Ev Bədii İlk görüş, son ayrılıq xatirində qalırmı? – Şeirlər

İlk görüş, son ayrılıq xatirində qalırmı? – Şeirlər

346

Dilimizvarlığımız.az Dövlət Mükafatı laureatı, şair, tərcüməçi Əhməd Cəmilin 110 illik yubileyi münasibətilə şeirlərini təqdim edir:

Can nənə, bir nağıl de

– Ay nənə, bir nağıl da de!
– Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
– Can nənə, de birini də.
– Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…
– Qar yağırmı?
– Elə yağır… sazaq qılınc tək kəsir…
Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;
Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.

Nənə yığır düyünçəyə iynəsini, sapını,
Külək hərdən taqqıldadır pəncərəni, qapını.
Körpə çəkir təzə, güllü yorğanını üzünə,
Gözlərini yumur… amma yuxu getmir gözünə.
– Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
– Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur..

Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı…
– Bəs ay nənə, atam indi haradadır, görəsən?!
– Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
– Axı, nənə, heç demirsən atam haçan gələcək,

Indi onu səngərdə bəs üşütmürmü qar, külək?
– Ömrum-günüm, körpə quzum, qurban olum adına,
Niyə köks ötürürsən o düşəndə yadına?
Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.
Deyir oğlum darıxmısan, görüşərik bu bahar.
Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,
Qaranquşla bir zamanda qayıdaram kəndə mən…
Heç darıxma, dərdin alım, atan gələr, o zaman
Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!
Di yat, indi gecə keçir…
– Onda, nənə, ay nənə!
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.
– Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,
Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.
Mən eyvana xalı sallam, anan evi bəzəyər,
Ey qadası süfrə açar, qohum-qonşumuz gələr.
Sən atanı qucaqlar, üz-gözündən öpərsən,
Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…

Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm,
Öpdü onun xəyalını indi özgə bir aləm;
Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…
Qucaqladı atasını, sonra kimsə çaldı saz…
Körpə özü hiss etmədən, onu yuxu apardı,
Çöldə isə bütün gecə külək tufan qopardı.

Yada salırmı

Ocaq sönür, yel əsir, yağış döyür səngəri…
Yenə düşür yadıma ömrün ötən günləri.
Hanı, hanı deyirəm, o dilimin əzbəri?
İlk görüş, son ayrılıq xatirində qalırmı?
Görəsən o gözəl qız məni yada salırmı?

Ötən bulud, uçan quş! Mən burda, yar vətəndə…
Bəlkə düşdü yolunuz bir gün bizim də kəndə.
Görün bağa – eyvana sərin kölgə düşəndə
O qız yenə oxuyub, şən mahnılar çalırmı?
Görün hər nəğməsində məni yada salırmı?

Nə mən ürək edirəm yazım ona bir kağız,
Nə də mənə yazmayır o şən, o mehriban qız.
Bir biləydim, görəydim neyləyir indi yalqız?
O də məni düşünüb, heç xəyala dalırmı?
Görəsən o gözəl qız məni yada salırmı?

Doğrudur, bilmək olmaz könülləri uzaqdan,
Hər gün vurub salır yel bir yarpağı budaqdan…
Mənsiz su dolduranda hər dan üzü bulaqdan,
Bəzən heç doluxsunur, heç qanı qaralırmı?
Görəsən o gözəl qız məni yada salırmı?

Yan tonqalım, tüstülən, yan könlümtək, ey ocaq!
İki kəlmə yazmağa mən üzsüz, yar utancaq…
Heç olmasa yazaydı o qız bircə söz ancaq…
Görəydim soraq edib məni xəbər alırmı?
Biləydim o gözəl qız məni yada salırmı?

Vətən

Ey Vətən, ana Vətən,
Heyranam sana, Vətən!
Dupduru göllərin var,
Yamyaşıl çöllərin var.

Dağların baş-başadır,
Düzlərin tamaşadır.
Dərələrin dərindir,
Yaylaqların sərindir.

Nə gözəldir qucağın,
Doğma odun-ocağın!
Kəndlərin gül-çiçəkdir,
Şəhərlərin göyçəkdir.

Sakitdir gen düzlərin,
Coşqundur dənizlərin.
Sən dünyanın gözüsən,
Taleyimin özüsən.
Sevirəm bayrağını,
Öpürəm torpağını!

Analar

Atalar dünyanın
quran əlidir,
qüvvətli, mətin.
Ana ümid, fərəh,
nur məşəlidir
bəşəriyyətin!

Dünyada dil açıb
ilk dinəndə də
« ana » deyirik,
Qocalıb dünyanı
tərk edəndə də
« ana » deyirik.

Bütün dahilərə
layla çalar o,
günəşli layla…
Bütün ürəklərə
şəfəq salar o,
günəşlə, ayla.

Ana mərd olanda
nənə ağbirçək,
baxışları nur,
Qızları böyüyər
ay parçası tək
qüdrətli, məğrur.

Oğullar dünyanın
gələcəyidir,
ana bu günü,
İnsanlıq hər şeydən
müqəddəs bilir
ana südünü!

Gülür günəş, gülür çəmən

Gülür günəş, gülür çəmən,
Açır bənövşə, yasəmən,
Pıçıldayır axan sular:
Baharın özgə hüsnü var…
Vurulmuşam bahara mən!

Yaşıl yamacda qumru tək,
Ötür yanıqlı bir tütək.
Haray salır kamançalar:
Al örpək örtdü bağçalar.
Yuyundu şehlə gül-çiçək!

Güləndə axşamüstü gül,
Üfüq geyir narıncı tül.
Yanır hər evdə bir ocaq.
Fərəhlənir oğul, uşaq…
Baxanda şad olur könül.

Yananda göylərin şamı,
Gözəl olur yaz axşamı…
Dinir hər evdə tar, qaval,
Gülür min arzu, min xəyal…
Gülür baharda el – hamı!

Görüb zəfər baharını,
Silib könül, qubarını,
Uçan bulud, əsən külək,
Dilində nəğmə sübhədək
Gəzir Vətən diyarını!

Tural Adışirinin təqdimatında