Mikayıl Bozal “Ay adam” müraciəti ilə – iç dünyasının bəzən hayqıran, bəzən də pıçıltılı çağırışları ilə ruh dünyamızın qapısını döyüb. Qəlbi, əli boş da gəlməyib, könlümüzə sığal çəkən, saflıq, təravət gətirən duyğu yarpaqları ilə birgə gəlib. Etiraf etdiyi kimi, “şairlik iddiası”nda olmasa da, sözsevərlərin mənəvi daxilinə müxtəlif xarakterli adamlar silsiləsi ilə işıq salmağa çalışıb. Pedaqoqluq, psixoloqluq səriştəsi, duyumu ilə say-seçmə – “özü də, sözü də halal, mərd, kasıb oğulların, dərd yiyələrinin, sevdası Turan, hürr dolu dünya qurmaq amallı Türk oğullarının, yolları yoran, halını soruşub yanında duran, yıxılan evlərə dirək, hər zaman, hər yerdə gərək, bərəkət, çörək, başdan ayağa ürək, dost kimi qarşımıza çıxan, dost deyib köksünə sıxan, taleyini, qismətini özü yazan”, dərdinə baş əyməyib “dərdin içində gülən, səni başa düşən hal adamlarının”, həm də “yaxşılığı ayıb sayan, yalmanıb xal yığan, çətin başa düşən”, yaxud heç başa düşülməyən qeyri-müəyyən bəndələrin iç dünyasını “dodaqlarda çiçək açan, saza yatan şeirlər”i ilə bizə təqdim edir.
Saflardan safsınız, sulardan duru,
Ayın şöləsisiz, Günəşin nuru.
Dostların ərk yeri, fəxri, qüruru,
Ay başdan ayağa ürək adamlar.
Məni gülüş ilə güllələdilər,
Gözləri gözümə baxan adamlar.
Öncə ümid verib, şans dilədilər,
Sonda ümidimdən yıxan adamlar.
Mikayıl Bozalın lirik hisslərinə “bələdçilik” edən şair İbrahim İlyaslının “əlini ürəyinin üstünə qoyub rahatlıqla qələm dostumdur” deyə bildiyi, Elman Tovuzun (ruhu şad olsun) “duyğu ocağı, örnək adamı” hesab etdiyi, Ehtiram İlhamın “gözəl qağa”sı Mikayıl müəllimi İbrahim İlyaslının ürək sözləri ilə daha yaxından tanıyaq:
“… Tanrının verdiyi istedadı daşımaq hər kişinin işi deyil. Bir adı da ikiüzlülük olan cəmiyyətdə bir sifətli olmaq, alnıaçıq, üzüağ ömür sürmək heç də qolay deyil. Hər şair üçün isə bu mütləqdir. Hər addımında səmimi, ədalətli, dürüst, cəsarətli, halal olmadan, ana dilimizin incəliklərinə bələd olmadan şair olmaq, sadəcə mümkünsüzdür”.
O, “axıb-azalan qum saatı – həyata” bir məram, niyyət, məqsəd – lirik yaşantılarını özünün düşündüyü, anladığı kimi, yəni səmimi, pafossuz yazmaq üçün gəlib. Bunun üçün istedad, təxəyyül genişliyi, sözə sayğı ilə yanaşı, şəxsiyyət bütövlüyü ən ümdə mənəvi meyardı. O, mənəvi aləminə əmindi – inamlıdı, həyatsevərdi, dərdin qarşısında başı ucadı, “dərdin nə haqqı var sındıra” onu, ancaq Haqqa baş əyəndi, Boz-bulanıq həyatda etibarsız dostlarına da eyham edir ki, “dostlar sındırmasa sınan deyiləm”. Mən də əminəm ki, o, sınanmış dostların əhatəsindədi, dost seçimində yanıla bilməz.
Gəmiyəm – dorum dostlardır,
Ocağam – qorum dostlardır,
Çırağam – nurum dostlardır,
Sədaqətdən boldum bu gün,
Elman Tovuz oldum bu gün.
O, “könül adamı”dı, eşqin qulu”du, onun öz zamanı, yolu, sözü, duyğu seli var. Onun “öz havası var”, başqa havaya oynamağı bacarmır, daha doğrusu, başqa havaya oynamağı heç ağlına da gətirmir, xarakterinə xilaf çıxa bilməz. Mərhəmətlidi, “ac quşa saxlayır dən ürəyində”.
Səməd Vurğunun “əli qılınclı şair” kimi təqdim etdiyi aşıq Hüseyn Bozalqanlının elində, yurdunda dünyaya göz açan Mikayıl Bozalı bəlkə də hər gün “Tovuza sarı aparır yollar – laylası, bayatısı, şeiri, sazı ilə gəl deyən diyara – içində həyəcan, gözlərində yaş”.
Gedirəm, mənzilim bitənə sarı,
Sazın beşiyinə yetənə sarı,
Vətənin içində Vətənə sarı,
Gedirəm, a dostlar, varıb gedirəm.
Mikayıl müəllimin şeir dünyasının işığı şair təxəyyülünün yollarını şeirinə varaq eləyir. Bənzətmə orijinal olduğu qədər də uğurludu. Eləcə də “təbimiz dost olsun, ayaqsa qələm” misrası.
Könül sıxılanda yollardır çara,
Dostlar olan yerdə yorulmaq hara?
Meydan oxuyağın qaranlıqlara,
Yolumuzda edək çıraq yolları.
Höteni, Heyneni, təbii dadında, nəfəsində – orijinaldan dadan Mikayıl Bozalın şeirləri, çağdaş dövrümüzün, gələcəyimizin əqidəli söz ustadı Məmməd İsmayılın təbiriylə desək, “günümüzün şeir qarqarasında qəribə görünə bilər”. Niyə? Çünki alman dili mütəxəssisi başqa dildə oxuya, yaza, dil öyrədə bilsə də, ana dilimizin şəhdi-şirəsi onun milli ruhunda əbədi yaşayır. Bunu qoşmaları, gəraylıları sübut edir. Klassik şeir ənənələri, doğulub boya-başa çatdığı məkanın aurası onun ömrünün, sözünün cövhərinə çevrilib.
Ömür ölümlə qalmaqal,
Bozal, kimdi qal oğlu qal?
Bacarsan bir də nəfəs al,
Dünya son nəfəs boydadı.
Söz adamlarının əqidəsi, amalı, məsləki, niyyəti, xisləti nədir? Bu mənəvi məziyyətlərin nədənini, necəliyini onun lirik düşüncələrində asanlıqla tapmaq mümkündür. Bəs Tanrının seçilmişləri başqa bəndələrdən nə ilə fərqlənir? Mikayıl müəllimin “Söz adamları” şeiri onun avtoportretidi. Arzusu, xəyalı, sevgisi, həsrəti ilə qolboyun gecələr yuxusuz qalan, “qələm dodağında qəlbi dil açan söz dəliləri”nin özünəxas özəlliklərini şair fikir süzgəcindən keçirir, məlum olur ki, o, şairliyi vətəndaş, mənəvi zəngin, “Simurğ xislətində, özü boyda el, Vətən olmaqda” görür. Həm də:
Qara sevdaların başına dönər,
Həsrətin, acının yaşına dönər,
Yayda qar istəsən qışına dönər,
Başqa cür olurlar söz adamları.
Vətənşüvən, dilində Vətən bitən, qəlbində Vətəni sərvət mənbəyi bilən “xalq şairləri”nin saxta iç üzünü açmaq, düzə düz, əyriyə əyri demək, əsl söz adamının missiyasıdı. İlahi sözə gəlir mənbəyi kimi baxıb ona xəyanət edənlərdən sözün aldığı intiqamın yarası dərin olur, heç vaxt sağalmır. Sözün qulaqburması daha ağrılı olur. Mədhiyyə yarışına, xoruna qoşulub sözü urvatdan salanlar, sözə dırnaqarası baxıb özünə yüksək kürsü, devident əldə istəyənlər anlamırlar ki, sözü yox, özlərini gözdən salırlar. Uğurlu, həqiqi, səmimi söz həmişə zirvədədir. Sözün meydanı həqiqəti, səmimiliyi ilə örnək olan cəsarətlilərin ali kürsüsüdür. “Xalqının dərdini öz dərdi sanmayanların, qazanc planları cızanların”, riyakar iç üzünə sözlə pərdə çəkib gizlətməyə çalışanların qara niyyətini əlahəzrət söz ifşa edər. Söz ilahi varlıqdır, tutiyədir, murdarlığı qəbul etməz, coşqun və büllur söz seli belələrini cılız çör-çöp kimi öz qoynundan kənara atar, həm də boğazdan yuxarı deyilmiş sözün üzməyə hünəri olmaz. Sellər kimi xalq da bilir kim kimdir?
Mən bir az əlsizin əli kimiyəm,
Dili olmayanın dili kimiyəm.
Eh, məni boş verin, dəli kimiyəm,
Xalqından xəbərsiz “xalq şairləri”.
O, ömürlüyünü (avtobioqrafiya, tərcümeyi-hal) dörd misraya sığışdıran düşüncə sahibidi – lap alman dəqiqliyi ilə:
Məsum uşaq idim…
bir ömür sürdüm,
Böyüdüm… başımda dümağ dən gördüm,
Elə duman gördüm, elə çən gördüm…
Düşünmə dumanda azan adamam.
Çağdaş ədəbi mühitdə ənənəvi şeirə daha çox müraciət edənlər qınanılır ki, bu yaradıcılıqla zamanın nəbzini tutmaq çətindir, bu yolla uğur əldə etmək mümkün deyil. Əslində isə dövründən, müraciət etdiyi janrdan asılı olmayaraq, uğurlu düşüncə əbədiyaşardı. Təxəyyül, təb həmişə sazdırsa, yeni fikir doğulacaq. Mikayıl Bozalın gəraylıları, qoşmaları, bu fikrə gəlməyimə əsas verir. “Həmzələrin at oynatdığı, dəlilərin yuxu tutub yatdığı vaxtda” da, sevgi hissinin, mənəvi aləmimizin laqeydləşdiyi bu günümüzdə də qədimliyindən, çağdaşlığından asılı olmayaraq, tərbiyə edən, eybəcərliyi qamçılayan ilahi duyğulara, mənə elə gəlir ki, indi daha çox ehtiyac var. İndi nəinki insan, daş, “qaya olmaq da asan deyil, kələyi var, küləyi var bu dünyanın”. Ona görə də şair xəbərdalıq edir:
Qürrələnmə qol zoruna,
Düşərsən tamah toruna.
