Ev Bədii Ömür muncuq kimidir, qəfil dağıla bilər..

Ömür muncuq kimidir, qəfil dağıla bilər..

838

Fərqanə Mehdiyeva

Şəkildi

Hərdən yana-yana töküb baxıram,
Deyirəm eh, bu da filan şəkildi.
Gənclik həsrətilə yanıb qovrulan,
Bənizi saralan solan şəkildi.

Ayıl xəyallardan, azca bəri düş,
Hərəsi bir cürə sifəti dönmüş,
Çiynində günlər var anası ölmüş,
İllərdən illərə qalan şəkildi.

Bircə söz soruşdum gör nə deyəcək,
Sözə çevriləcək, şeirə dönəcək,
Nə vaxtsa daş üstən gülümsəyəcək,
İndidən gözləri dolan şəkildi.

“Gözündə eynək yox, əlində əsa”,
Atam çəkdirmişdi bir vaxt hardasa,
Anam yox qaldırıb divardan asa,
Ruhu yağmalanmış talan şəkildi.

Ağzım uzun ömrə sulandı vallah,
Qarşımda ocaqtək qalandı vallah,
Dünyada nə varsa yalandı vallah,
Dünyada tək bircə qalan şəkildi.

Yaraşdı bəxtimə qəşəng ayrılıq

Dağlara, daşlara dedim dərdimi,
Qarışıq yuxumu yozan olmadı.
Hər çatan bir pozan aldı əlinə,
Səni taleyimə yazan olmadı –
Mən sənin ömrünə çata bilmədim.

Könlünü açmadı o yazın yolu,
Dolandı boynuma Arazın qolu.
Tutub əllərindən upuzun yolun –
Mən sənin ömrünə çata bilmədim.

Çəkdi ürəyimi şişə ayrılıq,
Sındı çilik-çilik şüşə ayrılıq,
Yaraşdı bəxtimə qəşəng ayrılıq,
Mən sənin ömrünə çata bilmədim.

Qəlbi qırıq, para ömür yaşadım,
Allah, üzü qara ömür yaşadım,
Qızara-qızara ömür yaşadım –
Mən sənin ömrünə çata bilmədim.

Mən sənə yüyürdüm, qaçdım min dəfə,
Bağlı pəncərəmi açdım min dəfə.
Çox da ürəyindən keçdim min dəfə,
Mən sənin ömrünə çata bilmədim.

Bir göz qırmıpında itib qayıtdım,
Dəniz gözlərində batıb qayıtdım,
Dünyanın axrına çatıb qayıtdım,
Mən sənin ömrünə çata bilmədim.

Mən sənə darıxmaq öyrədəcəyəm

Musiqisi Tahir Əkbərindir

Açılan səhərdən üzü axşama,
Mən sənə darıxmaq öyrədəcəyəm.
Bir bahar axşamı söykəniö şama,
Mən sənə darıxmaq öyrədəcəyəm.

Həsrətin gözümdən axıb süzülər,
Bu varaq ömrümə misram düzülər.
İkimiz darıxsaq dünya düzələr,
Mən sənə darıxmaq öyrədəcəyəm.

Könlünü alıram ac ümidlərin,
Mənə taqət verin, mənə güc verin.
Döşənib üstünə xatirələrin,
Mən sənə darıxmaq öyrədəcəyəm.

Töküb gözlərimdən yaz yağışını,
Göyərdim mən sarı xoş baxışını.
Dizimin üstünə qoyub başını,
Mən sənə darıxmaq öyrədəcəyəm.

Qorxuram, güvənəm, güvəncim sına,
Yaman dirəşibdi qılıncım qına,
İşimi, gücümü atıb bir yana,
Mən sənə darıxmaq öyrədəcəyəm.

Payızın yanında gözlərsən məni

Ay ömür yarıda könül qıranım,
Payızın yanında gözlərsən məni.
Məni gözləməyə yer axtaranım,
Payızın yanında gözlərsən məni.

