Ev Bədii Kəmaləddin Qədim: Çox gözəl çəkirəm sözün şəklini

Kəmaləddin Qədim: Çox gözəl çəkirəm sözün şəklini

1508

Kəmaləddin QƏDİM – 65

Mən olmamışam

Tanrım uzaq tutub şöhrəti məndən,
Şöhrət olan yerdə mən olmamışam.
Salıblar hardasa söhbəti məndən,
Qeybət olan yerdə mən olmamışam.

Nəyim var sözdədi, sözdən nə gizli,
Düzdə qalmağım da düzdən, nə gizli.
Allahdan gizli yox, sizdən nə gizli,
Xəlvət olan yerdə mən olmamışam.

Daim adam bilib sardım adamı,
Vallah, bir başqadı yardım adamı.
Xalq dövlət olanda vardım, adamı
Dövlət olan yerdə mən olmamışam.

Yerim yox, adıma yazılıb qayıb
Harda abır-həya, ismət olmayıb.
Mən olan yerlərdə qismət olmayıb,
Qismət olan yerdə mən olmamışam.

Başımdan tac kimi salınıb Şuşa,
Qəlbim Xocalıda çəkilib şişə.
Qanımı almağa fürsət gəzmişəm,
Fürsət olan yerdə mən olmamışam.

Günahdı dörd yanım, günah olan yer,
Günahdan görünmür vallah, olan yer…
Demirəm olmayıb Allah olan yer,
Əlbət olan yerdə mən olmamışam…

İndi necə üşüdürsən, bilirəm…

Ömrü-günü öz başına dar olan,
Öz-özünə qənim pirsən, bilirəm.
Nəyi varsa aşkar olan, car olan,
Necə gizlin, necə sirsən, bilirəm…

Yalnız doğrun, düzün olur gecələr,
Danışmağa sözün olur gecələr.
Gülüm, nədən uzun olur gecələr,
Nə çəkirsən…kaş ki, bilsən, bilirəm…

Yaşatmaqdı işim-peşəm adını,
Özün qədər sevirmişəm adını…
Əzbərimə çevirmişəm adını,
Hər çəkdikcə eşidirsən, bilirəm…

O dörd divar…o da ki sən…tənha, tək,
O da ki çöl…dəli-dolu bir külək…
Əyni yalın bir çiçəksən, bir çiçək,
İndi necə üşüdürsən, bilirəm…

Qoymuram bir gün də gözdən özümü..

Elə gedirəm ki, üstümə hərdən,
Salıram lap vallah üzdən özümü.
Bəlkə uzaq tutam ruhumu şərdən,
Qoruyam atəşdən, közdən özümü…

Gün çıxır, açılır sabah, çıxıram,
Gözləyir boş təknə, tabaq, çıxıram.
Hər axşam özümə qabaq çıxıram,
Yolçu eləyirəm tezdən özümü…

Bu gündə-dirrikdə, biçimdə hər gün,
Bir cür əkindəyəm, biçində hər gün.
Əriyib itsəm də içində hər gün,
Görsəm tanıyaram sözdən özümü…

Əlacam, çarəyəm özüm üstümdə,
Öldürüm nətəhər dözüm üstümdə?
Hər gün üstümdədi gözüm, üstümdə,
Qoymuram bir gün də gözdən özümü…

Göz yaşlarım kimiydin..

Nədən Tanrıdan gələn
buta bilmədim səni?
Saydım bir dadlı bəla,
xəta, bilmədim səni…

Bu nə bəxtdi, qədərdi,
Nə becərdim, nə dərdim…
Vəsf eləyib döndərdim
bütə, bilmədim səni…

Səhvəm bilirdim nədə,
Öldüm, dirildim nədə…
Nə qala bildim, nə də
ötə bilmədim səni…

Bircəmdin, təkimiydin,
Qəlbimə hakimiydin.
Göz yaşlarım kimiydin
tuta bilmədim səni…

Dərdindən öldüyüm bir qadın olub

Baxma ki ən çətin oxunan kitab,
Ən çətin çözülən sirr qadın olub…
Adına həmişə and içiləsi,
Ən təmiz, ən qutsal yer qadın olub…

