Ev Publisistika Özbək şeirinin fidanlarından – Nərgizə Əsəd

Özbək şeirinin fidanlarından – Nərgizə Əsəd

989

Özbək şairəsi Nərgizə Əsəd (Nargiza Asad) gəncliyi təmsil edən yaşındadır. Həyatının naxışını elə öz qələmi ilə cızmağı bacaran qələm əhlidir.

O qədər gözəl, o qədər zərifdi,
Qəlb evinin ağappaq gecələri.

Lirik şeirləri könül oxşayır –

Ağaclar kimi dolub
tökülsə duyğular,
Sapsarı yarpaqlar
ürəyə düşsə.
Payız qarşıma gəlib –
yarpağı tökülmüş xəzan,
Yalvara-yalvara
səni sorarsa.
Xəyal edirsənmi?

Uzun illərdir ki, Həzrət Əlişir Nəvainin ədəbi irsini və şəxsiyyətini öyrənmək, təbliğ etmək üçün müəyyən işlər və tədqiqatlar üzərində çalışıram. Bu maraqla, şairənin Türkiyədə Əminə Bakarın tərcüməsində yenicə nəşr olunmuş “Müjdə” (“Xoşxəbər”, ) kitabının ilk səhifəsində Əlişir Nəvai adını görcək əl saxlayıb oxumağı özümə borc bildim. “Əlişir Nəvainin hüzurunda” şeirində yazır:

Mən də gəldim bu mərdü meydana,
Kaş ona layiq söz tapa
biləydim
Yazdıqlarımsa bir-iki söz,
Layiqmi həzrətin hüzuruna?

Mütaliəmin axarında bu qeydlərimlə baş-başa qaldım.

Nərgizə Əsəd Daşkənd vilayətinin Aşağı Çirçik rayonunun Gül kəndində anadan olub. Elə şeirləri də gül ətirli, təbiət havalıdır. “Gül ağacı” adlı şeirində həyat fəlsəfəsini, yaşam mücadiləsini vəsf edir – şair təbi, şair idrakı yaş bilməz ki?!

Atəşdən alıb suya atdılar,
Qədərinə yanmaq yazılmışdı,
Budaqları yaman möhkəm idi,
Yaşam mücadiləsində idi.
Çiçək açmışdi o, topa-topa,
Külək səpələdi diləyini,
Deməyə vaxt tapmadı – dərdini,
Xəzan dolu macərəlarını.

O, Abdulla Qədiri adına Daşkənd Dövlət Mədəniyyət İnstitutunda ali təhsil alıb (2006). Daha sonra ədəbiyyata – şeirə-sənətə könül aşiqanəliyi onu Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetində nəzdindəki Ali Ədəbiyyat kursuna gətirərək ikinci təhsilini aldı (2009). Qəlbi yaradıcılıq eşqi ilə çağlayan gənc qız tələbəlik illərində yazdığı elmi məqalələrini “Səadətin ünvanı” və “Eşq astanası” şeirlər toplularını nəşr etdirdi.

Sonralar rəfdə bu kitabların sırası çoxaldı: “Könlümün sərhədləri”, “Yasəmən”, “Adlı günlər” və “Xoşxəbər” kitablarının müəllifi kimi tanındı, sevildi və sorağı qonşu – qardaş ölkələrə (Türkiyə, Azərbaycan) belə gedib çatdı.
Bütün uşaqların ilk həmsöhbəti, ilk həmdəmi, ilk qayğıkeşi analar olur. 5 yaşın¬dan yazıb-yaratmaq eşqinə dolan Nərgizə Əsədin də ilk oxucusu anası olmuş – “Mənim qızım elə bir qız olsun ki, bir ömür boyu onunla öyünüm!”, – ilk xeyir-duasını, öyüdünü, alğışını anasından almışdır. Bəlkə də bu dualar sayəsində bu gün poeziya dünyasında özünü rahat hiss edir, qəlbindəki poetik yükünü səhifələrə tökəndən sonra şeir dünyasında könlü rahat olur.

Payız çıxıb getdi,
Yağış yağıb getdi,
Ağaclar tək qaldı,
Mənim kimi.
Gündüz axıb getdi,
Çaxmaq yaxıb getdi,
Amma mən tək qaldım,
Ağac kimi.

“İlk şeirim yağışla bağlı idi. Yağışın niyə ağladığını düşündüm. Payız gələndə ağacların niyə qəm-qüssəyə dolduğunu düşünürdüm. Bilirdim ki, quşlar qayıtmaq üçün isti ölkələrə – cənuba uçurlar. Uşaq qəlbimdə bu düşüncələrlə böyüdüm. Və bu düşüncələrimi qələmə aldıqca rahatlandığımı hiss etdim. Beləcə, ən yaxın sirdaşım qələm və kağız, bir də bu ikisi arasında baş verən hadisədən doğulan poetik lövhələr oldu”.

Yağmurlarda çimən şəhəri,
Diksindirdi bahar günləri,
Dünən xəzana dönən payız,
Bax, açdı ərik çiçəkləri.

