Ev Publisistika KÖNLÜ SARAY OLAN DOSTUM

KÖNLÜ SARAY OLAN DOSTUM

810

Elman Tovuzun 60 yaşına

Kim necə istəyir elə düşünsün, insan ilk dəfə gördüyü varlığı kimə və nəyə oxşadırsa, ömrü boyu da ona oxşada-oxşada, yaxud, oxşatmaq istəyə-istəyə yaşayır…

Mən onu ilk dəfə görəndə, elə bildim qarşımda sal qaya dayanıb. Sıldırmların başından qopub dərəyə yuvarlanmış qaya parçası yox haa, qərinələrin soyuğuna-sazağına sinə gərən, yağışına-dolusuna, qarına-boranına bac verməyən, dağ da uçsa yerindən qopmayan sal qaya. Sərt baxışlı, ciddi və bu ciddilikdən doğan bir anlamda ötkəm danışıqlı, təbir caizsə, bir az da cod görkəmli Elman Tovuz, aramızda iki-üç yaş fərq olmasına baxmayaraq, mənə min illərdi yerindən tərpənməyən sal qayaların, başı qarlı qayım-qədim dağların yaşıdı kimi göründü.

İndi öyrənirəm ki, əziz dostum Elman Tovuz 60 yaşın kürəyini yerə vurur. Əslində, 60 yaş Elman bəy kimi adamlara çox azdır. Belə adamlar, mübaliğəsiz deyirəm, ən azı 600 il yaşamalıdır. Niyəsi çox sadədir – insanlar DƏRDİN, DÖZÜMÜN və DOSTLUĞUN gerçək anlamını sadəcə qulaqdan-qulağa eşitməyib, canlı olaraq, Elman Tovuz timsalında daha dərindən dərk edə bilsinlər.

Elman Tovuz mənim gec tapıb tez tanıdığım, tanıyıb da duyğularımın ən ağrılı yerində qorğana-qorğana əzizlədiyim dostlardandır. Hər dəfə onunla görüşəndə (nə yazıq ki, gec tapışdığımızdan dolayı, bu görüşlərin sayı heç bir əlin barmaq hesabını keçmir) və yaxud, telefonla görüntülü danışanda gəncliyimdə baş verən və mənim heç zaman unutmadığım bir hadisəni xatırlayıram.

1988-ci il idi, böyük yazıçımız Fərman Kərimzadə kəndimizə – Qaraçöpə gəlmmişdi. İlk tanışlığımızdan və mənim bir-iki şerimi dinlədikdən sonra F.Kərimzadə, “Oğul, bu qədər dərdi sən hardan tapıbsan, bu cavan yaşında bu qədər dərd səndə hardandır?!” – deyib məni bağrına basmışdı. Mən isə cavab verə bilməyib susmuşdum… Bu görüşdən bir-iki ay sonra “Dərd” adlı bir şeir yazıb dərdimin niyə çox olduğunu seir diliylə demək istəsəm də, təəssüflər olsun ki, ölüm məndən tez haqlamışdı F.Kərimzadəni və mən yazdığım şeiri ona oxuya bilməmışdim. Şeirin sonuncu bəndi belə idi:

Dərdim sevincimdən bir az diridir,
Neylim, mən də dərdi əzizləyirəm…
Ürəyim dərdlərin arxac yeridir –
Hər axşam bir sürü dərd gözləyirəm!

Elə bilirdim Dərdi təkcə mən əzizləyib ürəyimdə yuvalandırıram. İndi deyirəm, kaş Elman Tovuzu o vaxtdan tanıyıb, oxumuş olaydım və susqunluğumu əziz dostumun bu ikicə misrasıyla pozaydım:

Dərd hamıdan vəfalıdır,
Özü gəlib tapır məni…

Özünü “Tanrının ən dərin yarası” hesab edən Elman Tovuz, gah “Kimin xəbəri var çəkdiklərimdən, Dəlir ürəyimi demədiklərim” pıçıldayaraq, sadəcə, “qaya kimi inildəyib”, gah da təbiətin bir parçası kimi üzünü kainata tutub “Silib Günəş məni öz dəftərindən” hayqıraraq sal qaya ömrünü yaşayıb. Bu hayqırış mənə İsa Məsihin çarmıxa çəkilərkən son nəfəsini vermədən öncə Tanrıya hayqırtısını anımsadır: “Eli, Eli, Lema Sabahtani?” (“Tanrım, Tanrım niyə məni tərk etdin?”).

Yuxarıda əziz dostum haqqında “ötkəm”, “cod”, “sərt” kimi epitetlər işlətməyim səbəbsiz deyil. Ağzında sal qaya deyirsən! Başqa nə cür ola bilər ki!? Bu “xüsusiyyətlərini” şair qardaşım özü daha ustalıqla dilə gətirir:

Dostlar, sərtliyini sal qayaların,
Çırpılan yağışlar, küləklər bilər!

