Ev Bədii “Mən bir Səməndər quşuyam” – Yaşar BÜNYAD

“Mən bir Səməndər quşuyam” – Yaşar BÜNYAD

287

Ölülər söhbətcil olmasa da, yaxşı dinləyicidi. Beləcə, atamla xeyli dərdləşdim, elə bil kişi diriydi, səssiz-səmirsiz dayanıb dinləyir məni. Ürəyimi açıb Tamara barədə, uşaq barədə danışdım, qərarımız ciddidi, bəlkə evləndik deyə, xeyir-duasını istədim. Susurdu, deməli, razıydı. Qəribədi, xatırladığım qədər atam bütün şəkillərində çox zəhmli, qaraqabağ düşərdi, amma, nədənsə, başdaşındakı şəkildə gülümsəyirdi. Bəlkə mənə elə gəlirdi?

Əlbəttə, anam barədə heç nə demədim. Yadına salıb narahat ruhunu incitmək istəmirdim. Ruhlar diridirsə, deməli, məsələdən agah olmalıydı…

Babam, mən qəbiristanlıqdan qayıdanda bir budu yeyilmiş toyuğu parçalayıb masadakı nimçələrə qoyurdu. Çörək, göy-göyərti, pomidor-xiyar salatı, motal pendiri də öz yerində. Məni görcək:

– Əlini yu, – dedi, – gəl, dünən axşam bişirmişəm, boğazımdan bircə tikə gücnən keçmişdi. Nənən rəhmətə gedənnən tək yeyə bilmirəm, elə bil boğazım qıfıllanıb… Həyət çolpasıdı. Sənin qismətin imiş. Gəl… – Boyat təndir çörəyini ikiyə böldü. – Hə, nuş elə. Sənə baxıb mən də tikə elədim bəlkə.

Mən yedikcə babamın yorğun gözləri gülürdü, deməli, ürəyi sevinir, nəvəsini görməkdə məmnun görsənirdi, hələ iştahası da açılmışdı. Bu mənə ləzzət eləyirdi.

Yeməkdən sonra süfrəni yığışdırdım, babam etiraz etsə də, qabları yuyub  quruladım.  Elə bil  işimi bitirməyimi gözəyirdi, oturan kimi  məni xeyli sorğu-suala tutdu. Hər şeylə maraqlanırdı kişi. Çalışırdım suallarına ətraflı, həm də ehtiyatla cavab verəm ki, sözümdən söz tutmasın. Danışdıqca düz gözlərimin içinə baxırdı ki, yalan-palanım yoxdu? Kişi köhnə atıcıydı, gözündən heç nə yayınmazdı.

Uzaqlara gedəcəyimi deməsəm də, babam nəsə duymuşdu. Soruşdu ki, yola çıxan adama oxşayırsan, a bala, narahatsan, çox əsəbi, həm də yorğun görünürsən, fikrin nədi? Mən: “heç…” – dedim. Ancaq babamı “yola vermək” mümkün deyildi. Ciddi görkəm alıb təmkinlə dedi:

– Day yekə kişisən, əsgərlikdən qayıtmısan, indi öz yolunu özün seçməlisən. Onsuz da indiki cavanlara deyilən söz havada qalır, ay oğul, nə desəm qulağına çatmayacaq. Zamana dəyişib e, indikilər day ağsaqqal öyüdünə fikir vermirlər… Ümid edirəm, nə edəcəyini yaxşı bilirsən. Dinmirsən?

Kişi məndən söz qopartmaq istəyir, mənsə onu razı salmaqdan ötəri nə deyəcəyimi bilmirdim.

Dinmədiyimi görüb başını buladı, durub təzədən samovara od saldı. Ancaq qulağı məndəydi, söz gözləyirdi.

Qaş qaralandan sonra sarmaşıqlı eyvanda itburnu çayı içə-içə xeyli dərdləşdik. Babam danışa-danışa gözlərini küçə qapısına dikmişdi, adam gözləyirmiş kimi gözləri yol çəkirdi. Bilirdim ki, kənd yerində qonaq gedən şəhərdəkilər kimi qabaqcadan xəbərdarlıq eləmir, ürəyi istəyəndə durub gəlir, lap şər qarışandan sonra da. Maraq üçün soruşdum:

– Qonağın gələcək, baba?

Kişinin qırışığı açılsa da nəzərini qapıdan çəkmədən:

– A bala, – dedi, – şər qarışanı nə qonaq? – Kənddə adam qalıb ki, o andır qapını aça? Ölən ölüb, qalanlarını da… şəhər zəli kimi soordu… Üç qonşu kənddə beş-on adam qala-qalmaya… Kəndə-kəsəyə baxan nə gəzir? Bala, bir vaxtlar şəhərə kefə, gəzib-dolanmağa gedərdi kəndçi, indi bir parça əppəy dalınca… Hər gün, bax, burda oturub o üzü pis qapıya baxıram… Baxıb fikirləşirəm ki, ilahi, o qapıdan içəri kimlər girmədi, kimlər çıxmadı?.. Hər gələn bir işıq, bir sevinc gətirdi evimə. Bu həyətdən uşaq, böyük səsi kəsilməzdi. Neçə toylar görüb bu həyət, şənliklər görüb… Atam bu qapıdan müharibəyə gedib, mən, atan, bibilərin, rəhmətlik əmin, sən də burda doğulmusan… Qız köçürmüşəm, gəlin gətirmişəm, nəvə böyütmüşəm… Hanı bəs? – Yol tutub getdilər. Bu balaca doqqazdan gör neçə yol şaxələndi. Bir vaxtlar səs-küydən qulaq batardı, indi də səssizlikdən… Arada o hay-həşirə elə yerikliyirəm ki?!. Axı ağaclarla, daş-divarla nə qədər dərdləşmək olar?.. Bu boyda ev-eşik, həyət-baca dar gəlir mənə… Ölüm çərə dönmüş də, qəhətə çıxıb, gəlmək istəmir. Nənənin, atanın qəbriylə dərdləşib sakitlənirəm.

– Sən arada kənddən çıx, ay baba, get rayona, havanı dəyiş. Tək qalmısan, onnandı, darıxırsan.

– Darıxmaq nədi, ürəyim üzülür e, a bala… Çıxmağına çıxıram, ay başı pensiyamı almağa rayona gedirəm. Pulu götürüb köhnə bazarda Qulamrzanın pitixanasına baş çəkirəm, hava qaralana qayıdıram. – Gülümsəyir. – Bir vaxtlar, heç olmasa bir gün, lap bircə saat tək-tənha qalmağımı, qulaq-başımın sakit olmasını o qədər istəmişəm ki! İndi isə o basırığı, ağız deyəni qulaq eşitməyən çağları arzulayıram. Tənhalıq bezdiriciymiş, bezdirici. – Diqqət və maraqla dinlədiyimi görən babamın ürəyi açılmışdı, deyəsən. – Nənən təzə rəhmətə gedəndə, qırxdan sonra ki, hamı çəkildi öz evinə, qaldım tək-tənha. Bax, onda halım qarışmışdı. Evin divarları, həyət-baca ağzını əjdaha kimi açıb üstümə yeriyirdi, bir yerdə qərar tutmurdum. Bəzən tezdən durub pəyəyə girirdim, görürdüm inəyi sağmayıb arvad, qalxırdım evə, qışqırırdım ki, a zalımın qızı, bu nə vaxtın yuxusudu, qalx, inəyi sağ ki, buzovu salım altına, hay vermirdi, hirsimdən çatı gövşəyirdim, dalınca otağa girirdim… baxırdım ki, kiminləyəm? Arvad nə gəzir? Cumurdum qonşuya ki, çağırım, evə yığışsın, qəfil yadıma düşürdü ki, a başı daşlı axmaq qoca, o gedən yerdən hələ geri dönən olmayıb… Yoxluğuna öyrəşə bilmirdim… Hələ bu harasıdı, neçə kərə gecə ürəyimin sancısından ayılıb dərman istəmişəm, durub, su gətirib, dərman verib, içmişəm, başımı körpə kimi tumarlayıb, mən də alnından öpmüşəm, təzədən başımı atıb yatmışam, səhər duranda görmüşəm yerində yoxdu, haylamışam, dalınca həyətə çıxmışam… Demə, yuxuymuş hamısı, ay bala, yuxu. Cavanlığımda heç yuxu-zad görməzdim, təsəvvür edirsən?..