Qadın təbəssümü, qadın gülüşü,
Tanrının ən gözəl rəsmi, əl işi.
Adəmdi bəlkə də ən azad kişi,
Həvva da ən azad, hürr qadın olub…

Gəlmişəm, gələsi bu dağılmışa,
Nə ürək yaxıb, nə könül qırmışam.
Sevib ətəyində namaz qılmışam,
Olub da bir ocaq, pir qadın olub…

Gəlsin Tanrı haqqı gözümdən desəm,
Nəyi kəsir desəm, nəyi kəm desəm…
Kimsə inanmasın sevirəm desəm,
Dərdindən öldüyüm bir qadın olub…

Mən adda biri var‐daş tərəzidi

Kim deyir, tək elə fikir çəkənəm,
Çəkir də gözümə gözüm şəklini.
Mən həm də çox gözəl şəkil çəkənəm,
Çox gözəl çəkirəm sözün şəklini…

Gündüz gülər görüb surətimi də,
Aldanma, nə çəksəm gecə çəkirəm.
İllərdi mən sənin həsrətini də,
Gülüm, bilirsən ki, necə çəkirəm…

Canımın bir gizli sirri yox artıq,
Vicdan dedikləri baş tərəzidi.
Dünyada mən adda biri yox artıq,
Mən adda biri var‐daş tərəzidi…

Dərdi də tuturam dilə, çəkirəm,
Kənardan eşidib, duyanı olmur.
Vallah, ağrını da elə çəkirəm,
Bir qram o yanı, bu yanı olmur…

Tuturam

Mən sözə sürgünəm, sürgün, beləcə,
Sözlə oynayıram, əza tuturam.
Dəli könlümü də hər gün beləcə
Dilə tutmuram ki, sözə tuturam.

Udduğum hava qəm, içdiyim su qəm,
Bu sonsuz göylərdi, mən tənha qu, qəm.
Sən qoyub gedəndi bu kədər, bu qəm,
Mən onu hələ də təzə tuturam.

Yaşayıb əllilər, yüzlər içində,
Ölürəm düz oğlu düzlər içində.
Üzü üzlər görən üzlər içində
abrımı, həyamı üzə tuturam.

Bir az seçilmir ki, halı halımdan,
Canı canımdandı, qanı qanımdan.
Qoymuram səssizcə ötə yanımdan,
sovuşa başımdan qəza, tuturam.

Gözəl, oyun açdın gözəl başıma,
İlkin başımayam, əzəl başıma.
Gündə dörd dolanır əcəl başıma,
Hələ ki, özümü naza tuturam…

Görünür həmişə yol məndən qabaq…

Canım, bircə kəlmə sözə dəymərəm,
Qabaqdı, bir kəlmə «OL» məndən qabaq.
Tək elə yer olsa, göy olsa, nə qəm,
Ot məndən qabaqdı, kol məndən qabaq.

Bu çapar könlümə, atdı könlümə,
Yaddı sən çəkənlər, yaddı könlümə.
Nə sağım, nə solum yatdı könlümə,
Sağ məndən sonradı, sol məndən qabaq.

Almadım vecimə şah oğlu şahı,
Köləsi olmadım, sevdim Allahı.
Mən könlüpaşanın biriyəm axı,
Olmaz kölə məndən, qul məndən qabaq.

Özünü özündə gəl də ram elə,
Həm ovam, həm də ki, ovçuyam elə.
Mən ana bətnindən yolçuyam elə,
Görünür həmişə yol məndən qabaq…

Mənim ürəyimin çətiri yoxdu

Hələ özün yazır, özün oxuyur,
Hələ özü boyda qədiri yoxdu.
Ayrılıq qoxuyur, həsrət qoxuyur,
Bir özgə qoxusu, ətiri yoxdu.

