Ev Publisistika QLOBALLAŞMA ŞƏRAİTİNDƏ ANA DİLİNİN SAFLIĞININ QORUNMASI MƏSƏLƏLƏRİ

QLOBALLAŞMA ŞƏRAİTİNDƏ ANA DİLİNİN SAFLIĞININ QORUNMASI MƏSƏLƏLƏRİ

1417

ZÜLFİYYƏ  İSMAYIL

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan  Bölməsi

 

QLOBALLAŞMA ŞƏRAİTİNDƏ ANA DİLİNİN SAFLIĞININ QORUNMASI MƏSƏLƏLƏRİ

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib.

Doğma ana dilimizin əsas problemlərindən biri də sosial məkanda  Azərbaycan ədəbi dilinin normalarının gözlənilməsi ilə bağlı məsələlərdir.

Sosial məkanların bəzilərinə diqqət etdiyimiz zaman ciddi dil pozuntularına yol verildiyinin şahidi oluruq. Belə ki, sosial məkanlarda ədəbi dilin norma pozuntuları müxtəlif səviyyələrdə özünü göstərir. Bir çox hallarda leksik, üslubi və qrammatik norma pozuntularına rast gəlinir. Durğu işarələrini hətta düzgün, yerində işlətmirlər. Bəzənsə  ədəbi dilimizin təmizliyini pozan sözlər işlədilir. Və ya sosial şəbəkələrdə sözlərin qısaldılması, fonetik normanın pozulması halları da var, yəni  saitlərin ləğvi prosesi gedir. “Salam” sözünü “slm”, tamam “tm”, “necəsən”i “ncs”, “təşəkkür”ü “tşk” və s.  şəklində yazıldığını da müşahidə edirik. İndiki gənclik bunu  müasir yazışma forması kimi qiymətləndirir. “imojelər, smaliklər”  – bu artıq duyğu və düşüncənin bəlasına çevrilib. İnsanlar piktoqrafik və ya ideoqrafik yazıdan bizim eradan əvvəl istifadə ediblər. Yəni fonoqrafik yazı kəşf olunmamışdan əvvəl. İndi səmimi bir arzu, fikir və ifadə yerinə tək bir “imoje” ilə münasibət bildirmək dilimizin söz ehtiyatına, kamil ifadə imkanlarına qarşı haqsızlıq deyilmi?

İndi qloballaşma dövrü olduğu üçün terminologiya dilimizə nüfuz edir. Dünyanın qəbul etdiyi elmi nailiyyətlərlə bağlı olan terminləri hər bir dil qəbul edir. Və ya qarşılığını yaratmağa çalışır.  Qloballaşmanın bizə gətirdiyi bütün terminləri kor-koranə şəkildə qəbul etmək olmaz. Amma terminologiya ilə bağlı olan sözlərin dilə daxil olmasına və ya milli sözlərimizdə qarşılığı olmayan və ya tamamilə ifadə olunmayan sözlərin heç kim əleyhinə deyil. Amma  bay-bay, ok, plzz, HBB və s. və i. sözlərdən gündəlik məişətimizdə istifadə etməyi qloballaşma ilə əlaqələndirmək nə dərəcədə ümummilli ehtiyacdır və zərurət tələb edən məsələdir?

