Ev Publisistika Səadət Şıxıyeva: “Ədəbi dilimizə nəzarətin azlığı, diqqətdən kənarda qalması müəyyən boşluqlara, yad...

Səadət Şıxıyeva: “Ədəbi dilimizə nəzarətin azlığı, diqqətdən kənarda qalması müəyyən boşluqlara, yad təsirlərin artmasına yol açır”

1745

“ilkxəbər”in bugünkü qonağı filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi  Səadət Şıxıyevadır. Onunla ədəbi dilmizin indiki vəziyyəti, qloballaşma şəraitində ədəbi dilimiz üçün təhdidlər, o cümlədən küçə və prospektlərimizin “əcnəbiləşməsi” barədə danışdıq.

-Son illər Azərbaycan cəmiyyətində ədəbi dil müzakirələri səngimir. Bakının əcnəbi dillər tərəfindən işğalı cəmiyyətdə ən çox müzakirə edilən mövzulardandır. Bu gün ədəbi dildən istifadədə hansı nöqsanlar qabarıq nəzərə çarpır?

-Əslində ədəbi dilimizin xarici dillərlə çevrələnmiş bir mühitdə mövcudiyyəti, qarşılıqlı alış-veriş münasibətində olması yeni hal deyil. Tarixi boyunca Azərbaycan türkcəsi çeşidli əcnəbi dillərin müxtəlif şəkilli təsirinə məruz qalıb. Bədii mətnlərimiz bu dediklərimin inkarolunmaz şahidləridir. Hər zaman türk dilləri içərisində fonetik və leksik zənginliyi ilə seçilən dilimiz hazırkı dövrdə daha bir sınaq qarşısındadır. Bunu ədəbi dilimizin çağdaş mətnlərdəki durumu, onun danışıq dilindəki təzahür şəkilləri, o cümlədən Bakının küçələrini “bəzəyən” “quş dili”ndəki adlar da göstərir. Buna görə də deyə bilərik ki, ədəbi dilimizlə bağlı artıq həyəcan təbili çalmağın zamanı nəinki gəlib, hətta ötməkdədir… Bakıda müəssisə, obyekt və s.-nin müxtəlif əcnəbi dillərdə adlandırılması, yəni təkcə yaddillilik deyil, öz dilimizdə olanların bəziləri də narahatlıq doğurur. Çünki ad seçimi çox zaman ədəbi dil normalarına riayət olunmadan edilir. Bəzən hətta gülüş və ya təəccüb doğuran jarqon tipli ifadələr (“Avtoş dönər”, “Əjdaha dönər” və s.), bəzən imla səhvi ilə yazılmış lövhələr eyni problemin “astar tərəfidir”, digər yönümüdür. Biz əcnəbi sözlərin istifadəsinə aludəliyə etiraz edərək, öz dilimizdə yazıların ön plana çəkilməsini arzulayırıq. Bu haqlı bir tələbdir. Amma şəhərimizdə əcnəbi adların yerini bu dəfə də naşı və kalka tipli adların almayacağına kim zəmanət verə bilər? Bu mənada ad seçimi prosesi mütləq nəzarətə götürülməli, bunun ədəbi dilimizin durumunun  göstəricisi və ona hörmətimizin təzahürü olduğu, şəhər mədəniyyətimizin, özümüzün milli kimliyimizin təqdim yolu və şəkli olduğu unudulmamalıdır.

Ədəbi dildə son vaxtlar aludəliklə ingiliscə və Türkiyə türkcəsindən əxzetmələr çoxsaylılığı ilə seçilir. İngiliscədən alınmalar ya eynilə, ya təhrif olunmuş və ya kalka şəklində dilimizə daxil olur. Türkiyə türkcəsindən təqlidi yolla alınmalar daha çoxluq təşkil edir. Bu alınmalarda da bir pərakəndəlik, kortəbiilik müşahidə olunur. Nisbətən sadə biçimli, tələffüzə yatımlı sözlərin yerinə daha mürəkkəb və tələffüzü nisbətən çətin ifadələrə meylilik artır, məsələn, “təəssüf”ün “maaləsəf”lə əvəzlənməsi kimi. Bu ifadəni doğru deyib yazana da az rast gəldim, əfsus ki… Bəzən   türkcədən ifadələr alınarkən osmanlıcanın sözlüyündən istifadə olunur və onun ərəbcə olduğunun fərqinə varılmır. Nəticədə alınanın türk deyil, ərəb mənşəli ifadə olması, onun bəzən türkcə və ya ərəbcənin dilimizdə vətəndaşlıq hüququ qazanmış sözünün yerini almasına diqqət yetirilmir. Məsələn, “qatılmaq”, “düyün”, “şiddət”, “zor” və s. kimi sözlər Azərbaycan və Türkiyə türkcəsində fərqli anlam yükünə malikdir. Son vaxtlar “toy”u “düyün”, “eşitmə”ni “duymaq”, “fəxr etmə”ni “qürur  duymaq”, “ciddi qəbul etmə”ni “ciddiyə almaq”la əvəz etməyə də az rast gəlinmir. Halbuki ilk iki nümunədə kəlmələrin hər biri türkcədir, son ifadələr isə ərəb mənşəli sözlər üzərində qurulub. Buna görə də alınan sözlərin ədəbi dilimizin fonetik tərkibi və sözlüyünə uyğunluğu, sözün təsir gücünü ləngidən deyil, qavrayışını asanlaşdıran və sürətləndirən məqamlar mütləq nəzərə alınmalıdır. Bu kimi həssas nüanslar isə kütləyə söz ötürücülüyündə əsas güc sahibi olan yazıçı, tərcüməçi və jurnalistlərin diqqətindən yayınmamalıdır…

Bu sahədəki kortəbiiliyin qarşısını almaq üçün ciddi mütəxəssislərin tövsiyəsi və ustad dərslərinə də ehtiyac vardır… Biz nəyi və necə deməliyik? Bu kimi sualların cavabını üslubiyyatçı alimlər açıqlamalıdırlar… Yoxsa ki, kitab oxumağa deyil, serial izləməyə meyli kütləni Azərbaycan ədəbi dilindən uzaqlaşdırmış olacağıq. Ədəbi dil son dövrlərdə kommersiya niyyəti ilə kitab tərcümə etdirən nəşriyyatlar tərəfindən də kobudcasına pozulur. Son illərdə nə yeni bədii nəsr, nə də tərcümə əsərini oxuya bilmirəm. (Hər halda rastıma çıxanlar uğurlu əsərlər olmayıb, görünür). Üslub xətaları, durğu işarələrinin gözlənilməməsi mütaliədən zövq almağa imkan vermir. Belə olan halda kitabı ədəbi dilin mötəbər mənbəyi kimi qəbul və təqdim edə bilirikmi? Təəssüf ki, yox. Beləliklə də, ədəbi dilimizin qorunması, gələcək nəsillərə təhrifli, təqlidi bir dili miras qoymamaq üçün telekanal və nəşriyyatların məsuliyyətinin artırılması zərurəti ortaya çıxır.

Sualınızın sonuncu qisminə gəldikdə isə, təəssüf ki, nikbin ola bilmirəm. Doğrudur, dəyişmə, zənginləşmə, müəyyən ifadələrin arxaizmə çevrilməsi dilin təbii  inkişaf qanunauyğunluğudur. Xüsusilə bunu şərtləndirən elmi-texniki tərəqqi, siyasi-ictimai durum və mədəni inkişafdırsa, bu məqbul sayıla bilər. Amma dildəki dəyişikliyin səbəbi mütaliəsizlik və kortəbii söz seçimidirsə, nəticədə dilin ifadə imkanları hüdudlanırsa, əlbəttə, bu ciddi narahatlıq doğurur. Bu mənada qənaətim belədir ki, ədəbi dilimizin görkəmi üzərinə müxtəlif parçalardan yamaq salınan    dərviş xirqəsi şəklində olmamalıdır…

– Tanışların çoxu telekanallara baxmamasına səbəb kimi aparıcılar və qonqlar tərəfindən ədəbi dil normalarının kobud şəkildə pozulmasını əsas gətirirlər. Telekanalların dili ilə bağlı Sizin müşahidələriniz?

– Telekanallarımızdakı vəziyyəti dəyərləndirmək üçün xüsusi araşdırma aparılmalıdır. Təəssüf ki, iş rejimim telekanalları müntəzəm izləməyə imkan vermir. Əslində mən bütün telekanallar və aparıcıları ümumi dəyərləndirmənin də əleyhinəyəm. Çünki xoşbəxtlikdən tək-tək istedadlı insanlara, eləcə də onların ana dilimizdən doğru-düzgün istifadəsinə son illərdə daha sıx rast gəlinir və bu sahədə xoş bir artım müşahidə olunur. Yad və ya qohum dillərin intonasiyası və sözlüyünü təqlidlə xəbərlərin təqdiminə artıq daha az təsadüf olunur. Ümumilikdə isə televiziyadan insanlarımızı uzaqlaşdıran səbəblər sırasında, məncə, informasiyanın təqdim şəkilləri (süni şəkildə iti sürətli oxunuş, dolaşıq cümlələrlə guya dil və üslubda  yenilik edilməsi və s.) ilə yanaşı, leksik fondun bəsitliyi də oldu. Bu cəhətlər savadlı insanların efirdən verilən  məlumatı izləmək istəyini azaltdı. Amma bu sadəcə səbəblərdən biridir, bayağı verilişlər, bəsit dilli seriallar və onların qəhrəmanlarının leksikonunda ləhcələrə  üstünlük verilməsi və yenə də danışıq tərzinin süniliyi, bayağı pafos da efirə olan marağı azaltdı.

Bəzi serialların fraqmentlərini izləmək imkanı tapanda bir filoloq kimi çox əsəbləşdiyim də yadımdadır… Bu mətnləri kim yazır? Biz bu məhdud və bayağı leksikonla gənclərə nəyi aşılayırıq? Doğrudur, sovet dövrü filmlərinin dili də süni və pafoslu idi, amma estetik baxımdan gözəl və məqbul idi. Bugünkü və şəxsən mənim izləməyə imkan tapdığım serialların ssenarı mətnləri isə təəssüf doğurur.

Bununla belə, son iki-üç ayda – müharibə dövrü və sonrasındakı xəbər  proqramlarının dili təqdirəlayiqdir. Belə ki, xəbərlərin başlığının mövzuya müvafiq  olması, kədəri və ya sevinci ifadə edən mətnlərin təqdimatında mövzuya uyğunluq gözlənilir. Amma tək-tək  müsbət hallara baxmayaraq, bu sahədə görüləsi işlər də az deyil. Ümumilikdə efirimizdə nümayiş olunan dil nitq mədəniyyəti mütəxəssislərinin tövsiyə və nəzarətinə möhtacdır, məncə.

-2018-ci ildə Orfoqrafiya qaydalarına cəfəng deyilə bilən düzəlişlər təklif ediləndə buna qarşı etiraz səsini ucaldanlardan biri Siz oldunuz. Hətta buna “müharibə” elan edənlərin rəhbərlərindən idiniz. Səyləriniz öz bəhrəsini verdi, Sizcə, ədəbi dilimiz üçün yeni təhdidlər varmı və bunlar hansılardır?

