Ev Bədii Nə Eşq yükdü, nə yük Eşq… – Şeirlər

Nə Eşq yükdü, nə yük Eşq… – Şeirlər

603

Zahid Sarıtorpağın şeirləri…

* * *
ömür şütüyür… bilmirsən
gün ötür, yoxsa ay keçir.
Elə bil dar bir dalandan
köhnə bir tramvay keçir.

Göyün yeddinci qatında
kimsə Söz deyir adımdan…
Nədən könlümün çatından
O-na oxşar haray keçir…

Dərd yürüşüdü, ya səlib?
Can bayraq kimi dikəlib.
…Ölüm də çırmanıb gəlib–
zalım elə bil çay keçir…

 

* * *
aşdıq dağın o üzünə
gedirik üstən aşağı
elə bil ki bu yol bizi
aparır qəsdən aşağı

ay boşuna sürünən yol
haqqa sarı ərinən yol
ay gözümə dirənən yol
yol varmı gözdən aşağı

dil nə deyirsə asidi
susmaq ölüm həvəsidi
səbir sevgidə qazidi
şikəstdi dizdən aşağı

ömür sevgiylə yarıdı
sevgi haqqın buxarıdı
hamı bizdən yuxarıdı
kimsə yox bizdən aşağı

Söz öndədi biz geriyik
ona son anda gərəyik
biz hər cür səsdən diriyik
ölüyük Sözdən aşağı

 

* * *
Mən adi bir səfildim
Dən-dən göyə səpildim…
Bir Səs ilən öpüldüm:
“ – De, burda nə gəzirsən?”

Nə Eşq yükdü, nə yük Eşq
Biz kimik? Biz nəyik? – Eşq…
Tək O-dur ən böyük Eşq
Sənsə ən yekə sirsən.

Ölüm – bəzəkli xonça,
Rəngi çalır narınca
Mən O-na yalvarınca
Sən kimə diz çökürsən?

Üzüldüm puçur-puçur,
O kimdi məndən qaçır.
Kəfən gorda gül açır,
Sən hara göz dikirsən?

Getmişdim yenə gəldim
Çökmüşdüm də dikəldim
Kəs – bu ətək, bu əldi,
görüm necə kəsirsən….

 

* * *
keçir qarlı gecədən
ayaqyalın bir külək
bir isti yer də yoxdu
dünyadan əl götürək

qorxmuruq bilsək ki lap
bu dünyanın sonudu
dünyaya gəlmək özü
bir əcəl oyunudu…

 

* * *
deməzsənmi gördüm səni
Ona pənah aparırdın
sevgiylə doluydu yükün
həm də günah aparırdın

çiynində bir məsum mələk
varmı yoxmu hardan bilək
dodağından öpən külək
isti bir ah aparırdı

aramızda Söz dururdu
o Söz bizi susdururdu
məni şeytan azdırırdı
səni Allah aparırdı

 

* * *
köçən durna geri dönməz köçündən…
geri dönmə heç haraydan, heç ündən.
əl uzadıb yüz çiçəyin içindən,
mən daha dərdiyimi dərmişəm…

qaçırmışam gözümdəki mürgünü,
uçurmuşam fələk hörən hörgünü.
qoymaram ki hədər gedə bir günüm,
küləklərə verdiyimi vermişəm.

əvvəl-axır üstələyir yaz qışı,
geri dönür hər budağın öz quşu.
get sənə də nəğmə hörüm, söz qoşum,
saçlarına hördüyümü hörmüşəm.

mənə qalsın bu od-ocaq sevgimiz,
ömrü boyu boy atacaq sevgimiz,
get… səni də oyadacaq sevgimiz,
mən sevgidə gördüyümü görmüşəm…

 

* * *
köhnə qəbirlərdi kol-kos içində
qonub baş daşına şanapipiklər
əlacsız adamın burda nə işi
Tanrı bəndəsini hara sürüklər

ölümlə nə durur aramızda ki
bir uçuq divardı bir sınıq qapı
bir addım bəridə sevda ələmi
bir addım o yanda Haqqın girdabı…

 

* * *
Üz tutub getdiyin yol
udar səni toz kimi
getmə! Yerimə!
uç! – deyir…

ölüb qovuşacağın torpaq
üşüdər səni buz kimi
yerin altına girmə!
köç! – deyir…

o sevdiyin qızın qəlbi
sənin son məkanındır –
qapısı Tanrının qapısı kimidir –
onu döyməzlər!
aç! – deyir…

amma necə? Necə? – demir zalım
çünki dodaqaltı qımışıb
Ondan başqa hər şeyə
puç deyir…

 

* * *
O gecə bir ulduz da axdı
Axsın… nə dəyişdi ki…
Mən qayıdıb bir də yağdım
yoxluğa yağış təki…

bir qədəh ayrılıq içdim
heç bir sağlıq demədən.
günü bu gün də sərxoşam
ayılmıram heç nədən…

toxunan yoxdu çiynimə
perikib uçmur gecəm.
ya sən qeybin bir parçası
ya mən biryolluq heçəm…

 

* * *
çəkilir sözün tətiyi
can ölü düşür varağa
ömrün son nöqtəsi deyil
vergülü düşür varağa

niyə, susmalıyıq, niyə
gözlər dirənibdi göyə
dərd dərdə, sevgi sevgiyə
hörgülü düşür varağa

hər şey çökür çökür çökür
çökməyən nə var min şükür
fələk də mi zülüm çəkir
mürgülü düşür varağa

əl götürür bu cür məndən
hər şey hər şey köçür məndən
o boyda yaz keçir məndən
bir gülü düşür varağa…

 

* * *
dünyada ağlı-qaralı
hər cürə yalana yazıq
yalan bir damdır – uçacaq
altında qalana yazıq

bu şair bilmir neyləsin
əsir canı əsim-əsim
yoxdu dünyada kimsəsi
kimsəsi olana yazıq

bilmir ki gedir yol hara
bilmir çağırır “OL!” hara
yazıq keçdiyi yollara
döngəyə dalana yazıq

canından qan sıza-sıza
hazırdı qəbrini qaza
bilmir ki şeirini yaza
bilmir ki dolana yazıq…

Tural Adışirinin təqdimatında