Bu faktorlar hamısı dilimizin saflığına xələl gətirən amillərdir və gündəlik yazı vasitəsilə  ünsiyyətdə dilimizi korlayan elementlərdir. Milli sərvətimiz olan dilimizi ağırlaşdırmamaq, yadlaşdırmamaq, təmizliyini qorumaq, onu zənginləşdirmək qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur. Əvvəllər yazarkən, danışarkən ərəbcədən, farscadan nə qədər çox istifadə etmək “bacarıq” sayılmışsa, dilimiz də bir o qədər öz xüsusiyyətlərindən uzaqlaşmış, daha çox lüğət tərkibi yad, alınma sözlərlə dolmuşdur. Ana dilimizin bu qədər dəyərli olmasına baxmayaraq, insanların öncələr Şərq dillərinə olan meyli indi Qərb dillərinə yönəlməkdədir. Biz heç də XXI əsrdə xarici dil bilməyin əleyhinə deyilik. Əksinə, bunu alqışlayırıq və zamanın ən böyük tələbi olduğunu təqdir edirik. Bizləri  narahat edən milli şüurdan və qürurdan yoxsul olan və hər keçən gün “xariciləşib” milli mentalitetimizdən uzaqlaşan bir qrup insanların  duyduğu həyəcanı Wauw, Oh may God, Boje moy; üzrünü pardon, sorry; minnətdarlığını mersi – deyərək bu kimi hiss və davranış etiketlərini başqa dillərdə ifadə etmələridir. Yəni öz dilimizdə danışarkən başqa dillərdən qırıq-qırıq kəlmələr deməyi “müasirlik” kimi dəyərləndirmələridir. Əslində isə bu müasirləşmənin önündə duran ən böyük əngəldir, daha bariz desək, gerilikdir. Beləliklə, bir çox hallarda sosial şəbəkələrdə:

– sözlər saitsiz işlənir (məsələn, slm-salam, tşk-təşəkkür, ncs-necəsən və b.);

-hər kəs öz bilik səviyyəsində yazır və buna görə də ədəbi dil normaları kobud şəkildə pozulmuş olur;

– sözlər istənilən kimi yazılır, yəni düzgün yazı qaydalarına əməl olunmur, tələffüz etdikləri kimi yazıya alınır;

– nitqdə dialekt, şivə, hətta loru, vulqar, tabu sözlər belə işlədilir;

– sözlər mənalarına görə düzgün istifadə edilmir;

– cümlədə söz sırası və sözlərin düzgün əlaqələndirilməsinə əməl olunmur, təzə dil bilən əcnəbilərin nitqinə bənzəyir;

– durğu işarələri nəinki düzgün istifadə edilmir, ümumiyyətlə, istifadədən düşür və s.

Belə problemlər sosial şəbəkələrdə paylaşım və ünsiyyət zamanı çox tez-tez rast gəlinir. Əlbəttə, bu kimi məsələlər ətrafında müzakirə zamanı başqa fikirlərə də rast gəlmək olar. Başqa cür fikir yürüdənlər və özlərini haqlı çıxarmaq istəyənlər deyə bilərlər ki:

– əvvəla, sosial şəbəkələr ana dili öyrənmək üçün yer deyil, bu, sadəcə, ictimi ümsiyyət məkanıdır. Buna görə də hər cür sərbəst danışmaq olar və dildən də istənilən səviyyədə istifadə edilə bilər;

– ikinci, sosial şəbəkələr sürətli, çevik və şəxsi ünsiyyət üçün münasibdir, buna görə də sözlərin qısa, təhrif edilmiş şəkildə yazılmasını da qəbul etmək olar. Fikir başa düşüldü, kifayət edər;

– sosial şəbəkələrdə hər istifadəçi öz bilik səviyyəsi, yazı vərdişlərinə uyğun iştirak edir, buna görə də ədəbi dil və onun normalarına uyğun davranmaq üçün münasib yer deyil. Əsas məsələ hər kəsin öz fikrini ifadə edə bilməsi və sərbəst iştirakıdır;

– hətta bunu da demək olar ki, ədəbi dilin öz normalarında da sürətli yazı və çevik istifadə zamanı təkrarların aradan qaldırılması, yığcamlığa əməl edilməsi məqsədilə mürəkkəb adların qısaldılmasından, sözlərin (xüsusilə, xüsusi isimlərin) qısa yazılışından, yalnız baş hərflərin istifadə edilməsindən və s. yollardan istifadə edilməklə yazı prosesi həyata keçirilir. Belə olan surətdə sərbəst ünsiyyət məkanı olan sosial şəbəkələrdə belə halların olması niyə dil pozuntusu hesab edilsin ki?! və s. və i.

Əlbəttə, bu cür fikirlərə ilk baxışdan haqq qazandırmaq olar və razılaşmaq da mümkündür. Ancaq!!! Ancaq unutmamaq lazımdır ki:

– sosial şəbəkələr sərbəst ünsiyyət yeridir, amma hər kəsin istəyinə uyğun fəaliyyət məkanı deyil;

– sosial şəbəkə ictimai ünsiyyət yeri olduğu üçün həm də nəzarət olunan və müəyyən qaydalarla tənzimlənən, qarşılıqlı hörmətə dayanan ünsiyyət məkanıdır;

– ictimai nəzakət qaydalarına uyğun olaraq anlaşılan nitq qurmaq üçün ədəbi dilin normalarına uyğun yazmaq ən doğrusudur. Çünki hər istifadəçi bir dialekti, bir şivəni və s. təmsil edir, bunun üçün qarşılıqlı anlaşılan ünsiyyət qurmaq zəruridir və ehtiyacı yalnız nitqin normaları əsasında təmin etmək mümkündür. Yalnız ədəbi dil vahid ünsiyyət dilidir və yalnız onunla ümumi ünsiyyəti təmin etmək, həyata keçirmək olar. Sözlərin bütöv, tam yazılması, cümlədə söz sırasının qorunması, dialekt, şivə, tabu, loru sözlərindən qaçınmaq, durğu işarələrindən yerində istifadə müəyyən zaman itkisi hesab edilsə də, məhz düzgün, dəqiq və ifadəli nitqin ortaya çıxmasına bilavasitə imkan yaradır. Bu, həm də dövlət dilimizin, bizi təmsil edən, bizi şöhrətləndirən, ictimaiyyətə, dünyaya milli kimlik olaraq tanıdan ana dilimizin ehtiramla qarşılanmasına və onun öyrədilməsinə də stimul verər. Çünki ana dilimizin öyrədilməsi, təbliği təkcə sinif otaqlarının, kitabların, kürsülərin və s. yeri deyil, həm də bizim hər birimizin vətənimiz üçün edə biləcəyimiz kiçik, lakin zəruri bir vətəndaşlıq vəzifəsi olaraq sosial şəbəkələrin yeridir. Vətəndaşlıq vəzifəsi yalnız vərəqlərdən ibarət konstitusiya kitabı çərçivəsində deyil, məhz burda – bu kimi sərbəst fəaliyyət yerlərində daha çox aktuallaşır və hər bir kəsdən vətəndaşlıq məsuliyyəti tələb edir. Buna görə də:

– Ana dilindən doğru istifadə birinci növbədə vətəndaşlıq vəzifəsi, konstitusion borc və mənəvi məsuliyyətdir;

– Düzgün nitq qarşı tərəfə hörmətin və nəzakətin ifadəsidir;

– Düzgün, dəqiq və ifadəli nitq daha anlaşılan bir ünsiyyətin təminatçısıdır və s.

Heç də təsadüfi deyilir ki, necə danışırsansa, necə yazırsansa, mədəni və əqli cəhətdən də elə osan.  Bu mənada sosial şəbəkələrdən istifadə zamanı ana dilimizin imkanlarından yerli-yerində, normalara uyğun istifadə etmək bizim hər birimizin ictimai nəzakət nümunəmiz, mədəni səviyyə göstəricimizdir.

Sosial məkanlarda tez yazmaq çevikliyi, yığcamlığı, fikri bacardıqca tez ötürmək müasir tələb kimi görünür. Sosial məkanlardakı bu  qədər sərbəstlik dilimizə ağır zərbə vurur. Biz düşünürük ki, bu problem  Azərbaycan dilini lazımi səviyyədə bilməyən, dil məsələsində naşı, ədəbi dil normalarına bələd olmayanların problemləridir. Olansa, dilimizə olur. Naşı, savadsız insanlar dilimizi korlayır. Digər savadsızlar da, belə başa düşür ki, sosial məkanda və ya  saytda hansısa söz və ya cümlə bu formada yazılıbsa, deməli, düzgünü budur. Sosial şəbəkələri və ya şəxsi profilləri, statusları bir o qədər də ciddiyə almamaq lazımdır.

