Əziz dostum, dəyərli qardaşım
Məmməd İsmayıla…
Qəfil açılmış bir güllənin sal qayalarda əks-sədası kimi uğuldayır aclıq ayinindəki quşun naləsi… Qanadlarını küləyin ixtiyarına təslim etmiş qartal bir xəncərin iki üzünə həkk edilmiş gözləriylə yamacları süzür, başı üzərində dairələr çizdiyi boşluğun fövqünə varmağa can atır… Qayaları titrədən bu inilti sanki təbiətin hər nöqtəsinə sirayət edir. Güclü bir pəncənin caynaqları arasında can vermə qorxusu… Bütün canlılar tədirgin, bütün quşlar qanadsız…
Qarın içində al-qan tərə bata-bata bir ceyran enir dağ yamacından. Yuvadan uzaqlaşmış balasının arxasınca tələsir, əlacsız ümidsiz baxışlarla yollara boylanır. Ağzında bir tutam otun acısı, bəlkə də illər öncə döşlərinə enən südün sızıltısıyla budaqları aralayaraq qarı yara-yara sıçrayır dar cığırlardan. Ağacların, budaqların arasında gah görünür, gah da gözdən itir. Dik yamaclardan ovaya enəndə başının üstündəki qara bulud da, o quşun iniltisi də düzəngahı bürüyən dumanın içində itir… Duman içindəki bu incə cığır, balasını qartallar, qurdlar əlindən qurtaracaq cığırdı, bəlkə də… Dağ ayazında buz bağlamış kirpiklərinin də, nəmli gözlərinin də donu açılır. Daha sürətlə irəli atılır, daşdan daşa sıçrayır ana ceyran…
***
Gecələri sözlər uçuşur otaqda… Bəzən söz yağmuruna tutulur yetim oğlan, yuxu ilə oyaqlıq arasında duyduğu sözlərin bir röya olduğunu zənn edir, sonra yarısı zehnində qalan misraları kağıza köçürür… Qapılarının önündəki yaşıl alma ağacı, kolxoz üçün müsadirə edilməyə dəyəri olmayan təpəl qoyun, müharibədə ərini itirən dul qadın və atası üçün darıxan bir uşaq boylanır vərəqlər arasından:
“…Biz dörd nəfər idik
Təpəl qoyun idi,
Gəzəl alma idi
Anamdı, məndim…
Gələcək həyatın xatirəsinə
Bizi atmışdılar Yer kürəsinə…”
Bəzən də ürəyini yandırıb-yaxan, etiraf edə bilmədiyi gizli bir sevdanın yanğını boy göstərir o vərəqlərdə…
“…Gör mənim qismətim nələr, nələrmiş,
O uzaq sandığım yaxın gələrmiş…
Sən demə, dağlara qar ələnərmiş
Dumandan xəbərsiz, çəndən xəbərsiz…
Mən səni sevmişəm səndən xəbərsiz…”
***
Adını dərs kitablarında oxuduğu adamların yanında xəyal edir. O sözləri yeni vərəqlərə yaza-yaza bir zərfə qoyaraq göyərçin qanadlarıyla şəhərə göndərir. Kəndə on beş gündə bir gələn qəzetləri, dərgiləri həvəslə oxuyur, amma səhifələrin bir küncündə adını görə bilməyəndə o qəzetlər od olub ürəyini yandırmağa başlayır. Yenidən sarılır qələmə, kağıza…
“…Yarın soyuqluğu yara dağ olur
Ürək istəməzsə, unutmaq olur.
Bilməm ki, nə qədər yas tutmaq olur,
Qurumaz gözümün yaşı bir ildir…”
***
Quş tükündən olan yataqda da uyumaz sevda… – deyir qadın. Oğlunun otağında öz-özünə danışdığını eşidir, qulağına gələn kəsik-kəsik səslərdən nəfəsi təngiyir ananın, içindəki tədirginliyi heç nə ilə ovuda bilmir: “İlahi, Sən özün qoru balamı! Ağlını itirir oğlum… Qara sevdayamı tuş gəldi? Ocağımın ümidini xilas eylə, ya Rəbbim! Sən onun üzünə bax! Mənim bu yetimdən başqa kimim var?”
Sonra xatirələrin kor atəşində yanmağa başlayır qadın: Səfərbərlik çağırışını eşidir sanki… Qucağında altı aylıq oğlan ilə ömrünün baharında bir gəlin gəlib dayanır gözlərinin qabağında… Ağı səsləri gəlir qulağına… Uğultu, vəlvələ… Müharibənin həzin türküsünü söyləyir rüzgar. Ümidlərə qar yağır…
Qatar stansiyası… Vaqonlara minib ölümə üz tutur oğullar, atalar… Gəlinin qucağındakı oğlanın gözlərinə son dəfə baxmaq istəyir atası… O uğultu içində hər şeydən xəbərsiz yuxudadır məsum körpə… Bir gün tale elə gətirəcək ki, gözlərində ata rəsmi, üzərində ata kölgəsi olmayacaq…
Zənglər çalınır. Əsgərlər əmrlər yağdırır. Havaya tünd qara duman üfürən qatar relslərin üstündə irəliləyə-irəliləyə gözdən itir. Körpəsini bağrına basıb yaşlı gözlərlə uzaqlara baxır gəlin… O qatarın da, o qatara minib gedənlərin də bir daha geri gəlməyəcəyini bilir…
O günlərin, o kövrək xatirələrin atəşində qovrulan ana indi için-için ağlamağa başlayır, oğlu isə yan otaqda söz ilə savaşdadır…
***
Göyərçin qanadlarıyla şəhərə gedən vərəqlərdən biri günlərin birində qəzet səhifəsində kəndə geri qayıdır. Sanki o qəzet dağlar qucağındakı unudulmuş bu kəndi incə bir yol ilə yenidən şəhərə bağlayır. Bu yol getdikcə genişlənir oğlanın gözlərində… Bu sözlər döşənmiş incə torpaq yol, geniş asfalt yollara çevrilib paytaxta qədər uzanır. Qadının bütün qorxuları tərk edir canını, bu yolu yuxusuz gecələrin açdığını anlayır… Kəndin ağsaqqaları, ağbirçəkləri alma ağacının önündə gözaydınlığına toplanır.
Sevinc göz yaşlarına qərq olan Ana qəzeti bağrına basır, dəliqanlılığa yenicə qədəm qoyan oğlanın ürəyi köksünə sığışmır…
***
Bu qapını heç tanımayan, bu evə-eşiyə yad bir adam yaxınlaşır qapıya. Bir məktub uzadır Ananın əllərinə… İllərdi gözləri ərinin yolunda qalan qalan qadın bəlkə də cəbhədən xəbər gəldiyini düşünür… Əgər məktubu gəlibsə, mütləq bir gün özü də gələcək, – deyir ürəyində səssizcə… Ərinin üz cizgiləri oğlunun çöhrəsinə çökür. Ərini cəbhəyə çağırdıqlarında gələn məktubun üstündəki möhürlə eyni möhür var zərfin üstündə… Həyəcanla məktubu açır qadın.
Bir çağırış məktubuna bənzədir onu. Təlaşlanır, göz yaşlarını saxlaya bilmir… Yenə müharibəmi döyəcək qapımızı?! – zərfi aça-aça əlləri kimi ürəyi də əsir biçarə qadının…
“Bu, dəvətnamədir” – deyə gülümsəyir oğlan… Döyünən qəlbi rahatlayır qadının. Bu dəvətnamə gecələri otaqda sözlərin açdığı yolun bitdiyi yerdən – şəhərdən gəlir. Oğlan məktubu oxuyunca az qalır ki, ürəyi köksündən çıxsın… Anlı-şanlı şairlərin hüzuruna çağırırlar onu.
