Ev Publisistika Sabir Rüstəmxanlının dramaturgiyası, kinossenariləri

Sabir Rüstəmxanlının dramaturgiyası, kinossenariləri

1511

Xanverdi Turaboğlu
ədəbiyyatşünas, tənqidçi

S. Rüstəmxanlının bədii yaradıcılığında dram əsərləri (“Uzaq əsrlərin həqiqəti”, “Nuhun vertalyotu”) ilə yanaşı kinossenariləri də janr, üslub baxımından qaldırılan mövzu, ideya, problemin həlli nöqteyi-nəzərdən özünəməxsusluğu və orijinallığı ilə seçilir.

Dramaturqun “Uzaq əsrlərin həqiqəti”  3 pərdəli  tarixi dram 14 şəkildən, kiçik ön söz, başlanğıc əvəzi və epiloq əvəzi hissələrindən ibarətdir.

Pyesdə keçmiş və indiki zaman anlamı daxili analoji rabitədə davam və inkişaf etdirilir. Müraciət olunan tarixi fakt bədii gerçəkliyin aynasında yeni məzmun qazanır. Pyesdə həmçinin əksini tapan mövzu, ideya, problem tarixiliklə müasirliyin  ümumi qovşağında S. Rüstəmxanlı yaradıcılıq manerasına xas publisistik elementin məhz  haray şəklində və vətəndaşlıq duyğusu üzərində köklənməsi ilə üzə çıxır.

Əsərdə uzaq keçmişi, tarixi reallığı özündə cəmləşdirən bir sıra obrazlar silsiləsi, deyək ki, Zərdüş, Berdağ, Sumər, Arğın, Nisaba ana, Kir oğlu Kəmbis, Kür oğlu Smerdiş, Krez və başqa bu kimi surətlər xüsusi bədii yüklə müşayiət olunur və estetik keyfiyyət əldə edir.

“Uzaq əsrlərin həqiqəti”  pyesində yer alan kiçik ön sözdə əsərin iç dünyasından kök atıb rişələnən, bütövlükdə onun daxili məzmun və mahiyyətini özündə ehtiva edən və vətəndaşlıq yanğısı ilə yüklənən bir ideyanın üzərinə aydınlıq gətirir. Müəllifin qabartdığı  ideya, bədii məqsəd yalnız ona yönəlir ki, xalqın keçib gəldiyi azadlığa doğru əzab-əziyyətli min illik yola bir daha nəzər salmaq və ondan gələcəyimiz naminə yararlanmağı unutmayaq kimi fikirlər təlqin edilir :

“Əcdadlarımızın qanı və göz yaşları ilə yoğrulmuş Azərbaycan torpağı  min illərin sayagəlməz əzab və işgəncələrini öz köksündə quylayıb; varlığımıza göz dikən ordular qırılıb, üstümüzə qılınc çəkən yadellilərin sümükləri çürüyüb, ocağımızı söndürmək, dilimizi kəsmək istəyənlərin izini zaman dünya üzündən silib aparıb, dövlətlər, siyasi quruluşlar, dünya ağalığı iddiaçıları heç olmayıbmış kimi yaddan çıxıb, lakin bir şey dəyişməz qalıb: xalqımızın böyük azadlıq eşqi!… O şəhidlərin ikisindən bəhs edir bu əsər. Elə bilirəm 2500 il öncə yaşamış o ulu babalarımız əsrlərin üstündən boylanıb baxır, xalqımızın bugünkü varlığını və ucalığını görəndə öz həyatlarını nahaq yerə qurban vermədiklərini, axıtdıqları qanın hədər getmədiyinə sevinirlər…”

Pyesin “Başlanğıc əvəzi” hissəsində isə ön sözdə olan müəllif şərhi yox, əsərin ümumi ab-havasına köklənən iki ayrıca nəhəng obrazlar- Keçmiş və Həqiqət əsərboyu qaldırılan bədii niyyətin, məqsədin açılmasına təkan verir. Buradakı obrazlar- Keçmiş və Həqiqət  biri digəri  ilə canlı ünsiyyətə daxil olaraq minilliklərə söykənən qəhrəmanlıqlarla dolu tarixi keçmişimizin acı olayların bədii nəqlinə keçdikcə birbaşa onlar özləri də hadisə və vəziyyət axınına qoşulur:

Həqiqət – (fikirli və məğrur bir görkəmlə Keçmişlə üz-üzə gəlir) …. Zindanların küncündə, sürgün yollarında, ölüm meydançalarında, qılıncların tiyəsində üzülməmişəm. Xalqın əməyi və inamında yaşamışam. Şahların, çarların məzar daşları üstündə qəhqəhə çəkmişəm. İnsanları bir-birinə düşmən eləyənlər, bir xalqı başqasının üstünə qaldıranlar mənim də qanımı axıdıblar. Lakin mən yolumdan dönməmişəm….

Keçmiş – …Yəni sən doğrudan o uzaq əsrlərdən, ölüm-dirim çəkişmələrindən sağ çıxa bilmisən?

Həqiqət – Mən həqiqətəm! Səndə qalmış xatirələrim kimi, işıq kimi, su kimi əbədiyəm, ölümsüzəm!

Keçmiş – Ölümsüz xatirələr! İstəyirsən onlardan birini danışaq. Qoy camaat görsün ki, sən necə zülmətlərdən keçib gəlmisən. Görsünlər ki, bu xalq öz ağlı və qılıncı ilə səni necə qoruyub. Bu iki min beş yüz il əvvəlin əhvalatıdır….

Təbii ki, “əhvalatı”n danışılması, nəqletmə anı nəsrdəki kimi yox, dramaturji prinsiplər əsasında müəyyənləşərək onun bədii real tətbiqinə nail olunur. Bu halda hadisə, vəziyyət, obrazlar aləmi Keçmiş və Həqiqət  obrazlarının möhtəşəm bədii – estetik dünyasından kök atıb rişələnərək təqdim olunur.

İlk bədii təqdimat dramaturji prinsiplər əsasında müəyyənləşən remarkada Kəmbis sarayında (İran şahının) təsərrüfat işləri ağası olan Berdağın Akbatandan baharın gəlişi gününü anası ilə birgə keçirmək üçün Muğana, ata yurduna dönüşü ilə başlanır: “Muğan şəhərlərindən biri. Eradan 522 il əvvəl, baharın ilk günü. Uzaqda Araz çayının qıvrımları ağarır. Ön planda balaca, amma səliqə-sahmanlı bir ev. Qarşısında üç çinar ağacı. Pəncərələrin önündə səmənilər. Həyətdə tonqal yanır. Akbatandan  anasının yanına qonaq gəlmiş Berdağ tonqal başında.”

Bu “ata yurdu” ilə daxili söhbətində Berdağ üçün doğrudan-doğruya isti, mehriban, səmimi, doğma bir məkan kimi xatırlanır. O məkan ki, burada “İran şahının sarayında görmədiyi  doğmalığı görür”, o, özünü çox rahat hiss edir, bu müqəddəs ocaqda heç bir yerdə görmədiyi doğmalığın əhatəsində olur və bu “doğmalıq” hissi  ata yurdunda xoş bir ab-hava ilə daim onu izləyir. Berdağ isə bu doğmalıq ab-havasından heç ayrılmaq da istəmir.

Berdağ – Hara getdumsə, bu müqəddəs ocaqdan ayrıla bilmədim. İran şahının sarayında da balaca komamızın doğmalığı yoxdur. Bəlkə qocalıram, ildən-ilə yurdumuz məni daha çox çəkir. Hələ eyvanın o başından beşiyə bax! Körpəykən onda uyudum, ortancılımız Sumər də, sonbeşiyimiz Arğın da. Bu taxta parçasını atmağı əli gəlməyib anamın.

Berdağ doğma bir məkan olan ata yurdda  kədərli görkəmli yadda qalır. O, Nisaba Anası üçün hər dəfə gətirdiyi geyimlə onu sevindirmək istəsə də, lakin o, buna nail ola bilmir. Çünki Nisaba Ana üçün bərbəzəkli geyimdən öncə böyüyüb hər birisi bir başqa məkana yollanan oğlanlarının hər üçünün də indiki doğma məkanda  bir yerdə görməsini istəyirdi. Amma bu olmur. Berdağ qardaşları  Sumər və Arğınla yox, tək bircə özü Ata ocağını ziyarət etməli olur, qardaşları ilə birgə gəlmək heç onun imkanı daxilində ola bilmədi. Berdağa görə “… Arğın Misirdə vuruşur, Sumər də  daha buraya dönməz. Gəlinim deyə əzizlədiyin  Humaya dönük çıxdı. Şirin dilinə, var-dövlətinə aldandı pars qızı Atəşin. Onlardan sədaqətmi gözləyir! Beş ərə getməyi şərəf sayırlar. Könülləri istəyəndə ərlərinin gözü qarşısında sarmaşırlar”.

Nisaba Ana oğlu Berdağla söhbətində hər üç övladının doğma məkanda olmasını təbii bir ana istəyi ilə xatırladır:

Nisaba Ana – Adın uca olsun, oğul! Hər bayram gətirirsən yığılıb qalır. Anan Akbatan başmağı geyəndimi, Çin ipəyiylə donlanandımı? Ananın saçı boyaqmı gördü? Mənə Suməri , Arğını gətirəydin. Üç qardaş o tonqalın bağında dayanaydınız, ürəyim atlanaydı. Mənə nəvələrimi gətirəydin, şirin dillərindən qanadlanaydım. Mənə gəlinimi gətirəydin, iki gün qulluğumda duraydı. Nəvələr ağıl, gəlinlər sədaqət tapar ata ocağından.

Lakin bütün bu təbii istək, arzu ana və oğul üçün istək, arzu olaraq qalır. Onların  gerçəkliyə çevrilməsi üçün istər Nisaba Ana tərəfdən, istərsə oğul Berdağ tərəfdən elə o qədər də real imkan görünmür. Demək Nisaba Ana ilə oğul Berdağ bu halda qayğılı anlar, dəqiqələr, günlərlə yaşayır və bu hal, əlamət pyes boyu səpələnir.

Əsərin digər iştirakçısı olan Zərdüş obrazı isə bütövlükdə ümuminsanlığın qayğısını öz varlığında yaşadır. “Ağ saqqalı sinəsinə düşmüş, yaşıl arxalıq geyinmiş Zərdüş üzü göylərdə, tək, ağır düşüncələr içərisində” xoş, nurlu gələcəyə gedən yolu aramaqda israrlı olmaq istəyir. Amma görünür bu halda Zərdüş də özündə ətrafı bürüyən çoxsaylı haqsızlıqlara qarşı dözüm, təpər nümayiş etdirə bilmir. Buna görə də Ulu Hürmüzdən ona vəziyyətdən çıxması üçün “yol göstərmə”sini diləyir:

Zərdüş – Səndən soruşuram, Ulu Hürmüz, aç mənə həqiqəti – Zülmkar hakimlərə xalqı sevməyi  necə öyrədim? İnsanı yalanla idarə edənləri düz yola necə çağırım? Hara qaçım əyriliyin əlindən? Dözüm ver mənə, yol göstər mənə, Ulu Hürmüz!…

Buna baxmayaraq Zərdüş özündə daxili-mənəvi güc taparaq “doqquz bahar” elmin yollarında onunla birgə addımlayan tələbələri ilə görüşündə xoş arzu, diləklərini çatdırır:

Zərdüş – Sevimli balalar! Cocuq ayaqlarınızla Midiya torpaqlarının baş məbədinə qədəm basdığınız gündən doqquz bahar keçdi. Burada müqəddəs “Avesta” qanunlarını, vətənə sevgi və cəngavərlik qaydalarını, nəğmə, nücum, təbiət, tibb, say elmlərini öyrəndiniz! Sabah ağıllı kişiləri isə çağıran dan işığı torpaqlarımıza yayılanda yollar sizi səsləyəcək. Qoy üstünüzdən uğur çəkilməsin! Ocaqlarımızın odunu və xeyirxah fikirlərimizi qoruyub yaymaq borcumuzdur.

Digər tərəfdən Zərdüşə görə qarşılaşdığın hər bir addımda şərlə də üz-üzə gəlmək olur. O, həm “yaz cildində, sulu arxlar, meyvəli bağlar, köhlən atlar cildində, uşaq təbəssümü ilə çıxsa da sayıq” olmaq lazımdır.

Buna görə də Zərdüşün fikrincə, əxlaq həmişə “xeyirxah fikrə, xeyirxah sözə, xeyirxah əmələ bağlı” olmalıdır. Xeyirxah əməlləri yaymaq üçün  dözüm və cəsarət lazımdır. Hər bir iş səbrə söykənməlidir. Əzab, işgəncələrə görə düzlük yolundan sapınmaq olmaz.