Fikrimizcə, indi və gələcəkdə yaranacaq dilimizin saflığının qorunmasının qarşısını almaq məqsədilə aparılan işlər yeniyetmə və gənclərlə indidən aparılmalıdır. Çünki əl alışqanlığı, dil vərdişi və göz yaddaşı “formalaşdıqdan” sonra müdaxilə etmək çətin olur. Bu problemlərin və ya zərərli dil vərdişlərinin  qarşısı uşaqlıqdan, ələlxüsus da yeniyetmə və gənclik dövründən alınmalıdır.

Bəs sosial məkanda Azərbaycan ədəbi dil normalarının pozulmasının qarşısının alınması üçün hansı addımlar atıla bilər? Bunun üçün nə etmək lazımdır? Bunun üçün bəzi variantlar üzərində düşünülə bilər. Belə ki: yazı üslubuna diqqət etmək və təkmilləşdirmək, bədii əsərlərin dil-üslub xüsusiyyətinə bələd olmaq və s. Çünki  insanların mütaliədən uzaq olması nitq vərdişlərinin zəifləməsi və dil normalarının pozulmasına zəmin yaradır. Yəni, ədəbi dil normalarını bilmək, dilimizin qrammatikasına bələd olmaq öz yerində, dilin leksik imkanları və normalarına bələd olmaq da vacibdir.  Çünki problem həqiqətən də ciddidir. Azərbaycan ədəbi dilinin kobud pozulması halları çoxdursa, həmçinin qrammatik normaların pozulması halları da baş alıb gedirsə, biz dilimizin təmizliyini heç nəyə güzəştə getməməliyik. Azərbaycan ədəbi dil normalarının pozulmasının qarşısını almaq, ana dilimizin qorunması və gələcək nəsillərə saf bir şəkildə ötürülməsi, ədəbi dilin düzgün tətbiqi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi  bizim əsas məqsədimiz olmalıdır. Bunun üçünsə çox şey lazım deyil. Hər bir kəs öz normadan kənar, pozuq yazı nümunəsindən utansa, kifayət edər. Hər bir istifadəçi aldığı təhsilə rəğmən göstərdiyi mədəni səviyyəsindən eyib duysa, təsirli tədbir ola bilər.

Azərbaycan ədəbi dilinin normaları barədə təkmilləşmə dərnəkləri fəaliyyəti  göstərməsi:

– Sırf dil qüsurları, ədəbi dil normalarının öyrənilməsi ilə bağlı seminarların təşkil olunması:

– Məktəblərdə diskussiya klublarının fəaliyyətini təmin olunması:

– Bədii qiraət, dram dərnəklərinin daha da canlanması. Çünki bədii dil həm də bədii qiraət sayəsində formalaşır. Buna görə də sinifdənxaric oxu materiallarının əhəmiyyətini təbliğ etmək;

İfadəli oxu;

Sürətli və düzgün yazmaq vərdişləri;

Komputer, telefon  və digər vasitələrdə sürətli və düzgün yazmaq;

Ən başlıcası isə dil normalarını pozanlara qarşı ictimai qınaq formalaşmalıdır.

Bu ümummilli işdə heç kimsə özünü kənara çəkməməli və ya özünü öyüb mən dilimizi bilirəm deməməlidir. Hamımız üçün öyrənməli nələrsə var. Nəticə etibarilə hamımızın məqsədi eyni deyilmi; Azərbaycan ədəbi dilini qorumaq, mühafizə etmək, gələcək nəsillərə ana dilimizi saf şəkildə çatdırmaq?!

Nəticə olaraq qeyd edək ki, bizim  məqsədimiz dostlarımızı  qınamaq deyil. Sadəcə dil qüsurlarını aşkarlamaqda və sizə təqdim etməkdə məqsədimiz yalnız Azərbaycan ədəbi dil normalarının qorunmasına riayət etməyə borclu olmağımızı faktlarla sübut etməkdir. Bu, nöqsanların aradan qaldırılacağına inam yaratmaq və iş aparmağın  gələcəkdə dilimizin saflığının təmin olunmasına əlverişli imkanlar yaradacağını bir daha diqqətə çatdırmaqdır.