Könlünü ovuda-ovuda gəlib,
Göylərdən yerlərə piyada gəlib.
Həmin o ünvana, o ada gəlib,
Payızın yanında gözlərsən məni.

Yaraşmır bu yerim, göyüm əynimə,
Payız don biçdirsin deyim əynimə.
Payızın donunu geyim əynimə,
Payızın yanında gözlərsən məni.

Qızılı əlindən tutub payızın,
Küsəyən könlünə yatıb payızın.
Başını söhbətə qatıb payızın,
Payızın yanında gözlərsən məni.

Ay ömür yarıda könül qarınam,
Sən gələn yollara çıxım, sarınım,
Məni gözləməyə yer axtaranım,
Payızın yanında gözlərsən məni.
Payızın yanında gözlərsən məni.

Olacaqsan

Sən mənim bəxtimə doğan bir günəş,
Sən mənim ömrümə gün olacaqsan.
Qalıb ürəyimdə arzu da, kam da,
Bəs nə vaxt arzuma tən olacaqsan?

Taleyin hökmüdü ya bahar, ya qış,
İstəsən könlümün oduna qarış.
Kim bilir bəlkə də alnıma qırış,
Saçıma vədəsiz dən olacaqsan.

Şirin bir arzuya dönə xəyalın,
Kaş ki, gözlərimdə gülə vüsalın,
Qaçardım yoluna ayağıyalın,
Bilsəm ki, qismətim sən olacaqsan.

Hələ açammıram dolaşıq ömrü

İlahi, şamını özün vermisən,
Yandırım dam altda bu işıq ömrü.
Macalım yoxuydu salam sahmana,
Durum yığışdırım qarışıq ömrü.

Bu candı, bu da ki qurduğum yuva,
Göyərməz ümidi gözümdən suvar.
Əlimdən nə gəlir, özgə nəyim var,
Düzüm sətirlərə yaraşıq ömrü.

İllərdi… arxamca gülüşüb qalıb,
Dərdini-sərini bölüşüb qalıb.
Necə düyündüsə ilişib qalıb,
Hələ açammıram dolaşıq ömrü.

Yerisəm qurtarmaz bu yol, bu küçə,
Qoşula bilmədim baş alan köçə.
Dindirmə kiriməz qırx gün, qırx gecə,
Qoyma danışdırım bu aşıq ömrü.

Daşyonanla söhbət

Usta, alverin çox olar,
Bu qara rüzgarla çağla.
İstəyirmən bir beh verim,
Yaxşısın mənə saxla.

Hardan gəlib çıxdım bura,
Bir özgə yolum olmadı?
İndidən alım, sonralar
Bəlkə heç pulum olmadı…

Bax üzümə baxır o daş,
Sındırma könlü xoş olsun.
Eləsini saxla, qardaş,
Başıma yaraşan olsun.

Bəlkə almasam da olar,
Bu ehtiyac bir həvəsdi.
Qəbrimin üstə qoymaya
Başıma düşən daş bəsdi!

Birin behlə, çıxım gedim,
Kimsəyə gərək olmasın.
Nə qəribə peşən varmış,
Görüm, mübarək olmasın!

Yonduğun məzar daşları,
Sənə dərd, azar verməsin.
A müştəri gözləyənim,
Heç Allah bazar verməsin!

Xatirə gecəmə gələcək dostlar

Mən də çoxaldacam qəmin birin də,
Çalacaq qulağı desəm yerin də.
Günlərin birində, günün birində,
Xatirə gecəmə gələcək dostlar.

Məlahət əlində çiçək dəstəsi,
Dostların mən ollam elə siftəsi,
Yaxıb-yandıracam gör neçə kəsi,
Xatirə gecəmə gələcək dostlar.

