Ev Xəbərlər “Kazan odları”

“Kazan odları”

498

Bu ilin 25-26 aprelində​ Kazanda dostlar ilə tatar ədiblərinin aylıq “Kazan odları” dərgisinin yüz yaşını,​ tanınmış tatar ədibi və ictimai xadimi Qalimjan İbrahimovun 135 illik yubileyini, dahi tatar ədibi Abdulla Tukayın 136 illik yubileyini və tatar xalqının “Tuğan tel” (“Doğma dil”) gününü qutladıq.

Dünya tatarlarını birləşdirən jurnalın yüzilliyi ilə bağlı, Odlar yurdundan qardaş xalqa bayram sovqatı sayaq, sayğılı qardaşlarım Əkbər Qoşalı, İlqar Türkoğlu və İsmət Orucəliyev(Tatrstan, Nijnekamsk şəhəri) ilə birgə dərginin baş redaktorları olmuş​ tatar şairlərindən tərcümələrdən və dərginin hazırkı baş redaktoru Rüstəm Qaliullinin hekayəsindən ibarət “Kazan odları -100” adlı kitab hazırlamışdıq.

Bayram törənlərinə Saxadan gənc yakut​ şairi Qavriil Androsov, Qırğızıstandan xalq şairi Markabay Aamatov, Azərbaycandan şair İlqar Türkoğlu, Qazaxıstandan şair Sayat Kamşıqer, Başqırdıstandan gənc yazar Ayqiz Baymuxametov, Qaraçay-Çərkəz Respublikasının xalq şairi, əslən balkar olan Əsgər Doduyev dəvət olunmuşdular.

Odun, nurun bol olsun,
Hər vaxt, “Kazan utları”!
Səni qutlamaqdadır
Bütün Turan yurdları.

Həmişə arif görək,
Maarif işığında,
Qırğızı, balkarları,
Qazaxı, başqurdları.

Tatar da, hər türk​ sayaq,
Özünə qardaş bilir,
Özünə bilir dayaq
Özbəyi, yakutları…

Yuzilliyin mübarək,
Tatar “Kazan odları”!..
İki qitə Turana
Hər ay vaxtı-vaxtında
Çatar “Kazan odları”.

Bizim Azərbaycan da
Səninlə ədib tatar
Qardaşlarından xəbər
Tutar, “Kazan odları”.

Bizim üçün doğmasan,
Tatar “Kazan odları”!
İlbəil yox, günbəgün
Sənə sayğımız daha
Artar, “Kazan odları”!

Tatar aydınlarının
Öz tuğan dillərinə
Sevdasını görmüşəm…
Olarmı bundan böyük
Qazanc, “Kazan odları”?

Daha da uca ad-san
Qazan, “Kazan odları”!
Kül Şərifdən, Tukaydan
Yazan, “Kazan odları”!

Yerdə Saman yolu tək,
Ürəkdən ürəklərə,
Səyyarə boyu, yayıl,
Uzan, “Kazan odları”!

Sənin ilə fəxr edir
Turan, “Kazan odları”.
Odun heç zaman sönməz,
Yüz il məşəl tək yanan,
Duran “Kazan odları”!

08.06.2022
Əhməd Şəfəqli (Orucov). Güney Ural.