Alışma gəl yad qoruna,
Dünya aldadar, aldanma.
Aca tənə etmək tox yerdən gələr,
Yoxdur deyilən şey, yox yerdən gələr.
Dərd-bəla gələndə çox yerdən gələr,
Heç bilə bilməzsən, haran necədir?
Şairin lirik payız lövhələri sözün rəngləri kimi al-əlvandı, düşündürücüdü, kövrəkdi, barlı-bəhərlidi. O, sözüylə payız yarpağının könlünü alır, təsəlli verir, saralmış ömrünün son günlərini yaşayan yarpağı lirik dili ilə dilə tutur, onun yanında dayanıb kədərinə həyan, xiffətinə şərik olur ki, “bizi səsləyən var, yubanma daha, dur gedək vaxtında, payız yarpağı”. Sərsəri rüzgarların ağuşunda əsir qalan, ağacdakı taxtından düşmək istəməyən yarpağı anladır ki, yenidən baharda doğulmaq üçün indi getmək vaxtıdı, “qaldıqca quruyub xəzəl olarsan, dur gedək, nə bahar, nə qışdı ömrün payızı, yaşamın sirri, ruhun heykəlidi, əvvəlin sonudu, sonun əvvəlidi”. Şair narahatdı: “Qar tutar yolları bu gün-sabaha, dur gedək vaxtında, payız yarpağı”. Mikayıl müəllimin duyğulu payız fəlsəfəsində xeyli düşünüb-daşınandan sonra ustad Məmməd İsmayılın tez-tez vird etdiyim (təkrar elədiyim, dilimdə əzbər olan) bir misrasını pıçıldadım: “Hələ yaşamağa dəyər bir az da”.
Torpaq bizi xəbər alır, dur gedək,
Əsən külək layla çalır, dur gedək,
Bircə sağollaşmaq qalır, dur gedək,
Dur gedək vaxtında, payız yarpağı.
Sevgiylə əl edər hər düşən yarpaq,
Alar ağuşuna sevgiylə torpaq.
Mikayıl Bozalın mənəvi planetində bir Elman Tovuz peyki var. Onun Elman Tovuzun sağlığında və haqq dünyasına qovuşandan sonra qələmə aldığı kövrək duyğulu şeirlərində Elman Tovuz həmişəyaşardı. Son şeirlərdəki dost xiffəti, sədaqəti Məmməd İsmayılın təbiriylə desək “müqəddəs kədər”i insanı saflaşdırır, kövrəldir, düşündürür, dost qədrini həmişə bilməyə çağırır. Dost itkisi Mikayıl müəllimlə bərabər bizi də yandırır. Onun dostunun başdaşına müraciəti başdaşının sahibini sözlə müqəddəsləşdirir:
Xoş halına, a baş daşı,
Baş üstündə baş olubsan.
Çıxıb gedib qardaş, bacı,
Sən qalıb qardaş olubsan.
Bir ürəkdə iki canı,
Bozaltək gəzdirən hanı?
Qarşında görüb Elmanı,
Nə yaman çaş-baş olubsan?
Elman Tovuzun başının, daşının üstü həmişə yaş olacaq, çünki fani dünyasını əzab-əziyyətlə yaşayan mənəvi dünyası zəngin insanın son evinin üstündə gözləri nəmlənib duyğulananlar, ehtiramla onu yad edib ruhunu sevindirənlər var, həmişə olacaq – Mikayıl Bozal və başqaları kimi dost qədri bilənlər həmişə var olsun! Belələri üçün “Elman Tovuz kimi pir yeri var”…
Elman Tovuzun “sevimli mələyi, şimşək köhlənli ağ atlı oğlanı, əldə tutduğu qələmi haqdan verilən” dostu Mikayıl Bozala yazdığı “Ya qismət” şeirininin sonuncu iki misrası məni də halbahal etdi:
Birgə olmaqdan gözəl varmı yenə səadət?
Nə qədər yaşayarıq…
yaşadarıq…
ya qismət!
Mikayıl Bozal, sizin lirik düşüncənizlə desək, sizi duyan varsa, deməli, varsınız. Poeziya həyatın özüdür, söz adamını yaşadan, saflaşdıran, duyğular selidir, mənəvi dünyasının ünvanıdır. Sözə xəyanət etməyənlər, sözün qədrini bilənlər həmişə var olacaq. Milli ruh candan ayrılmaz, cəsarətli söz yaradıcısı ilə birgədir, daim yaşayır və yaşadır…
VAQİF OSMANLI
may 2025