Ev İctimai Müəllim peşəsinin əsl siması – İradə Cəlil yazır

Müəllim peşəsinin əsl siması – İradə Cəlil yazır

100

Müəllimlik zəhmət, fədakarlıq, səbr və dözümlülük tələb edən, o qədər dəyərli və hörmətli, dəyəri heç bir maddi mükafatla ölçülə bilməyən, gücünü sevgidən alan ən gözəl peşələrdən biridir. Yeni nəsilləri əmanət etdiyimiz və müəyyən mənada ölkəmizin gələcəyini yetişdirən təhsil ordusunun fədakar üzvləri, xalqımıza hər zaman inam bəxş edir.

Müəllimlik, bəşəriyyətdir. İnsanlara ayaq üstə durmağa, gəncləri həyata hazırlamağa və cəmiyyətdən daim öndə olmağa imkan verən müəllimlik, hər şeydən əvvəl, qiyməti heç bir maddi mükafatla müqayisə olunmayan ideal məqsəd və peşədir. Bu, məktəb və sinif hüdudlarında təsvir edilə bilməyən sevgi və fədakarlığa söykənən, eyni zamanda ağır bir məsuliyyət tələb edən xüsusi və müqəddəs bir peşədir.

Gələcək gənclərindir. Gəncliyi yetişdirmək də müəllimlərin işidir. Biz tam əminik ki, müəllimlərimiz gələcəyimizi formalaşdıracaq, övladlarımızı elmlə maarifləndirəcək, onları sağlam xarakterli bir fərd kimi yetişdirmək məqsədi və hədəfi ilə bu gün olduğu kimi, gələcəkdə də üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Bu müəllimələrimizdən biri də Səfərova Samirə Vaqif qızıdır. Müəlliməmiz Ağcabədi rayon Xocavənd kənd Taleh Əliyev adına 2 saylı tam orta məktəbində fəaliyyət göstərməkdədir. Samirə müəllimə 17 ildir ki, pedoqoji fəaliyyət göstərir və Təhsil Nazirliyinin keçirdiyi Sertifikasiya, Diaqnostika imtahanlarını müvəffəqiyyətlə keçmiş və fəaliyyət dövründə bir çox uğurlara sahib olmuşdur. Peşəsini çox sevən və həvəslə icra müəlliməmiz rayonda keçirilən bir çox kurslarda sertifikat ilə mükafatlandırılmışdır.

Samirə müəllimə, fərdi inkişafa böyük önəm verir. Bu səbəbdən də, inklüziv təlimdə və riyaziyyat fənninin ixtisas artırma kursunda iştirak edib. Samirə müəllimənin şagirdləri məktəb tədbirlərində həmişə birincilik qazanıb. Samirə Səfərova, bəlkə də bu gün Azərbaycanda müəllim peşəsinin əsl simasıdır.

Bəzən biz müəllimlərdən olduğundan çoxunu tələb edirik. Unuduruq ki, onlar insandır, onların da istəkləri ola bilər. Uşaq vaxtı biz düşünürdük k, müəllimlər söhbət etməz, çörək yeməz. Bizə yanlış anladıldığı üçün tələblərimiz də onlardan fərqli idi. Amma reallığı olduğu kimi qəbul etsək, bütün müəllimləri sevə bilərik. Bu da bizim özümüzdən asılıdır.

Samirə Səfərova kimi müəllimlərimiz çoxdur. Sadəcə onları tanımağı, sevməyi və qiymətləndirməyi bacarmalıyıq. Dünən son zəng günü idi, müəllimlərin şagirdlərə necə ürəkdən davrandıqlarını, təhsilindən məsul olduqları o uşaqlara necə dəyər verdiklərini gördüm. Bəlkə də, Samirə müəllimə haqqında da bu səbəbdən yazmağı düşündüm. Çünki Samirə müəllimə ibtidai siniflərə dərs deyir və bu gün 11-ci sinfi bitirənlərin davranışları, təhsili və tərbiyəsinin təməli də ibtidai sinifdən formalaşır. İbtidai siniflərə dərs deyən müəllimlər işinə qayğı ilə, sevgi ilə yanaşanda hədsiz qiymətli olur. Elə Samirə müəllimə kimi…

Uşaqlarımızın üzərində, sözün hər mənasında zəhməti olan müəllimlərə sevgi ilə…

İradə Cəlil,

Bizimyol.info