Ev Publisistika Millət vəkilindən yeni kitab: Xilaskar atanın xilaskar oğlu

Millət vəkilindən yeni kitab: Xilaskar atanın xilaskar oğlu

245

Millət vəkili, Milli Məclisin Komitə sədri Dr. Tahir Rzayevin (ədəbi təxəllüsü: Tahir Rza) yeni kitabı çıxıb.

İndiyədək 20-dən artıq kitabı gün üzü görən “Şöhrət” ordenli Millət vəkilinin “Xilaskar atanın xilaskar oğlu” adlı yeni kitabında eyniadlı poeması verilib.

Poema Müzəffər Ali Baş Komandan İlham Əliyevə və igid oğullarımıza ithaf olunub.
Beynəlxalq”Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının kitaba yazdığı önsözü oxucularımızla bölüşürük:

MƏSULİYYƏTLİ MÖVZUYA MƏSULİYYƏTLİ MÜNASİBƏT

Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı, Məclisin Komitə sədri Tahir Rzayev uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyəti dövründə onlarla ictimai-siyasi məzmunlu məqalə ilə çıxış edib, müvafiq müsahibələri mətbuatda yayınlanıb, kitabları gün üzü görüb. O, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru olaraq da, ədəbi-bədii məzmunlu yazılarla, şeir, esse kitabları ilə, filoloji araşdırmaları ilə də, vaxtaşırı, öz oxucularına müraciət edir. “Xilaskar atanın xilaskar oğlu” poeması Tahir müəllimin yaradıcılığında qoşa qanad kimi diqqəti cəlb edən ictimai-siyasi və ədəbi-bədii məzmunun birləşməsi sayıla bilər. Etiraf edək, yetərincə məsuliyyətli bir mövzuda yazan müəllifin məhz o, məsuliyyətin fərqində olması, onun yazdığının ideyasını daha da tutarlı edir, poetexnologiyası ilə məzmunun tarazlığını təmin edir. Yəni, yalnız ədəbi-bədii yetənək və ya yalnız ictimai-siyasi biliklərlə (təcrübə ilə) mövcud poemanı yazmaq o qədər də təsirli bir iş olmaya bilərdi. Çünki dövlət müstəqilliyimizin son 30 illik dönəminə, keşməkeşli olaylara və düşmən işğalının acı nəticələrinə baxmayaraq, tunelin sonundakı işığı görənləri, o işığı könüllərə, ömürlərə daşıyanları təcrübə, bilik və təhlil yetənəyi ilə yanaşı şair olmadan vəsf etmək sadəcə mümkün deyildir. Elə buradaca vurğulayaq ki, əlbəttə, bu iki amil mühümdür ancaq başqa bir mühüm amili də unutmuruq: bu, sevgidir, məhəbbətdir, öz siyasi əqidəsənə sədaqətdir. Sevgi, məhəbbət, sədaqət olmadan ictimai-siyasi məzmunu ədəbiyyata daşımaq, bədiiləşdirmək necə mümkün olardı? –

“Yaratmağa, yazmağa sevən ürək gərəkdir,
Yanmasan, düşünməsən, duymasan, yaratmazsan.
Yaşadıb ucaltmağa arzu, istək gərəkdir,
Ürəyini Vətənçün qoymasan, yaratmazsan”…

Və əlbəttə, yazdığına özün inanmasan başqasını da inandıra, riqqətə gətirə bilməzsən. Əgər haqqında yazdığın dövlət xadimi, xalqın sevimli oğlu və rəhbərinin həyatını, mübarizəsinin mahiyyətini özün idrak etməsən, onun qərarlarını keçici siyasi maraqların üstündə görməsən, yuxarıda sadaladığımız üç amilin üzvi birliyi yazdığında təcalla etməz.
Tahir müəllimin “Xilaskar atanın xilaskar oğlu” poeması poetik salnamə təsiri bağışlayır. Olayların xronologiyası, başlama səbəbləri və məntiqi sonluğu vahid süjet xətti ilə sıralanıb. Burada, sonluq dediyimiz – özbaşına buraxılmış hadisələrin sonluğu deyil; məhz xilaskar atanın xilaskar oğlunun titanik səylərinin məntiqi sonluğudur. O, başqa məsələ ki, İlham Əliyev şəxsiyyətinin yetişməsi, onun xalqın dərdlərini öz sinəsinə çəkərək yürütdüyü uzaqgörən siyasət və Müzəffər Ordusu ilə əldə etdiyi tarixi Zəfər özü də kainatın ruhunun, xalqın Tanrıdan israrlı istəklərinin sonucu kimi şərh oluna bilər. Heç təsadüfi deyil ki, xalqın istək və arzuları hələ XX yüzilin 90-cı illərində məhz Yaradana üz tutmaqla ifadə olunmuş, xalq içində yayğınlaşmışdı:

“Allahım, mənə bir ağsaqqal yetir,
Ona söylənəsi ağrım-acım var.
Oğul deyə-deyə sızlayan anam,
Qardaş deyə-deyə yanan bacım var.
Havalı dağların havası kimi,
İnsanı yasadan hava, su kimi,
Bu gün ağsaqqala ehtiyacım var.
Allahım, mənə bir ağsaqqal yetir” (Z.Yaqub).

Yaradan şairin səsini eşitdi, tarixi Zəfərin təməli o illərdə qoyuldu. Xilaskar atanın üç cümləsini xatırladacam: “İqtisadiyyatı güclü olan dövlət, hər şeyə qadirdir”, “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır”, “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. Bu cümlələr, tarixi Zəfərə aparan yol, Zəfərin qazanılması və Zəfərsonrası görülən ilk işlərə diqqət edərək, Xilaskar oğulun siyasi, mənəvi varisliyinin mahiyətini açmağa imkan verir. “Xilaskar atanın xilaskar oğlu” poeması iqtisadiyyatdan ordu quruculuğuna, ordu quruculuğundan Zəfərə, azadlıqdan abadlığa – (Ermənistanın) işğal mədəniyyətsizliyindən (Azərbaycanın) quruculuq mədəniyyətinə götürən sürəcin poetik ifadəsidir.

Tahir Rzayev həm Xilaskar atanın, həm də Xilaskar oğulun siyasi komandansının üzvü olub, onların rəhbəri olduğu siyasi partiyanın tanınmış üzvüdür və nəyin nə vaxt və necə həll olunduğunu yaxından müşahidə etmə imkanına malik olub. Əlbəttə, hər məlumatlı insan, hər müşahidəçi poema yazmır yaxud yaza bilmir. Hər yazılan da ürəklərə yol tapmır. Bu mənada, əgər Tahir müəllimin indiyədək 20-dən artıq kitabı gün üzü görübsə, bu o anlama gəlir ki, müəllif öz oxucusunun tələblərini, istəklərini bilir. 20 dəfədən çox oxucu qarşısına kitabla çıxmaq bir müəllifin özkeçmişində önəmli məsələdir. Ümidvaram, yaşının, təcrübəsinin və yaradıcılığının indiki çağında siyasi məzmunlu poema ilə çıxış edən Millət vəkili, bu vacib mövzunun ədəbi-bədii inkasını yaradan müəlliflər içərisində seçiləcəkdir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Sayğılarla,
Əkbər QOŞALI
Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı