Bir il öncə dünyanın hər tərəfindən Dünya Azərbaycanlılarının tarixi Zəfər Qurultayını keçirmək üçün Şuşaya toplaşmışdıq.
Çox bənzərsiz və yaddaqalan günlər yaşadıq. O gözəl günlərdə qələmə aldığım bir neçə misranı paylaşaraq bütün dostları salamlayıram.
Özümü tapdım Şuşada
Axır görüşdük, hər yerdə
izimi tapdım Şuşada!
Qanı daşlara dağılan
dizimi tapdım Şuşada!
Heç bilmədim yerdi, göydü
Sanki başım ərşə dəydi…
İlahi, nə möcüzəydi,
Dözümü tapdım Şuşada!?
Köhlən çapsam fələyilən,
Daha yenilən deyiləm! –
Adına “Cıdır” deyilən
Düzümü tapdım Şuşada!
Qıyya çəkib verdim salam,
Səsimi duydu Savalan…
Tüstüsünə həsrət qalan
közümü tapdım Şuşada!
Yurda car oldu şöhrətim,
Dünyanı sardı heyrətim…
Şəhidimin cəsarətin –
Əzimi tapdım Şuşada!
Xan qızına baş endirdim,
Dağıldı möhnətim, dərdim…
Ol qoca Vaqifi gördüm –
Sözümü tapdım Şuşada!
Gəldim-gördüm, qucaq açdım,
Bir qartala dönüb uçdum…
Şükür, vətənə qovuşdum –
Özümü tapdım Şuşada!
Şuşa, 22.04.2022
Xəqani QAYIBLI