Ev Bədii Qurbanın qoyunu – Yeqzar Cəfərlinin hekayəsi

Qurbanın qoyunu – Yeqzar Cəfərlinin hekayəsi

40

Qurban kəndin ən saf, təmiz, üzü üz görməmiş, dilinə yalan dəyməmiş adamıdı. Yalan danışanda qulaqları qızarır, boynunun arxasından çiyinlərinin ortasına doğru bir neçə tər damcısı süzülür. İlk baxışda düşünürsən ki, nəsə fikirləşircəsinə əlini başına uzadacaq. Həmin tər damcısını təmizləmək üçün əlini başının sağ tərəfindən çiyninə sürüşdürəndə məsumluğu bir daha qabarır. Qurbanın bütün günü qoyunlarını otarmaqla keçir. Onları o qədər çox sevir ki, sizə danışsam, gərək hekayəni romana çevirəm. Sizi ağıllı telefonunuzdan çox kənarda saxlamadan keçirəm mətləbə.

Qurban ata-anasını uşaq vaxtı avtomobil qəzasında itirib. Bəxtin, taleyin sərt üzünə uduzmuş bir adam kimi bütün günü kəndin çəmənliklərini səfil-səfil dolaşır. Baxanda ürəyim ağrıyır ona. Amma nə edəsən, Allah hər adama bir həyat bəxş edir. Qurbanın arzuları qoyunlarının otladığı çəmənlikdən uzağa getmir. Həmin balaca, şirin çəmənliyin içində dolaşır gələcəyi, ümidləri, sevgisi. Çəmənlikdə doğulan körpə quzular işıldadır gözlərinin bəbəyini.

Qurban insanlardan da qaçır. Dinib danışdırdığı bir-iki adam ya olar, ya olmaz. Yaxşı mahnı oxumağı var, çay dəmləməyi də pis bacarmır. Hətta süd məhsullarından dadlı pendir də düzəldir. Kənd camaatı neçə dəfə ona pul qazanmaq da təklif edirlər.

– Qurban, biz də köməy edəy, bir dükan aç, qatıxdan, pendirdən sat.

Alver adamı olmayan Qurban üçün bu təklif sosialist ölkə rəhbərindən özəl müəssisənin açılmasına icazə olmaq kimi bir şeydi. Nəhayət sosialist Qurbanı yumşaldır kənd camaatı. Qurban getdikcə işi böyüdür. “Qurban pendiri”nin sorağı qonşu kəndlərə yayılır.

Qurbanın pendirləri ölkə sərhədlərinə yetişməkdə olsun, biz də əhvalatçılığımıza davam edək.

Qurbanın bir neçə xüsusiyyətini sizinlə bölüşməsəm, ürəyim dayanmasa da, döyüntüsü sürətlənə bilər. Qoyunlar cavanar yemədiyi, ya da başlarına nəsə qəziyyə gəlmədiyi təqdirdə əcəlləri ilə ölürlər. Qəssabxananın qabağında kəsilmək üzrə olan qoyun, quzu görəndə çalışır tez onu alıb sürüsünə qataraq “ölümdən xilas etsin”. Kənddə “Xilaskar Qurban” kimi  tanınan qəhrəmanızın saflığından kəndin avaraları istifadə edir, sata bilmədikləri qoyun olanda qəssaba 5-10 manat hörmət edib dükanın qabağında bağlamasını xahiş edirlər.

Qurban sonuncu dəfə kəndin girəcəyindəki qəssabxananın qarşısındakı ətlik quzunu xilas edir kəsilməkdən. Qəssab əvvəl qoyunun qurbanlıq olduğunu deyərək tərəddüd etsə də, Qurbanın təklifi etdiyi pula mədəni dildə desək, təslim olur.

“Ölüm”dən xilas etdiyi quzunun çəmənlikdə qaçışmasına tamaşa edir əllərini başının arxasında çarpazlayaraq. Onun bu xoşbəxtliyi təsvir etməyə qələm acizdir. Sürüsündə yüzə yaxın qoyun-quzu olmasına baxmayaraq Qurban onları gözucu saymağı bacarır.

Axşam sürünü evə gətirəndə qoyunların sayının azalması Qurbanın sifəti göy qurşağı kimi yeddi rəng alır. Çomağı əlinə alıb ağlaya-ağalaya çəmən boyu qaçmağa başlayır. Çəmənliyin qurtaracağında qoyunları parçalanmış halda tapanda əsəbiləşib sevimli çomağını uzağa tullayır.

Qurban qoyuna baxdıqca gülümsəyir, gözlərindən süzülən yaş çəmənlikdəki otları əyir.