Kim deyər, keçirdi bir ömrü hədər,
Üzləri bürüyər qəribə kədər,
Özümdən savayı şəklimə qədər,
Xatirə gecəmə gələcək dostlar.

Çoxunu gözləyər bu qəribəlik,
Anam tələsəcək əlində çəlik.
Bütün zal susacaq bir dəqiqəlik,
Xatirə gecəmə gələcək dostlar.

Yanacaq, astaca bir şam yanacaq,
Yanacaq sənətim, peşəm yanacaq,
Bəlkə, hamıdan çox Qəşəm yanacaq,
Xatirə gecəmə gələcək dostlar.

Torpağım titrəyər varaq sayağı,
Çəkib sinələrə çal-çarpaz dağı,
Ay Allah, gündüzün günorta çağı,
Xatirə gecəmə gələcək dostlar.

Gôrəsən dostlarım qəribsəməzki…

Vallah..bir kimsədən umacağım yox..
Könlümə göylərin işığı düşür..
Nə qədər gəzirəm..başıyuxarı..
O qədər əllərim aşağı düşür..

Bəxtəvər başına bu gen şəhərin.
Hava istəyirəm..bir hava udum…
Quyruq bulamağa istedadım yox…
Bəs hansı bir işin qulpundan tutum..?

Yoxsa ki..qoşulum dəli şeytana..
Bir az uzaq düşüm Göy ilə Yerdən..
Görəsən dostlarım qəribsəməz ki..
Bir göz qırpımında itsəm şəhərdən.

Ağlama, şəhid anası

Bu nə nalə, bu nə yanğı,bu nə səs,
Əvəzinə de çatarmı bir əvəz?
Índiyədək ağladığın bəsdi,bəs,
Ağlama, şəhid anası, ağlama .

Nələr qaldı payızında, yayında,
Gözün qaldı qamətində, boyunda,
Qol açmadın dam dolusu toyunda,
Ağlama, şəhid anası, ağlama.

Azərbaycan özü ona təm – təraq,
Məzarına çiçək tutaq, gül tutaq,
Şərəfinə bir Kərəmi çaldıraq,
Ağlama, şəhid anası, ağlama

Ucaliqda uca dağa dönübsə,
Yazılmayan bir varağa dönübsə,
Sənin balan bu torpağa dönübsə,
Ağlama, şəhid anası, ağlama.

Hayana gedib anam

Gəzirəm qərib-qərib
Nə ümid var, nə inam.
Adam qalmır soruşum–
Hayana gedim anam.

Uşaqları yanında
Canını qoyub gedib;
Atam təzə aldığı
Donunu qoyub gedib.

Qaranlıqda itənim
İşığa oxşayırdı;
Elə qocalmışdı ki,
Uşağa oxşayırdı.

Yeddi uşaq yellədən
Beşiyi qalıb belə.
Kəndi-kəsəyi, evi,
Eşiyi qalıb belə.

Dindirəndə can deyən
Adımı qoyub gedib.
Möcüzəyə bax, Allah,
Dəli kimi sevdiyi
Atamı qoyub gedib.

Dözəmmir yoxluğuna,
Həyət-baca ağlayır.
Hər səhər dən səpdiyi,
Toyuq-cücə ağlayır.

İçində dolu su da,
Sənəyi küsüb, Allah.
Neçə gündür süd vermir
İnəyi küsüb, Allah.

Doyunca geymədiyi
Toyluğu qalıb orda.
Anasından yadigar
Yaylığı qalıb orda.

Bəlkə uçub göylərə,
Günəşlə, Ayla gedib?
Üz-gözündə bayatı,
Dilində layla gedib.

Gəzirəm qərib-qərib
Nə ümid var, nə inam.
Siz deyin ay adamlar,
Hayana gedib anam?..

Bilirsən söz adamıyam

Ay sinəmə dağ çəkənim,
Gəl məni düzlə aldatma.
Yoxsa sənə üz vermişəm,
Üzümü üzlə aldatma.