Elə bu səbəbdən də mən Elman Tovuzu duyğularımın ən ağrılı yerində qorğana-qorğana əzizləyirəm. Çünki o, ağrısını aləmə afişə etmir, insanlara car çəkmir. Dərdini Taleyi bilib, Dözümünü Dərdinə dirəncək edib yaşayır. Hətta bəzən Dərdini, lap elə Dözümünü də, o qədər qısqanır ki, özündən xoflanır:

Qəmi saman kimi doğrayan vəldim,
Atımı bu yolda yorub dincəldim…
Yoxsa, iraq olsun, gözəmi gəldim,
Söz aça bilmirəm dözümdən daha?!

Yuxarıdakı bəndin birinci misrasını oxuyanda adamın içini köntöy bir ağrı sıyırır və oxucu ilk anda bədii ifadəni dərk etməkdə çətinlik çəkir. Buna ədəbiyyatşünaslıqda avtomatizm də deyilir. İşin biliciləri avtomatizmi, mövzunun tənqidi zehninə nəzarət etmənin mümkün olmadığı sürətli bir monoloq kimi dəyərləndirirlər. Yəni, monoloq (burada: qəm) elə sürətli və fərqli səslənir ki, ifadənin alt qatını incələyib də gerçəklik anlayışımıza “yedirməmiz” bir qədər zaman alır. Tələbəlik illərindən xatırlayıram ki, rəhmətlik Yüri Lotman mühazirələrində bədii mətni təhlil edərkən, “gerçəklik bədii mətnlə necə əlaqəlidir?” sualına rus formalizminin əsas fiqurlarından biri olan ədəbiyyatşünas Viktor Şklovskinin bir fikrini tez-tez təkrarlayırdı: “Bədii mətn gerçəklik anlayışımızda avtomatizmi əngəlləyir”. Sözü gedən misranın alt qatındakı mövzunu dərk etdikdə isə adamın ruhu diksinir. Elman Tovuzuzn yaradıcılığında (kimlər üçünsə arxaik və yaxud, ən yaxşı halda, folklor nümunəsi kimi səslənən) bu kimi dilimizin şəhdi-şirəsini özündə saxlayan deyimlər yetərincədir…

60 illik yubileyi münasibətiylə dostyana qələmə aldığım bu kiçik yazıda Elman Tovuzun şeirlərini təhlil etmək fikrindən uzaq olsam da, onun şeirlərinin ana dilimizin dumduru qatından süzülüb gəldiyini və ustaca qələmə aldığı poetik ifadələrinin ruhumuza, yaxşı mənada, təlatüm qarışıq bir həyəcan qatdığını dilə gətirməmək mümkün deyil.

Elman Tovuz mənim üçün bir də Dözüm, Dəyanət simvoludur. Son bir ildə dünyamızı çalxayan koronavirus pandemiyasından dolayı, həyatımıza haqlı-haqsız bəzi qadağalar gəldi. Sözüm onda deyil… Bəzi insanlar iki həftəlik “evdə qal” çağırışından tıncıxaraq canını qoymağa yer tapmadı…

Oysa, Elman Tovuzun təhkiyəsi adamı silkələyir:

Zərdən tül tikəsən, qızıldan pərdə,
Nə fayda, heykələm pəncərələrdə.

Ağrısıyla qol-boyun yaşayan şairin poetik təfəkkürü həssas oxucuda müəllifə qarşı sayqı oyandırır. Bütöv bir ömrün yaşantısını ikicə misra ilə oxucunun yaddaşını diksindirəcək gücə malik bu cür misalların sayını istənilən qədər artırmaq mümkündür. Amma dediyim kimi, bu bir yubiley yazısıdır və mən üzü Qurbanidən bəri dili Söz, əli Saz tutan ustadların yolunu çox ləyaqətlə davam etdirən əzizim Elman Tovuza uğurlar arzulayıram. İnanıram ki, bundan sonra da şair qardaşım seçkin təxəyyülü sayəsində gözəl qoşqularıyla ruhumuzu oxşayacaq.

Bir şeyi dəqiq bilirəm ki, əgər mən Estoniyada deyil, Azərbaycanda yaşasaydım, sorub-soraqlayıb, iyləyib-küyləyib bir şəkildə Elman Tovuzu daha erkən tapardım və mütləq dost olardım. Təsəllim budur ki, gec də olsa tapışmışıq və dostuq. “Könlü saray olan”, sal qaya timsallı – sərt baxışı dürüstlüyün; ötkəm danışığı haqqı, nahaqqın ayağına verməməyin; cod görkəmi yenilməz, mərd kişiliyin rəmzi olan əziz dostuma arzularım tükənməzdir.

Bir dəfə böyük şair Məmməd İsmayıl ilə yazışarkən, ustadımız məktublarının birində mənə şair – tale haqqında söhbət açıb Aleksandr Blokdan sitat gətirmışdı: “Şairin karyerası yoxdur. Şairin taleyi var!”

Əziz dostum-qardaşım Elman Tovuz, Sən Taleyinlə qol-boyun yaşaya bilən çox nadir şəxsiyyətlərdənsən. Taleyin üzünə gülsün hər zaman! Uğurların bol olsun! 60 yaşın – yubileyin münasibətiylə ən xoş arzularımla Səni təbrik edir, bağrıma basıram!

Xaqani Qayıblı

Estoniya, Laukna – 3 aprel 2021-ci il