Arzuların qanadında uçur, xəyal ölkəsində at çapır oğlan, şeirlərini oxuyur… Zalda oturanlar sözlərini yarımçıq kəsib alqışlayırlar onu. Qüdrətli bir şair ayağa qalxıb mədh edir oxuduqlarını… Dəftərindəki şeirlər kitaba çevrilir, üzərində adı yazılan kitabı əlinə alır, üz qabağını, səhifələrini əzizləyə-əzizləyə sığallayır.
Anasının göz yaşları düşür məktubun üzərinə. Sanki bu göz yaşları, kağızlardakı mürəkkəbi poza-poza indiyəcən qara gəlmiş taleyin, nakam bəxtin alın yazısını silir, yeni bir yazı qələmə alır, bir yetimin ağaran bəxtinin işıqları söz-söz otağa yayılır…
***
Bir sevinc həyəcanı bürüyür evi… Qonşu uşaqlarının birindən şalvar, birindən köynək istəyir Ana… birinin jaketi dar gəlir oğlanın əyninə, birinin şalvarı böyük olur belinə…
O gecə yastığının altına qoyur oğlan şeirlərini yazdığı dəftəri. Bəlkə də bu dəftərin içindəki sözlərə tutunaraq çıxacaq işıqlı dünyaya…
Dan yeri sökülüncəyədək gözlərinə yuxu getmir Ananın. Sabah azanında oyandıracaq oğlunu, meşədən odun daşıyan kamazlardan birinə mindirib rayona göndərəcək. Oğlunun o gedişi ərinin gedişi kimi olmayacaq, qadın bütün qəlbiylə hiss edir bunu…
Qar yağır. Ana-bala gündoğmamış yola çıxırlar. Sulu qar yolu elə hala salıb ki, ikisi də yeriməyə çətinlik çəkirlər. Bu dağ yamacından düzə enən yolun beş-altı kilometrliyindədir rayon mərkəzi… Sıldırım yamaclardan aşağı enə bilsələr, gerisi asan olar. Hələ gün doğmamış olsa da, yoldan keçən kamazların işığı qaranlığı yarır. Səhərin alaqaranlığında beş-on kamazdan başqa bu yoldan keçən olmur. Ta ki sabah gedən o maşınlar axşam geri qayıdana qədər…
Ana-bala yolun kənarında bir-birinə qısılıb odun yüklənmiş kamazlara saxlamaq üçün əl qaldırırlar. Kamazların saxlamadığını görən qadın başı kəsilmiş toyuq kimi çırpınır.
Sürücülər iki əlini yanlara açıb yollarına davam edirlər. Nə biçarə qadın, nə də oğlu bu işarənin nə demək olduğunu anlaya bilmir. İçində dəli bir həyəcanın atəşi yansa da əlləri üşüyür oğlanın. Qadın: “Dəftərini mənə ver, sən əllərini cibinə qoy, əllərini isit, balam!” – deyir. Oğlan anasının dediyi kimi edir. Ana dəftəri müqəddəs bir əmanət kimi köksünə sıxır. Zaman daralır…
Rayona vaxtında yetişə bilməmək qorxusu oğlanın içində köz kimi yanır. Fikri qaranlıqlaşır, günlərdir önündə açılan yollar getdikcə daralır, qapanır, qarın içində əriyib yox olur…
Qaranlığı yaran sonuncu kamazın işartısı içindəki son ümidini ölməyə qoymur oğlanın…
Ana az qala özünü maşının qabağına atır, amma yollar qarla örtüldüyündən saxlamaq mümkün olmur. Yavrusunu itirmiş qurd kimi ulayır qadın. Fəryad edir. Keçib gedən sonuncu maşının arxasınca baxa-baxa qalır. O anda sanki bəxt ulduzu yenidən doğur ömrünə. Bir neçə yüz metr irəliləyib düzəngaha çatan kamaz qəza dayanma işıqlarını yandıraraq bir kənara çəkilir. Kamazdan enən sürücü “Gəlin!”- deyə əl eyləyir. O anda əllərini havaya qaldıran qadın: “İlahi!” deyir, “Sən bu yetimin üzünə baxdın! İşığına qurban olum!” Sonra oğluna tərəf dönərək: “Tez ol, qaç, get balam! Allah amanında ol!”
