Ev Araşdırma Səlcuqlu hökmdarı Cəlaləddin Məlikşahın rəsmiləşdirdiyi bayram – NOVRUZ

Səlcuqlu hökmdarı Cəlaləddin Məlikşahın rəsmiləşdirdiyi bayram – NOVRUZ

353

Məfkurəvi və ideoloji, ədəbi və estetik aspektdə bir çox tarixi ilklərə imza atan Əli bəy Hüseynzadə 1907-ci ildə Novruzun türk bayramı olması ideyasını da irəli sürdü.

Dövriyyəyə ilk dəfə belə bir fikir buraxıldı ki, İranda nəinki Cəmşid özü, hətta bütün Pişdadiyan sülaləsi yerli-dibli mövcud olmayıb. Bu sülalənin varlığı qədim hind əsatirlərinə istinadən yaradılıb. İran tarixindən çox əvvəl hindilərin dini kitabında “Çamaşida” (Günəş hökmdarı) adlı bir məbud, “Sriton” adlı bir mələk və “Azi Dəhakə” adında bir əjdaha vardır və “İranda Cəmşid adlı bir padşah olmamışdır ki, bir də Novruz icad etmiş olsun”.

Hüseynzadəyə görə, astronomik bir dəqiqliklə təyin olunmuş Novruzun təqvimləşdirilərək dövlət səviyyəsində və rəsmən ilin başlanğıcı elan edilməsi Səlcuqlu hökmdarı Cəlaləddin Məlikşaha aiddir. “Məlikşah hər xüsusda çox nizampərvər olduğu üçün zamanındakı təqvimlərin qüsurlu və qarışıq olduğunu görürdü. Anlayırdı ki, siyasi idarəetmədə, ölkənin mülki və özəlliklə, maliyyə həyatı üçün qəməri təqvimi münasib deyil, daha kamil  bir şəmsi təqvim vücuda gətirməkdən başqa çarə yoxdur. Bu niyyətlə başına əsrinin Ömər Xəyyam kimi böyük astronomlarını toplayıb, bunların yardımı ilə bu gün cahan təqvimlərinin ən mükəmməli və dəqiqi olan şəmsi təqvimini tərtib etmişdi. Bu təqvimə görə, gecə və gündüzün bərabər olduğu və günəşin ekvator xəttindən şimala keçdiyi və yazın gəlişinə təsadüf edən gün ilin əvvəli, yəni novruz olaraq qəbul edilib və bu təqvimə sultanın şərəfinə “Sultani” deyilmişdir”. Belə. Əli bəyə görə, Novruz o gündən etibarən səlcuqlu ölkəsinin yeni il bayramıdır. Bunun hind-fars mifolojisinə, yaxud əsatirlərinə, o cümlədən mifik Cəmşidə dəxli yoxdur.

Dini deyil, milli içərikli bu bayramın çox geniş bir arealda, hətta müxtəlif millətlər tərəfindən qeyd olunması yenə də Səlcuqlu amili ilə bağlıdır. Tutaq ki, bizim məhz Azərbaycanın milli bayramı olaraq qəbul etdiyimiz Novruzu min il bundan öncə Kaşqarda uyğurların milli bayramı olaraq qeyd edirdilər. Hətta bu bayram barədə səlcuqlu Məlikşahın zamanında yazılmış Mahmud Kaşqarlı “Divan”ında da məlumat var. Kaşqarlıya görə, Novruz türklərdə yeni gündür. Türk ilinin başlanğıcıdır. Uyğurlar da, özbəklər də, azərbaycanlılar da, əfqanlar da, ərəblər də, farslar da Səlcuqlu dövlətinin vətəndaşlarıydılar, Səlcuqlu dövlətinin ərazisi Kaşqardan Anadoluya, Azərbaycana, Herata, Bəlxə, Kərkükə, İrana, İraqa, Məkkəyə qədər  yayılmışdı və bu geniş ərazinin coğrafi vüsətini və konturlarını Hüseyn Cavid Alparslanın, yaxud Məlikşahın diliylə dəqiq səciyyələndirmişdi. Xurma şərabı ilə üzüm şərabının, Ərəbistanla Qafqazın, Səmərqəndlə Marağanın, Dəclə və Ceyhun (Amudərya) çaylarının, Hind okeanı ilə Xəzər dənizinin maddi və coğrafi əhatəsi və arealı, hətta Alp Arslanın söylədiyi:

