Ev Bədii “Öləcəyəm haçansa…” Yeqzar Cəfərlinin şeiri

“Öləcəyəm haçansa…” Yeqzar Cəfərlinin şeiri

59

Öləcəyəm haçansa

Yuyacaq cəsədimi 

günah boyda birisi

Öləcəyəm haçansa 

Arxamca hey söyəcək 

məndən kənar gəzənlər

Tutacaq tabutumu 

içki içən qonşumuz

Uşaqlıq dostlarımın 

İşləri çox olacaq

Beş ildir məndən küsən 

qardaşım hönkürəcək

Hər dəfə ağlatdığım 

anam ağı deyəcək

Saçın yolacaq bacım

Atam ağlamayacaq

güləcək mən gedərkən

Sonra unudulacam 

90-cı illərin

soyuq payızı kimi

Adamlar xatırlayıb 

deyəcəklər yavaşca

Belə adam var idi

Sonra başqa birisi 

söhbəti dəyişəcək:

Ağac meyvəli idi

Çoxlu badam var idi

Necə nəfsim çəkdisə 

tez qoparıb götürdüm

Başqası danışacaq 

Berlindəki oğlundan

Bakıdakı qızından

Bir ər vardı dünyada

indi arvadı qalıb

Bir ata yaşayırdı 

bir vaxtlar bu küçədə

İndi oğlu tələbə

Dostlarıyla sümürür 

siqareti içinə

Atasının aldığı 

pencək həsrət qoxuyur

İnildəyir jaketin 

saplarında xatirə

Gülür böyük şəhərin 

cahıl oğulları tək

Bir dekabr var idi

Onun beşi var idi

90-ci il idi

Havanın nəmişliyi 

sərin qışı var idi

Bir körpə doğulmuşdu

Sevinmişdi qohumlar

Öpülmüşdü çoxluca

Gəzmişdi qucaqları

Məktəbdə sevilmişdi

Tələbə də olmuşdu

Evlənib ailə qurmuş

Bir oğlu da olmuşdu

Bir oğlu da olmuşdu…