Qarlı yolu heyrət içində qaçır oğlan, bir az da irəliləsə, bircə o kamaza minə bilsə, bu qarlı, çamurlu yollar onu bəlkə də onu zirvələrə çıxaracaq… “Qaç, cəld ol” deyir kamaz sürücüsü. “İçəri doludu. Cavan oğlansan, maşallah! Qalx yuxarı odunların üstündə otur!”
Dağ ayazı iliklərinə qədər dondurmuş olsa, oğlan hər halından xoşbəxt görünür. Min kərə şükür edə-edə kamaza qalxır, qonşu uşaqdan borc aldığı paltonun yaxasını yuxarı qaldırıb başını içəri salır. Kamaz sürətləndikcə içini gəmirən ayaza tutulsa da, şeirlərini oxuyacağı salonun isti havası ruhunu isidir. İlıq bir bahar havası yayılır bədəninə… Sanki dua edirmiş kimi şeir oxumağa başlayır:
“…Fikrinin ən müqəddəs
Mayasından doğmuşam.
Daşından, torpağından
Qayasından doğmuşam.
Mən anamın Tanrıya
Duasından doğmuşam
Mənəm dua oxuyan…”
Rayonun uca binaları görünür uzaqdan. Nəfəsiylə əllərini isitməyə çalışır oğlan, əllərini qoynuna salır. Birdən şeirlərini yazdığı dəftəri gəlir ağlına. Ciblərini yoxlayır, qoynunu, qoltuğunu… Dəftəri tapmayınca üşüyən bədəni qan tərə batır, içindən ağrılı bir sızıltı keçir…
***
Oğlunun getdiyi yollara baxa-baxa sevinc içində əllərini göyə açaraq şükr edən Ana duasını bitirincə əllərini çarpaz bağlayıb barmaqlarını qoltuğunun altına qoyur. Elə o an əlləri qoynundakı dəftərə toxunur.
Ana Oğlunun adını çağıra-çağıra elə fəryad qoparır ki, uzaq dağ yamaclarından dərələrə qədər iniltisi əks-səda verir… O fəryad göyə yüksəlib Tanrı qatına çatsa da, bu səsi nə qarlı yollarda sarsıla-sarsıla gedən maşının sürücüsü eşidir, nə də kamazdakı odunların üstündə oturub ayaza, şaxtaya rəğmən ürəyindəki ümidlə isinən oğlan eşidir…
Yaralı quş kimi inləyən Ananın naləsi dağlara yayılaraq əks-səda verə-verə gəlib qadının öz qulaqlarında uğuldayır.
***
Mənzil başına yetişirlər. Kamazdan aşağı atlanan oğlanın soyuqdan üyüşmüş əlləri, ayaqları bir müddət key kimi hərəkətsiz qalır, oğlan bədənində dözülməz bir ağrı hiss edir. Əllərini ciblərinə atanda nitqi tutulur. Gecələri yastığının altına qoyub hər sabah yenidən oxuduğu o dəftəri ciblərində tapa bilmir.
Günlərlə əzbər söylədiyi şeirlər birər-birər hafizəsindən uçmağa başlayır. Yaddaşının divarları sanki himi uçmuş divar kimi bir-bir yıxılır. Şəklini, səhifələrini əzbərlədiyi dəftəri gözləri önündə canlandırmağa çalışsa da, o yazılardan yaddaşında bir əsər-əlamət tapa bilmir. İndi bu rəsmi adamların, bu izdihamın içində olmasaydı, o şeirlərin hamısını əzbər söyləyə bilərdi. Fəqət bu təlaş onun beynində izahsız bir xaos yaradır. Onu hər addımında qoruduğuna inandığı Tanrıya yalvarır. Amma bütün sözlər əksik, bütün sözlər yarım, şeirlərin başlığını belə xatırlaya bilmir.