Donmuşam yumşaq deyiləm,
Əyilmişəm şax deyiləm,
Mən daha uşaq deyiləm,
Deyib də “gözlə” aldatma.

Dünyanın düz adamıyam,
Tanrının öz adamıyam,
Bilirsən Söz adamıyam,
Sən məni sözlə aldatma.

Divardan

Bu dərdi çəkməyə tərəzi yoxdu,
Çəkir ürəyimi izin divardan.
Belə darıxmağın əvəzi yoxdu,
Yazım sətirləri düzüm divardan.

Bu geniş həsrəti dar eləmədi,
Açdı gözlərimi kor eləmədi,
Şəklini asmağa yer eləmədi,
Qoy bir az inciyim küsüm divardan.

Bu qəm də yetişdi dərən tapılmır,
Uçuq evimizə girən tapılmır,
Səni məndən başqa görən tapılmır,
Niyə boylanırsan bizim divardan.

İndidən

O nakam nə yatdı nə yuxu görə,
Bir yuxu görmüşdü yozun indidən.
Ağlağan şeirimin sətirlərindən,
Gülümsər şəklini asım indidən.

Deyin biri yoxdu biri var idi,
Yolunda boranı qarı var idi,
Deyın cərgəmizdə yeri var idi,
Tutun qəlbinizdə yasın indidən.

Bir yığım istəyi solar heç olar,
Nə boyda arzusu gedər köç olar,
Ona nə desəniz sonra gec olar,
Ona nə yazırsız yazın indidən.

Təndir

Keçib boğazımız gəlib kəndirə,
Dərdimiz bəllidir, dərman tapılmır.
Evin dalındakı qərib təndirə,
Gör neçə zamandır çörək yapılmır

Bu uzun-uzadı ömür yolunda,
Anamla qoşaca çalışıb təndir.
Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb təndir.

Qaçanda ağlayan uşaq səsinə,
Əlindən birbəbir düşüb kündələr.
Beləcə böyüdüb anam bizləri,
Qəlbinin odunda bişib kündələr

Təndirin tüstüsü çıxanda başdan,
Anam gözlərindən su çiləyibdi.
Küt gedən kündəni ovutmaq üçün,
Ərkyana təndiri şillələyibdi.

Əyninə özgə don geyməyən anam,
Təndir tüstüsündən yüz don geyinib.
Başını bir kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.

Doğma anasıtək sevib təndiri,
Könlünə şipşirin ovqat olubdu.
Anam getməyəndə təndirə yaxın,
Təndirin sinəsi çat-çat olubdu.

Kündələr üstündə qıvrılan əllər,
Bəs bu gün görəsən nələri anır?
Bir zaman təndirdə qovrulan əllər,
İndi ehtiyacdan alışıb-yanır.

Analar neyləsin, Allahın altda
Bir az da çoxalıb um-küsüləri.
Əriyən, azalan ömürləritək,
Azalır dam altda un kisələri

Təndir anam kimi doğmadır mənə,
Mən onu müqəddəs ocaq sanacam.
Gün gəlsə olmasa anam həyatda,
Günb gəlsə olmasa anam həyətdə
Mən yanıb, közərib təndirdən betər,
Qaçıb o təndiri qucaqlayacam.

Anam bölə bilər bir tikəsini,
Anam mərd önündə dizin qatlayar.
Damdan əskiltməyin un kisəsini,
Amanın günüdü, anamdan qabaq
Həyətdə təndirin bağrı çatlayar.

Siz məni qoymayın şair olmağa

Bu da xasiyyətdi, cəhətdi deyin,
Sənə söz deyənin nə həddi, deyin.
Başına bir sənət qəhətdi, deyin,
Siz məni qoymayın şair olmağa

Yandırın kağızı yanacaq edin,
Sındırın qələmi oyuncaq edin.
Üçbəndli şerimi üçbucaq edin,
Siz məni qoymayın şair olmağa

Keçin qabağıma yolumu tutun,
Bir az ərk eləyib qolumu tutun.
Hərəniz bir yandan əlimi tutun,
Siz məni qoymayın şair olmağa

Bacarın içimdən çıxarın məni,
Bir az da incidib çıxarın məni,
Girdiyim küncümdən çıxarın məni,
Siz məni qoymayın şair olmağa

Qəbrinin qapağı açıqdı, deyin,
Qurduğun yurd-yuva uçuqdu, deyin.
Ay ana, atamız yazıqdı, deyin,
Siz məni qoymayın şair olmağa

Şairlər bölünməz, bütün olurlar,
Tüstüsü çıxmayan tütün olurlar.
Şair balaları yetim olurlar,
Siz məni qoymayın şair olmağa

Taleyin köçümə köçü çatmadı,
İstədim “beş” alam, “üç”ü çatmadı.
Atamın, Anamın gücü çatmadı,
Siz məni qoymayın şair olmağa.

Atamı, anamı sevgi aldadıb

Gəl məni aldatma ay dəli şeytan,
Onsuz da qovrulub dilim sevgidən.
Qoşa əllərimlə tutub başımı
Hələ ki, çəkirəm zülüm sevgidən.

Sevgili çağlarım bəlkə daldadı,
Bu sevgi əzəldən elə bal dadıb.
Atamı, anamı sevgi aldadıb,
Balam da dünyaya gəlib sevgidən.

Özündən qaçan da sevgidən çıxır,
Səhərə çıxan da sevgidən çıxır,
Dünyada nə can var sevgidən çıxır,
Deyirsən bu yaşda ölüm sevgidən?
Gəl məni aldatma, ay dəli şeytan!
Sən məni aldatma, ay dəli şeytan!

Sən varkən ümidim Allaha qalmaz

Nədənsə üzülür, əlim- ayağım,
Həsrətin uzanan qolu oluram.
Sənin addımını öpən yerləri,
Gəzəndə ürəyi dolu oluram…

Günbəgün əriyən bu can bəndəyəm,
Kağıza, qələmə hopan bəndəyəm.
Mən səndən ayrılıb qopan bəndəyəm,
Onunçun, ağlımın qulu oluram…

Birini deyəndə beşin demirəm,
Əgər dözürəmsə daşam, dəmirəm,
Özün olmayanda başa düşürəm,
Səsin gəlməyəndə dəli oluram…

Ömrü kim bilər, nə çoxdu, nə az,
Götür xatirəmi gözlərindən as,
Sən varkən ümidim, Allah’a qalmaz,
Eşqimdə Tanrıtək ulu oluram…

 

***
Yola düşürəm şər vaxtı
Yoluma çıxan tapıla.
Ötürüm birtəhər vaxtı
Könlümü sıxan tapıla.

Ömür əkib nə dərmişəm.
Mən də gəlib gedərmişəm.
Özümdən üz döndərmişəm.
Üzümə baxan tapıla.

Adımca axın tökülə,
Gəlib bir yığın tökülə.
Gözümdən yuxum tökülə
Əyilib yığan tapıla.

Məni yağışda saxla

Çıxaq enişə doğru,
Dur gəl yoxuşda saxla.
Aç könlünün qapısın,
Məni çıxışda saxla.

Qışı bizə düşmədi,
Xoşu bizə düşmədi,
Yaşı bizə düşmədi,
Quru baxışda saxla.

O qədər xatirə var,
Gözlərimdi suvarar,
Yaz adımı divara,
Torpaqda daşda saxla.

Ocaq haqqı od haqqı,
Çəmən haqqı ot haqqı,
Ayır haqdan nahaqqı,
Ömürdə yaşda saxla.

Üşüdüki bu ocaq,
Damlalar saçaq-saçaq,
İslanmışın yağışdan ,
Nə qorxusu olacaq,
Məni yağışda saxla.

