Ev Bədii Mənə bir məktub göndər – Şeirlər

Mənə bir məktub göndər – Şeirlər

1519

Sabir YUSİFOĞLU – 60

Mənə bir məktub göndər

Susuzluqda su təki,
Bəlkə, yadına düşəm.
Mənə bir məktub göndər
Bilim ki, ölməmişəm.

Səndən başqa bilən yox,
Dərdimə bir dərman yaz.
İki kəlmə nədi ki,
Ay gözünə qurban, yaz.

Çox yox, bir varaq göndər,
Vaxtın yoxsa, ağ göndər,
əllərinin izini
evimə qonaq göndər.

Bilim harda solursan,
ay gülüm, ay bənövşəm.
Mənə bir məktub göndər,
Bilim ki, ölməmişəm.

***
Sən məndən ayırıb atdın hamını,
Sən məni hamının əlindən aldın.
Qaragöz qızların qara gözündən,
Şirindil qızların dilindən aldın.

Daha gözəl qızlar yuxularında
Çirkin oğlanları göycək görərlər.
Kəpənək görərlər, çiçək görərlər
Nə desən görərlər, məni görməzlər.

Bənövşə qızların, çiçək qızların,
Ətrini udmağa nəfəsim çatmaz.
Başımı aşağı salıb keçərəm,
Çevrilib baxmağa həvəsim çatmaz.

Kimdəsə, nəyisə sevdiyim olub,
Bəlkə də kim isə sevirdi məni.
Hamının əlindən qoparıb aldın,
Hamının yerinə sev indi məni.

***
Bağışla, gülüm, sənsiz də
axşam olur, səhər olur.
Sənsiz yaşamaq budursa,
bəs ölüm nə təhər olur?!

Sənsiz dalğalanır dəniz,
sənsiz də küləklər əsir.
Bu küləkdə sənsizliyə
dözməyə ürək nə gəzir.

Səni gəzən fikirlərim
döngələrdə çaşıb qalır.
Gecələr bir mən oluram,
bir də küçə işıqları.

Nə varsa dəyişir dadı,
bu dünya birtəhər olur.
Bağışla, gülüm, sənsiz də
axşam olur, səhər olur.

Adın var alnımın güllə yerində…

Nə özün gəlirsən, nə məktubların,
səninlə gedibmi yox olan yollar?!
Bəlkə Yer üzündən qırılıb düşüb
bizim aramıza yıxılan yollar?!

Qaldığın illərin yan-yörəsindən
seyrəlib çəkildim duman, çən kimi.
Tək sənin yadına düşmürəm deyə
yadımdan çıxıram çıxan can kimi.

Ulduzu tökülüb bizim göylərin,
nə sən o çiçəksən, nə mən o dəli.
Dadı, duzu qaçmış bu xarabada
hələ ki ölməyib həmən o dəli.

…Darıxan əllərim özündən çıxıb,
Döyər qapınızı günün birində.
Mən başdan ayağa başağrısıyam,-
Adın var alnımın güllə yerində…

Yaramda gizlənən qəlpə kimisən

Şehli çəmən bilib keçdin ömrümdən,
Hər gün təzələnir səndən qalan iz.
Ürəyim sazaqda tinə qısılan
Dilənçi uşaqtək sızlayır sənsiz.

Yaramda gizlənən qəlpə kimisən,
Ağrın çəkilmir heç yuxumdan belə.
Elə dərindəsən çıxarmaq olmur –
Divar qonşususan ürəyim ilə.

Səsin də yoxdu ki, maqnitafonda,
Hər gündən ömrümə bir an yazıla.
Eh, bu da taledi, tək sən deyilsən
Nikah kağızına yalan yazılan.

 

***
Ömrüm boyu yer elədim könlümə,
Külək vuran, yağış tutan yerləri.
Neynəsəm də uçuq qaldı, çat qaldı
Taleyimin qarğış tutan yerləri.

Ətəyində arzu, ümid bitirdik…
O dağları hardan hara gətirdik.
Ovuc-ovuc, qarış-qarış itirdik,
Boyumuza qamış tutan yerləri.

Son nəfəsim-
dimdiyimdə dən, qaldı,
Sinəm dağ-dağ,
bulud-bulud,
çən qaldı.
Kürəyimə dəyən daşdan rəng aldı,
Ürəyimin naxış tutan yerləri…

Yada düşdü,
yadın oldu, qız, nələr!..
Açıb desəm, dağ kişnəyər, düz mələr.
Dodağımın ürək sözün gizlədər,
Yanağının qırış tutan yerləri…

 

***
İlahi, neyləyim vaxtsız, vədəsiz
Yolumun üstünə çıxan laləni.
Qoparıb dərməyə əlim də gəlmir,
Bu xanım laləni, bu xan laləni.