***
Ana fəryad qoparır, qarı yara-yara maşının arxasınca qaçmağa başlayır, arabir yaylığını çıxarıb yelləyir başqa bir maşının gəlməsini gözləyir…
***
Dağın yamacından düzəngaha doğru canını dişinə tutub səkir bir ana ceyran… Qara bulud kimi göydə dolaşan qartalın kölgəsi düşür üstünə…
***
Çıxışlar, alqışlar, təriflər… Salonun qarşısında iki böyük şəkil, önündə qurulmuş protokol masası… İki şəkil arasında qızıl bayraq, bayrağın üstündə oraq və çəkic… Oğlanın keyiyən bədəninin donu açılır yavaş-yavaş, islanan pal-paltarlarından buxar qalxır. Gecələr sübhə kimi əzbərlədiyi sözləri toparlamağa çalışır zehnində… Bahar buludu kimi dolub, elə kövrəlib ki, toxunsalar, ağlayacaq… Salonun istiliyi sanki sərxoş edir oğlanı, həzin bir yuxu çökür üstünə, gözləri qapanır…
Salondaki nəhəng şəklin içindən çıxıb ətə-qana dolan qalın bığlı bir adam gəlir yanına. Atasını cəbhəyə göndərən adamdır o. Şeirlərini yazdığı dəftəri çəkib əlindən alır, sanki o şeirlərin arasından bir günahkar misra axtarır. Oğlan ürkək gözlərlə ona baxır. Bədheybət kişi qaşlarını çataraq dəftərin səhifələrini çevirir.
Onun çevirdiyi hər səhifədən qırmızı mürəkkəb axır və qan içindəki hərflər bir-bir qarın içinə tökülür. Kişi iri dişlərini göstərərək gülümsədikcə daha da eybəcərləşir, dəftəri yenidən oğlana qaytarır. Oğlan dəftərinə qovuşmağın sevinciylə açır səhifələri, amma bütün vərəqlər qar kimi bəmbəyaz…heç bir yazı gözünə dəymir…
Gurultulu alqışlar qopur, oğlan diksinərək yerindən qalxır. Az öncə əzbərdən oxuduğu şeirlər də silinir hafizəsindən. Qarşısındakı bədheybət görünüşlü adamın şəkli gülümsəyir üzünə. Az öncə dəftərindəki şeirləri baxışlarıyla silən adam indi də oğlanın hafizəsini silir…
“Adım oxunanda ayağa qalxmaram, məni kim tanıyır ki? Gəlmədiyimi düşünərlər, sonra bir məktub yazaram, maşın tapa bilmədiyim üçün gəlmədiyimi söyləyərəm” – deyə düşünür. Hər gənc şair səhnəyə çıxanda alqışların ardınca dərin bir səssizlik çökür salona. Zaman keçir, oğlanın sırası yaxınlaşır. Yeni bir gənc şair səhnəyə çağırılmadan öncə oturduğu yerdəcə əriyən, buxar olub salondan çıxan oğlan başqa bir ad çəkiləndə yenidən salonda zühur edir.
Səssizlik… az öncə səhnədən enən gənc şairin şeirləri haqqında ustad bir şair danışacaq, salonda nəfəs səsi belə eşidilmir.
Bayırda bir gurultu qopur. Sanki qurdların hücumundan sonra yenidən yavrusuna qovuşan, inləyən bir Ana ceyranın səsi…
Havaya bir güllə atılır elə bil. Qapı guppultu açılır. Salondakı hər kəs qapıya yönəlir. Saçları pərişan, gözləri yaşlı bir Ana ceyran girir içəri. Üstü-başı islanmış ağçirçək bir qadına dönür o ceyran… Ağzındakı bir tutam ot da qara cildli bir dəftərə….
Vəhşi yırtıcıdan ürkmüş kimi irəli atılır ceyran balası…
Ana sinəsindəki ilk südün sızıltısını yenidən hiss edərək dəftəri balasına uzadır…
Türkcədən çevirəni: Xəyalə Zərrabqızı