Ev Bədii Qəlbinizlə qoşa gedin – Firuzə Məmmədli (Şeirlər)

Qəlbinizlə qoşa gedin – Firuzə Məmmədli (Şeirlər)

355

Xatirə

Bu dünyanın yalanı da düz idi,
Düzüb-qoşan, özümüzdük, biz idik.
Aralıqda hər nə idi, söz idi,
Sözdən-sözə calanmağa nə vardı?!

Bir məhəbbət nəğməsiydi hər bulaq,
Ömür – nağıl, igidimiz – Nərbala.
Yolumuzun dərd satanı – dərd alan,
O vaxt dərdə qalanmağa nə vardı?!

Ürək dolu arzulara yar idik,
Abır idik, həya idik, ar idik.
Ağıl-kamal bağçasında bar idik,
Baxışlarda talamağa nə vardı?!

Ümidlərə yol kəsəydi yüz kərə,
Can-ciyərdi əyri gedən, düz gələn.
Qəlbimizdə xəzinəydi söz-kəlam,
Bircə sözlə can almağa nə vardı?!

Bilmədim

Dәcәl külәklәrin dәli әlindәn
Vallahi, nә desәn, gәlir әlindәn.
Vasvası bir ömrün zәli әlindәn
Üzülüb bir yana çıxa bilmәdim.

Hardan bir iz düşә, sıxa qәlbimi,
Sarsıda, heç-puça çıxa qәlbimi.
Mәn yuxa sayandan yuxa qәlbimi
Qәlbimdәn yumşaq bir yuxa bilmәdim.

Eh, arzum, dilәyim bu viranәni
Deyin, necә geyim bu viranәni?
Tikmәk istәdiyim bu viranәni
Tәzәdәn tikmәyә yıxa bilmәdim.

Tale

Məni Günəşdən sıxdı,
Məni buluddan sıxdı.
İçimdə şölə çəkən
Alovdan, oddan sıxdı.

Sıxıldım damla-damla,
Sıxıldım ətlə, qanla.
Dünya dolu adamla
Adəmdim, addan sıxdı.

Vardı anam, atam da,
Vaxt məni aldadanda.
Balaydım, bal dadında…
Böyüdüm, daddan sıxdı.

 

***
Hara deyirlər, desinlər, –
Siz üzü Günəşə gedin.
Təpə aşın, çay adlayın,
Tala keçin, meşə gedin.

Gedin bəxtinizə kimi,
Gedin vaxtınıza kimi.
Tapın taxtınıza kimi,
Hara getdiz, tuşa gedin.

Bədxahlardan üz çevirib,
Səbrinizə duz çevirib,
Ölçüb-biçib yüz çevirib,
Qəlbinizlə qoşa gedin.

 

***
Yaddaşımın ürəyində
Ölənlərim diri qalıb.
Çağırılmamış qonaqların
Tutulmamış yeri qalıb.

Qalıb gedənim, gələnim,
Dərd verənim, dərd bölənim.
Məni öldürüb ölənin
Elə ondan biri qalıb.

Kim baxtından dəli düşüb,
Kimə vaxtın əli düşüb.
Qalıb, kim irəli düşüb,
Ya kim kimdən geri qalıb.

 

***
Haqq sözü haqlamışıq,
Göz üstdə saxlamışıq.
Kövrəlib ağlamışıq
Sözümüz keçməyəndə.

Çökmüşük, kiçilmişik,
Dözümə biçilmişik.
Biz səbri keçirmişik
Özümüz keçməyəndə.

Sayılmadıq, – adladıq,
Söz qulağın qatladıq.
Yalana əl atmadıq
Düzümüz keçməyəndə.

Sözü

Söz ardınca çapar oldum,
Gah qapı, gah hasar oldum.
Hərdən elə bezar oldum,
Sındırdım qanadım sözü.

Saldı məni ayağına,
Yatdım hərdən oyağına.
Düşdüm isti-soyuğuna,
Ömrümə qaladım sözü.

İçərimdə qar-qış idi,
Gün-güzəran qarğış idi.
Qeybdənmi çağırış idi, –
“Bal” deyib, yaladım sözü.

 

***
Sudur, elə şır-şır axır,
Quma, gilə qarışır, axır.
Ömür mənə qarşı axır,
Mən hara axıb gedirəm?

Başımda-pirlik havası,
Yox ta “əl-ətək” həvəsi.
Gözümə eynək əvəzi,
Canımı taxıb gedirəm.

Səbrimdən dözümü sıxıb,
Şeirdən sözümü sıxıb,
Buluddan gözümü sıxıb,
Şimşəkdən çaxıb gedirəm.

 

***
Bəxt yükündə kiçilsəm də,
Söz yükündə iri qaldım.
Ölənlərlə ölüb getdim,
Qalanlarla diri qaldım.

Düşdüm üzübəri gəldim,
Dərd dolu illəri gəldim.
Nə bir bənd irəli gəldim,
Nə bir misra geri qaldım.

Ömrə ölçü-biçi sözdür,
Çölü sözdür,içi sözdür.
Mənə düşən iki sözdür,
Birin dedim,biri qaldı.

 

***
Başım yamanca qarışdı,
Öz-özümdən qaçdım elə.
Bir fikrin sirrin açınca
Min birinə daşdım elə.

Dərd mənlə şahmat oynadı,
Fil diz çökdü, at oynadı.
Canımda bir çat oynadı,
Sağa-sola çaşdım elə.

Mən adda hədəfə döndüm,
İnciyə, sədəfə döndüm.
Düyünə, kələfə döndüm,
Özümə dolaşdım elə.

 

***
Allah, Allah, gör nələri
Mən uda-uda gəlmişəm.
Ümidimi yollarıma
Şam tuta-tuta gəlmişəm.

Gah enmişəm, gah qalxmışam,
Düz gözümdən düz baxmışam.
Dünyaya sözlə çaxmışam
Dönüb bir oda gəlmişəm.

Adam boyu canım vardı,
Ünvansız ünvanım vardı.
Nə dadım, nə tamım vardı,
Söz ilə dada gəlmişəm.

Görüb Yerdə qərib mənəm,
Qələmin göndərib mənə.
Söz macalı verib mənə
Tanrıdan səda gəlmişəm.

Tural Adışirinin təqdimatında