Ev Bədii Öz yurdumda öz balama, qucaq olmağa gedirəm

Öz yurdumda öz balama, qucaq olmağa gedirəm

386

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, istedadlı gənc şair Valeh Qocanın 35 yaşı tamam olur. Bu münasibətlə onun yeni şeirlərini təqdim edirik:

Gedirəm

Mən yurduma uzaq yerdən,
Uzaq olmağa gedirəm.
Gedirəm deyəm gəlirik,
Soraq olmağa gedirəm.

Yol gözləyir talan evim,
Aynası daş olan evim.
Üşüyür lüt qalan evim,
Ocaq olmağa gedirəm.

Gedirəm o daş qalama.
Baş əyməyə bir salama.
Öz yurdumda öz balama,
Qucaq olmağa gedirəm.

Ömrüm keçdi baş daşımda,
Uşaq qaldım yaddaşımda.
İlahi, ata yaşımda,
Uşaq olmağa gedirəm.

Sənə bu şəhərin havası düşməz

Bu şəhər sellərin bənd şəhəridir,
Bir az aldadıcı, fənd şəhəridir.
Bu şəhər bir az da kənd şəhəridir,
Sənə bu şəhərin havası düşməz.

Burda nə ay başqa, nə şam başqadı,
Burda fikir başqa, adam başqadı,
Buranın havası tamam başqadı,
Sənə bu şəhərin havası düşməz.

Sən öz xəyalının səfasındasan,
Bir özgə başların yuvasındasan.
Sən öz şəhərinin havasındasan,
Sənə bu şəhərin havası düşməz.

Burda axşam köhnə, səhər köhnədi,
Boğaza ilişən qəhər köhnədi.
Sən özün təzəsən, şəhər köhnədi,
Sənə bu şəhərin havası düşməz.

Bu şəhər çox ahı bəstə eyləyib,
Bir dərdi çoxaldıb dəstə eyləyib.
Bu şəhər çoxunu xəstə eyləyib,
Sənə bu şəhərin havası düşməz.

Səni də tez salar tora adamlar,
Fikri, düşüncəsi para adamlar.
Sənə qara yaxar qara adamlar,
Sənə bu şəhərin havası düşməz.

Bu şəhər dönübdür söz şəhərinə,
Əyri adamların düz şəhərinə.
Qayıt öz yurduna, öz şəhərinə,
Sənə bu şəhərin havası düşməz.

Yenə doğum günüm çıxır yadından

Yenə bu çal-çağır, toy düyün bitir,
Gəlmir səs-sorağın, hay-küyün bitir.
Yenə gün qurtarır, yenə gün bitir,
Yenə doğum günüm çıxır yadından.

Verdin məhəbbəti yelə unutdun,
Atdın yaddaşını selə, unutdun.
Sən məni bir il də belə unutdun,
Yenə doğum günüm çıxır yadından.

Canımda “sən” adlı xəstəlik qalır,
Mənə ümidindən bir çəlik qalır.
Yenə təbriklərdən bi təbrik qalır,
Yenə doğum günüm çıxır yadından.

Bir saxta gülüşlə gülürəm yenə
Bu gün ömürdən silirəm yenə.
Öz doğum günümdə ölürəm yenə,
Yenə doğum günüm çıxır yadından.

Vətən

Mənə icazə ver, bir gün bir axşam,
Bir gəlim qapını pusum, ağlayım.
Bilirəm, dinməyə haqqım yox, Vətən,
Qoynunda lal olum, susum ağlayım.

Yoxdur dəyərini ölçən tərəzi,
O uca boyunu biçən tərəzi.
Sənin torpağını dərman əvəzi,
Yaramın üstünə basım, ağlayım.

Çiçəyin bir körpə, qarın bir bələk,
Torpağın bir xəlbir, torpağın ələk.
Dağında yaşaya bilmədim, gərək,
Dərəndə özümü asım, ağlayım.

Səni unutmağa vaxtım olmadı

Bilmədim dünyanı necə yaşadım,
Bu şəhər ömrümü küçə yaşadım.
Neçə gündüzümü gecə yaşadım,
Səni unutmağa vaxtım olmadı.

Getdin, ümid yerim tək səbrim oldu,
Hər hicran yerində bir qəbrim oldu.
Hardasa boş keçən bir ömrüm oldu,
Səni unutmağa vaxtım olmadı.

Allahın əlindən baxtımı aldın,
Bir taxta çıxmışdım, taxtımı aldın.
Bir az da ümidlə vaxtımı aldın,
Səni unutmağa vaxtım olmadı.

Həsrətin qoparıb atdı başımı,
Eşqin ürəyimə satdı başımı.
Bir az da darıxmaq qatdı başımı,
Səni unutmağa vaxtım olmadı.

Süzüldüm xəlbirdən, ələndim vaxtdan,
Özüm öz qanıma bələndim vaxtdan.
Bir az da mən özüm gizləndim vaxtdan,
Səni unutmağa vaxtım olmadı.

İndi bir ölüm var qarşımda duran,
Torpaqda gizlənən, başımda duran.
Ölüb unudaram, sağıykən bir an,
Səni unutmağa vaxtım olmadı.