Zərdüşün sadaladığı insan üçün lazım olan bu vacib keyfiyyətləri doqquz il elm yolunda addımlayan hər bir tələbəsi üçün, xüsusən keçmiş tələbəsi olan Berdağ üçün də örnək olur. O, on beş il əvvəl bu “müqəddəs ocağ”ı “tərk et”miş, daha sonra, “ağlı, müdrikliyi ilə İran sarayının nüfuzunu qazan”mışdı. İndilikdə isə Berdağ gəlişi ilə müəllimi olmuş Zərdüşü sevindirməklə bərabər “Ulu məbəd” qarşısında son borcunu verməyə tələsir. Bu “Ulu məbəd” Azərban bağında belə bir qayda qoyulub. Burada hər əkilən ağaclar onun sahibi kimi hər zaman canlı xatirə kimi göz önündə canlanır və “yazın bir parçasına dönüb yaşa”nılır. Çünki “insanın ölməzliyi təbiətlə vəhdətdədir” və “Allah iradəsi” isə “təbiətin özündədir”. Digər tərəfdən bununla bərabər “bütün yaranmışlardan Tanrıya ən yaxını olan İnsan”dır. “Çünki yaratdıqlarının heç birinə vermədiyi bir neməti  insana vermişdir: ağıl, düşüncə! O, insan simasında özünün köməkçilərini yaratmışdır və insan yaradılıb ki, dünyanı idarə etsin!”

Fəqət “dünyanı idarə” edənlərin çoxu şər əməlin xidmətində dayananlardır. Ağıl, hikmət, düşüncə sahibi olan Zərdüş isə tələbələri ilə söhbətində daha çox ona diqqət ayırır ki, “ağlımızı müqəddəs ideyalarla nurlandırıb dünyaya səpələnərkən yurdunuzun iradəsini, nüfuzunu yayırsınız. Hansı ocağa düşsəniz də Muğ tayfasını ana Midiyanı unutmayın!”

Zərdüşün  Berdağla dialoqunda da  məhz bu məqamlara daha çox yer ayrılır:

Berdağ – Zərdüş ata! Sizdən ayrılandan  sonra dünyanı gəzib dolandım. İnsanın böyüklüyü əlindən alınıb, qara qüvvələrin əsiri olub. Palçıq bütlər qarşısında ərlərin dizini bükülən gördüm.

Zərdüş – Elə buna görə də səsimiz belə sürətlə yayılır. Biz yapma allahları rədd edirik. Allah iradəsi təbiətin özündədir. Biz insanın üzünü günəşə çeviririk. Onu torpaq üstündə şax gəzməyə, öz ağlına, öz əməyinə güvənməyə çağırırıq. Bütün dövrlər üçün təzə qalacaq bir amaldır bu!

Pyesboyu “qara qüvvələr” təkcə “palçıq bütlərlə” yox, eyni zamanda “pars satraplarının zülmü” ilə də müşayiət olunur. Vəziyyətdən çıxış yolu Zərdüşə görə məhz “düşüncədən başlanma”sı ilə önə çəkilir:

Berdağ – Dünən ellilərim yanıma şikayətə gəlmişdilər!…. varımız- dövlətimiz, at ilxılarımız, dəvə karvanlarımız parsların xidmətindədir. Sarayda Midiya sözünü belə eşitmək istəmirlər…. Tarixdə görünməmiş hadisədir. Qalib gəlsələr də parslar məğlub Midiyanın mədəniyyətinə tapınıb. Üstün gələn basılandan öyrənir . Biz pars əyanlarını diz çökdürdük. Lakin çoxmu çəkdi bu? Geyimlərimizi geyib, kitablarımızı oxuyub, bizim yeməklərdən yeyib, bunu hər yerdə pars adına tanıtmırlarmı? Hakimiyyət qanımızı sorub onların damarlarına axıtmırmı?… Midiyanın köhnə taxt-tacı qaytarılmalıdır.

Zərdüş –  Xalqın nifrəti köklənməlidir. Mənim tələbələrim bütün Midiya torpaqlarına səpilib ellərimizi bu döyüşə hazırlayır. Lakin ehtiyatla! Tədricən! Vuruşa düşüncədən başlamalıyıq!

Berdağla Zərdüşün dialoqunda bir sıra məqamlar daha da qabardılır. Zərdüşün verdiyi öyüd-nəsihət, Berdağın sonrakı yaşanılacaq düşüncələrində və ya həyat yolunda, daha doğrusu, Kəmbis sarayında vəzifəsini icra edərkən bu daha çox lazım oldu. Kəmbis isə öz növbəsində  hələ də Misir iqamətgahında anası “Kasandanın göyləri dolaşan ruhu” naminə “verdiyi vədə əməl etdi”yini önə çəkir. Ona görə ki, onun fikrincə, vaxtilə “uşaq yaşlarında  bir misir qızının işvələrinə uyan” atası “Kirin anasına” necə  əzab verdiyini görərkən ürəyində alışmış qəzəb odunu indilikdə  söndürür. Düşünür ki, “Ay üzü olan anası Kasandanın axan göz yaşlarının əvəzini ehramların soyuq daşlarını qucaqlayıb saçlarını yolan misirli qadınların fəryadı ilə çıxır”.

Kəmbis, eyni zamanda onunla öyünür ki, “bir vaxtlar Akbatanı dünyanın qurtaracağı sayan parsların hökmdarının taxtı” indilikdə onun qılıncının gücü ilə “Nil üzərində, hər daşdan bir allah yapan misirlilərin torpaqlarında qurulmuşdur”. Bununla o, hesab edir ki, saysız-hesabsız  bədniyyətli əməlləri ilə Misiri artıq ram etmişdir.

İran şahı olan Kəmbis həmçinin özlüyündə onunla öyünür ki, Asiyanın çoxsaylı xalqları da onun hökmranlığına tabe edir. Bütün bu hökmran ab-hava pyesin əsas strukturuna daxil olan remarkada İran şahı Kəmbisin və ya saray əyanlarının daxili-psixoloji vəziyyətinin bədii ifadəsi kimi çıxış edir.

Bu baxımdan remarkaya diqqət edək: “Son sözləri deyə-deyə Kəmbis sağında-solunda  məşəl alovlanan taxta doğru gedir. Elə gedə-gedə də əli cam üçün uzanır: “Şərab!” Şərabpaylayan qız məcməyidə qızıl cam və kuzə gətirir. Onun dalınca saray əyanları daxil olur.Baş əyib sağdan-soldan otururlar. Hökmdara yaxın yerlərdə ən hörmətli əyanlardan Preksasp  və Lidiya çarı Krez, o biri tərəfdə arvadı Rəqsanə və onun bacısı Atəş oturublar. Kəmbis şərabpaylayanın doldurduğu badəni əlinə alır”.

Kəmbis təkcə  Misiri ram etməklə kifayətlənmir. O, İran şahlığının ərazisini daha da genişləndirmək üçün  “Həbəşistanın qızıl  dağlarını” fəth  etməyi planlaşdırır. Ümid edir ki, “qara həbəşlərin qara qanları torpaqlarını suvaran gün” onun babalarının ruhlarına saysız qurbanlar veriləcək”.

Kəmbis bu “arzuları” ilə bərabər indiki halda  İran şahlığını idarə edərkən pars hakimiyyətinin daha da geniş ərazilərə malik olduğunu diqqət mərkəzində saxlayaraq saray əyanlarına sorğu ilə müraciət edir. Onları inandırmaq istəyir ki, babası “neçə yüz illik Midiya hakimiyyətini devirib balaca pars dövləti yaratmışdı”. O isə indilikdə onu yer üzünün ən qüdrətli səltənətinə çevirmiş, pars adını göylərə qaldırmışdır.

Buna baxmayaraq hakimiyyəti dövründə Kəmbis özünün böyük “qüdrətli səltənət” yaratması barədə fikirlərinə saray əyanları arasında həmrəy ola biləcək şəxslər axtarır. Kəmbis bilir ki,  özündən əvvəl İran Şahlığını idarə edən atası Kir saray əyanları arasında daha çox qüdrətli hökmdar kimi tez-tez xatırlanır. Bu isə Kəmbisdə (baxmayaraq ki, Kir onun atasıdır) onu narahat edən  daimi gizli daxili qısqanclıq hissi ilə qarşılanır. Demək, atası Kirin nüfuzedici hakimlik təsiri onda davamlı olaraq və ya müddəti məlum olmayan kəskin və əzabverici qısqanclıq kimi qabardılır. Düşünür ki, “Masaketlərin qadın hökmdarı Tomrisə məğlub olmuş atası Kir ondan qüdrətliydimi?”

Pyesin digər iştirakçısı olan Lidiyanın keçmiş çarı, indi isə Kəmbis sarayının əyanlarından biri Krez hökmdar Kəmbisin fikirlərinə qarşı sanki əks mövqe nümayiş etdirirmiş kimi görünür. Lakin söhbət Kəmbisin xeyrinə olurdusa, o, bundan daha da məmnun vəziyyətdə qalır.

Bu baxımdan Kəmbislə Krezin dialoquna diqqət edək:

Kəmbis – (Krezin qabağında dayanır) – Sən niyə susursan, atamın yandırdığı tonqaldan diri çıxıb onun dostu olmuş Krez?

Krez – Kir oğlu! Mən elə bilirəm ki, sən atana tay ola bilməzsən (məclisə çaxnaşma düşür. Kəmbisin rəngi ağarır. Əlindəki camı məcməiyə qoyub qəzəblə taxta doğru gedir).

Kəmbis – Necə? Necə dedin o sözləri, Lidiya çarı?

Krez – Hökmdar! Mən deyirəm ki, sən atana tay ola bilməzsən (səsini ucaldır). Çünki atanın sənintək oğlu var idi. Səndə isə belə üstünlük  yoxdur!

Kəmbis –  (üzünün ifadəsi dəyişilir, taxta yayxanır, bərkdən gülür) – xa……xa……xa…….. Ruhu ulu olan atam sənə nahaq mərhəmət göstərməyib, Krez! Sənin ağlında Lidiya qızlarının  gözlərinin parlaqlığı var! Şərab verin   Krezə (özü də içir, bu dəfə üzünü Preksaspa tutur) sən niyə susursan, İran taxt-tacına sədaqətlə qulluq etmiş   Preksasp?

Pyesin daha digər iştirakçısı olan İran şahı Kəmbisin inandığı saray əyanlarından      Preksasp isə Krez kimi eyni vəziyyətlə üzləşsə də, hökmdarın qəzəbindən qurtula bilməyərək oğlunu itirməli olur. Bu hal pyesdə gərgin dramatik psixoloji məqamlarla müşaiyət olunur:

Preksasp – (ağ saqqalını tumarlaya-tumarlaya başını qaldırır) – Hələ mənim yalan dediyimi görən olmayıb, əlahəzrət! Dilimə həqiqətdən uzaq söz gəlməz!

Kəmbis –  Mənə yalan deyənlərin aqibətini çox görmüsən, qoca!

Preksasp – Atan Kirin ruhuna bağışla cəsarətimi, şahım!….(qətiyyətlə) əyləncələr taxt-tacın düşmənidir, hökmüdar! Gəlib-gedən elçiləri qarşılamaqdan, kef məclislərindəki şahımız xəstəhal olmazmı? Gündoğan-günbatan arası qüdrətli bir səltənəti dumanlı başla idarə etmək olmaz!….

Kəmbis –  (heyrətlə) – Sənin ürəyin dolu imiş ki, ….(getdikcə əsəbiləşir)

Preksasp – Günahım varsa, düz sözü gizlətməməkdir, əlahəzrət!

Kəmbis –  Dumanlı baş dedin….Bəlkə parslar elə bilirlər ki, mən ağılsızam. Bəlkə elə düşünürlər ki, daha gözlərim də yaxşı seçmir? Ey!Gətirin mənim yay-oxumu! Yaxşı dedin, Preksasp! İndi mən öz gözlərimi yoxlayaram (bu vaxt Preksaspın oğlu şərabpaylayan qapıda görünür). Dayan!(oğlan dayanır və heç nə başa düşmədən şaha və atasına baxır). Qoy ayaqların əsməsin! Əyanlarım görsünlər ki, … (kamana ox qoyur).

Preksasp – (həyəcanla yerindən qalxır, yalvarıcı səslə) – O, mənim yeganə oğlumdur, əlahəzrət!

Kəmbis –  (bu sözlərə əhəmiyyət vermir və elə bil heç onun dediklərinin mənasını da anlamır, dəli çılğınlıqla)- Sənin oğlun! Sənin oğlun! Bəlkə doğrudan da finikiya şərabı gözlərimi dumanlandırıb? Sənin oğlunu seçməyəcək….(kamanı sinəsinə qaldırır. Səssiz səhnədə Preksasp şahın ayaqlarına yıxılır, yalvarır. Kəmbis onu ayaqlayıb keçir. Atır. Preksaspın oğlu köksünü tutub yıxılır).

