Öləcəyəm haçansa. Yuyacaq cəsədimi günah boyda birisi. Öləcəyəm haçansa, arxamca hey söyəcək məndən kənar gəzənlər. Tutacaq tabutumu içki içən qonşumuz. Uşaqlıq dostlarımın işləri çox olacaq.
Beş ildir məndən küsən qardaşım hönkürəcək. Hər dəfə ağlatdığım anam ağı deyəcək. Saçın yolacaq bacım, başın sıxacaq atam. Sonra unudulacam 90-cı illərin soyuq payızı kimi. Adamlar xatırlayıb deyəcəklər yavaşca: “Belə bir adam vardı”.
Sonra başqa birisi söhbəti dəyişəcək: “Ağac bəhərli idi, çoxluca badam vardı”. Başqası danışacaq Berlindəki oğlundan, Bakıdakı qızından. Bir ər vardı dünyada. Bir ata yaşayırdı bir vaxtlar bu küçədə. İndi oğlu tələbə. Dostlarıyla sümürür siqareti eləcə. Atasının aldığı pencək həsrət qoxuyur. İnildəyir jaketin saplarında xatirə. Gülür böyük şəhərin cahıl oğullarıtək.
Bir dekabr var idi… Onun beşi var idi… 90-ci il idi… Havanın nəmişlik idi, qar da yaman yağmışdı… Bir körpə doğulmuşdu. Sevinmişdi qohumlar. Öpülmüşdü çoxluca, gəzmişdi qucaqları, qəlbləri, beyinləri. Böyümüşdü beləcə. Evlənib yuva qurmuş, bir oğlu da olmuşdu…
Bir oğlu da olmuşdu…








