
Günün güzgüsü ayrıdı-
Boy-buxun ildə bilinir.

Qoca qartal uca dağda,
İsaq-musaq gizli tağda,
Bülbüllər güllü budaqda,
Sonalar göldə bilinir.

Azdırmayın təbiəti,
Odu Rəbbin əmanəti.
Yetkinin qədri-qiyməti
Yolunmuş kalda bilinir.

Bir qocayam son ahım- nur,
Sarıca simə toxunur.
Məhəbbət gözdən oxunur-
Qədəri dildə bilinir.

Əqidəli ola dostlar,
Ürəklərə dola dostlar.
Yola çıxın, yola, dostlar,
Adamlar yolda bilinir!
10.06.22

Ahıllıq

Daha səndən umusu yox nazların,
Nə sızlarsan sırasında azların?
Gözlərindən alov yağan qızların
“Çəkil!”- deyib aralanan vaxtıdı.

Hardan alaq dildən pərgar “usta”nı,
Gözdən gözə yollar açan dost hanı?
Daha bitir məhəbbətin dastanı,
O dəftərin qaralanan vaxtıdı.

“Gəl-gəl” demir köhnə bəndin bərəsi,
Özgələrə həyan olur hərəsi.
Öləziyir dağ oynadan nərəsi,
Qoca şirin yaralanan vaxtıdı.

Gərək bağa bağban kimi girəsən,
Verdiyini “bəh-bəh” ilə dərəsən.
Tağ altında nə gizlənib, görəsən?
Şirin-şirin uralanan vaxtıdı.

Daraldıqca meydanların siniri
Lovğalanıb, “mən” deməyin nə yeri?
Çox azalır köhnə səsi-səmiri,
Yığnaqların paralanan vaxtıdı.

Son yeriyir hər gələnin peşində,
Bu dünyanın dəyirmanı işində.
Təpələlərin ətəyində, döşündə
Nişangahın sıralanan vaxtıdı.

Bu can ruha kirayədi hələ ki,
Boylanırıq Göy üzünə höləki.
Ay İncəyurd, ürəyi nur elə ki,
Ömrün-günün toran olan vaxtıdı.
17.04.22

İndi

Ya haqqı yazanlar azalıb gedir,
Ya, şeir eşq ilə oxunmur daha.
Ya, zövqün simləri pas alıb gedir,
Ya, söz sarı simə toxunmur daha.

Səsləmir ömürdən uçan anları,
Salmır əsarətə ruhlu canları.
İtirib ilahi həyəcanları
Hönkürüb ağlamır, uğunmur daha.

Narahat əzanı qaşıya bilmir,
Necə ağıl versin naşıya? –Bilmir.
Dumanlı duyğular daşıya bilmir-
Ürəkdən ürəyə axmır, nur daha.

İrfana haqq olan yazılır gec-gec,
Hərə öz kalına deyir: -Başa keç.
Sözündə nur olan cavanlar da heç
Köhnə kişilərə sığınmır daha.

…Şəhadət yolunda döyüşənlərə,
Olumlu ölümlə deyişənlərə,
Ömrünü söz ilə dəyişənlərə
Yön varsa, yaxın dur…
Yaxın dur daha!
28.03.22

Könül söhbəti
Məmməd İlqara

“İlahi, belə də gözəl olarmı?..”
Bu şeir deyil ki, baldı, a Məmməd.
Gör, neçə təcnisin, qoşman, gəraylın
Simlərdən simlərə qaldı, a Məmməd.

Yaxşı ki, bilmirsən nə gəlir başa,
Haşa, bu son vaxtın üzündən haşa!
Heç yanıb-yaxılma itən yaddaşa-
Alan düz eləyib aldı, a Məmməd.

Orda Calal, Şöhrət, Aslan, İncəli,
Avdı, Sadıx, Sadiq, Nazim dincəlir.
Oqtay, Kərəm, Akif, Məmməd köçəli
Ürək ürək deyil, xaldı, a Məmməd.

Şitəngi xəyalı teyləyə bilmir,
Gələni-gedəni əyləyə bilmir,
Dərdini özgəyə söyləyə bilmir-
Gördüyün o dillər laldı, a Məmməd.

İndi hardan alım Ağ at yolunu?
Barı, ümidlərin ağart yolunu.
Gəlirəm! Ürəyim Corat yolunu
Atdanıb yadıma saldı, a Məmməd.
20.02.22

Gözəllik

Gümanların, xəyalların dardasa,
Demək, hələ var sıxıntı, var tasa.
Kimnən ötrü, nədən ötrü, hardasa
Darıxdınsa, onda həyat gözəldi.

Sağ çökürsə, səmti dəyiş, sol eylə,
Aç qəlbini, yolçulara yol eylə.
Bacardıqca məhəbbəti bol eylə,
O biçimdə-donda həyat gözəldi.

Cavanlıqda baş qarışır hər şeyə,
Hələ sirdi gör nə qədər haşiyə!
Can, ay qoca, çıxammırsan eşiyə-
Anladınmı sonda: həyat gözəldi?

Həqiqətin mayasıdı nur, iman,
İçin doğru diləyinə ver aman.
Həyat eşqi, Vətən eşqi hər zaman
Dolanırsa qanda həyat gözəldi.

Olsun, neynək, hərdən dünya dar olsun,
Təki, Rəbbin lütfü sənə yar olsun.
Ağrısan da var olmağın var olsun-
Hər ləhzədə, anda həyat gözəldi!
10.02.22

Dedilər

Demədim hakimin caniliyindən,
Demədim həyatın aniliyindən.
Ötəri söz saldım faniliyindən-
“Sən gözəl dünyadan küsdün”- dedilər.

Göyün sərgisində ay sərgiləndi,
Şimşək qələm çəkdi, ulduz ələndi.
Qəlbimin səsindən yer sirkələndi-
“Sən niyə səsini kəsdin?”- dedilər.

Səhnələr dəyişdi, tamaşa döndü,
Həyatın fərəhi təlaşa döndü.
Sinəmin “ah”ları sal daşa döndü-
“Maaşallah, əladı büstün”- dedilər.

Haqqın kitabına maraq eylədim,
Yalanı özümdən iraq eylədim.
Ürəyi ovcumda çıraq eylədim-
“Amma, çox gözəldi tüstün”- dedilər.

Uyub yersiz ərkə, yersiz ədaya,
Nəyini ötürsün bu tay o taya?
İçi şeytan olan harın gədaya
Mövlanə əhlindən üstün dedilər.

Yuxarı bəllidi, hanı aşağın?
Gör yönü haradı yoxun-yasağım?
“Hamı ev-eşiyin, hamı uşağın-
Sən nəyin üstündə əsdin”- dedilər?..
12.01.22

Bilsin

Asan edib hər çətini
Bitir Turan xiffətini.
Dünya Türkün xislətini
Ula, Boz Qurd,
Ula,- bilsin!

Günah etmə yığın-yığın,
Yoluna çıx yolu ağın.
Çıx ki, onlar Ağrıdağın
ağrısını ala bilsin.

Orta Dolu, haça Qafqaz,
Ürəyini aça Qafqaz.
Tarix yazan qoca Qafqaz
Türküstanı qala bilsin.

Azərbaycan etdiyini,
Türkün harda bitdiyini,
Hardan gəlib-getdiyini
Bilən dünya əla bilsin.

Varma, dözmə hər zillətə,
Həqiqət var- candan ötə.
Rəbbim, yar ol bu millətə-
Olmalılar ola bilsin!
01.01.2022

Tural Adışirinin təqdimatında