Preksasp – Aman Allah! Aman Allah! Mənim bircə balam, oğlum (oğluna doğru sürünür).

Kəmbis –  (sevinclə onun qabağını kəsir, əyilib istehzalı bir səslə) – hə, necə görür Kir oğlu Kəmbisin gözləri….

Preksasp – (qorxudan göz yaşlarını gizlədir, iniltiylə) –heç Allah da belə vura bilməz, hökmdar!

Kəmbis –  (qapıda duran qullara) – Aparın, bu cavanın meyidini. Qoyun Memfisin mərmər döşəməli bazar meydanında! Qoy bütün ordu gəlib tamaşa eləsin. Mənim parslarım görsünlər ki, şahənşahın gözləri hələ dumanlanmayıb (Preksasp hönkür-hönkür ağlayır, Kəmbis onu unudub məclisi qəzəblə dolanır. Hamı yeni faciə qorxusu ilə donub qalıb).

Pyesin iştirakçısı olan İran şahlığında midiyalı süvarilərin başçısı, eyni zamanda sarayda təsərrüfat işlərinə Muğanlı Berdağın qardaşı Arğınla hökmdar Kəmbis arasında gedən dialoq daha kəskin xarakter alır. Buradakı dialoq gərgin dramatik psixoloji vəziyyətlə müşayiət olunur. Arğın hökmdar Kəmbislə dialoqunda hərəkət, davranışları, münasibətləri ilə qorxmazlıq, mübarizlik nümayiş etdirir. Bu davranışları ilə Arğın igid, mərd, gəncavər Midiyalı süvarilərinin simvolik obrazını özündə ümumiləşdirir.

Aşağıdakı dialoqa diqqət edək:

Kəmbis – (Arğını başdan-ayağa süzür) – Hə, Muğan balası! Yordumu döyüşlər səni!

Arğın – Midiya süvarisinin yorulan günü olmamış, hökmüdar!

Kəmbis – Bəs niyə siz – müqəddəs odlar diyarının övladları, “Avesta”nın vətənində doğulan ərlər qondarma allahlar yapan misirlilərə uydunuz!

Arğın – Biz yalnız şənliyə baxdıq, hökmüdar!

Kəmbis – Sizdəmi o bəzədilmiş öküzün Allah olduğuna inandınız?

Arğın – Xalqlar üçün müqəddəs olan inamlara ehtiram borcumuzdur, əlahəzrət! Ağsaqqallarımız bizi belə öyrədib!

Kəmbis –Ax!… Ağsaqqallarınız!… Bəs o kaftarlar sizə tərbiyə öyrətmədimi?

Arğın – (hirslə) – Tərbiyəsiz sizlərə dözməmək öyrətdi bizə onlar!

Kəmbis – Aha Pars səltənəti ürəyində yatan qurdları əzə bilməyib, deyəsən! Gözündən cin yağır!

Arğın – Onsuz da sizdən ağıllı söz eşidən olmayıb, hökmüdar!

Kəmbis –Ölüm cəzanı özün kəsdin, oğlan!….  …..Toxumunuz kəsilsin sizin! Hələ Midiyadan şaha sədaqətli bir adam görmədim!

Arğın –Biz yurdumuza sədaqətliyik, hökmüdar!

Kəmbis –(qəzəblə)- Cəllad!….Boynunu vurma bu igidlərin, yazıqdırlar(sonra bərkdən qəhqəhə çəkir). Onları başı üstə qurşağa kimi torpağa quyla. Qoy yavaş-yavaş ölsünlər.

Hadisə, vəziyyətin bu qədər dözülməz həddə çatdığını hiss etməyən İran şahı Kəmbisin hərəkət, davranışlarında müşahidə olunan bəzi ürəkaçmayan naqis keyfiyyətləri arvadı Rəqsanə ilə Atəş arasında gedən dialoqda sətiraltı mənalarla üzə, zahirə çıxır.

Bu baxımdan dialoqa diqqət edək:

Atəş – (bacısı Rəqsanəni qucaqlayır) – Aman bacı! Sumər necə dözəcək Arğının ölüm xəbərinə.

Rəqsanə – Bəs bu boyda səltənət şahın çıxartdığı oyunlara necə dözür?

Pyesdə iştirak edən saray əyanlardan Krezin də Kəmbislə dialoqunda şahın qızğın davranışına qarşı münasibəti ortalığa qoyulsa da Kəmbis də öz növbəsində Krezə qarşı öz arqumentlərini diqqətə çatdırmaqla yeri gəldikcə, belə məqamda növbə ona da çatacağını vəd edir:

Krez- (tərədüddlə)- Şahım, Aramey səhralarında susuzluqdan nəfəsimiz kəsiləndə bir midiyalı əsgərin düşmənləri pişik siçanla oynayan kimi oynadıb iki-iki, üç-üç yerə sərdiyini unutdunmu? Qabağa baxmaq müdriklikdir! Öz əsgərlərinin yad torpaqlarında quylanmasına necə qıyırsan? O, on iki nəfərin hərəsi bir orduya bərabərdi. Ordunu özündən döndərəcəksən. Ruhu müqəddəs olan atan Kir sənin qızğınlığını bilirdi. Onun vəsiyyətini yerinə yetirirəm. Bəlkə bu dəfə günahlarından keçəsən.

Kəmbis – (Krezə qəzəblə) – Belə ağıllı idinsə, öz Lidiyanı idarə edəydin. İranın döyüş arabaları şəhərlərinizin xarabalıqlarından ötüb keçəndə sənin bu ağıllı başın harada idi bəs? (gəzişir). Atama da yaxşı məsləhət verdin. Arazı keçməyə, ildırım sürətli Masaket süvarilərinin üstünə cummağa sən onu vadar etdin. Yoxsa, oğlunun intiqamını almağa tələsən Masaket çariçası Tomris özü Kirin üstünə gələcəkdi. Atamı da belə məsləhətlərinlə məhv etmisən. Növbə sənə də çatıb, sevinmə!

Kəmbisin Elçi ilə dialoqunda  “İran taxtının kölgəsi həbəşlərin qızıl dağlarını bürüməyincə sakitlik düşmənimdir!” deyə fikri, niyyəti ilə yaşasa da, bu arzusu heç də baş tutmur. Göndərdiyi elçi də onun düşündüyü kimi saysız-hesabsız hədiyyələrlə  geri dönə bilmir.

Halbuki, Kəmbis fikirləşirdi ki, elçiləri həbəşlər İran şahlığının əzəmətli taxt-tacı qarşısında qorxub geri çəkilər və onları hədiyyələrlə yola salar, bununla da o, ordusu ilə həbəşlərin torpağına hücum çəkib “Qara həbəşlərin qara qanları torpaqları suvaran gün babalarının ruhuna saysız qurbanlar” vermək fikri ilə yaşayır. Amma bu olmur. Əksinə, göndərdiyi elçiləri həbəşlər yerindəcə “şeytan təbəssümüylə qarşıla”yır, “sonra da qarnını tutub gözləri yaşarıncaya qədər güldü”lər. Onun verdiyi “bəxşişlərə isə həqarətlə baxılır və ayaqlar altına atı”lır. “Həbəş hakimi” Elçilərə bildirir ki, “şahınız şükür etsin ki, hələ uzunömürlü həbəş oğulları onun kimi yad torpaqlara göz dikmək xəstəliyinə” tutulmayıb və həbəş hakimi də öz növbəsində ona “öz yay-oxunu göndər”ir.

Demək, Kəmbis fikrində nəzərdə tutduğu “həbəşlərin qızıl dağlarını” fəth etmək  niyyəti  bu halda baş tutmur və ya “qara həbəşlərin qara qanları torpaqlarını suvaran gün” görmək arzu, niyyəti də Kəmbis üçün baş tutmaq şansı indidən itirilmək üzrədir və indilikdə Kəmbis daha məyus və ya başını itirmiş halda görünərək  özünü daha çox  sarsılmış halda  hiss edir.

Bu halda Kəmbislə Elçinin dialoqu obrazların daxili-psixoloji vəziyyətinin bədii ifadəçisi kimi çıxış edir:

Kəmbis – (onun danışmasını gözləyir, sonra yavaş-yavaş yaxınlaşır) – Niyə susursan?

Elçi – (qorxa-qorxa) – Danışa bilmirəm, əlahəzrət!

Kəmbis – Niyə danışa bilmirsən, Emfantina dilçisi! Orda quş dili öyrənəndə adam dili öyrənməyə vaxtın çatmayıb?

Elçi – Şahım! Həbəşlərin üzü niyyəti kimi qara olan padşahları Sizin yüksək iltifatınızı şeytan təbəssümüylə qarşıladı. Balaca bir obanın xəbərçilərini bizdən yüz qat hörmətlə dinləyərdi. Çılpaq, vəhşi tayfaların soraqçılarını min qat hörmətlə yola salardı….

Kəmbis – Mənim sözlərimi dinlədimi qara hakim?

Elçi – Dinlədi, əlahəzrət! Sonra da qarnını tutub, gözləri yaşarınca güldü. Bütün saray əhli ona qoşulub uğundu. Bizə vəhşi heyvana baxan kimi baxdılar….

Kəmbis – Bəs cavabı nə oldu?

Elçi – Əfv edin, əlahəzrət! O, şərin kölgəsidir! Dedi ki, mən Kir oğlu Kəmbisin niyyətini duydum. Yanıma qəsdən həbəş dili bilənləri göndərib. Siz söz bəkləyənsiniz. Qulaqlarınız nə qədər uzansa da bizdən hökmdarınıza xeyirli söz eşidə bilməyəcəksiniz.

Kəmbis –(getdikcə artan heyrətlə) – Parıltı Midiya geyimlərini vermədinizmi qara hakimə?Qazaka ziynətləri gözlərini qamaşdırmadımı? Ağ alınlı Nisey atı ruhunu  əsir etmədimi? Finikiya şərabı köksünü qabartmadımı?

Elçi – Şahımızın bəxşişlərinə həqarətlə baxdı. Ayaqlar altına atdı. Dedi, qoy, şahınız şükür etsin ki,hələ üzünömürlü həbəş oğullarını  allah yad torpaqlarına göz  dikmək xəstəliyinə düçar etməyib.  Yoxsa,  həvəslə sizə qonaq gələrdik. ….

Kəmbis –  Boş-boş qırıldama, kişi! De, görüm, həbəşlərin çox yaşamasının sirrini öyrəndinmi?

Elçi – Həbəş hakimi məndən iranlıların ömrünü soruşdu. Sizin nə yediyinizlə maraqlandı. Çörəklə şərab dedik. Qarşımıza qaynadılmış ətlə süd gətirdilər. Sonra da bir bulaq üstə apardılar Suyu çox dadlı və gözəl idi. Bizdə uzun ömrün sirləri bunlardır, dedilər…..

Kəmbis –  Qızıl bilərziklərə, bəzəklərə heyran qalmadımı o, qara uzunqulaq?

Elçi –Uşaq oyuncağı tək qırıb atdı.

Kəmbis –  (az qala bağırtıyla) – Bəs sonra?

Elçi –Sonra bizi zindana apardılar. Yüzlərlə əsir gördük, qollarındakı qandallar, zəncirlər qaranlıq zindana işıq saçır. Demə, hamısı qızıldanmış…. Dağlarından qızılı yığmaqla tükənməz. Bizə bunu anlatmaq istəyirmişlər ki, bizim qandalımız da qızıldandır…..

Kəmbis –  Bəs hədiyyələrimizin əvəzinə nə verdilər?

Elçi – Hədiyyələrin əvəzinə həbəş hakimi sizə öz yay-oxunu göndərdi. Dedi ki, torpağımıza ayaq basmaq istəyən qabaqca gücünü bu yay-oxla sınasın. Bu kirişi tək bircə iranlı da darta bilsə, gəlin! Qarşılarıq!…. (yay-oxu Kəmbisə uzadır).

Kəmbis –  (gözləri hədəqədən çıxmış, iri yay-oxu alıb baxır. Sonra lovğa-lovğa kirişi dartır. Bir dəfə, iki dəfə…. gücü çatmır. Ancaq özünü o yerə qoymur.) – Finikiya şərabı ilə Misir gözəlləri, doğrudan da canımızda güc qoymayıb. Qoca Preksasp yenə haqlıymış deyəsən! (süni bir gümrahlıqla)- Mən öz gücümü ayrı bir vaxta saxlayıram. Hanı mənim sərkərdələrim? Hara qaçdı Krez?

Kəmbis “yay-ox” məsələsində özünün həm daxili-mənəvi, həm də fiziki gücsüzlüyünü doğrudan-doğruya artıq hiss etməyə başlayır. ”Qoca  Preksaspın” vaxtilə ona dediyi “əyləncələr taxt-tacın düşmənidir, hökmüdar! Gəlib-gedən elçiləri qarşılamaqdan, kef məclislərindəki şahımız xəstəhal olmazmı? Gündoğan-günbatan arası qüdrətli bir səltənəti dumanlı başla idarə etmək olmaz!…” fikirlərini indilikdə yerinə düşən acı həqiqət kimi qavrayır.

Kəmbis həmyerliləri olan “parsların quru lovğalıqları”ndan daha çox narahatlıq keçirir. Onun düşüncəsinə görə, babası “bunları köləlikdən çıxartdı, elə bilirlər dünyanı yaradıblar. Ancaq meydanda cücəyə dönürlər”. Buna baxmayaraq “Midiya əsgərlər, türk süvariləri olmasaydı”, onlar “öz evlərini də qoruya bilməzdilər, nəinki ölkələri fəth etmək”. İndiki halda Kəmbisi daha çox narahat edən əsas məqam odur ki, Midiyalı əsgərlərin, türk süvarilərin heyrətedici döyüş qüvvələri qarşısında onun həmyerliləri olan parslar həmişə  geri qalır. Onun fikrincə, ancaq “indi ver bu yay-oxu Tuqutbəy oğlu Gərəksizə çöp kimi qırıb atsın”. Buna görə isə “bütün parslar onun yanında  başıaşağı olacaq”.

Demək, Kəmbis Midiyalı əsgərlər, türk süvarilərinin mərdanə böyük döyüş qabiliyyətlərinin qarşısında həmyerliləri parsların utancverici gücsüzlüyünə görə, onlara olan nifrəti daha da artır və daxilən bunu etiraf etməyə məcbur olur. Ancaq bu, o demək deyil ki, Kəmbis parsları bir həmyerli kimi görür və hər an onların qayğısını çəkməyə hazır olan bir vətənpərvər kimi özünü qabardır. Əslində,bu, belə göründüyü kimi deyil. Kəmbis hər an, hər saniyə və ya həmişə öz xeyir, mənafeyini güdən və ya hətta öz xeyir, mənafeyi naminə öz doğma qardaşı olan Smerdisə  belə güzəştə getməyən hökmdar kimi diqqəti çəkir.

Smerdisin qardaşı İran şahı olan Kəmbislə dialoqunda və ya remarkada onun fərqli düşüncə tərzi və davranışları ilə, həyata baxışı müxtəlifliyi ilə qabardılır. Bu baxımdan aşağıdakı dialoqa  diqqət edək:

Kəmbis – (… əlini boylu-buxunlu,mərdanə sifətli qardaşı Smerdisin çiyninə qoyur ) – Sən niyə kənarda dayanırsan, qardaşım Smerdis? Babil nöyütüylə bulaşıb yanan oxların Nilin bu sahildən o sahilinə çatmırdımı? Düşmən gözünü kor etmirdimi? (kənara) Təkcə, bundan qorxuram. Kaş gücü çatmaya!

Smerdis – Bu bir şeytan tələsidir, qardaş! Səni öz təbindən çıxarmaq üçün. Həbəş döyüşçüləri darta bilirmi bu yayı? Bəlkə təkcə həbəş çarı özü dartır. Axı orda çarı irsiyyətlə yox, gücünə görə seçirlər. Ölkənin ən güclü kişisi çar olmalıdır!

Kəmbis – (kənara əsəbi)- Bu da mənim qardaşım! Gör nəyə işarə vurur. Məni İran taxt-tacına layiq bilmir.

(Smerdis yayı alır, oxu qoyub dartır. Hamıdan fərqli olaraq o, kirişi bir neçə barmaq darta bilir.Bir də, iki də … Bütün gücünü toplayır. Yayı çətinliklə dartıb oxu atır. Salonda sevinc: “Ura!” “Var olsun Smerdis!” “Yaşasın Kir ailəsi!” nidalar.)

Kəmbis – (qondarma bir sevinclə)- Qoy həbəş hakimi görsün ki, parsların arasında heç olmasa bir igid tapıldı… (kənara) Görəsən nə hiylə yatır qardaşımın bu sözlərində? ”Hökmdarı irsiyyətlə yox, gücünə görə seçirlər” Niyyətə bax bir! (saray əyanlarına) Dağılın! Yoruldum bu məclisdən! (Hamı gedir, tək, ağır-ağır gəzinir.) Ağır yarış oldu bu! Mən çoxdan görürdüm qardaşımın ordudakı hörmətini. Qara həbəşin qara qurğusu onun adını daha da ucaltdı. Aldandım hiyləyə! İndi mən – düşmənimin yayını darta bilməyən Kəmbis qardaşımın yanında orduya necə əmr edim! Bəlkə doğru deyir parslar? Bəlkə kef məclisləri qolumu qılınc tutmağa, yay dartmağa yadırğatdı (birdən çılğınlıqla) Döyüş gərək, döyüş! (sonra tezcə də sakitləşir) Bəs Smerdis? Doğma qardaşım rahatlığımı əlimdən aldı, təhlükəyə döndü mənim üçün (əl vurur, qapıda dayanan qula)  Smerdisi çağır, qayıtsın! Onu geriyə, Akbatana göndərməkdən başqa yol qalmadı! Səbəb, nə çox!… Saray başsız qalıb…. Qardaşı Arğını torpağa quylatdırandan sonra Berdağ sarayda bizə sədaqətli ola bilərmi? Gözəl bəhanədir!

Smerdis –(gülür, kənara) Yaxsı niyyətlə çağrılmadım, deyəsən. (Kəmbisə) Məni istədinmi, qardaş?

Kəmbis – Sağ ol, qardaş! Kir övladı adı ucaltdın! Üəyimi sevinclə doldurdun. Fəqət səni ayrı məqamla çağırdım. Hər gün Akbatandan çaparlar gəlir! Məmləkətimiz böyük, qayğımız çox! Biz döyüşlərdə arxanı unutduq tamam. Sarayı, iyirmi əyalətin xəracını yada salmırıq. Bütün bunları kimə tapşırmışıq, bilirsənmi? Midiyalı Berdağa, Zərdüşün tələbəsi Berdağa. Zərdüş ölkə içində ölkə yaradıb. Onun məbədindən yayılan fikirlər məni sarsıdır. Berdağ da ki, qardaşını öldürdüyümü eşidən kimi bizdən üz döndərə bilər. Ürəyimi şübhələr didir. Hələ hakimiyyətin dadı damaqlarımdan getməmiş midiyalıları üstümüzə qaldırmazmı? Ordunun, səltənətin əsas gəlir yeri olan Manna, Midiya, Albaniya, Muğan, Türküstan torpaqları üz döndərsə, vuruşa bilərikmi? Bircə əsas var, qardaş! Səndən başqa heç kəsə etibarım qalmadı. Ləngimədən, elə bu gün yola düş! Ölkənin mərkəzində dincliyə sən cavabdehsən!

Smerdis –(kənara, təbəssümlə) Həbəş oxu hədəfə dəydi. (Kəmbisə) İtaət borcumuzdur, qardaş!

Pyesdə  Kəmbisin uzağa getməyən arzuolunmaz, ürəkaçmayan düşüncə tərzi, davranışları, ətraf aləmə münasibəti saray əyanları arasında da xoş qarşılanmır. Onun “ipə-sapa yatmayan” davranışları qarşısında ancaq o məqama üz tuturlar ki, “qan çanağı” olan “Kirin bu dəli oğlunu” “Tomris kimi biri də olsaydı, bunun kimi başını kəsib qan dolu tuluğa atardı…” fikri ilə daim bundan sonra qovrulurlar.

Tutuqbəy oğlu Gərəksizlə Preksaspın dialoqunda   Kəmbisin   davranış, əməllərində üzə çıxan azğınlıq, ədalətsizlik, uzaqgörməyən düşüncə tərzi bu baxımdan ağır kədər hissi ilə xatırlanır:

Tutuqbəy oğlu Gərəksiz – Qaranlıqda tanımadım səni müdrik Preksasp. Şahın şıltaqlığı nəticəsində yeganə oğlunu itirdin. Nə deyə bilərəm sənə! Allah özü görür. Qoy ölçü götürsün!

Preksasp – Oğlumun cənazəsini bu meydandamı qoyublar?

Tutuqbəy oğlu Gərəksiz – Ətrafda da bizim süvarilərdir. Narahat olma! Gedək göstərim!

(Gedirlər. İşıq onları sinəsinə ox sancılmış gəncin cənazəsinə yaxınlaşdırır. İkisi də diz çökür.)

Preksasp – Ölümün xeyir, oğul! Eşidirsənmi məni? Qoy ulu Hürmüz səni öz himayəsinə alsın! Məni bu dünyada tək qoysan da  özün o dünyada tək qalma!And içirəm, sənə uzanan şərin əlini kəsməyincə yaşayış mənə haram olacaq. (Asta-asta ağlayır)

Tutuqbəy oğlu Gərəksiz –Ağlama!Mənim də on iki igidim, başda Berdağın qardaşı olmaqla diri-=diri torpağa quyladılar. Çəkiləsi dərd deyil! Süvarilərin qanadı qırılıb. Necə gedəcəyik həbəşlərin üstünə?…

Preksasp – Həbəşlərin üstünə gedə bilməyəcəyik. İranın ağır günləri başlanacaq. Kirin bu dəli oğlu qan çanağıdı. Sizin Tomris kimi biri də olsaydı, bunun da başını kəsib qan dolu tuluğa atardı… Arğının ölüm xəbərini çatdırmalıyıq Berdağa! Qoy o da bilsin, kimə xidmət edir.

Pyesin iştirakçısı Kəmbis zaman, vaxt ötdükcə, hadisələrin ümumi durumundan özünə yön alıb gələn heç də xoş olmayan ab-havanı hiss etsə də bunun günahını özündə deyil, onu bürüyən ətraf aləmdə axtarır və Kəmbis bu halında xoş olmayan düşüncələrinə qapılarkən  hiss edir ki, onun iç dünyasında daxili bir əzginlik durmadan onu daim təqib edir. Baxmayaraq ki, o, böyük bir səltənət sahibi olaraq “dünyanın ən gözəl şəhərlərində İran taxt-tacının bayraqlarını dalğalandırır”, “doqquz dənizdə gəmiləri dolaşır”, “ən gözəl ustalar onun adına pullar basır”, “ən tanınmış sərkərdələr onun qarşısında qılınc çalır”, “on min qul  onun paytaxtına su çəkir, yollar salır, imarətlər ucaldır”, “Doqquz nəqqaş onun İran taxt-tacında olduğu hakimiyyət illərini Bisitun qayalarına həkk edir.”

Kəmbisə  onun iç dünyasını tamam bürüyən daxili əzginliyi yox edərək aradan qaldıran sarayındakı “ən gözəl qızların işvə-nazları” da kömək etmir, “soqda rəqqasələri, hind oyunbazlar, Aran xanəndələri də” bu baxımdan İran şahının könlünü ovuda bilmir. “Suriya rəmmalları, Misir münəccimləri ”  vasitəsilə ona gələcək həyat yolu barədə və ya hakimiyyətdə davamlı ola biləcəyi barədə  xoş niyyətli xəbərlərin  də Kəmbisin indiki halına, durumuna  heç  təsir etmir.

Kəmbisə görə ondakı bu bədbinliyin səbəbi o ola bilər ki, “ Misir qızına aldanan atası Kirin anası ilə” ürəksiz izdivaclarının yetirməsi olan o, bəlkə də bu baxımdan kədərli taleyə məhkumdur. Ancaq yox, Kəmbis öz düşüncəsində bu kədərli taleyi ilə də barışmaq istəyində deyil. Onun fikrincə, əslində “kişilərin gözəlliyi hakimiyyətdə, pulda, ayağını öpən saysız insanın itaətindədir. Kir oğlu Kəmbis isə  dünyanın ən gözəl kişisidir.”

Buna baxmayaraq böyük bir səltənətin  sahibi ikən daxili əzginlik Kəmbisi daim təqib etməkdədir: “Başa  düşmürəm, ürəyimi sıxan nədir? Niyə  bu boyda  hakimiyyət sevindirmir məni? ”

Nəhayət ki, daim onu  təqib edən daxili əzginliyin səbəbi məhz onun – Kəmbisin daxili düşüncələrin axarından boy atıb rişələnərək üzə çıxır. Kəmbis gecə qaranlığında agır düşüncələrə qapılarkən “yatağına qor dolur”muş kimi yuxusuz qalır və “sübh çağı”  yaxınlaşan  anı “bir hovur  mürgülə”yərək  “dəhşətli bir yuxu” ilə üz-üzə qalır. Kəmbisə görə bu yuxudan anlaşılan odur ki, “bir qarından çıxan qardaşı Smerdisi” Akbatana göndərməkdə böyük səhvə yol vermiş və ya Akbatanda yerləşən onun sahibi olduğu və ya indilikdə boş qalmış taxt-taca yiyələnməsi də  və bundan sonra yerini möhkəmlədib  Kəmbisi “taxt-tacdan məhrum etməsi” də gözlənilən  böyük bir təhlükəli gediş kimi görünür.