Təbiəti seyr etməkdən doymadığını, hər təbiət hadisəsini daim möcüzə kimi seyr etdiyini şeirlərində müşahidə etmək çətin deyil. “Baharın gerçək sevdiyi sənsən” silsiləsindən “Bahar”, “Önündə yaz”, “Payızın portreti”, “Qış nağılı”, “Durnanın fəryadı”, “Çiçəyin fəryadı”, “Gecə”, “Dərya” və s. şeirlərindən füsunkar təbiət lövhələrinin ya müşahidəçisi, ya da birbaşa iştirakçısı olursan. Nərgizə Əsəd ilin bütün fəsillərinə, hətta bütün aylarına şeir həsr edib. Bu da onun təbiətə hakim kəsildiyinə sövq-təbii bir işarətdir.

Bu gün aprel ayıdı,
Niyə yenə soyuqdu,
Siz inanırsınızmı? –
Hələ axşam qar yağıb.

***

Ötdü…
Noyabrın qalib sabahı
Qapı açdı,
Aydın xəyalların
Yollarına.

Şairənin müşahidə etdiyi adi təbiət lövhələri – poetik eskizlərdir.

“Lirik mən”in yaşam dünyasına öz sətirləri arasında dinşək kəsilirəm: yazmasam yaşaya bilməyəcəyimi anladım, məni nə özüm, nə də kimsə yazmağa məcbur etmədi. Sən demə, bu mənim yaşamaq qismətimmiş. Allahın mənə lütfü olduğunu dərk etdim. Uca rəbbim hər kəsə bir yaşam ümidi bəxş edir. Mənim də bəxtimə sözün işığında insanların qəlbinə – könlünə nur paylamaq yazılmışdı. Tanrının bu tale yazısına necə minnətdar olmayım?! Bu haqq işimə ömrümü çıraq etməkdən zövq alıram, yaşam tərzim budur.

Gəlirsən… Sevgilim…
indi yoldasan,
qarın gizlətdiyi izlərə,
yeni yollar aça-aça.
Lakin mən,
“bəlkə getmişəm evdən”
başımı alıb…
təkbaşına…

Nərgizənin şeirlərində bir səmimiyyət var. Müəllifi heyrətləndirən iki müqəddəs şey onun bütün şeirlərində görünür: sadəlik və təbiilik. Təbiətin nizamı yaradanın qurduğu kimidir. İnsanlar nə qədər müdaxilə etsələr də, o nizamı pozmağa cəhd etsələr də, təbiət öz işində, öz nizamındadır. Onun təbii görünüşü heyrətamizliyinə valeh olmaya bilmirsən.

Gözlərimə dolan göz yaşımı,
Kipriklərimə endirəmmirəm
Ürəyimi üzən bu “Eşq”i mən,
Ağlıma heç sığışdırammıram.

Ona görə də uca allahın yaratdığı hər bir gözəllik – istər bir damla su, istər bir pöhrə tumurcuq olsun, istərsə də təmiz bir baxış şairənin duyğularını əsir edər və bir gün misralara dönüb vərəqlərə səpilər. Təbiəti sevdiyi qədər təbiətin bir hissəsi olan insanlar, onların bu dünya ilə mübarizəsi şairin nəzərimdən qaçmır. Doğrudur, böyük şəxsiyyətlər, tarixi xarakterlər, ali düşüncə sahibləri olub. Amma insan xislətindəki xoşa gəlməyən şeylərlə tez-tez rastlaşması onu məyus edir. Bu səbəbdən insanlarda da təbiətdə olduğu kimi təbiilik axtarır. İnsanlardakı hiylə, korluq, yalanlar şair ruhuna, şair duyğularına əzab verdiyindən dünyanın insana yönəltdiyi “niyə?” sualına poetik cavablar axtarır.
Bir həqiqət var ki, şair hiss etdiklərini yazmalıdır. Şair könlündə alova bürünən sevgi – eşq və külə dönmüş kədər misralarının naxışı, bədii əksidir.

Hər bir insanın ömrünün sonuna qədər hər gün xatırladığı uşaqlıq illəri, unuda bilmədiyi məktəb günlərdir. Çünki insan o yaşında təbiət kimi saf, dupduru, içi-çölü işıqla dolu olar. Düşündükləri də, əməlləri də, sevinci də, kədəri də təbii olar. Insanın o yaşında etdiyi günahları da qüsur sayılmaz, kim deyib ki, həyat yolu dümdüzdür. Bu yolun enişi-yoxuşu, dərəsi-təpəsi, yarğanı-yamacı var. Ona görə insan hər yaşında qüsur edə bilir. Bir var, dərk edərək o qüsuru edəsən, bir də var ki, uşaq ağlınla. Bunlar fərqli şeylər olduğundan, uşaq ağlınla etdiyin qüsur da gözəl görünür.

Könlüm könlünə
sığınanda
yenildiyimi fərq etdim
Qüruruma, arıma
ziyarət edir
etiraflarım!