19 fevralın şeiri

Hansı gün doğuldum elə,
O dad hanı, o tam hanı?
Gəlişimə qurban kəsən,
Anam hanı, Atam hanı?

Hanı mənim o xoş çağım,
Hanı qırmızı yaylığım,
Hanı sınıq oyuncağım,
Hanı kövrək uşaqlığım.

Quş qanadlı ötdü günlər,
Şirin hanı, acı hanı?
Yarpağına söz yazdığım,
Hanı tut ağacı hanı?

Ürəyimdə bir sirr qalıb,
Qoy çağırım yarım gəlsin.
Çiling ağac oynadığım,
Uşaqlıq dostlarım gəlsin.

Gəlsin gözlərim önünə,
Coşub qaynadığım günlər.
Bilməyib dünya beş gündü,
Beş daş oynadığım günlər.

Hansı gün doğuldum elə,
O dad hanı, o tam hanı?
Gəlişimə qurban kəsən,
Anam hanı, Atam hanı?

Eh..dilim quş dilidi

Saldım aləmə soraq,
Bir kağızdı, bir varaq.
Bu dünyanı ənəlhəq-
Sandım Nəsimi kimi…

Dolandım çırağına,
Sarıldım varağına.
Tək Tanrı ayağına-
Endim Nəsimi kimi..

Misra qovuran sacam,
Hər şerə,sözə acam.
Kaş olaydı bir hecam-
Bəndim Nəsimi kimi..

Sür ömrü.. alnı açıq..
Yerin yoxsa, Göyə çıx.
Şəhərim dar ağacı-
Kəndim Nəsimi kimi..

Həsrətim mürgülüdü,
Dözümüm daş külüdü..
Eh..dilim quş dilidi-
Dindim Nəsimi kimi..

Yapışdım gərəyimdən,
Oxlandım kürəyimdən,
Soyuldum ürəyimdən-
Yandım Nəsimi kimi!!!

Ömür ipdi tutmuşuq

Ömür ipdi tutmuşuq
Çəkib bağlayar bizi.
Vallah Tanrıdı dözən
De, kim saxlayar bizi?

Hələ yay, qışı çoxdu,
Gəlişi-gedişi çoxdu.
Allahın işi çoxdu,
Bir gün yoxlayar bizi.

Aç dərdini, aç, danış,
Necə udur acmamış.
Haqq qapısın açmamış,
Əcəl haqlayar bizi.

Ağa ağ de, balan var,
Doğru boyda yalan var.
Şükür bizdən olan var,
Bəs kim ağlayar bizi?

Böyümədim uşaq qaldım

Nə barışdım bu dünyayla,
Nə də bir yol küsdüm anam.
Verdiyin ömrü varağa,
Misra-misra düzdüm anam.

Qaldım necə,öldüm necə,
Axırı gördüm heç-heçə,
Baxdım güzgüyə bir gecə,
Öz-özümü süzdüm anam.

Gün kimi qara-ağ qaldım,
Dərdin üzünə şax qaldım,
Böyümədim uşaq qaldım,
O ki var uduzdum anam.

Tanrıdı, çıxıb yiyə

Heç bekar vaxtı yoxdu,
Başını qatır adam.
Bazarı bağlananda
Adamı satır adam.

Əl atır, ayaq qalır
Od tutur soyuq qalır.
Bəs niyə ayıq qalır?
Bəs niyə yatır adam?

Deyir sözün düzünü,
Ömrə baxır üzülür,
Özgədən çox özünü
Elə aldadır adam.

Min yoxuş əzib çıxır,
Dolaşıb, gəzib çıxır,
Sulardan üzüb çıxır,
Quruda batır adam.

Tanrıdı, çıxıb yiyə,
Əlini açır göyə,
İçini yeyə-yeyə,
Görən nə dadır adam?