Digər tərəfdən Kəmbisə görə “həbəşləri  ram edənədək ulu günəşin neçə dəfə batıb çıxacağı” da ona “bəlli deyil.” Kəmbisin fikrincə, “bəlkə də tale” onu “bu döyüşə ona görə çağırır ki, Kir oğlu Kəmbis bir qara qulun zəhərli oxuna tuş” ola bilər.

Kəmbisə görə o,səltənətin sərhədlərini genişləndirərkən doğma qardaşı Smerdis düşmənləri ilə birləşib rahatca sarayı ələ keçirə bilər. Belə bir hadisənin baş verməməsi üçün Kəmbis daha təhlükəli bir gedişlə özünün və ailəsinin və ya indiki İran şahlığının birbaşa məhvinə nail olur.

Kəmbis indiki yanlış qərarı ilə doğma qardaşı Smerdisin Akbatanda boş qalmış taxt-taca sahiblənməsinin qarşısını almaq üçün saray əyanlarından Preksaspı onun arxasınca göndərib Akbatana çatmamış öldürülməsini qərarlaşdırır. Preksasp isə öz növbəsində  bu işə ona görə razı olur ki, Kəmbisin hər an cavabsız qalan azğın və ya uzağa getməyən hərəkət, davranışlarının acı nəticəsi olaraq oğlunun ölümünə bais olur.

İndiki halda Preksasp  Kəmbisin azğın davranışları qarşısında artıq intiqam vaxtının yetişdiyini düşünür. Kəmbis isə indiki halında  və ya hər zaman hökmdarlığı  heç bir çərçivəyə sığmayan, qanunla tənzimlənməyən, hüquqi -əxlaqi və mənəvi əsası olmayan sərhədsiz hərəkət, davranışlarının simvolu kimi qəbul edərək öz anlamına uyğun istənilən ağılasığmaz qərarların icrasına yerindəcə  nail olur və özlüyündə  və ya öz anlamında qərarının düzgün və ədalətli olmasında israrlıdır.

Demək, davranışlarında və qərarlarında heç bir hüquqi -əxlaqi kodekslə uzlaşmayan  Kəmbis indiki halda  da  azğın və ziddiyyətli oyun, gediş nümayiş etdirərək məntiqə sığmayan qərarlarında israrlıdır və öz arzu, istəyi ilə  doğma qardaşı  olan Smerdisin öldürülməsini Preksaspa tapşırır. Preksaspın oğlunu isə  Kəmbis bir hökmdar olaraq sərhədsiz hərəkət, davranışları müqabilində öldürməkdən belə çəkinmir və bunu o, çox rahat bir halda və ya heç nə olmamış  bir  olay kimi həyata keçirir. Bu halda Kəmbis hesab edir ki, onun bir hökmdar olaraq hərəkət, davranışlarında  ətrafa verəcək heç bir qıcıq da ola bilməz. Onun fikrincə, “pars igidləri Kəmbisə qurban getməyi şöhrət sayırlar” və o, bu fikri öz-özlüyündə çox təbii və yerində qəbul edir və yeri gələndə ona tabe olmayanlara da zorən qəbul etdirir.

Preksaspla Kəmbisin dialoquna diqqət edək:

Kəmbis – (Preksaspa)- Oğlunun qanı gözünü pərdələməsin? Pars igidləri Kəmbisə qurban getməyi şöhrət sayırlar. Oğlunun qızıl heykəlini yapdıracağam. Qulaq as, yuxuma, Preksasp! Rahatlıq ara mənə, müdrikliyinlə!

Preksasp – İran taxtının şərəfi hər şeydən ucadır, hökmdar! (kənara) Səni elə ovudum ki, ömrün boyu yadından çıxmasın!

Kəmbis – Dünən qardaşım həbəş yayını dartandan və əmrimlə  Akbatana yola düşəndən rahatlığım itdi. Yuxuda gördüm ki, o, Ağ dəvənin üstündə ağ  səhralardan keçir, başı ağ buludlara dəyir. Akbatandakı qızıl sarayımın qapıları açıqdı. Gördüm ki, oturub mənim taxtımda, əlləri ulduzlara çatır. Ancaq qanım qaynamır ona, nədənsə!

Preksasp –– (asta-asta, özünə inanmırmış kimi)- Smerdis Kir ocağıdır, ulu hökmdar! Sənsən, bacılarındı – hamınız Smerdis ruhunda birləşibsiniz! Buludlara sənin başın dəyir, ağ dəvələrdə ağ yolları keçən də sənin sorağındır!

Kəmbis – Yox, müdrik Preksasp! Sakitləşdirmə məni! Anladım öz səhvimi! Get, hazırlaş, Akbatana getməlisən. Elə indicə!…

Preksasp –– İtaət borcumuzdur, hökmdar! Ancaq səbəbini başa düşmədim! (kənara) Deyəsən, tale özü yardımçım olacaq!

Kəmbis – Bu yuxu mənə deyir ki, bir qarından çıxdığın qardaşın sənə düşmən oldu! O, mənim Akbatanda boş qalmış taxtımda oturmağa getdi. Həbəşləri ram edənədək ulu günəşin neçə dəfə batıb çıxacağı mənə bəlli deyil. Bəlkə tale məni bu döyüşə ona görə çağırır ki, Kir oğlu Kəmbis bir qara qulun zəhərli oxuna tuş olsun! Mən səltənətimin sərhədlərini genişləndirəndə  qardaşım asanca sarayı ələ almazmı? Düşmənlərimlə birləşib özünü İran şahı elan etməzmi! Sən getməlisən! Smerdisin ölüm xəbərini sənin dilindən eşidənədək rahatlıq tapa bilmərəm….

… Preksasp –– (kənara) – İntiqamın vaxtı yetişdi. Tanrı özü oğlumun qanını yerdə qoymaz. (Kəmbisə) Mən getdim hazırlaşmağa!

Kəmbis – Bu sirri dördümüzdən başqa bilən olsa, heç kimə aman olmayacaq. Daha ləngimə!

Preksasp –– (mənalı) –Baş üstə, şahım! (gedir)

Kəmbis – (… öz-özünə) Axmaq! Elə bilir ki, mən bunun sevincini duymadım. Elə bilir oğlunun ölümünü unutduğuna inandım! (istehzalı təbəssümlə) get, Preksasp, get! Bu səfərə əbəs yerə səni göndərmədim. İndi Smerdisin nüfuzundan tək sən qorxmazsan! Oğlunun intiqamını almaq həvəsi köksünü deşir. Daha qardaşım mənə əngəl ola bilməz! (səhnə qaralır)

Kəmbisin həyat yoldaşı Rəqsanə və ya Rəqsanənin bacısı Atəşlə dialoqunda hadisə, vəziyyət daha gərgin və ya dramatik faciəvi fonda davam etdirilir. Kəmbis Rəqsanənin və ya onun bacısı olan Atəşin ortalığa qoyduğu danılmaz fakt, həqiqətlərin qarşısında uduzduğunu hiss və dərk etsə belə yenə danılmaz fakt, həqiqətlərin önündə özünü sındırmaq istəmir, əksinə buna qarşı olmayan, xəyalında, fikrində uydurduğu yalan “həqiqətinə” güvənir. Bu yalan “həqiqətdə” onun bütün davranış, əməllərin sanki haqq qazandıracaq bir şey varmış. Amma bu belə deyil.

Kəmbisin özlüyündə inandığı ümidsiz bu yalan “həqiqət”in ömrü boş xəyallara, fantaziyalara söykəndiyi üçün qısa, fəqət çox qısa zaman məsafəsində olur və bu yalan “həqiqətlə” ömür yolları boyunca çox uzaq məsafəyə də addımlamaq olmur.

Demək Kəmbisin ömür yolunda tutduğu bu yol ümidsiz və saxta yoldur. Bu yol indiki halda Kəmbisi yalnız rahat, firavan həyata yox, sonu bilinməyən qorxunc bir uçuruma səsləyir. Kəmbis isə indilikdə böyük bir qorxunc uçurum  qarşısında olduğunun heç fərqində də deyil və ya bunu heç hiss etmirdi də. Bu halda o, ancaq qərarında israrlıdır. Azğın düşüncə və ya davranış tərzinin ucbatından indilikdə bütöv bir Kir nəslinin məhvinə nail olur.

Bu baxımdan aşağıdakı dialoqlara diqqət edək:

Rəqsanə – (ona müraciətlə) Qara günlərimiz başlandı bizim, hökmüdar! Sən bizim ailəyə ölüm kölgəsi saldın! (ağlayır)

Kəmbis – (Rəqsanə və Atəşə ) Qadın ki, qadın! Gecə-gündüz ağlarsınız ki, göz yaşlarınız qara fikirlərinizi yusun, ləkələri təmizləsin ürəyinizdən. Təmizlənməz!

Rəqsanə – Sənin gününə ağlayıram, hökmüdar! Sabah bir ölüm-dirim savaşında hayına yetəcək qardaşını göstər mənə! Kürəyinə saplanacaq xəncərin qabağına kim duracaq? Damarından axan qanın hökmü ilə kim sənə arxa olacaq? Kim parlaq nitqləri ilə neçə vilayətdən axıb gəlmiş, neçə dildə danışan bu başsız ordunun qəzəbini yatıracaq? Kim öz ağlı, tədbirləri ilə qorxunc döyüşləri uğurlu axara salacaq? Kimin qolunun qüdrəti, sözünün kəsəri Kir evinin düşmənlərini mat qoyacaq? Tək dirək üstə ev olarmı, qəddar şahım?!

Kəmbis – And içirəm bu azğın sözlərinə görə ədalətli cəzanı verməkdən məni saxlayan atamın ruhuna, sənin bircə cavabın varsa, o da ürəyinə saplanası bir xəncərdir. Ulu Hürmüz şahiddir ki, mənim də səbrimin bir əndazəsi var! (Qədəhi götürub başına çəkir. Bir müddət səssizlik. Hardansa uzaqdan musiqi səslənir. Bu, Smerdisin sevdiyi bir havadır)

Rəqsanə – Eşidirsənmi, Atəş, Smerdisin sevdiyi hava!…(yenə ağlayır. Kəmbis eşitmirmiş kimi içir )

Atəş – (ağlaya-ağlaya) Yeganə təsəllimi də itirdim!…

Rəqsanə – ( Kəmbisə) Hökmdar, süfrəmizdəki o iki narı görürsənmi? Onlardan da bir şey anlamadınmı?

Kəmbis – Biri  sıxılıb o narların. Mənim şərabıma axıb şirəsi.

Rəqsanə – Elədir, hökmüdar! (sıxılmış narın qabığını əlinə götürür) Sən Kir nəslini bax bu qabığa döndərdin, sıxdın, sıxdın, bir qətrə də şirəsi qalmadı! Öz kökünü özün baltaladın!

Kəmbis – ( qışqırır) Qoy ulu ruhlar məni bağışlasın! (xəncəri çıxarmağı ilə Rəqsanənin köksünə saplamağı bir olur. Atəş qışqırıb özündən gedir)

Saray adamları içəri doluşdular. Ölmüş Rəqsanəni aparırlar. Atəşin üzünə su vurub ayıldırlar. O, dəli kimidir. Kimsə ağlayır.

Kəmbis – (şərabın və tutduğu işin təsirindən qorxunc bir çılğınlıqla) Kəsin hıçqırıqları! Ağlamaq yox, sevinmək lazım! Çağırın, baş kahini!

Kəmbis azğın hərəkət, davranışları ilə pyesin digər iştirakçısı olan həyat yoldaşı Rəqsanədən eşitdiyi acı həqiqətin qarşısında dözümsüzlük nümayiş etdirərək onun ölümünə bais olur. Daha sonra özünün şər nəfsinə xidmət edən  “sevə-sevə”, “əzizləyə-əzizləyə” yaratdığı gərgin olayların ardınca heç bir dəhşətli hadisənin içində sanki yaşanılmadığı kimi görüntü alaraq azğın hərəkət, davranışların davamı kimi indilikdə öldürdüyü həyat yoldaşının cəsədi üzərindən insafsızcasına tapdalayıb irəli addımlayaraq  onun bacısı olan Atəşi baş kahin vasitəsilə özünə həyasızcasına arvad elan etdirir.

Aşağıdakı remarka və dialoqda Kəmbisin azğın hərəkət, davranışları bədii vəziyyətdən doğan məqam kimi qabardılır:

(üzündə çılğın bir ifadə, ac gözləri yavaş-yavaş özünə gələn Atəşin gözəl üzünə, açıq yaxasına dikilib)

Kəmbis – Eşidin! Bu gün Kir oğlu Kəmbisin xoşbəxt günüdür! O, ulu ruhların hökmünə və babalarımızın qurduğu qaydalara itaət edib ölmüş arvadının bacısı gözəl Atəşi İran tacının ən qiymətli daş-qaşı və şahənşahın arvadı elan edir! Hanı baş kahin?

