Ev Bədii Ömrüm söz ömrüdü – Sabir Sarvan

Ömrüm söz ömrüdü – Sabir Sarvan

1669

Sabir Sarvan – 65

Ömür hekayəsi

Vaxt varıydı çarpışırdıq fələklə
Gündüz idi, Gecə idi, Mən idim.
Üç dost olub dolaşırdıq göyləri –
Arzu idi, Xəyal idi, Mən idim.

Yaz sovuşdu payız girdi araya,
Ruhumuzu düçar etdi sarıya.
Çaşıb qaldıq yol çatanda yarıya –
Qorxu idi, Ümid idi, Mən idim.

Nə gəzəsən sönən odda – ocaqda,
Keçən keçdi, qalan qaldı uzaqda.
Bir də gördük üçümüzük otaqda –
Həyat idi… Ölüm idi…Mən idim…

Sevərsən

Mən gedirəm…day yanında qalmaram,
Sən yanında qalanları sevərsən.
Deyirsən ki,
“ürəyincə deyildim”,
Ürəyincə olanları sevərsən.

Sevgibazlar dəryasında gəmin kəm,
Qoy olmasın həmdəmin kəm, dəmin kəm.
Doğru sənə acı gəldi? – Qəmin kəm,
Dili ballı
yalanları sevərsən.

Yan – yörəndə gəzən çoxdu, bilirəm,
Üzdə guya gözün toxdu…bilirəm,
Aşkar işlə aran yoxdu, bilirəm,
Gizlinləri,
dalanları sevərsən.

Su çuxuru, çuxur suyun tapacaq,
Armud gördü ayı oyun tapacaq,
Müxtəsəri, taylı tayın tapacaq,
Filan…
filan…
filanları sevərsən.

Şükranlıq

Sözə bənd elədi, şükür Tanrıya
Şükür, nəzərini məndən kəsməyib.
Mən sözün üstündə elə əsmişəm,
Heç anam üstümdə elə əsməyib.

Qəlbin sevincini, qəmini tapdım,
Sözün gül üzündə, bal dodarında.
Ömür dedikləri quruca sözmüş,
Asılı qalıbdı lal dodağında.

Nə itir, nə batır, söz əbədidir,
Uzağı kül altda közə çevrilir.
Dünən deyə-gülə söhbət etdiyin,
Bu gün xatirədi, sözə çevrilir.

Söz deyil, deyirlər sözdü bu dünya,
Düşüb nə xoş güzar, nə xoş iş mənə.
Məni nəfəs-nəfəs sözə bağlayan,
Verəndə dünyanı veribmiş mənə.

Sözə bənd elədi, Tanrıya şükür,
Ömrüm söz ömrüdü, uzun olacaq.
Bu dünya yarandı bir kəlmə sözdən,
Elə sonunda da sözün olacaq.

 

***
Könlümdə qalmışdı nəsə, necə ki…
Qar qalar dağların uca yerində.
Bir qönçə gözələ meylimi saldım
Gördüm, məni görür xoca yerində.

Adımdan nişanə qalmadı məndə,
Dedim qoy dil açım ölüncə gündə.
Nəfəsim təngidi, külək əsəndə
Tüstü belə olur baca yerində.

Biləndə nə imiş dərdim – təlaşım,
Buladı başını, qaldırdı qaşın.
Gözləri soruşdu: – “neçədir yaşın”,
Qocasan, qaxıl öl, qoca yerində!

Qibləm ürəyimdi

Bizi də sayarlar, qəm yemə könül,
Hər kəsin qədrini bir dövran bilir.
Mənim gözlərimdi dərdin məskəni
Yalandı desələr çox ünvan bilir.

Olsa da ömrümə qənim ürəyim,
Qibləm ürəyimdi, yönüm ürəyim.
Bu nə bəladırsa, mənim ürəyim,
Özünü dərd ilə firavan bilir.

Elə tez dolandı çarx dediyimiz,
Azaldı – üzüldü vaxt dediyimiz,
Məndən çoxdan dönüb baxt dediyimiz,
Nə Sabir tanıyır, nə Sarvan bilir.

Niyə dərmədim

Beş-altı günlüyə yaz idi baxtı,
Bir dar çuxur idi sarayı – taxtı,
Kolların dibindən üzümə baxdı,
Mən o bənövşəni niyə dərmədim?!