Göylər şairlərindi

Oğluma

Çıxar, qadası, çıxar,
Şeytan atasız çıxar.
Sonra xatası çıxar
Bəynən, oynama, bala…

Göz-qaşın yer süpürür,
Ömürdü… adam sürür –
Zülməti kor da görür,
Aynan, oynama, bala.

Bu yer ki, var dərindi,
Yerləşmisən yerindi,
Göylər şairlərindi –
Göynən, oynama bala.

Yıxılan bilsə…

Heç kim bilmir qisməti,
Sınacaq, əyiləcək.
Bu gündən sabahadək
Başına nə gələcək?

Həyat sirdi, nağıldı,
Batıb boğula bilər.
Ömür muncuq kimidir,
Qəfil dağıla bilər.

Dərdin də ağırı var,
Payız yıxar, qış əyər.
Yıxılan bilsə yerə,
Yorğan-döşək döşəyər.

Ağaca söykən darıx

Biri oda dönəndə,
Biri dönüb su olar.
Arabir vaxt tapanda,
Darıx mənimçün, nolar.

Bir az bağışla məni,
Belə səhvin içində.
Darıx çölün düzündə,
Darıx evin içində.

Piyada yol gedəndə,
Lap qəfil səksən, darıx.
Günəşin üzünə bax,
Ağaca söykən, darıx.

Yazdığım məktubları,
Götür səfərə qalmış.
Darıx axşam tərəfi,
Darıx səhərə qalmış.

Biri oda dönəndə,
Biri dönüb su olar.
Arabir vaxt tapanda,
Darıx mənimçün, nolar.

Demə cansız kağızdı

Könlünə dağdı bəlkə,
Bu təzə dərdim sənə.
İndicə çəkdirmişəm,
Şəkil göndərdim sənə.

Vaxtsız gələn qonaqdı,
Görən nə deyir indi?
Şəklim acdı bilirəm,
Ömrünü yeyir indi.

Gözlərinə yaxşı bax,
Gör bir necə saralıb.
Bəlkə yuxusu gəlir,
Yol gəlibdi yorulub.

Demə cansız kağızdı,
Hərarəti, odu var.
O qədər həsrət çəkib,
Bənövşənin adı var.

Dönüb qayıda bilməz,
Hər yerdən yolu bağlı.
Bəlkə ona görə də,
Boynu bükülü qalıb.

Könlünə dağdı bəlkə,
Bu təzə dərdim sənə.
İndicə çəkdirmişəm,
Şəkil göndərdim sənə.

Şairin yaşı olmur

Hara haradı bilmir,
Ağdı, qaradı bilmir.
Ömür indi başlayıb
Yoxsa yarıdı bilmir
Şairin yaşı olmur.

Bahara gendən baxır,
Payızı, qışı olur.
Dünyada şirin nə var–
Dadmağa naşı olur
Şairin yaşı olmur.

Dağ boyda əzabına,
Tab gətirən sinədi.
Yaranışdan itirir
Ömür adlı sənədi
Şairin yaşı olmur.

Əyilmir nakəslərə,
Şamşax qalır eləcə.
Çiynində illər yatır
Uşaq qalır eləcə.
Şairin yaşı olmur.

Bu gedimli dünyada,
Ölsə də diri olur,
Ötüb keçən hər günü
Aprelin 1-i olur
Şairin yaşı olmur.

Mənzilin mübarək

Demə ölüm-itim nədi
Yenə könlüm yetimlədi.
Əvvəlimə yetənmədin
İndi sonuma keçmisən.

Ömür tarı-mar idisə,
Dünya sənə dar idisə,
İstədiyin yar idisə,
Şükür qanıma keçmisən.

Bir az asta, bir az yüyrək,
Qismətinmiş daha neynək.
Təzə mənzilin mübarək!
Gəlib canıma köçmüsən!

Tural Adışirinin təqdimatında