Ev Bədii Muradlı könüldən Ərturançı dilə…

Muradlı könüldən Ərturançı dilə…

145

Muradlı könüldən Ərturançı dilə…

“Murad” – könül istəyidir, əzablardan sıyrılmış bir ümid, hətta sonda çatılıb-çatılmamasından asılı olmayaraq, yolunda yürünülən uca ərək yolçuluğudur. Elə bir yolçuluq ki – ümidi inama, özləmi gözlənilən günə özü daşıyan daşıyar, daşıya bilməyən bir başqasına ötürər.

“Ərturan” – dədə-babadan, soykök yolundan qopan ilhamla yüksələn bir ululuq yolçuluğudur, türk ruhunun oyanmış halıdır.

Adı Murad, özünə götürdüyü təxəllüs Ərturan olan şairin həm sevgi şeirlərində, həm də vətəncanlılıq ruhlu poetik mətnlərində bu ikili kod bir-birini tamamlayır. Biri “içsəl yanğı”, digəri “ictimai duruş”dur. Üstəlik, rəsmi soyadı Qoca(yev) olan Murad, Almas Yıldırımın “Qoca türkün düşdüyü dərd yaman hey!” nidasını unutmayıb:

“Kimsə bilməz Tanrıdağın yaşını

Duman almış Altayların başını.

Uçurtmuşlar başdan dövlət quşunu

Qismətinə üz çevirmiş zaman hey,

Qoca türkün düşdüyü dərd yaman hey”…

Murad Qoca Ərturan Hüseyn Cavidin yazdığı “Qoca bir türkün vəsiyyəti”ni də oxuyub, idrak efib, əlbət:

“Kimsəyə kin bağlamıyın, yigit olun, mərd olun,

Vicdanınız elmas kibi nur saçaraq parlasın.

Qonum-qomşu, yaqın-uzaq hər kəslə həmdərd olun,

Qırıq gönülləri yapın, bıraqmıyın sızlasın”…

Yıldırımdan, Caviddən gətirdiyim örnəklər Muradın yaradıcılığının mayası olub, deyərdim yaşamını, çalışmalarını bütünüylə qapsayır.

Murad Qoca Ərturanın sevgi temalı şeirləri (“Acı etiraf”, “Sevgimə məzar qazdım…”, “Yoxluğuna necə alışım?” və b.) poetik anım, bəlkə bir qədər peşmançılıq və ən əsası, dərin səmimiyyətlə yoğrulub. Bu şeirlərdə sevgi – kişi-qadın münasibətlərindən daha üstün səciyyə nümayiş etdirir – yəni insanın varlığına çəkilmiş xəttdir. – Sanki bir ömrün “yol xəritəsi” o xətlərdən şəkillənib… Şair sevginin həm fiziki yoxluğunu, həm də ruhani uçurumunu oxucuya yaşadır:

“Sən çıxıb getsən də, səssiz-səmirsiz,

Arxaya boylanan gözün olacam”.

Bu misralarda sevginin (necə deyərlər) “izləyici kölgəsi” obrazlaşır – tərk edilsə də, izləməyə davam edən duyğu…

Şairin bir çox şeirində (“Yaşamaq olmur…”, “Daha yaşamağa səbəbim yoxdu…”, “Yorğunam daha…”) subyektiv varlıq hissi ilə yaşanan ümidsizlik dominantı təsiri bağışlayır. Məncə, bu, yalnız ötəri və fərdi hal olmalıdır; çünki Ərturanlıq ümidsizliyə qapı və yol tanımaz və qətiyyən onu zamana yaymaz.

“Bir ömür yorğunluq gəzdirir məni,

Dincələ bilsəydim, ruhum ölmədən”. – Bu, yaşamın ağrı yükünü təkbaşına çəkməyə çalışan bir insanın ahəngsiz nəğməsidir bəlkə ancaq iki misrada belə özünü göstərən işıq seli vardır. – Yəni inersiya ilə, savaşların bitib-tükənməzliyi, dincələ biləcəyimiz günün eşqinin ölməzliyi sığışmış olmalı bura… Ayrıca, ruh ölməz! – Bunu Ərturan da bilir…

Ona görə, bu misralarda ruhun “ölüm”lə dinclik axtarması, içəridən çökmüşlük, zəiflik deyil, dərin insanilik çırpıntısı və haqqın incəlsə də, üzülməyəcəyinə inamın ifadəsidir. Hə, deyə bilərsiz, sevgi şeirini aparıb haralara bağladız? – bilirsiz, Murad Qoca Ərturan kimi ülkülü şairlərin cilvəli gözəlinin, nazəndə pərisinin, bir sözlə, xas sevgilisinin elə ülkünün özü olduğuna inanmağa meylliyəm…

Bəli, Murad Qoca Ərturan belə deyək, yalnız fərdi sevgi, şəxsi ağrı şairi deyil. Onun “Şəhid oldum…Anacan”, “Ağlama şəhid anası”, “Türküm, türklüyümlə qürur duyuram” kimi şeirləri milli kimlik, şəhidlik, Bütöv Azərbaycan, Turan ülküsü, Türkün insanlıq fəlsəfəsi ilə zəngindir. Bu şeirlərdə “poetik Murad” artıq fərdi duyğudan ulusal duyğuya keçir və şair Ərturan olur – yəni “ər yolunu tutan”, “ülküyə doğru duran”:

“Ay-yıldız aşkımdır, Turansa sevdam,

Vatanı candan çox seven övladam”…

Buradakı dil – sadədir, ancaq yüklü və nüfuzedicidir. Oxucuya təkcə ülkü yox, duyğu yüklənir.

Murad Qoca Ərturanın dili – poetikdir, lakin “idarəli şair dili” deyil. Bu şeirlərdə səmimi bir könül axını var. Klassik bədii fiqurlardan çox, sanki gündəlik yaşam duyğusu içində poetiklik əldə olunub. Bəzən xalq şeiri ritmində, bəzən sərbəst çağırışla, bəzən heca vəzninə uyğun şəkildə…

Bu isə ulusal ruhun və çağdaş ağrının birləşdiyi poetik axım olsa gərək.

Beləliklə,

Murad Qoca Ərturanın şeirləri iki əsas damar üzərində qurulub:

birincisi, fərdi eşq və yaşam çətinliklərindən irəli gələn gərginliklər;

ikincisi, milli yaddaş və türk kimliyi.

“Murad” – hiss edən, sevən və itirməmək üçün savaşandır;

“Ərturan” – dirənən, çağıran, yola duran və türklüyə qayıdandır.

Onun poeziyası, əslində, bu iki xəttin – “yanan ürək” ilə “ülkü”nün görüş nöqtəsidir.

Bu baxımdan, Murad Qoca Ərturanın imzası həm poetik kimlik, həm də mənəvi dəyər baxımından bu günün oxucusu üçün tanış, doğma və çağırışçı bir səslənişdir.

Müşfiq “Biz də muradımızca fələkdən kam alaydıq” deyirdi. Biz də bu gün bu yazıya sonluq olaraq deyirik: Azərbaycanımız, bütün Türk dünyası muradına yetsin!

Hərarətli qardaş salamı ilə,

Əkbər QOŞALI