Ev İctimai “Mən vətənəm” kitabı Gədəbəy rayon Heydər Əliyev mərkəzində təqdim olunub

“Mən vətənəm” kitabı Gədəbəy rayon Heydər Əliyev mərkəzində təqdim olunub

442

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Cəbhədən cəmiyyətə” Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşr olunmuş kitabın Gədəbəy rayon Heydər Əliyev mərkəzində təqdimatı keçirilib. Bu barədə saytımıza layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib. Tədbirdə Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair Elşən Əzim, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, şair Elməddin Nicat, Vətən müharibəsi iştirakçısı, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Həsən Kür, rayon İcra Hakimiyyətinin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov açaraq, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsini təklif edib. Daha sonra fikrini davam etdirən Pərviz Bayramov kitabın əhəmiyyətini, ümumiyyətlə layihənin vətənpərvərliyin təbliği istiqamətində önəmli əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra söz layihənin rəhbəri şair, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşara verilib. İntiqam Yaşar layihə və kitab haqqında, Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyəti haqqında geniş məlumat verərək tədbirin təşkil edilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Təqdimatı təşkil olunan kitabın aktuallığı, kitabda yer alan Vətən müharibəsi iştirakçısı olan yazarların yazılarının xüsusi əhəmiyyətə malik olduğu qeyd olunub.
Daha sonra şair, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Elşən Əzim, şair, Vətən müharibəsi iştirakçısı və kitabda şeirləri yer alan Həsən Kür, Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndəsi Qədir Bağırov, Gədəbəy rayon Dövlət arxivinin müdiri Rüfət İmanquliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Cavid Dumanlı, Heydər Əliyev Mərkəzinin əməkdaşı Sevər Tağıyeva, Vətən məüharibeləsi iştirakçısı, qazi Etibar Əliyev, Vətən müharibəsi iştirakçısı, qazi Elnur Sarıyev və başqaları kitab haqqında çıxış edərək kitabdakı şeir və hekayələrin bədii xüsusiyyətlərindən, gənclər üçün faydasından söz açıblar.
Çıxışlardan sonra məktəblilərin ifasında “Mən Vətənəm” kitabından ayrı-ayrı qazi şairlərin şeirlərindən parçalar səsləndirilib.
Tədbirə dəvət olunmuş Vətən müharibəsi iştirakçılarının cəbhə ilə bağlı təəsürüatları, gənclərə tövsiyələri dinlənilib. Yekunda müzakirələrdə aktiv iştirak edən iştirakçılar diplomlarla təltif edilib. Tədbirə xatirə şəkli çəkilməklə yekun vurulub.