Sayəsin üstümə salmışdı tale,
Gül olub könlümü almışdı tale,
Bircə yol üzümə gülmüşdü tale,
Mən o bənövşəni niyə dərmədim?!

Dindirsən sinəsi dolu ah idi,
Yanında yoldaşı xeylaq çox idi,
Mənə ondan başqa baxan yox idi,
Mən o bənövşəni niyə dərmədim?!

Xəyalım toxunur dünənə gəlir,
Ötənlər nə haya, nə ünə gəlir,
Gündə gözlərimin önünə gəlir,
Mən o bənövşəni niyə dərmədim?!

Duruşu həyalı, baxışı incə,
Bir üzü gül idi, bir üzü qönçə,
Yandırıb-yaxacaq məni ölüncə,
Mən o bənövşəni niyə dərmədim?!

Biz qonşuyuq

Tanrı səni sonalayıb göndərib
Yer üzünə bəxşişlərin yerinə.
Məndən olsa izlərini düzərdim,
Küçələrə naxışların yerinə.

Biz qonşuyuq, yaşayıram yaxında,
Qəlbi cavan bir qocayam baxanda.
Utanıram sən qarşıma çıxanda,
Üzümdəki qırışların yerinə.

Gənc olaydım, dodağımda sözlərim
Çırpınaydı…
titrəyəydi dizlərim,
Bir cüt sevən göz görəydi gözlərim
O biganə baxışların yerinə.

Güllər kimi sığınaydım əlinə,
Yellər olub dolanaydım belinə,
Narın – narın toxunaydım telinə,
Yağan qarın, yağışların yerinə…

Hara aparırsan

Günəş güzgüsünü əlindən salıb,
Çiçəklər rəngini rəngindən alıb.
Şəhərə çıxmısan, daş heykəllər də
Arxanca boylana – boylana qalıb, –
Hara aparırsan bu gözəlliyi?

Heyrətdən bir kəlmə danışan da yox,
Bu qəfil sükutla barışan da yox,
Kəsib qabağını soruşan da yox:
– Hara aparırsan bu gözəlliyi?

Şəhərə aydınlıq üzündən düşüb,
Sığallı xanımlar nazından düşüb,
Yanıqlı – yanıqlı baxır kişilər,
Çoxunun arvadı gözündən düşüb,-
Hara aparırsan bu gözəlliyi?

Bu sevda başımdan sovuşan deyil,
Bu gözlər üzündən yığışan deyil,
Onsuz da heç yana sığışan deyil, –
Hara aparırsan bu gözəlliyi?

Tərk edib gedərdim

Əlim çəkilsə də cavanlığımdan,
Yenə mən qocanı tər sinə çəkir.
Bizdən təbiətdə nişanə gəzsən,
Kömür mənə bənzər, qar sənə çəkir.

Açıq nişangahdı, qorunmaz sinəm,
Qor verər, özgədən qor ummaz sinəm.
Məni kül elədi ovunmaz sinəm,
Çəkmir o ahı ki, hər sinə çəkir.

Yazı gül – çiçəyə, qışı qara ver,
Haqsansa, haqq deyib başı dara ver,
Tör – töküntü dərdi naşılara ver,
Çəkilməz dərdləri nər sinə çəkir.

İçi qan çanağı, özü nağılsa,
Tüküm də tərpənməz dünya dağılsa.
Tərk edib gedərdim ağlıma qalsa,
Di gəl ki, ürəyim tərsinə çəkir.

Saxla bülbül kimi

Olanım ürəkdi vermişəm sənə,
İstər ayaqla keç,
istər tac eylə.
Gah görün gözümə, gah da uzaqlaş,
Məni həsrətinə yalavac eylə.

Varamsa,
aldığım hər bir nəfəsdə,
Buyruğun- qulluğun gözlərim üstə.
Saxla bülbül kimi sarı qəfəsdə,
Ya da ki, kölgəlik qarağac eylə.

Səni udum – udum anım gizlicə,
Günahım, pənahım sanım gizlicə,
Qovrula – qovrula yanım gizlicə,
Məni buğda dəni
dərdi sac eylə.

Mən də bir dünyayam qəmdi bazarım,
Özgə aləmlərə düşməz güzarım.
Gördün ki, azalır dərdim – azarım,
Amandı,
yubanma,
tez əlac eylə.

Min dəfə demişəm

Nədən incimisən, niyə küsmüsən?
Danışma deyirsən soruşan kimi.
Sənə naz – qəmzə də gözəl yaraşır,
Ağ üzə qara xal yaraşan kimi.