Baş kahin – (irəli gəlir) Mən burdayam, hökmüdar!

Kəmbis – Qanun yol verirmi bu izdivaca, müqəddəs ata!

Baş kahin – (tərəddüdlə) Qanunları ölkənin hakimi verir, şahım! Qanunları dəyişmək, ləğv etmək, yaratmaq sizin əlinizdə deyil, məgər? (kənara) Qanun kasıbın ağasıdır, güclünün qulu.

Kəmbis –(razılıqla) Mən bu izdivacı qanuniləşdirirəm! İndi isə şərab verin! Qoy yeni Ülahəzrət də toya hazırlaşsın.

Atəş – (gedə-gedə, kənara) İştahını saxla, hökmüdar! Mənim də öz qərarım var. Əlinə keçsəm, sən deyən olar!… (Fanesə) Bütün çayların və dənizlərin sirrini, məni suriya sahillərinə, oradan da Akbatana çatdıra bilən, ən qısa və təhlükəsiz yolu, Atamın dostu Fanes, sən bilirsən! Xahişimlə səni hökmdarın ölüm cəzasından xilas etdiyimi unutmamısan! Atamın ruhu xatirinə bu gecə- əhrimən zülməti dünyanı bürüyəndə apar məni buradan. Apar Akbatana! Ordan da mən səni ömrün boyu bəs edəcək var-dövlətlə azad edərəm! Vətəninə, on üç ildən bəri üzünü görmədiyin ananın, uşaqlarının yanına gedərsən. Axşam yeməyindən sonra Nil sahilində səni gözləyirəm. Uçurumun ətəyində. Orda atılmış paltarlarımdan hökmdar mənim sularda boğulduğumu eşidəcək!…. (Fanes sükutla razılığını bildirir, gedir)

Atəş – (tək) Gözlə məni, gəlirəm ey damarından çılğın azər qanı axan yarım! Yolumda çəkdiyin əzabların əvəzini öz odlu istəyimlə verməyə tələsirəm!

Kəmbis pyes boyu səpələnən və ya davam və inkişaf etdirilən azğın hərəkət, davranışlarının son qarşılığını alırkən, fəqət bu onun bilavasitə iştirakı ilə baş vermir. Hadisə, vəziyyət Muğanlı Berdağla, onun qardaşı Sumərin vasitəsilə gerçəkləşir.

Kəmbis isə indilikdə xeyli uzaq məsafədə Həbəşistanı zəbt etmək ümidi ilə ən yaxşı döyüşçülərini məhv etdiyi vaxt tamam tək və arxasız və ümidsiz bir vəziyyətdə döyüşlərə hazırlaşır. Və əgər düşüncəsiz hərəkət, addımlarının, davranışlarının müqabilində “böyük planlarını” hazırlaya bilirsə və bunun sonluğunda hansı uğurlu nəticə əldə etmək olar. Bax, məsələ budur.

İndilikdə isə  Kəmbisin Misirdə qərarlaşdırdığı “cah-cəlallı” iqamətgahından tamam uzaqlıqlarda yerləşən Akbatanda saray əyanlarına xidmət edən məbəd arasında daxili gizli “sövdələşmələr” aparılır. Bu daxili-gizlin “sövdələşmələr”də çoxplanlı, çoxcəhətli qatları üzə çıxır: Kəmbis – Smerdis – Preksasp, Berdağ – Kəmbis – Preksasp, Sumər – Smerdis, Atəş – Sumər – Smerdis, Berdağ – Sumər – Smerdis, Berdağ – Sumər – Smerdis – Kəmbis.

Pyesin iştirakçısı olan Atəşin Kəmbisin Misirdəki iqamətgahından geriyə – Akbatana gizli dönüşü ilə hökmdarın bütün gizli qalan planlarının alt-üst olması ilə nəticələnir. Berdağ Akbatanda təkcə təsərrüfat işləri ilə deyil, həm də qardaşı Sumərlə birləşib Kəmbis hakimiyyətini rahat bir formada öz əllərində saxlamağa nail olur.

Bu halda  Kəmbis hakimiyyətini Berdağla Sumər yox, qurulan oyun çərçivəsində Kəmbisin qardaşı Smerdis adı altında ölkə idarə olunur. Smerdis adı ona görə lazım idi ki, Kəmbisin aradan götürmək istədiyi qardaşının indiki hakimiyyətdə təmsil olunması ilə qarşı tərəfin planlarının pozulmasına gətirib çıxarır.

İndilikdə sağ kimi görünən Smerdisin Kəmbisin düşündüyü  və ya yuxusunda gördüyü təki Akbatanda özünü şah elan etməsi fikrinin qorxu, xof kimi özünə yaxın buraxmadığı bir  halda gözlənilmədiyi bir məqamda gerçəkləşməsi kimi özünü göstərirdisə də, qurulan oyun çərçivəsində bu yalan həqiqət kimi görünəcək.  Bu da təbii ki, işin gedişatı müqabilində ölkə xeyrinə çox ciddi addımlar atılmasına yerindəcə müsbət təsirini göstərə bilir. Bütün bunlar isə əsərdə cərəyan edən hadisə, vəziyyətin sonrakı inkişafında baş verir.

İndilikdə Atəş uzaq Misirdən Akbatana gələnədək “Düz iki aydır ki, yollarda”dır, “dənizlərdən, səhralardan” keçərək indiki sevimli məkanda  sevgili Sumərlə uzun illərin həsrətlisi kimi görüşür və eyni zamanda özü ilə bağlı, eləcə də

Kəmbis iqamətgahında baş verən digər əlaqəli olaylara aydınlıq gətirir.

Aşağıdakı dialoqa diqqət edək:

Atəş – Mənim əzizim, ruhum, varlığım!

Sumər – (gözlərinə inanmırmış təki sonsuz bir sevinclə) Bu  sənsən? Yoxsa, yuxu görürəm?! (ayrılıb bir də qucaqlaşırlar)

Atəş –(ağlaya-ağlaya) hə, mənəm, mən…. sənə verdiyim əzabları unutdurmağa, ömürlük qulun olmağa gəldim.

Sumər – Mənsə düşünürdüm ki, indi uzaqlarda, Misirdəsən.

Atəş – Misirdən elə indicə yetirdim özümü. Düz iki aydır ki, yoldayam. Dənizlərdən, səhralardan keçmişəm.

Sumər – Fikirləşirdim ki, indi Nil sahillərində əylənirsən, məni də unutmusan!

Atəş –(əli ilə onun ağzını tutur) Tanrıdan qorxmursanmı? Sədaqətdə sizin gözəllərə bənzərliyimə sevinmirsənmi?

Sumər – Sənsiz Akbatan ocaqsız ev təki soyuqdu. Hər yer səni xatırladırdı. Kəmbisin cəzası Midiya yağı kimi oduma səpilib, sevgimi daha da alovlandırıb. Sonsuz bir ümid, yetilməz bir arzu!

Atəş – Niyə yetilməz deyirsən, Sumər?! Bu gündən sənə sığındım. Qaçdım hökmdarın yanından!….

Sumər – Necə yəni qaçdın?

Atəş – Onun ağlı çaşıb, verdiyi cəzalardan sayı-hesabı yoxdur. Kir ocağını dağıtdı!

Sumər – Nə olub axı? (kənara) Kir ocağının dağılması çoxdankı arzumdur. Heyif ki, sən də ora bağlısan!

Atəş – Xəncəri bacım Rəqsanənin köksünə sancdı. Qardaşı Smerdisi dənizdə boğdurdu.

Sumər – Smerdisi? Nə vaxtsız ölüm! O ki, şahın özündən qat-qat ağıllı və müdrik idi.

Atəş – Elə öz gücü özünə qənim oldu. İgidliyi ilə bunca nüfuz qazanmasaydı, doğma qardaşı ona düşmən kəsilməzdi….. Kəmbis əvvəl onu geriyə, Akbatana göndərdi, sonra yolda öldürtdü.

Sumər – Geriyə göndərməklə ürəyi soyumadımı?

Atəş – Yuxuda görmüşdü ki, Smerdis İran taxtına oturub. Başı göylərə dəyir. Qardaş qatili oldu qorxusundan!… (Suməri daha hərarətlə qucaqlayır) İlahi, o, sənə necə də çox oxşayırdı?… …Başı dumanlanandan sonra Kəmbis yırtıcıya dönür. O gün Midiya igidlərinə divan tutdu. Diri-diri torpağa gömdürdü.

Sumər – Kimdi o igidlər, nə günahları var idi…

Atəş –(kənara) Deməyə dilim də gəlmir. (sonra qətiyyətlə) Qardaşın Arğın da onların arasında idi.

Sumər –(dəlicəsinə) Sən nə danışırsan. Nə acı xəbər!Aman Allah! Arğın!Əziz qardaşım! O ki, heç iyirmi yaşa çatmamışdı. (öz-özünə danışırmış kimi) İndi bu fəlakəti Berdağa necə deyim?

Pyesin digər iştirakçısı olan   Berdağ isə öz növbəsində Sumərlə Atəş arasında gedən danışıqları uzaqdan da olsa dinləyərək Kəmbislə və ya onun iqamətgahı ilə bağlı gərgin düşüncələrə qapılaraq indilikdə heç də uzağa getməyən bulanıq vəziyyətdən çıxış kimi uyğun bir yollar axtarır və onu qaplayan gərgin fikir axınından son durumuna aydınlıq gətirə biləcək diləyini üzə çıxarır və bu “diləyin”  özü isə Berdağın daxili şüuraltı fikir axınından birbaşa  konkret hadisə, vəziyyətə söykənən, tamam reallığa uyğun gələn  dilək kimi gerçəkləşir:

Berdağ – (kənarda, tək) Deməli, Smerdis İran taxtına oturub. Başı göylərə dəyir! Amma Kir oğlu Smerdis artıq ölmüş! (fikirli-fikirli oturur) Smerdis…. İran taxtı… (sonra birdən nə isə tapıbmış kimi yerindən qalxır) Taleyin əmri beləymiş! Kir oğlu Smerdis olmasın, azər oğlu Sumər olsun. Kəmbisin qardaşı olmasın, mənim qardaşım olsun! (sevinclə gəzişir).

Buna baxmayaraq Berdağ Atəşlə Sumərin söhbətləri zamanı qardaşı Arğının  Kəmbis tərəfindən ölümə məhkum edilməsi xəbərini də  çox ağrılı, üzücü bir hal kimi qarşılasa da bunu özlüyündə o, taleyin hökmü kimi qəbul edir:

Berdağ – (yaxınlaşır) Mən hamısını eşitdim, qardaş! (susub onu qucaqlayır.Sonra asta-asta) Ağlayıb-sızlamaq Arğını bizə qaytarmayacaq. Bu taleyin hökmüdür. Qardaşımızın ölümü bizə dərs olmalıdır.

Berdağın Atəşlə də dialoqu çox maraqlı bir bədii vəziyyətlə müşayiət olunur. Berdağ Atəşi uşaqlıqdan üzü bəri yaxşı tanısa da qardaşı Sumərə olan bağlılığına, sevgisinə, sədaqətinə bir daha indilikdə inandığı halda, yenə də Kəmbis və onun ətrafında baş verən olaylar barədə həqiqətləri öyrənmək, doğru, dürüst məlumatı əldə etmək  ümidindədir. Atəş isə Berdağ üçün indilikdə ümidləri doğruldan maraqlı bir məqama aydınlıq gətirir:

Atəş – (söhbətlərini Berdağın eşitdiyindən utana – utana) Tanrı sənə yar olsun, Sumərin qardaşı!

Berdağ – (Atəşə) Uşaqlıqdan gözüm önündə böyüdün! Sevginə, sədaqətinə zərrəcə şübhəm yoxdur! Fəqət!

Atəş – Fəqət nə? Olmaya indi də siz bizə mane olmaq, mənə əzab vermək istəyirsiniz?

Berdağ – Əsla! Mandananın nəvəsi! Sənin sözlərini dinlədiyim anlarda ulu tanrı mənə həqiqət yolunu nişan verdi! Amma əvvəlcə sən mənim sorğuma cavab ver!

Atəş – Allah şahiddir ki, mən sizdən həqiqəti gizlətmirəm.

Berdağ – Smerdisi yolda kim öldürdü?

Atəş – Şahın dostu! Preksasp! Şahın oxladığı oğlunun intiqamını almağa əlinə imkan düşdü! Kəmbis onu da yaralamışdı.

Berdağ – Aha!… Bunu şahdan, Preksaspdan və səndən başqa bilən varmı?