Nərgizə Əsədin lirik duyğularından seçib-seçmələdiyim qeydlərindən: “Mənə ədəbiyyatı, şeiri sevdirən ədəbiyyat müəllimimizin Şahidə apanın pəncərədən baxaraq kədərli şeirlər söylədiyini, ana dili müəllimi Əbdülhaq əkənin özbək dili imlasını gözəl hüsnüxətlə yazdığını, anamın şirin çörək bişirib məktəbə gətirdiyini, son zəng çalınanda sinif yoldaşlarımla ağladım günü xatırlayıram. Bunlar heç unudulmayacaq xatirələrdir”.

Mən nə etdim ki, sənə yaraşası?
Söz tapa bildimmi, dilə gələsi?
Nə deyim, yazdığım, sadəcə şeir oldu,
“Bir qız” ola bildimmi,
arzuladığın kimi,
Canımın içi anam,
Şirindilli can anam.

Şair biləndəki onun oxucusu var, onu şeirlərini həsrətlə gözləyən var, bu xoş yaşantıdır. Nərgizə xanımı ədəbiyyat aləmində izləyən, dediyi, yazdığı misralara maraq var. Bu isə, şairdən özünə qarşı tələbkarlığı artırır. Çünki, artıq o, el gözündə nizama-çəkiyə gələnlərdəndir, dövlət təltifinə layiq görülənlərdəndir. Nərgizə Əsəd Özbəkistanın Dövlət Müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş döş nişanı və “Qızılgül” (“Ətirgul”) mükafatı ilə təltif edilmişdir.
Nərgizə Əsədin poetik qəhrəmanları bunlardır:
– ata – ana mehr-məhəbbəti;
– dərs aldığı müəllimləri (Şahidə müəllimə, Əbdülhəq əkə);
– aşiq olduğu təbiət: yer-göy, yağış-qar, günəş-ay, ulduzlar, ağaclar-otlar, yarpaqlar;
– klassik söz ustalarıdır (İbn-Sina, Əmir Teymur, Nəcmiddin Kübra, Əlişir Nəvai, Mirzə Uluğbəy, Fitrət, Çolpan, Həmid Alimcan, Səidə Zünnünova….);
– günün ictimai hadisələri;
– zamanın nəbzi;
Bütün bu temaların onun dünyagörüşünün genişliyinə, həyatı doğru dərkindən, aydın baxışlarına, insanlara ali duyğularla yanaşmasına işarədir. Demək, Nərgizə Əsəd təkcə şairə, publisist, tədqiqatçı yox, eyni zamanda bir ictimai tərbiyəçi, daim öyrənən və sövq-təbii öyrədən qələm əhlidir.
Pandemiya. Bu tək bir millət üçün deyil, bütün bəşəriyyət üçün bir faciədir. Düzdür, bu fəlakət xeyli itkiyə səbəb oldu: iqtisadiyyat gerilədi, onsuz da gərgin olan siyasi hadisələr daha da gərildi… Bir andaca sanki, dünyanı iflic halına saldı. Ancaq bu görünməyən virus acısından insanların biri-birilərinə nə qədər ehtiyacları olduğunu gördük, həyatda yaxşı işlər görməli olduqlarını xatırlatdı. Insanların bir-birinə zalımlığı artarsa Yer kürəsinin bir andaca alt-üst olacağını sanki bəyan etdi.
Bu kimi gözlənilməz məsələlər əlində qələmi olan hər bir insanı düşündürməli və ətrafdakıları şüurlu olmağa, dar zehniyyətdən çıxmağa çağırmalıdır.

Özbək və Azərbaycan xalqları həmişə dost və qardaş olublar. Türk xalqları içində bu iki xalq dili, adət-ənənələri və yaxşı keyfiyyətləri ilə bir-birinə çox yaxındırlar.

Millətimizin qüruru olan Əfzələddin Xaqanidən, Nizami Gəncəvidən, İmadəddin Nəsimidən, Əlişir Nəvayidən ta Babur, Füzuli, daha sonra Maqsud Şeyxzadə, Abdulla Aripova qədər olan dühalarımız ədəbiyyatlarımızın da bir-birinə nə qədər yaxın olduqlarını, bir dəryadan axan nəhəng nehrlər, uca söz sahibləri olduqlarını sübut etdilər.

Bu gün tarixi ənənəsi olan ədəbi əlaqələrimiz yenə güclənib, yaradıcı insanların biri-biri ilə əlaqələri, yaxşı əsərlərin qarşılıqlı olaraq tərcümə edilməsi, hər iki ölkənin şairlərinin, yazıçılarının tanınmasını müsbət hadisə kimi dəyərləndirə bilərik.

Nərgizə Əsəd yeni özbək şeirinin fidanlarındandır.

Gəl yanımda otur, qurban olduğum,
Vaxt olar, bu günlər dönər xəyala,
Sabahlar doğar, bahar kimi gözəl,
Oğlum, silah yox,
gül uzat dünyaya!

Almaz Ülvi (Binnatova)
Filologiya elmləri doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü