Ev Bədii Kəlbəcərə güzar durur qarşıda.. – Şeirlər

Kəlbəcərə güzar durur qarşıda.. – Şeirlər

252

Ələmdar Cabbarlı

* * *
Şuşasız işimiz yarımçıq qalar –
Yarımçıq qalmadı işimiz – şükür!
Gözün aydın olsun, Pənahəli xan
Zillətdən qurtuldu Şuşamız – şükür!

Açılmaz bir düyün çıxdı tilsimdən,
Əla qiymət aldıq Vətən dərsindən!
Müzəffər Ordumun ayaq səsindən –
Silindi gözlərdən yaşımız – şükür!

Millət soy-kökünə, əzələ döndü,
Hər şəhid sönməyən məşələ döndü!
Oğullar hərə bir heykələ döndü –
Qayamız – Mübariz! Daşımız – Şükür!

Bayquş kəsə bilməz Vaqifin dilin,
Şaqraq nəğməsini Xanın, Bülbülün.
Çiçəyi çırtlayıb Xarıbülbülün,
Bahara çevrilib qışımız – şükür!

Yaddaşım dirilib, ruhum oyanıb,
Hamı səngərində sayıq dayanıb.
Yurdum başdan-başa nura boyanıb –
Ta bir də qaralmaz qaşımız – şükür.

Gerçəyə çevrildi hər arzu, murad,
Qarabağ təzədən açdı qol-qanad.
Gözün aydın olsun, qəhrəman Polad,
Aldı qisasını Paşamız – şükür!

Türkiyə

Səninlə əl-ələyik
Yanındayıq, Türkiyə!
Nəfəs qədər yaxınıq –
Canındayıq, Türkiyə!

Gəldik, hayına gəldik –
Qorqud soyundan gəldik,
Oğuz boyundan gəldik –
Qanındayıq, Türkiyə!

Kül olsun düşmənlərin,
Gülsün köyün, şəhərin.
Doğacaq xoş səhərin –
Danındayıq, Türkiyə!

Yolumuz aydın, nurlu,
Şuşalı, Zəngəzurlu.
Tarixin ən qürurlu –
Anındayıq, Türkiyə!

Yenilmərik bir yada,
Sahada, nə masada!
Bitəcək bu qan, qada
Sonundayıq, Türkiyə!

02 avqust 2021

Dəymədim xətrinə

Sifəti tanışdı, üzü tanışdı,
Bu qız zəmanənin öz uşağıdı.
Məni görən gündən yalan danışdı,
Dedi inanacaq, söz uşağıdı.

Üzdü işvə məni, üzdü naz məni,
Bu yollarda az gözlətdir, az məni.
Dedi kənddən gəlib, anlamaz məni
Dərə uşağıdı, düz uşağıdı.

Düşündü atmağa nə var ki bunu.
Özgəyə satmağa nə var ki, bunu.
Dedi aldatmağa nə var ki, bunu –
Əyri zəmanənin düz uşağıdı.

Bitib yollarında qala bilərdim,
Onu öz günümə sala bilərdim.
Mən ondan intiqam ala bilərdim –
Dəymədim xətrinə – qız uşağıdı…

Qarşıda

İstəyirəm bir tərəfə üz tutum,
Çəpər durur, hasar durur qarşıda.
Həsrət məni yaman vaxtsiz qocaltdı
İnanmışdım vüsal durur qarşıda.

Yavaş-yavaş haqlıyıram əllini.
O da ola,ya olmaya bəllimi?
Bilirəm ki, tapmayacam həllini
Yaman çətin misal durur qarşıda.

Hələ kefimizin çağ vaxtlarıdı.
Hələ üzümüzün ağ vaxtlarıdı.
Hələ canımızın sağ vaxtlarıdı.
Ağrı durur, azar durur qarşıda.

Hələ bəxtimizin xoş günləridi.
Bir də gördün, o xoş günlər əridi.
Hələ ömrümüzdə iş günləridi.
Şənbə durur, bazar durur qarşıda.

Yavaş-yavaş ömrün, günün dadı yox.
Bir də gördün, bu ocağın odu yox
Yekə-yekə danışmağın adı yox.
Ölüm durur, məzar durur qarşıda

Ölüm sözü hardan düşdü dilimə?
Neçə dəfə əli dəyib əlimə.
“Qürbət yerdə can vermərəm ölümə”
Kəlbəcərə güzar durur qarşıda.

Hər gün aldadıram anamı, Allah

Bu axşam gələcək qonağım-qaram,
Bu axşam dərdimin yaşı olacaq.
Hamıdıan birinci təbrikə gələn
Gözümün bir gilə yaşı olacaq.

Biz dərddən tutulan səmayıq, göyük,
Sevinci heç yoxdur, kədəri böyük.
Mən hardan biləydim yapışdığım yük –
Dünyanın ən ağır daşı olacaq.

Qaçıb gətirmişəm tək Sənə pənah.
Qoyma gora gertsin mənlə bu günah;
Hər gün aldadıram anamı, Allah
Hər gün deyirəm ki, yaxşı olacaq.

Ata, qəbiristanlıq yaman böyüyüb

Ata, qəbiristanlıq yaman böyüyüb,
Səni dəfn edəndə beş-on məzardı.
Ölüm sudan ucuz, amma məzarın
Üstündə növbədi, giley-güzardı.

Vallah, qayğılarım başımdan aşıb,
Sınıq ürəyimi dur bağla görək.
Ata, qəbiristanlıq yaman sıxlaşıb,
Yanında yerimi bərk saxla görək.

Sevincdən qismətim o qədər kəm ki,
Kədər çalışır ki, qəsdimdə olsun.
Qəbrinin səmtində ev tikmişəm ki,
Qoy gözün hər zaman üstümdə olsun.

Ata, qəbiristanlıq yaman böyüyüb,
Yaman çoxalıblar, qoşun olublar.
Allah behişt versin – kənd qonşuların
Gəlib şəhərdə də qonşun olublar.

Ruhuna yazmışam bu sətirləri,
Bir az ağı olsun, şeir olsun bir az.
Bir az da ağlayım qəlbim boşalsın,
Qoy təzə dərdlərə yer olsun bir az.

Tural Adışirinin təqdimatında