Atəş – Yalnız bacım Rəqsanə bilirdi. Onun da ruhu tanrıya qovuşmuş!

Berdağ – (nəyi isə ölçüb biçə-biçə gəzişir) Onda Muğan gözəli nənənin ruhuna and iç ki, sirrimizi özünlə qəbrə aparacaqsan!

Atəş – Nənəm Mandananın ruhuna və qardaşın Sumərə olan ölçüsüz sevgimə and içirəm! Müqəddəs ruhlar düzündə quşlar sümüklərimi didsə də, bu sirri kimsəyə açmaram!

Berdağ – Onda unutma ki. Şahın qardaşı Smerdis ölməmiş! O sağdır! İndu burda sarmaşıb durduğun Muğanlı Sumər yox, Kir oğlu Smerdisdir! (qətiyyətlə Sumərə) Biz danışmalıyıq, qardaş!

Vəziyyətdən çıxış yolu tapan pyesin qəhrəmanı Berdağ Atəşə təlqin edir ki, indiki halda və ya bundan sonra görüşdüyü adam Sumər yox, Kəmbisin doğma qardaşı Smerdis olmalıdır. Yalnız bu halda, Kəmbis hakimiyyətini devirmək mümkün ola bilər.

Smerdis Kəmbis üçün indiki məqamda doğma qardaşı kimi yox, şəxsi keyfiyyətinə görə ondan daha çox üstün olan və buna görə də taxt-tacını əlindən alan, böyük güc və qüdrət sahibi kimi düşmən mövqeyi ilə seçilən, dayanıqlı, sərt və mübariz hökmdarlıq funksiyasını yerinə yetirə bilən qüvvə kimi qəbul edilir.

Kəmbis isə öz növbəsində qardaşı  Smerdisdə olan daha yaxşı keyfiyyətləri özündə, öz, şəxsi varlığında görmək istəyirdi, bu olmadıqda isə qısqanclıq hissi ilə yaşayan Kəmbisdə, onun daxili varlığında bu, alovlu bir həddə çataraq qardaş qatili kimi yırtıcı, dağıdıcı bir qüvvə, bir vulkan kimi püskürür.

Berdağ isə Kəmbislə Smerdis arasında yaranan bu daxili gərginlik, eləcə də iqamətgahda baş verən digər olayların təhlilində ən ortaq variant olan Smerdis adı altında Akbatanda qardaşı Sumərlə birgə hakimiyyətin idarəçiliyini öz əllərində rahat saxlamağa nail olur:

Berdağ – Təzə şahımız əlahəzrət Smerdisin adından əmr edirəm! Küləkdən qanad taxın! İran səltənətində xəbərsiz bir oymaq qalmasın! Bu xoşbəxt xəbəri hamıya çatdırın!…(qullara) əlahəzrət sizi azad edir! Gedin, öz yurdunuza! Azad həyat qurun! Yaşayın! Tale sizi bir də saray zindanlarına tuş eləməsin! Keçdiyiniz bütün yollarda əlahəzrətin xeyirxahlığından danışın! Qoy onun şöhrəti bütün dünyaya yayılsın! Aləm bilsin ki, İranın yeni həyatı, müharibəsiz, asudə günləri başlanır. Daha yaşıl zəmilər ordu düşərgələrinə çevrilməz. Gedin, Tanrı sizə yar olsun!

(Hərəmlər gəlir)

Berdağ – Şah Smerdis sizi azad edir! Qayıdın öz vətəninizə! Pulunuz, malınız və xoşbəxtliyiniz yetər. Ulu Hürmüz sizə yar olsun.

(Hərəmlər sevincdən bir-birinə dəyir. Hərə bir tərəfə qaçır)

Berdağ –(kənarda tək dayanmış elçiyə) Sən isə gecə-gündüz qov atını! Misirdə İran ordusuna, şah Kəmbisə xəbər yetir ki, qardaşı Smerdis Akbatana qayıdandan sonra özünü şah elan edib, taxt-taca sahib durdu!

Elçi – Əlahəzrət Smerdisə itaəty borcumuzdur! (gedir)

Berdağ –(tək, öz-özünə) Döz, indi bu xəbərə, Kəmbis! Qoy görüm orduların bu yayın qızmarında susuz səhralardan necə keçib qayıdacaq. Qorxma, Berdağ, qorxma! Bu tanrının öz hökmüdür. Qəlbim mənə deyir ki, sən düz yoldasan! Midiyanın intiqamını almaq üçün bundan ayrı çarə görmədim!

Berdağ ölkənin idarəçiliyini ələ keçirmək  yolunda saray əyanlarından olan Preksaspın da Kəmbis tərəfindən göndərilən gizli fiqurdan da istifadə etməyi unutmur. Amma bu halda Berdağın gizli planından Preksaspın heç bir məlumatı olmasa belə, Berdağ öz növbəsində Preksaspla gizli sövdələşməni əks etdirən məktub yollayır və göndərilən bu məktub isə hər iki fiqur arasında yaranan gizli sövdələşmələrin məntiqi nəticəsi kimi Berdağ idarəçiliyinin möhkəmlənməsinə xidmət edir.

Berdağ – (tək, Preksaspa məktub yazır) “Ulu Hürmüz sənə yar olsun, Preksasp! Biz ikimiz də çoxdan Kəmbis sarayındayıq. İran səltənətinin bizdən gizli sirri yoxdur. Kəmbisin çılğın ehtirasları sənə də, mənə də baha başa gəlib. Yeganə oğlunu sinəsindən oxlamağa necə əli gəldi? Bu dərdə necə dözdün? Qardaşım Arğını diri-diri torpağa quylatdığının şahidisən. Atəşə sevgisinə görə qardaşım Sumərə verdiyi cəza yadındadırmı? Buna nə vaxta kimi dözmək olar? Kir oğlu Smerdisin taleyini səndən, bir də  bizdən qeyri bilən yoxdur. İranda Smerdisin ölümünə kimsə inanmır! Onsuz da camaatın fikrini dəyişə bilməzsən! Kəmbisin zülm və qəddarlığından bezikmiş  camaatın ümidi kiçik qardaşa idi. Onun sənin öldürdüyünü eşidən xalqın qəzəbini təsəvvür edirsənmi? Yeganə yolun bizə qoşulmaqdır. Qoy oğlunun ruhu səni intiqama səsləsin!”

Berdağın qardaşı Sumər indilikdə Akbatanda İran şahı Kəmbisin qardaşı Smerdis adına taxta əyləşib əmrlər verirkən taxt-tac ətrafında və ya iqamətgahda baş verən keçmiş olaylara bir daha nəzər yetirir, qardaşı Berdağın Kəmbisin uzağagetməyən siyasətinə qarşı fərqli öz missiyasını ortalığa qoyur. Berdağ isə öz növbəsində qardaşı Sumərin indiki şahlıq taxt-tacındakı fərqli görünüşünə görə daxili sevinc hissini gizlədə bilmir:

Sumər – Qulaq asın, əyanlar! İran əsilzadələri! Qardaşım Kəmbis taxt-tacı ləkələdi. Həbəşistan cəngəlliklərində ac-susuz qalmış orduda adamlar bir-birini yeyir. Qardaşım araya münaqişə saldı. Müxtəlif qəbilə və xalqlardan qopub gəlmiş igidləri bir-birinə düşmən etdi. Öz sərhədlərimizi möhkəmlətmək əvəzinə, qara həbəşlərin boş torpaqlarına cumdu! Şimaldan baş qaldıran təhlükədən xəbərimiz varmı? Sarmat süvarilərinin yeni tufanı qopanda onu kim yatıracaq? Ordu dönüb gələnədək İran viranəyə dönməzmi? Bilin və agah olun! Şah Kəmbis yatıb yuxusunda gördü ki, doğma qardaşı, yəni mən Kir oğlu Smerdis taxta oturmuşam, başım göylərə dəyir. Buna görə də məni geri döndərdi, xəyanətlə öldürtmək istədi. Lakin taleyin hökmündən qaçmaq olmaz! Yuxu həqiqətə dönməli imiş! Mən satqınların hiyləsini vaxtında duydum. Onların cəzasını verib qaçdım. Atamın qanı bahasına qurduğu səltənətin gələcəyi üçün taxta oturdum!

Berdağ – (bərkdən) Ulu Hürmüz şahənşah Smerdisə yar olsun! (İçərisindəki sevinci zorla gizlədir) … Sizin gəlişinizi İranın xoşbəxt günlərinin nişanəsi sandım, hökmüdar! (kənara) İlahi, şahlıq necə də yaraşır qardaşıma.

Sumər – Saraya gələn xəracdan xəbərin varmı?

Berdağ – İyirmi ildir, İranın iyirmi əyalətinin xəracını mən hesablamırammı, hökmüdar?!

Sumər – Müharibə xəzinəni boşaltmamışmı?

Berdağ –Xəzinə boşalmamış, hökmüdar! Xalqın ev-eşiyi, torpaqlar boşalıb. Xəzinə dolduqca camaatın səbr kasası da dolub! Vergilər əndazəni aşıb. Ölkə qazan kimi qaynayır.

Sumər – Xalqı ac ola-ola ordular bəsləyən dövlət çürükdür, Berdağ! Evinin içini boş qoyub, işıqsız, ocaqsız qoyub yeni döyüşlərə atılmaq axmaqlıqdır! Vergi verməkdən hansı əyalətlər boyun qaçırdı.

Berdağ –Boyun qaçırılan yerdə zorla yığmışlar, hökmüdar! …. Məsələn Midiyada ! Hakimiyyət xalqların adət-ənənəsini tapdalayanda şahlığa qarşı narazılıq başlanır. Siz bilirsiniz ki, tarixən Midiyada, Albaniyada vergiyə zor olmamış. Camaat artıq nəyi varsa, şahlığa pay göndərmiş. Bu könüllülük xalqı ruhən ucaldır.

Sumər – Yaxşı, Berdağ. Bütün əyalətlər haqqında xəbər hazırla, sabaha!… İranın bütün vilayətlərini iki illiyə vergidən azad edirəm. Ardı-arası kəsilməyən vuruşlar ocaqları ərsiz, torpaqları əkinçisiz qoyub. Ölkəni tək vergi hesabına, xəracla yüksəltmək gülüncdür. Ən böyük dövlət işçi əlləridir. Cavanları orduya yox, əkin sahələrinə, karxanalara toplayın. Üç il kimsə orduya çağırılmayacaq…. Etiqad və hakimiyyət əkiz qardaşlardır. Bir-birindən ayrı yaşaya bilməzlər. Etiqad, inam hakimiyyətin əsası olduğu kimi, hakimiyyət də dini müdafiə edir. İran və qeyri- İran ölkələrdə müqəddəs Hürmüz şərəfinə məbədlər tikilsin! Ulu Avesta ideyalarını yayan muğlar bu gündən şahlığın himayəsinə götürülür! Soqdadan tutmuş yunan ölkəsinə, Qırmızı dənizdən, Alban qapılarına – ölkənin inamı var: Hürmüz!

Berdağ – (kənara) Hələ ki, hər şey arzumcadır, möhkəm dayan, qardaş! (Sumərə) Yanınıza şikayətçilər gəlib, qaytarımmı geri onları…

Sumər – (qəzəblə) Nə dedin?… Öz yurddaşının qayğısına qalmayan adama güzəşt olmayacaq! Çağır şikayətçiləri (Berdağ çıxır) Mənsəbindən asılı olmayaraq məmləkətdə bir kimsə ədalətsizlik görməməlidir. İnsan istəyinə laqeydlik – ən ağır cəzaya layiqdir!

Sumər taxtda oturduqca Kəmbisin qoyduğu qayda-qanunların əksinə olaraq yeni islahatlarla ölkəsinin idarəçiliyinə başlayırkən ətrafına onun bu addımlarını dəstəkləyən yeni tərəfdaşların toplanmasına çalışır. Amma bu necə baş verməlidir? Bütün bunlar Berdağla Sumərin dialoqunda öz əksini tapır:

Sumər – (öz-özünə) Taxtda oturanda elə bildim dünyadan ayrıldım. Qızıl tac altında sanki fikirlərim dumanlandı, başım boşaldı. Hökmdarlıqda xoşbəxtlik varmı? Elə bil qəfəsə salınırsan, ruhun sıxılır.

Berdağ – Sən o paltarı xalqımızın azadlığı naminə geyirsən, qardaş! Bu ölüm-dirim vuruşudur. Daha geriyə yollar bağlanıb. İndi Midiyanın taleyi oynadığımız bu oyundan asanıdır.

Sumər – Mən ölümdən qorxmuram, qardaş! Əgər bu vuruşunuzla xalqımızın qaranlıq taleyini azacıq işıq sala biləcəyiksə, tərəddüd bizə yaraşmaz ….. İndi bizim aqibətimiz saatlardan, günlərdən asılıdır. Kəmbisin ordusunu qarşılamağa hazırlaşmalıyıq!