-Dəyərləndirməniz üçün çox təşəkkür edirəm. Sualınıza gəldikdə isə deməliyəm ki, 2018-ci ildə orfoqrafiya ilə bağlı təklif olunan dəyişikliklər təkcə cəfəng deyildi, həm də təhlükəli idi. Qoşa y samitlərindən birinin ləğvi təkidlə tələb edilir, apostrofsuzluğun ədəbi dil normalarına vurduğu zərəri nəzərə almadan onun  hecasında dəyişiklik edib onsuz da korlanmış nitq mədəniyyətinə daha bir zərbə vurmaq istəyirdilər.  Dilin təbiətinə yad təkliflər (ilk variantda: maddə 22) qəbul olunardısa, cingiltili samitlərə meylliliyi ilə seçilən Azərbaycan türkcəsinin  ahəngdarlığı pozulacaqdı. Ardınca əlifbamızdan spesifik ə, x və q hərflərinin çıxarılması təklifi gələcəkdi və s. Bunu mən bir sıra müsahibələrimdə vurğulamışam. Təklifləri qəbul olunmadıqdan sonra “yenilikçi”lərin bəzi nümayəndələri də bunu etirafa məcbur oldular. Amma həmin etiraflarda dilə vurulacaq zərbəyə deyil, baş tutmayan niyyətlərinə, onun realizə olunmamasına görə təəssüf  hissi vardı… Bunlar olardısa, Azərbaycan türkcəsi özünün özəlliyini itirərdi. Bu isə müstəqil dövlətin müstəqil dili üçün yolverilməz bir hal idi. Hazırda ədəbi dilimizə nəzarətin azlığı, nitq mədəniyyəti problemlərinin ümumilikdə diqqətdən kənarda qalması müəyyən boşluqlara, yad təsirlərin artmasına yol açır.. Bu mənada ədəbi dilimizlə bağlı bənzər təhdid və təhlükəli məqamlar bu gün də var, gələcəkdə də olacaq. Biz filoloqların borcu ədəbi dilimizin inkişafına, zənginləşməsinə mane olmadan onu yersiz müdaxilə və təqlidlərdən xilas etmək, dilin tarixi keçmişi ilə əlaqəsini də qorumaqdır. Çünki Azərbaycanın müxtəlif yönümlü əlaqələrindən bəzən bu ölkəyə öz maraqlarına uyğun istiqamət vermək istəyənlər də faydalanmağa çalışırlar. Bu işdə dövlətçilik atributlarından olan ədəbi dili əlində alət və təsir vasitəsinə çevirmək istəyənlər var və olacaq. Buna görə də filoloqların üzərinə böyük məsuliyyət düşür və onlar heç vəchlə sayıqlığı əldən verməməlidirlər.

-Bakının əcnəbi dillər tərəfindən “işğalı” ilə bağlı minə yaxın ziyalının “həyəcan təbili” görünməmiş ictimai rezonans doğurandan sonra qardaş Türkiyədə də bu məsələ prezident R.T.Ərdoğan səviyyəsində müzakirə olundu. Qloballaşma şəraitində milli dillərin linqvistik ekspansiyadan qorunması istiqamətində səylərin geniş vüsət alacağına və nəticə verəcəyinə inanırsınızmı?

-Bəli, artıq FADMM yaranan gündən cəmiyyətdə maraq doğurdu, sərrast müşahidə və irəli sürdüyü ciddi təkliflərlə diqqəti cəlb etdi. Məsul şəxslərlə təmas qurulması, dəfələrlə işgüzar danışıqların aparılması bu işin müsbət nəticələr verəcəyi təəssüratını yaradır. O da bilinən gerçəklikdir ki,  bu kimi işlər təşkilatçı və təşəbbüskarlardan böyük səbr və fədakarlıq tələb edir.  Qənaətimcə, bu kimi təşkilatlanma yaxın gələcəkdə dövlətin rəsmən tanıdığı qurum statusu alarsa, ədəbi dil üzərində nəzarət mexanizmi daha səmərəli olar…

– Səadət xanım, dilimizi “məişət dili” adlandıranlar var. Səbəb kimi Azərbaycan dilində beynəlxalq səviyyəli elmi əsərlərin yazılmamasını, bu dildə diqqəti çəkən kəşf və ixtiraların olmamasını göstərirlər. Siz bu barədə nə deyə bilərsiniz? Doğrudanmı, dilimizin elmi çəkisini artırmağa ehtiyac var?

