Dilimizvarlığımız.az gənc şair Ümid Sadənin yeni şeirlərini təqdim edir.
Sevgi qəzəli
O körpə eşqə nigârım, yatanda göz-qulağ ol
Uşaqlaş oyna onunla onun qədər, uşağ ol
Sənin əmânətə ruhunda ayrı hörmət var
Himâyə etmisən ömrüncə, gənci-eşqi sağ ol!
Nə tâcə mehrim olubdur, nə təxtə əyləşdim
Gəzəndə kûçəbəkûçə bəlânı mən, çırağ ol
Boyat bir həsrətin üstündəyəm yüz illərdi
Yoxumdu süfrədə bir şey deyim ki gəl qonağ ol
Gözəlliyində gözüm yox, həqîqətin bəsdi
Çalış mənim kimi sən də xəyâldən uzağ ol
Ümîdin ağlı başından çıxıbdı sərsəmdi
Qaçırmağa gecə yârı gələr səni, oyağ ol
*********
Gülsün gözün həmîşə gülüm, ağlamaq nədi?
Boş-boş xəyalım ilə könül dağlamaq nədi?
Bir quş qanâdı üstə nə çox nâmə gəzdirər
Həsrət çəkən bilər sözü sancağlamaq nədi!
Vüslət küləklərində qovuşmağ qərârı var
Tozlanmış eşqi gizlicə torpağlamaq nədi?
Əvvəl vücûdi-eşqə sarılmaqla başladın…
Sonrâ yabâni şir kimi caynağlamaq nədi?
Ümmîdi sanma sevgiyə kâfirdi, sâdəcə
And içdi bir də kimsəyə bel bağlamaq nədi?!
***
Çataydı əllərim sənə, xəyalə çatdığım qədər
Sən addım atmadın mənə,mən addım atdığım qədər
Qayıt sən Allah eşqinə qayıt, bu ömrü paylaşaq
İnan ki batmışam zərər,ziyanə batdığım qədər
Günahım oldu danmıram, bağışlamaqdır alisi
Uzun deyil ki ömrümüz tələs, yubatdığım qədər
Edəndə hicrin ilə mən alış-veriş uduzmuşam
Nə çatdı aldığım qədər, nə qaldı satdığım qədər
Bəlalı aşiqin yolun, mələklər açdı göylərə
Nə bir günəş, nə ay yatıb səmada yatdığım qədər
Dağıtdı ayrılıq qəfil diləklərin də xanəsin
Səninlə eşqin aləmin qurub, yaratdığım qədər
Bu sevgi iksirindəki, xətanı tapmışam ,gülüm
Ümidi qatmamışdım o xəyalı qatdığım qədər
***
Yazılmamış ssenarilər
Həyatdakı rolun nədi?
Kimə görə dəyişərsən?
Kimin üçün daş olarsan?
Kimdən ötrü yumşalarsan?
Mən ayrılıq səhnəsində
Sevgi adlı şah əsərəm…
İki qəlbə söz kəsərəm
Bir az dərin düşünənəm
Bir az bə’zən gicbəsərəm
Gah yataram, gâh əsərəm
Mən beləyəm, mən eləyəm
Deyənlərdən deyiləm mən
Qürurumu dünya üçün
Əyənlərdən deyiləm mən
Bəs sən kimi oynuyursan?
Hansı sözün şahidisən…
Hansı əməl vahidisən?
Yoxsa, sən də yalan kimi
Xəyanətin açarısan
Yoxsa, sən də xəyalpərəst
Quşlar kimi uçarısan?
Mən bəlanın küncündəki
Qəriblərin göz yaşıyam
Yazmaqda həmtayım yoxdu
Danışmaqda çox naşıyam
Mən nə belə, nə eləyəm
Mən içimdə mənsiz gəzən
Mənəmlərin əskiyiyəm
Mən – içimdə səsi batan
Mənəmlərin səs küyüyəm
Haqqında heç nə bilmirəm
Olmaya düz ürəyindən
Mənim kimi yaralısan?!
Bəs sən kimsən, haralısan?
Mən sevgiyəm, kədərliyəm
Dostlarıma yararlıyam
Düşmənlərə zərərliyəm
İntizarın gözümdədi …
Kimsən axı? baş açmıram
Günah bəlkə özümdədi
Sülh ilə savaş açmıram
Barışmıram yıxılmaqla
Qan içində boğulmaqla
Varlığında yox olmaqla
Yoxluğunda doğulmaqla
Həyatdakı rolun nədi?
Hara qədər getməyin var?
Harda qorxu gələr sənə?
Hardan sonra bitməyin var
Necə olur tələsməyin
Necə olur yubanmağın
Görən varmı yol kəsməyin
Yollarımda dayanmağın?
Biz necə görüşək axı?
Hansı rolla yol çıxım ki
Ya yetişim sənə çatım
Ya səninlə qarşılaşım…
Bir az görüb, götürmüşəm
Bir az da can itirmişəm…
Ən çox kimi bəyənərsən
Kim olmağa can atarsan
Kimə dürüst davranarsan
Kimin üçün can satarsan?
Mənə doğrularla yanaş
Ya da yalandan uzaq dur
Haq-hesabını bilməyən
Gözəl olmaq da bir qüsur
Gözəl olma, mənim üçün
Qorxma çox da natamam gəl
Bənzə Anama tamamdı!
O ki mənim bu dünyada
Güvəndiyim son adamdı…
Müəllif: Ümid Sadə