Ölkəmdə axışmaqda bu gün Dəclə və Ceyhun,
Fərmanımı dinlər qoca Ümman ilə Quzğun –

sözlərində ifadə olunmaqdaydı. Qafqazlardan, Nişapurdan Bağdada, Məkkəyə, Şama, Fələstinə, Qüdsə qədər böyük bir mənəvi və coğrafi ərazi səlcuqluların tarixi sərhədlərini işarələyirdi.

Novruzun belə geniş bir sahədə bayram edilməsi isə sultan Məlikşahın qərarıydı. Ona görə də Novruzu baharın rəngarəng, gözəl çiçəkləri ilə süslənmiş bir gərdunədə hədsiz mifoloji-estetik həzz, intibalar, assosiasiyalar doğuran, əyninə göy rəngli və ulduzlarla bəzəli bir əba geyinmiş, başı ətrafa işıq saçan günəş kürəsi biçimində Cəmşidin Azərbaycana gəldiyi günlə əlaqələndirməyə ehtiyac yoxdur. Çünki mifoloji fars Cəmşid də tarixi türk Məlikşahın himayəsindəydi. “Novruzun həqiqi banisi Əbülfəth Cəlaləddin Məlikşah İran səlcuqlu sülaləsinin üçüncü və ən böyük hökmdarı idi. 1072-ci ildə səltənət taxtına çıxmış bu adam ölkəsini Altay dağlarından Ağ dənizə, Qafqaz dağlarından Qırmızı dənizə, Hind okeanına qədər genişləndirməklə Mavəraünnəhr, Xarəzm, Şam, Misir və Anadolu kimi qitələri zəbt edib, islam aləminin böyük bir qisminə hökmran idi. Məlikşah İran padşahı olmayıb, zamanında islam aləminin ən böyük hökmdarı idi. Hətta Bağdadda bulunan xəlifə də onun idarəsi altında idi. Məlikşahın məmləkəti bu qədər geniş olmaqla bərabər, onun və Nizamülmülkün tədbirləri və idarəsilə qeyri-adi şəkildə abad edilmişdi”. (Ə. Hüseynzadə).

Bəllidir ki, Firdovsi “Şahnamə”də hər şeyi, o cümlədən Novruzu da farslaşdırıb. Əli bəy haqlıydı: “Bu bayramın təsisini qədim İrana və Cəmşidə aid etmək doğru deyildir. Əvvəla, baharın gəlişini bayram etmək İrana məxsus olmayıb, çoxtanrılı bütün xalqlar, xüsusən, atəşpərəstlər, əsasən də türk atəşpərəstləri də bunu bayram edirdilər…”. Amma eyni zamanda, Hüseynzadəyə görə “axır çərşənbələrdə atəş yandırıb üzərindən atılmamız” Zərdüştə və atəşpərəstliyə deyil, şamanizmə bağlı bir inanc idi.

Mifoloji qaynaqlara, o cümlədən, hətta Xızır peyğəmbərə, hətta Həmdullah Qəzvininin təbirincə, onun iqamət etdiyi Şirvan qayasına (bəlkə də Beşbarmaqdakı Xıdır-Zindəyə), lap Ərgənokona endikcə Saxadan Kaşqara, yaxud Azərbaycana qədər türkləşdikcə türkləşən Novruzun ilk dəfə rəsmən təqvim ilinin başlanğıcı olaraq təsbit edilməsinə Böyük Səlcuqlu Dövlətindən öncə başqa heç bir dövlətdə təsadüf edilmir. Əsas olan budur.

Bizim bu gün qutladığımız Novruzun bütün komponentləri Səlcuqlularla, yəni özümüzlə, Oğuzla başlayan bir tarixi mərhələnin içində gəlişib. /edebiyyatqazeti.az/

17 mart 2021
Əli bəy Hüseynzadənin anım günü

Azər TURAN