Ömrümü günümü ona bağlayım,
Saçını üzümə tutub ağlayım.
Allah, bir yer göstər orda saxlayım
Mənə ürəyimdən yaxın laləni.

Bəxtimə gün doğub, günümdə yandır,
Onsuz keçən ömrü, günü dayandır.
Sındırmaq istəsən Sən məni sındır,
Sındırma arxamca baxan laləni.

Qara zolaq

Dualarım yan keçir,
məni hər qarğış tutur.
Hər dediyim baş tutmur,
hər atılan daş tutur.

Hər tələyə düşürəm,
tilov atsam boş gəlir.
Harda axmaq dərd varsa,
qaçıb mənə tuş gəlir.

Yollar hörümçək toru –
ilişib ayaqlarım.
Arzular göynən gedir,
ümidlər ayaqyalın.

Hansı tərəfə getsəm,
yel tutur, yağış tutur.
Dualarım yan keçir,
məni hər qarğış tutur.

 

***
Nə bir arzum, nə ümidim,
nə şirin xəyal qurmağım,
nə də dünyanın üzünə
Acı-acı gülməyim var.
Onu bilirəm ki, gedib,
Sənə görə gəlməyim var.

Mən hər günün sabahına
gecəsin yeyib çıxıram.
Yaşamıram ki, sevdiyim,
canımdan heyif çıxıram.

Səsim yetməyən yerləri
sevdim o dağlara görə.
Buludların qanadından,
inamımdan, inadımdan
endim uşağlara görə.

Ocaq-ocaq sönən ümid,
yurd-yurd dağılan ölkəyəm.
Analar bizi doğubmuş
ancaq baxıb, ah çəkməyə!..

 

***
Canımız bir xoş xəbərə,
sorağa çıxıb ağlayır.
Bədən adlı dar qəfəsdən
qırağa çıxıb ağlayır.

Qarışıb yalanım, düzüm
karıxıb özümdə özüm.
Qəhərdən boğulan sözüm
varağa çıxıb ağlayır.

Sualdı “ölüm-qalım”ız,
pisdən yaxşıdı halımız.
Arada batan qanımız
BAYRAĞa çıxıb ağlayır.

 

***
Sarı-sarı ağacları
yarpaq-yarpaq soyur külək.
Bəlkə elə isinməyə
yer axtarır soyuq külək.

Ürəyimi xatirələr,
yarpaqları külək ovur.
Adamların arasıynan
tale məni hara qovur?!

Ya dəli ol, ya dərdli ol-
biri bilsə, beşi bilməz.
Bu küləkdə hönkürtüynən
ağlasan da eşidilməz…

 

***
Gecələr ürəyim düşür
misraların arasına.
Ömrün görünməyən üzü
işıqlanır ara-sıra.

Nə uzun, ağır yol imiş
qələmdən ağ vərəqəcən.
Tikanlar didir qəlbimi
bircə sözü dərənəcən.

Qələmimin yaddaşında
saraltdım təzə şeirimi.
…Axır ki, canımdan keçib,
çıxartdım üzə şeirimi.

Mina kimi xatirələr

Yaddaşımın alt qatında
mina kimi xatirələr.
Bundan sonra yaşasaq da,
buna kimi
xatirələr…

Bu dərd,
sevgi qucaq-qucaq,
de, hansından hara qaçaq?!
5,45 kimi qovacaq
sona kimi xatirələr.

Ömrün içi də soyuqdu,
çölündə əcəl duyuqdu.
Ondan sonra heç nə yoxdu.
ona kimi…
xatirələr!

Kölgənə soyuq olmur ki

Əllərinin beş addımlıq
həsrətində itir günlər.
Hələ ki sənsiz ömrümü
əlçim-əlçim didir günlər.

Ovcumun içi göynəyir –
saçlarına dənmi düşüb?!
Yoxsa əlimin izinə
yenə darağın ilişib?

Bu şəhərdə aramızdan
keçilməyən küçə keçir.
Mən tərəfdə yaz, qış birdi,
oralarda necə keçir.

Dəniz hansı rəngdə olur,
İydələr çiçəkləyəndə?
Dərdini kimə deyirsən
ulduzlar gözün döyəndə?

Kölgənə soyuq olmur ki,
taleyinə gün düşübmü?
Barmaqlarım sızıldayır –
saçlarına dən düşübmü?!

Tural Adışirinin təqdimatında