-Məlum olduğu kimi, Azərbaycan ədəbi dilinin yazılı ənənəsinin uzun bir tarixi keçmişi var. Neçə-neçə nəsillər bu dili ədəbi və elmi dil kimi formalaşdırmaq və qorumaq niyyətini izləyib. Azərbaycanda ədəbi, elmi, rəsmi dil üslubları da hər dövrün öz tələbinə uyğun mövcud olmuşdur və bu gün də var. Zənnimcə, Azərbaycan elmi fikrini beynəlxalq aləmə çıxarmaq üçün ədəbi dildən artıq, qlobal səciyyəli, elmi əsaslı düşüncəyə ehtiyac var. Əgər əsər ciddi elmi dəyərə malikdirsə, o məhəlli səciyyəli olmaq çıxıb beynəlxalq elmi fikir tarixində yer alacaq və  mütəxəssislər onu dilindən asılı olmayaraq diqqət mərkəzində saxlayacaq. Elmi dilimizin ifadə imkanları isə məhdud deyil, xüsusilə humanitar sadədə elmi dəyərə malik əsərlərimiz az deyil. Amma təəssüf ki, bütün elm sahələrində Azərbaycan dilinin ifadə imkanları və terminoloji bazası eyni səviyyədə deyil. Əgər humanitar sahədə dilin leksik-qrammatik imkanları qənaətbəxşdirsə, bir sıra dar ixtisaslı sahələr – zərgərlik, xalçaçılıq və s. ilə bağlı araşdırma aparanlar elmi terminologiyanın yoxluğu və ya bəsitliyindən şikayətçidirlər. Bu mənada dilimizin elmi çəkisini artırmağa ehtiyac olduğunu vurğulayarkən tamamilə haqlısınız. Görünən odur ki, dilçilərin qarşısında peşə fəaliyyətləri ilə bağlı sözlüklərin hazırlanması, müxtəlif elm sahələrində terminoloji bazanın təkmilləşdirilməsi ilə bağlı vəzifələr durur. Bununla belə, “Azərbaycan dilində beynəlxalq səviyyəli elmi əsərlər yazılmamışdır” qeydiniz mənə çox kəskin söylənmiş kimi göründü. Öncə də qeyd etdiyim kimi, mənsubu olduğum humanitar sahə alimlərinin müxtəlif səpkili əsərlərinin xarici ölkələrdəki nəşri az sayıla bilməz… Sadəcə son dövrlərdə elmi dəyəri olmayan yazıların şəxsi tanışlıq əlaqələri əsasında xarici nəşrlərə “ayaq açması” ciddi narahatlıq doğurur. Eləcə də kommersiya maraqları güdən xarici nəşrlərdə çap olunma da kimlərinsə hesabatına yardım edir və Azərbaycan elminə nüfuz gətirən hal kimi dəyərləndirilə bilməz.. Bu isə beynəlxalq aləmdə Azərbaycan elmini tanıtma sahəsində boşluq və pərakəndəlik olduğunu göstərir. Çünki Azərbaycan elmi fikrinin yalnız ciddi nəşrlərdə təqdimi, bu şəkildə dünya elmi fikrində yer alması ölkəyə nüfuz gətirə bilər.

Sualınızın “bu dildə diqqəti çəkən kəşf və ixtiraların olmaması” qisminə gəldikdə deməliyəm ki, kəşf və ixtira düşüncə və elmi bilik səviyyəsi ilə bağlı durumdur. Həmin ixtiranı edən çox zaman ifadə üçün müvafiq terminoloji baza olmadıqda belə onu özü də yaradıb ifadə edə bilir. Bu kimi durumlarda önəmli olan dildən artıq, təfəkkürdür. Amma bütün hallarda həmin yeni gətirilən terminlərin dilin təbiətinə uyğunluq səviyyəsini dəyərləndirmə yenə də dilçilik elmimizin fəaliyyət sahəsinə daxildir. Azərbaycan elmi və terminoloji baza problemi ilə əlaqəli  bəhs əslində geniş müzakirələrə möhtac bir mövzudur. Mən qısaca qabarıq nəzərə çarpan məqamlara toxunmağa çalışdım.

Gülyaz ƏLİYEVA