Elə biri vardı…biri var yenə,
Birinin dərdi var, səri var yenə.
Dəyib, toxunası yeri var yenə,
Dəyib, toxunası xətiri yoxdu…

Yapsa da özünə hasar özünü,
Bir coşqun sel olsa basar özünü.
Hər gün dara çəkər, asar özünü,
Baxmayın kəndiri, kətili yoxdu…

Canı canımnandı, qanı qanımnan,
Baxılsa görünər baxışlarımnan…
Axdıqca islanar göz yaşlarımnan,
Mənim ürəyimin çətiri yoxdu…

Çalış ki, bir az da unudum səni

Kiməm ki, mən özü özünə qənim,
Mən adlı adamın adına gəlmə.
Deyirdin badıma getmisən mənim,
Gedərsən yenə də badıma, gəlmə.

Bu sevgi nə ocaq, nə də pir artıq,
Nə gizlin qalıbdı, nə də sirr artıq.
Vallah özümü də isitmir artıq,
Bu sönüb, səngiyən oduma gəlmə.

Elə baş qatıram, baş aldadıram,
Nə bulur, nə çəkir çölüm, dadıram.
Mən daha ayrılıq, ölüm dadıram,
Bu son ləzzətimə, dadıma gəlmə.

Neynirəm dopdolu buludum, səni,
Yağ, boşal, blməyim umudum səni.
Çalış ki, bir az da unudum səni,
Elə unudum ki, yadıma gəlmə…

Mən sənin yanına qayıdacağam

Bilməm, günmü keçər, aymı sovuşar,
Az qalıb, a yurdum, yuvam, qovuşaq.
Bir az dəli-dolu, nadinc, kür uşaq
Ata kötəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam…

Gözləyir, hələ də gözləyir məni,
Pəncərəm önündə solan səməni.
Gündə dörd dolanıb çölü, çəməni
Arı pətəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam…

Çatmadım bu il də güllü yazına,
Neçə şənliyinə, neçə yasına.
Bir bala qaranquş öz yuvasına,
Çoban tütəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam…

Yetəcək əlinə nə xoş, əllərim,
İllər həsrətlisi, naxoş əllərim.
Hər yandan üzülən bomboş əllərim
Tanrı ətəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam…

Səni güldən daha gözəl bilmişəm

Olub-keçən elə bil ki dünənmiş,
Keçib üstdən il, ağlıma gəlməyib.
Gecə-gündüz ağlımda sən olmusan,
Başqa kimsə bil, ağlıma gəlməyib…

Yaşamışam bax bu tabda, dözümdə,
Yüz yol küsüb, barışsam da özümlə.
Bal süzülüb şeirimdən, sözümdən,
Şirin-şirin dil ağlıma gəlməyib…

Baxsan həmin öncülmüşəm, önmüşəm,
Hələ sənə tərəfmişəm, yönmüşəm.
Əsli bilib Kərəminə dönmüşəm,
Od ağlıma, kül ağlıma gəlməyib…

Qala-qala özbaşıma bir az da,
Oyun açıb söz başıma bir az da.
Dəm vermişəm göz yaşıma bir az da,
Olar bir gün sel, ağlıma gəlməyib…

Bahaymışsan, baha, gözəl, bilmişəm,
Dönmüsən lap şaha gözəl, bilmişəm.
Səni güldən daha gözəl bilmişəm,
Gətirməyə gül ağlıma gəlməyib…

Düşmüşəm

Dünya, bir vaxt xoş xəbərin olmuşam,
Bir vaxt sənin xoş vaxtına düşmüşəm.
Doğulmuşam, baş xəbərin olmuşam,
Lap yuxarı, baş vaxtına düşmüşəm…

Üç bacıya qardaş olub bir də bir,
Gəzməmişəm ürəkdə bir, dildə bir.
Orucunu qarşılayıb ildə bir,
Namazının beş vaxtına düşmüşəm…

Göylərində qanad çalan quşam mən,
Öz könlümə ağam mənəm, paşam mən.
Sorma nədən faniyəm mən, boşam mən,
Yaradanın boş vaxtına düşmüşəm …

Sayıb adam, bəndə, məni sevərdin,
Lap salardın bəndə məni, sevərdin.
Bilirəm ki, sən də məni sevərdin,
Ürəyinin daş vaxtına düşmüşəm…

Tural Adışirinin təqdimatında