Burda ikimizik, de görüm nə var?
Üzün qara bulud, səsin soyuq qar.
Daraşır canıma fikir- xəyallar
Qarışqa şirəyə daraşan kimi.

Min dəfə demişəm, deyimmi gündə,
Qaşqabaq sallayıb məndən küsəndə
Həyatım qarışır!
Yellər əsəndə
Sular dalğalanıb qarışan kimi.

Daş daşdan yapışar sel yamandısa,
Açılar çöhrəsi dağ dumandısa,
Əgər bu küsünün sonu qandısa,
Bir qurban kəsərəm!!!
Barışan kimi.

 

* * *
Bölsən fəsillərə mənim ömrümü,
Gülü tək-tək bitdi,
qar dizə çıxdı.
Qəlbimin xalları, dərdimin rəngi,
Lalədən boylandı, nərgizə çıxdı.

Bilmədim sağdamı, soldamı durum,
Arxa da uçurum, ön də uçurum.
Dedim daş daşıyım, bir yuva qurum,
Hər daşın altından kor gürzə çıxdı.

Yox imiş havama göydə uçanlar,
Mənə sirr verənlər, könül açanlar.
Darda gen dolanıb uzaq qaçanlar,
Hərəsi bir cürə “təmizə” çıxdı.

Suları sovulmuş göldü ürəyim,
Üzü cadar-cadar çöldü ürəyim.
Çırpına-çırpına qaldı ürəyim,
Nə qışla barışdı, nə yaza çıxdı.

 

* * *

Gör hansı fəsildə durub gəlmisən,
Üşüyən budaqlar gün axtaranda.
Quşların hamısı köçüb gedəndə,
Sərçələr soyuqda dən axtaranda.

Buyur, gəl içəri, qapıda durma,
Keçən çoxdan keçib, özünü yorma.
Mən belə oluram, sən fikir vermə,
Bir çətin söhbətə yön axtaranda.

Ürəyim sonuncu yarpaqtək əsir,
Nə həsrət istəyir, nə sevgi gəzir.
İllərlə yolunda durdum müntəzir,
Bəs niyə gəlmədin mən axtaranda?!

 

* * *
Sənə məktub yazam təzə görüşçün,
Köhnə araçıya iş düşə yenə.
Dayanaq göz – gözə, nəfəs – nəfəsə,
O fürsət əlimə kaş düşə yenə.

Duyam ki, varınam, yoxunam sənin,
Hər gecə masmavi yuxunam sənin,
Bilmədən qəlbinə toxunam sənin,
Ovcuma mirvari yaş düşə yenə.

Gizlin baxışlardan yamanlıq sezək,
Söz üstə söz qoyan dillərdən bezək,
Fikirli dolanaq, uzaqdan gəzək,
Qəfil aralığa qış düşə yenə.

Mən sonra inandım bir həqiqətə,
Cəsarət yetirir ilk məhəbbətə.
Elə istəmirəm bu nağıl bitə,
Göylərdən başıma daş düşə yenə.

Məni bir də yaratsan

Düşdüm SÖZ sevdasına
Çalxandıqca duruldum.
Dostlarım qaşa – gözə,
Mən sözlərə vuruldum.

Göylərin əlindədi
Söz dediyin sirr – açar.
Gahdan fikri pərdələr,
Gahdan neçə sirr açar.

Söz hər şeydən yüngüldü,
Sözdən ağırı yoxdur.
Tapıb yerinə qoysan,
Sözün fağırı yoxdur.

Üyüdürəm dən kimi
Kəlmə – kəlmə “un” alım.
Canımın ağrısıdı,
Sözün ağrısın alım.

Tanrım, SÖZ dəlisiyəm,
Məskənimi çöl elə.
Məni bir də yaratsan
Yenə SÖZƏ qul elə.

Ölən min dəfə dirilib

Mövlana Cəlaləddin Rumiyə

Gözündən itdim dünyanın,
Gözdən o yana
MƏN varam.
Ən birinci, ən sonuncu
İzdən o yana
MƏN varam.

Baxma qübbəsi qurulub,
Ölən min dəfə dirilib.
Üz gizlənməkçün verilib,
Üzdən o yana
MƏN varam.

Ruhumun binəsı yoxdu,
Duracaq xanəsi yoxdu,
Sözdən oyanası yoxdu,
Sözdən o yana
MƏN varam.

Tural Adışirinin təqdimatında