Kövrəlmişdi babam. Onun boynuna sarıldım.

– Deməli, sən də gedirsən, – dedi, – qalacam tək bu üzü dönük dünyada.

– Hə, babacan, – dedim, getməliyəm, – belə yaxşıdı. Hamı üçün…

– “Hamı üçün…”. Barı istədiyin, yəni sevdiyin varmı orda, hə?

– Harda, baba? – Özümü lap qanmazlığa qoymuşdum. Babam yüngülcə ah çəkib qımışdı, “ay yaramaz” deyib ovcunun içiylə başımı tumarladı, saçlarımı qarışdırdı.

– Orda daa, – dedi, – nə bilim hara gedirsən? Orda – can atdığın yerdə… Olmasaydı, belə havalanmazdın… Məni qandırma, ay oğul, iki il az deyil, dinc oturmazsan, bilirəm. Bir də ki, qanımızdadı nəsillikcən… Rəhmətlik nənən danışmamış olmaz, yəqin. Eşitməmisənsə, qulaq as. Axı sənin ulu baban – mənim atam, müharibəyə gedəndə mən hələ doğulmamışdım, üç-dörd aylığammış anamın boynunda… Müharibə şoğərib, başlayanda elə biliblər bir-iki aya nemesin payın verib qayıdacaqlar. Ay-hay!.. Çox arxayın imişlər. Gedib, iki il vuruşub, plen düşüb, ordan qaçıb, Macarıstanda partizanlara qoşulub, ta qırx üçə qədər… Qırx üçdə qara kağızı gəlibmiş anama, inanmayıb, kağızı gizlədib, göz yaşı da tökməyib, deyib o, ölə bilməz, ölsəydi mən hiss edərdim… Düz deyirmiş anam. Hiss edibmiş. İnanırsan, ölməyibmiş … 82-ci ildə sağ olduğunu bildik, demə, İtaliyada yaşayırmış, üç qızı, bir oğlu da varmış… Gəlmək istəyib, anam razı olmayıb, kişinin ailəsi harda, özü də orda olmalıdı deyibmiş… Məni görmək, ordakı uşaqlarıyla tanış etmək istəyib, anam unut bizi, deyib, heç şəklimi də yollamayıb… Uzun illər sağ olduğunu bildirmədiyi arvada yer eləmişdi. Təsəvvür edirsən, sən sevdiyin adamın gizlin-gizlin yasını saxlayıb dərd çəkirsən, o isə dünyanın o başında kefində-kifayətində rahatca yaşayır, səsini belə çıxarmadan… Kinliydi anam, çox kinli… Ölənəcən də bağışlamadı atamı…

Babam bayaqdan danışa-danışa gözlərini doqqazdan çəkmir, daha nə fikirləşirdi, bir Allah bilirdi. Qəfil üzümə baxıb:

– Ürəyini boşaltsaydın, yüngülləşərdin, ay oğul. Görürəm axı, boğulub durmusan, amma babanla bölüşmək istəmirsən… Əgər məsələ bu qədər ciddidisə… Gedəni saxlamaq, gələni qovlamaq günahdı, əlbəttə, əgər gedən düz yola çıxırsa, gələn də xain deyilsə…

Bir xeyli susduq. Babam da mənim kimi dilinin altında söz qovururdu. Axır ki, dindi:

– Gərək anan belə eləməyəydi… Eləməyəydi… Təklik pis şeydi, bilirəm… Anam dədəmin qara kağızını alanda nə yaşı vardı ki? Cavan, gözəl-göyçək… Özü demiş, çoxu dərdindən ölürmüş kənddə, görmüşdün də qocalığın, o yaşında da qaməti əyilməmişdi, amma ərə getməyib, min zillətnən məni böyüdüb, oxudub, adam eləyib. Ömrü boyu gözü heç kimin əlində qalmadı arvadın, halallıqla yaşadı, ərinin ocağına ləkə gətirmədi… Eeh!.. Mən heç, amma səni əzməyəydi, tapdayıb keçməyəydi gərək… Ürəyin doludu, görürəm. Amma susursan… içində çəkirsən… Nələr çəkdiyini mən də qanmasam, kim qanacaq?.. Dərd eləmə özünə… Boyuna qurban olum, indi yol üstəsən, ağlından başqa şeylər keçməsin haa!.. Day olan olub… Bir də ki, belə baxanda, pozğun olmayıb, xəyanət eləməyib, ərinin, sənin başını yerə soxmayıb, irağ-irağ… Deməli, taleyimizlə barışmalıyıq… Sən oları tapşır Allaha. Ölüm-itim dünyasıdı, bil. Qismətdən artıq yemək olmur, qurban sənə… Bu da bizim qismət payımızdı…

Bilirdim, babam dişiylə bağırsağını gəmirə-gəmirə bunları məni sakitləşdirmək, ovundurmaq üçün deyirdi, ürəyində isə başqa şeylər fikirləşirdi. Tamam başqa şeylər…

– Yormadım səni?

– Yox, ay baba, səndən doymaq olur ki?..

– Baba sənə qurban. Harda olursan-ol, babanı yaddan çıxartma. Arada yadına sal ki, bir dağ başında, uçuq komada həmişə sənə dualar edən sarsaq bir qoca var…

– Darıxacam səninçin, baba… çox darıxacam.

Babamı yenidən qucaqladım. Kişi kövrəlsə də gözləri gülürdü.

– Yalan danışma, ordakılar qoymaz darıxmağa, – eyhamla deyib samovara iki talaşa atanda bildim ki, babamın sözü hələ bitməyib, nəsə deyəcək, çay bir bəhanədi, – Nə sirdisə, a bala, Rusyətə gedənlər beş günlük adıyla evdən çıxır, ancaq illərlə geri dönmürlər. Oraların suyunda nəsə var. – Bic-bic qımışdı. – Niyəsini bilməmiş olmazsan, irilənmisən tay… Hə, mən qocadan sənə bir vəsiyyət, deyim, qulağında sırğa elə. Bizim vaxtlara ağlın getməsin e, arxayınçılığ, baş-qulağımız dinc idi, ac da deyildik, gözümüz onun-bunun təknəsində qalmazdı, kiməsə möhtac olmazdıq… İndi başqa zamanadı, sabah nə olacaq bilmək olmur, çox çətindi, baş çıxarmağa baş lazımdı. Hərə bir kaprativ açıb tacirriy eləyir. Bilmirlər ki, hər bığına yağ çəkəndən bəy olmur. Tacirriy də bəylik kimidi, gərək qanında ola… Bax, əgər işin taraz gətirdi, əlinə pul, var-dövlət keçdi, məbada qudurasan, heç vaxt pula, vara qul olma, oldun, kuman yıxıldı!.. Ora qürbətdi, nə qədər rahat da olsan, işlərin yağ kimi getsə də, bil, qürbət elə qürbətdi. Çalış çörəyini yediyin torpağın dilinə, adətinə, dininə hörmətlə yanaş ki, sənə də hörmət etsinlər. Bunu edə bilməyəcəksənsə qayıt geri. Çünki sevilmədiyin, sevə bilmədiyin xalqın torpağında yaşamaq əsl işgəncədi… Qanunlarını öyrən. Dost qazan, əsl dost… İçmə!.. – Tutkeşi qaldırıb sinədolusu üflədi, talaşalar alışmışdı onsuz da, elə bil söhbətini daha kəsərli etmək üçün fasilə verir, məni həyəcanda saxlayırdı babam. – Onu deyəcəydim axı, Mürsəl kişinin üç oğlu getmişdi Rusyətə. Sən tanımazsan… Ağıllı-başlı uşaq idilər, valla. Ən azından, kənddə olanda bir şərəşurruğları, əyri əməlləri qulağıma çatmayıb… Noolsun? Eşitdiyimdəm, böyük gədəsi bir arvada ilişib, yəni yaşayırmış da onunla… Qardaşlarını da aparıb yanına. Bazarda alver edirlərmiş. Bizimkilərin də çoxu hara getdi, lap Yaponiyaya, düz-əməlli şey öyrənməz, alverdən başqa… Hə, qazandıqlarını böyüyə verirlər, o da xərcliyini ayırıb qalanını arvadına verirmiş saxlamağa. Bir aymı, beş aymı beləcə dolanıblar, axırda arvadı dilə gəlib ki, bəs, qardaşların nə vaxtacan mənim evimdə qalacaq, rahat ola bilmirəm, bura yataqxana-zaddı, adam kimi sevişə də bilmirik, de, çıxıb getsinlər… Beləcə incik düşüb ayrılıblar, hərə bir yana… Arif var e, tanıyırsan, ya yox, dədənin sinif yoldaşıydı, xurma aparmışdı Rusyətə, orda rastına çıxıb balacası, pis gündəymiş Arifin deməyindən, yazığı gəlib, əvvəlcə mağazadan pal-paltar alıb, sonra aparıb hamama, pak eləyib, aldığı əyin-başı geyindirib, hələ pul da verib… Deyir qayıdan başı rastına çıxıb, yenə görüşüblər, qulaq günahkarıyam, yanında olmamışam, and içirdi ki, elə köhnə, çirkli paltarındaydı, aldıqlarını da dəyər-dəyməzinə satıb veribmiş arağa… Deyib atan yataq xəstəsidi, yalvar-yaxar gətirmək istəyib bura, razı olmub, qayıdıb ki, nə üzlə gedim kəndə, qardaşlarını soruşub, deyib bilmirəm hardadılar… Bax, belə… Qürbət adamları belə udur-bataqlıq kimi… Qurban olum, qərib eldə adımıza layiq yaşa. Bacarmasan, utanma, qayıt mənim yanıma, birtəhər dolanarıq… Bacarsan, ən əsası pula qul olma, qoy pul sənin qulun olsun. Hər şey həddən artıq olanda insana fəlakət gətirər. Ehtiyacın olanı al, yeyə biləcəyini ye… Bir də, ən çətin anlarda, çıxılmaz vəziyyətdə ürəyinə qulaq as, ən doğru yolu o sənə deyəcək. İnan, ürək safdısa, aldatmaz…

Susub ovucunun içiylə gözlərini ovxaladı. Kövrək, ağlamaqdan doymuş gözlərini beləcə gizlədirdi babam…

– Yordum səni. Dur, yerini salmışam, gecdi, get yat, yola yorğun çıxmayasan…

***

…Göy üzü çoxdan açılsa da, nə xoruzlar banladı, nə qoyun-quzu mələşdi, nə də atlar kişnədi… Dəni sovrulmuş dəyirman idi kənd.

Hiss etdim ki, babam məni əliboş yola saldığına görə məyusdu. Gileyləndi ki, dişə çəkməli heç nə yoxdu xarabada, cavanlar çörək dalıycan şəhərə üz tutandan kəndin basaratı bağlanıb, bağ-bağat baxımsız qalıb, Allaha and olsun, belə getsə kənddəki həyətlərdə tək-tük salamat qalan ağacı da qurd içindən yeyib qurudacaq. Sənə zarafat gəlməsin, axı bu sortlar dünyanın heç bir yerində yetişmir? Baxan olmasa, on ildən sonra bu mer-meyvəni ancaq kinolarda görərsən, o da yolka oyuncağı kimi əldəqayırma…

Çiyin-çiyinə qəbiristanlığa üz tutduq. Nənəmlə atamın qəbirini son dəfə ziyarət edib vidalaşdım. Qayıdan başı babam dərin ah çəkdi. Baxdım ki, kişi başını aşağı salıb ağır-ağır nəfəs alır. İlk dəfə görürəmmiş kimi ona baxdım: yaman əfəlləmişdi babam… Dilə gətirməsə də canı ilə əlləşdiyi hiss olunurdu. Yataq otağındakı dolabın üstündə cürəbəcürə dərmanları axşam özüm görmüşdüm. Onun bağa-bostana baxan halı nə gəzirdi. Öz dediyimə inanmasam da, təskinlik  üçün dilucu dedim:

– Gec-tez şəhərdən bezənlər qayıdacaqlar kəndə, onda ağaca baxan tapılacaq, ürəyini üzmə, özündən muğayat ol, ay baba. – Onu qucaqladım, vidalaşıb kənddən çıxdım. Kövrələcəyini görməmək üçün dönüb geriyə də baxmadım. Bilirdim ki, arxada uca-uca dağlar, boş kənd, bir də divarlarının suvağı qopub tökülən komada arxamca dualar oxuyub ölümünü gözləyən bir qoca qaldı…