Ev İctimai Neftçalada Azər Turanın 60 illik yubileyi qeyd olunub

Neftçalada Azər Turanın 60 illik yubileyi qeyd olunub

140

Noyabrın 30-u Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın anadan olmasının 60 illik yubileyi qeyd olunub.

Yubiley mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Nizami Cəfərov, Sabir Rüstəmxanlı və Aqil Abbas, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev, ədəbiyyatşünas-tənqidçi, filologiya elmləri doktoru Elnarə Akimova, yazıçı, kinodramaturq İlqar Fəhmi, filologiya üzrə fəlsəfə doktoru, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu, filologiya elmləri doktoru, Azərbaycan respublikasının Əməkdar jurnalisti Qulu Məhərrəmli, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailləri, ağsaqqallar və rayon ictimaiyyəti iştirak edib.

Yubiley tədbirindən öncə Azər Turanın ata evi, ədəbiyyatşunas alim mərhum İmamverdi Əbilovun evində yerləşən şəxsi kitabxanası ziyarət olunub və qonaqlar kitabxananın kitab fondu ilə tanış olublar.

Tədbirdən öncə yubilyarın kitablarından ibarət sərgiyə baxış keçirilib və Azər Turan yaradıcılığını özündə əks etdirən videoçarx izlənilib.

Yubiley mərasimində çıxış edən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, Azərbaycanda Atatürk mərkəzinin müdiri Nizami Cəfərov, Milli Məclisin deputatı, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı, yazıçı, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Aqil Abbas, filologiya üzrə fəlsəfə doktoru, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru Elnarə Akimova, filologiya elmləri doktoru, Əməkdar jurnalist Qulu Məhərrəmli yubilyarın həyatından və fəaliyyətindən, Azər Turan yaradıcılığından və şəxsiyyətinin bəzi məqamlarından söz açıblar, onunla olan xoş xatirələrini bölüşüblər və yubilyarı xoş sözlərlə təbrik ediblər. Xalq şairi Nəriman Həsənzadənin yubilyara ünvanladığı videotəbriki səsləndirilib, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun (N.Nəcəfoğlu) təbrik məktubu oxunub.

Yubileydə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, Azər Turan imzası ilə ictimai və elmi mühitdə mühüm mövqeyə malik ədəbiyyatşünas, tənqidçi və yazıçıdır. Azər Turan, xüsusilə Cavidlər ocağının mənəvi varisi olaraq tanınır və o “Cavidnamə”, “Hüsni-xuda şairi Hüseyn Cavid”, “Cavid əfəndi”, “İrfan çobanı”, “Hüseyn Cavid”, “Əbədi Turan”, “Turan Cavidin son söhbəti, son yaşantıları, son günü”, “Ərtoğrul Cavidin bütün əsərləri: yazıları, rəsmləri, bəstələri, məktubları”, “Mişkinaz Cavid. Cavid haqqında xatirimdə qalanlar” kimi ciddi elmi əhəmiyyətə malik əsərlərin müəllifidir. RİH-in başçısı bildirib ki, Azər Turan həm də Türk dünyasının birliyinə, turançılığa xidmət edən görkəmli fikir adamları haqqında çoxsaylı əsərləri ilə elmimizə və ictimai fikrimizə xidmət edib, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi, Bəkir Çobanzadə, Ömər Faiq Nemanzadə və başqa şəxsiyyətlərlə bağlı qiymətli əsərlər yazıb. Neftçala RİH-in başçısı 60-cı doğum günü qeyd olunan Azər Turanı yubileyi münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra Azər Turan çıxış edərək 60 illik yubileyinin Rayon İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə qeyd edilməsi və ona göstərilən yüksək ehtirama görə Rayon rəhbərliyinə, təbdirdə iştirak edən qonaqlara və Neftçala rayon ictimaiyyətinə öz təşəkkürünü bildirib. Eyni zamanda bildirib ki, bu yubileyin həm öz həmvətənlərinin təşəbbüsü, həm də Heydər Əliyevin 100 illiyi çərçivəsində qeyd olunması onunçün ayrıca qürur doğurur.

Tədbirin sonunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov yubilyara fəxri fərman və xatirə hədiyyəsi təqdim edib.

edebiyyatqazeti.az