Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycanın və Özbəkistanın Xalq artisti, professor Polad Bülbüloğlu, dövlət qeydiyyatına alınmasının 25-ci ildönümünü qeyd edən Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) İdarə heyətinə məktub ünvanlayıb. Dünya aşöhrətli sənətkarın təbrik məktubunda deyilir:
“Hörmətli DGTYB İdarə heyəti üzvləri,
Azərbaycanın türk ölkə və topluluqları ilə ədəbi-mədəni bağlarının inkişafında xidmətləri ilə seçilən Birliyiniz özünün 25 illik əlamətdar yubileyini qeyd edir. Bu münasibətlə sizi, sizin timsalınızda DGTYB seçkili orqanlarını və bütün üzvlərini təbrik edir, ən xoş diləklərimizi yetirirəm!
Mən Azərbaycanın Mədəniyyət naziri və TÜRKSOY başqanı olarkən, DGTYB-nin quruculuğunun ilk illəri idi və bizim də öz tərəfimizdən Birliyin fəaliyyətinin güclənməsinə dəstək göstərdiyimizi məmnuniyyətlə xatırlayıram. Çox şadam ki, ötən illər içində DGTYB daha da püxtələşib, Birliyin sıralarından Azərbaycanda və Türk dünyasında tanınmış imzalar çıxıb. DGTYB Türk dünyası ədəbi gəncliyinin bir-biri ilə yaxından bağlar qurmasında, Azərbaycan ədəbiyyatının qardaş ölkə və topluluqlarda, qardaş ölkələr ədəbiyyatının Azərbaycanda tanıdılmasında önəmli bir platformadır. Birliyiniz, ədəbi fəaliyyətlə yanaşı, Azərbaycan həqiqətlərinin ölkə sınırlarından qıraqda təbliğ və tərənnüm edilməsində də önəmli işlər görüb.
DGTYB-nin Milli Məclisin Mədəniyyət Komitəsi ilə sıx əməkdaşlığının davam və inkişaf edəcəyinə, öz uğurlarınızla toplumumuza, ədəbiyyatımza, mədəniyyətimizə, incəsənətimizə bundan sonra da töhfələr verəcəyinizə inanıram.
DGTYB-ni 25 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, Birliyin bütün üzvlərinə möhkəm cansağlığı, yaradıcılıqda və ictimai həyatda yeni uğurlar diləyirəm”!
Onu da vurğulayaq ki, bu, Xalq artisti Polad Bülbüloğlunun Mədəniyyət Komitəsinin sədri olaraq bir ictimai birliyə ünvanladığı ilk təbrik məktubu olma özəlliyi daşıyır.
Qeyd edək ki, DGTYB oktyabrın 4-də (saat 14:30) AMEA Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında 25 illik yubiley törəni,oktyabrın 5-də (saat 15:00) Sosial Tədqiqatlar Mərkəzinin konfrans salonunda – Türk dünyası gənc yazarlarının I Bakı Forumu, oktyabrın 6-da (saat 14.00-15.00) isə X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində – “Bakı Ekspo Mərkəz”də (“GREEN ZONE”) Qazaxıstanın Əməkdar Mədəniyyət xadimi, şair Dəuletkerey Kəpoğlunun “Üşüyən küçələr” kitabının tanıtım törənini keçirəcək.