Berdağ – Yeganə arxamız kimdir? Sənin ədalətini duyan kimi, çağırışsız, zorsuz camaat özü müdafiənə qalxacaq. İndi bir qayğımız var. Oyunu uzatmaq, vaxt qazanmaq!

Smerdis adı altında ölkənin idarəçiliyini əlində möhkəm və rahat saxlamaq üçün Sumər qardaşı Berdağla birləşərək Kəmbis ordusunu qarşılamağa hazırlaşır. Xalqın azadlığı naminə “ölüm-dirim vuruşu”na hazırlaşan qardaşlar indilikdə “Oyunu uzatmaq, vaxt qazanmaq” üçün bu yolda tərəfdaşlar topladıqca daha da möhkəmlənməyə can atır.

Qardaşların arxalandığı yeganə tərəfdaş isə xalqdır. Bu xalq isə onların birbaşa mənafeyinə uyğun qərarların verilməsi və yerlərdə onun icrasını gördükdə və bununla da  ölkənin idarə olunmasında  ədalətlilik prinsipinə üstünlük verilməsinin əyani nümunə kimi şahidi olursa, bu halda xalq hakimiyyətlə birləşərək “çağırışsız, zorsuz” olaraq özü ölkəsinin idarə və müdafiə olunmasında birbaşa iştirakçısı olur.

Amma xalq indilikdə anlamaq istəyir ki, ölkənin idarəçiliyi kimin əlindədir?! Smerdisin, yoxsa Sumərin? Smerdisdirsə, bu, Kəmbisin qardaşıdır. Xalq bu qardaşları tanıyır və Kəmbisin əksinə olaraq daha xeyirxah və ədalətli olduğu üçün xalq məhz bu qardaşın ədalətli idarəçiliyinə  daha çox ümid bəsləyir və ya Sumərdisə, bu halda vəziyyət qat-qat daha pis məqamla müşayiət oluna bilərdi.

Xalq və Kəmbisin ordusuna  qarşı davamlı olaraq duruş gətirmək Sumər və Berdağ qardaşları üçün daha üzüntülü  hallarla gerçəkləşə bilərdi. Ən yaxşı halda isə Smerdis adı altında hakimiyyətin idarəçiliyini əldə saxlamaqla qardaşlar üçün indilikdə doğrudan-doğruya vaxt qazanmaq idi və bu da düzgün və qərarlaşmış, gələcəyə hesablanan oyun sxemlərindən biri idi və bu da öz müsbət təsirini göstərməyə bilməzdi.

Demək, indilikdə yalanla qurulan hakimiyyət əslində tarixi zərurətin nəticəsi kimi gerçəklənir və yalan əslində Həqiqət idi və bu həqiqət isə yalan cildində gəlir ki, “ilk zərbəylə boynunu vurmasınlar və yalan kimi iməkləyə-iməkləyə, addım atdıqca həqiqət olduğu” üzə, zahirə çıxır. Bu baxımdan pyesin qəhrəmanı Sumərin üzərinə müəllif böyük “bədii məsuliyyət” yükləyir. Sumər isə dramaturqun verdiyi böyük “bədii imkandan” yerindəcə yararlanmaq ümidindədir. Yəni bundan sonra hər atılacaq addım sonrakı anda  əvvəl düşünülmüş xeyirxahniyyətli məqsədə xidmət etməlidir:

Sumər – … Sabah mən yenə taxta çıxacağam. Özgə adıyla …. Yenə yalan başlanacaq. Yalanmı? Bizi azmı aldatmışlar! Azmı yalan eşitmişik? Yox! Daha mən özümü əsil şah hesab edirəm. Zərdüş ata öyrədirdi, insana gərəksiz olan həqiqətdənsə, insana gərəkli olan yalan yaxşıdır.

Rüstəmxanlının digər pyesi olan “Nuhun vertalyotu” əsərində toxunulan mövzu, ideya, problem əsasən bu günümüzlə səsləşən reallıqlar üzərində qurulur. Dramaturqun bu əsərində “Uzaq əsrlərin həqiqəti” pyesində olduğu kimi, keçmiş-indiki zaman anlamı daxili analoji rabitədə özünün qabarıq bədii ifadəsi tapır.

Nuh peyğəmbər, Prezident, Prezidentin köməkçisi, müşavir Viktor Petroviç (köhnə MK katibi), Milli Məclisin sədri və ya bu qəbildən olan obrazlar ibrətamiz, simvolik mənalandırmaları ilə seçilən səhnələrdə özünün daxili aləmini və ya fərdi psixoloji vəziyyətini ifadə edən dialoq və replikaları ilə pyesin bədii ruhuna bütövlük aşılayır və onun estetik dəyər qazanmasına güclü bədii zəmin yaradır.

“Nuhun vertalyotu” 2 (iki) pərdəli, 6 (altı) epizoddan (1- ci pərdə 1- dən 4-cü epizod daxil olmaqla, 2-ci pərdə 5-ci və 6-cı epizoddan) ibarətdir. Pyesdə keçmiş və indi daxili-analoji rabitədə davam və inkişaf etdirilir. Simvolik olaraq Nuh peyğəmbərin ibrətamiz mənalandırmaları ilə diqqəti çəkən dövrü ilə indiki zaman anlamında baş verən siyasi çevrilişlərarası daxili uzlaşma pyesboyu daim izlənilir.

Bu baxımdan “Uzaq əsrlərin həqiqəti” əsərində olduğu kimi, Zərdüş obrazı əsərboyu daim hadisə, vəziyyətin “sahmana salınmasında” bədii səlahiyyəti öz üzərinə götürürdüsə də, “Nuhun vertolyotu” pyesində bu vəzifəni birbaşa deyil, dolayısı yolla simvolik olaraq Nuh peyğəmbər yerinə yetirir. Pyesdə bu obraz keçmişlə indini birləşdirən “keçmişi gələcəyə daşıyan”, “keçmişin seçilmişlərini” bu günə gətirən böyük bədii səlahiyyət sahibi kimi izlənilir.

Baxmayaraq ki, pyesdə Nuh peyğəmbərin arvadı Vailə və onun vasitəsilə oğlu Kənanla  da ailədaxili problemləri diqqətdən yayınmır. Nuh peyğəmbər “yüz illər boyu insanlara haqq yolunu göstərdi”yi və ya “dünyanın bütün sirlərinə açar tapdı”ğı və hamı onu “Allahın yerdəki elçisi kimi” qəbul elədiyi halda, arvadı Vailəni haqq yoluna gətirə bilmir, “gedib bütpərəst kafirlərə qoşul”araq onu “bir dəli, havalı sayıb lağa qoyur”, axşamlar isə qılığına girib, şirin, xoş sözlərlə onu ovsunlayaraq” “iblis kimi ruhunu soyub sirlərini alır, sabah isə düşmənlərinə çatdırır”.

İndilikdə isə Vailə çoxsaylı pisliklər etməsinə baxmayaraq “ömür-gün yoldaşı” olan Nuh peyğəmbərdən ona təbii fəlakətdən qurtulmaq naminə yardımçı olmasını istəyir.

Məhz ona görə ki, indilikdə dünyanı bürümüş bu təbii fəlakətdən qurtulmaq yolunda yeganə ümid yeri və ya son şans kimi  Nuh peyğəmbərə sığınıb və onun böyük səlahiyyət sahibi olduğu o gəmidir ki, onun vasitəsilə burada insanlar, xüsusilə ayrılmış, seçilmiş insanlar təbii fəlakətdən xilas olaraq gələcəyə hesablanmış yeni və rahat bir dünyaya üz tuturlar və bu işdə birbaşa vasitəçi qismində iştirak edən şəxs isə Allahın yerdəki elçisi kimi qəbul olunmuş Nuh peyğəmbər tərəfindən həyata keçirilir.

Nuh peyğəmbərin düşüncəsinə görə, yer üzünü bürüyən bu təbii fəlakət bəlkə də ondan qaynaqlanır ki, “insanlığın əbədi qanunlarını pozan” arvadı Vailə kimi haqq yolundan dönən kəslərin “rəzalətlərinin nəticəsidir və buna görə də Allah bu təbii fəlakəti Nuh peyğəmbərə bu rəzalətdən qurtulmaq üçün nicat” kimi göndərib.

Nuh peyğəmbərə görə, “bu gəmi də, bu tufan da”, hər çəkilən “cəza da” məhz Allahın iradəsi ilə gerçəkləşir. Xilasedici qüvvəyə malik olan bu gəmi isə fövqəl güc, qüvvə müqabilində Allahın yerdəki Elçisi olan Nuh peyğəmbərə məhz yerdəki pisliklərdən xilas olmaq üçün  birbaşa yardımçı qismində çıxış edir.

Demək, Nuh peyğəmbərlə Gəmi Yer üzünü bürüyən bütün pisliklərin mənfi, neqativ halların aradan qaldırılması yolunda mənəvi təmizlik simvolu kimi əsərdə ümumiləşir.

Pyesdə Nuh peyğəmbərin qarşılaşdığı bütün mənfi, neqativ hallar əsərdə digər iştirakçı qismində çıxış edən onun arvadı Vailə obrazında cəmləşir.

Nuh peyğəmbər arvadı Vailə simasında bütün pis, neqativ məqamların əyani nümunəsi kimi görür və bu pisliklərə qarşı amansız mübarizəsini sonadək davam etdirir.

Remarka və dialoqlarda Nuh peyğəmbərlə Vailənin və övladları olan Kənanın hərəkət, davranışları, özünə və ətraf aləmə münasibətləri bədii-psixoloji çalarları ilə diqqəti çəkir:

(Arxa planda ilğım içində, cizgiləri zorla seçilən Nuhun gəmisi. Canlılarla doludur. Külək güclənir. Rüzgarda adam siluetləri. Gəminin nərdivanında  Nuh dayanıb. Nərdivanın ayağında iki nəfər. Biri Nuhun arvadı Vailə, biri də oğlu Kənan)

Vailə – Ya Nuh! Gör neçə ildir, bir yerdə yaşayırıq. İndi fəlakət gələndə hamını gəmiyə mindirib, məni qıraqda qoyursan. Atıb gedirsən məni… Bunu Allah götürməz axı!

Nuh peyğəmbər – Sənin sonun belə olmalıydı. Yüz illər boyu insanlara haqq yolunu göstərdim, dünyanın bütün sirlərinə açar tapdım. Hamı məni Allahın yerdəki elçisi kimi qəbul elədi, təkcə səni – öz halal arvadımı haqq yoluna gətirə bilmədim. Yüz dəfə and içdin, sonra yenə şeytana uydun. Gedib büdpərəst kafirlərə qoşuldun. Bütün dünya mənə tapındı, səndən başqa! Təkcə sən – sevib, seçib ömür-gün yoldaşı etdiyim qadın məni bir dəli, havalı sayıb lağa qoydun. Geniş dünyanı başıma dar eləmişdin. Indi bu balaca gəmiyə də şərik olmaq istəyirsən. Mən bu qədər canlının xilasını unudub sənin dərdini çəkə bilmərəm.

Vailə – Axı mən tövbə elədim.

Nuh peyğəmbər – Yox! Tövbə sözü….. Sənin kimilərə aid deyil. Tövbə neçə dəfə olar? Axşamlar qulağıma dünyanın ən şirin sözlərini deyib, iblis kimi ruhumu soyub sirlərimi alır, sabah isə düşmənlərimə çatdırırdın. Əqrəbalarımızı mənə qarşı qaldırırdın?

Vailə – Olub keçənləri şişirtmə!

Nuh peyğəmbər – Olub keçənlər?! Elə bilirsən, sənin kimi Allah da unudur hər şeyi. Bəlkə elə bu tufan insanlığın əbədi qanunlarını pozan sizlərin rəzalətlərinin nəticəsidir? Bəlkə elə Allah mənə nicat göndərib bu tufanı? Səndən xilas olmaq üçün! Dünya suya çəkilməsə təmizlənməz….

Vailə – Məni əyri yoldan çəkindirməyi niyə bacarmadın? Bəs sən necə  peyğəmbərsən, göstərəydin də möcüzəni!

Nuh peyğəmbər – Yox, mənim möcüzələrim sənin möcüzən qarşısında acizdir…. Min illərdir kişilər sizə uyduğuna görə öz-özlərini lənətləyir. Amma nə xeyri? Allah yerdəki hökmdarlardan deyil ki, gündə bir fikrə düşə….

Vailə – Dediklərin düzdürsə, mən doğrudan da şərə qulluq etmişəmsə, niyə yaradırdı məni Allah? Niyə imana gətirmədi məni Böyük yaradan?

Nuh peyğəmbər – Allah düşünmək üçün sənə imkan verdi. Adamı zorla imana gətirməzlər. Yolunu tapa bilməyən cəzasını çəkir. Sənin kimi.

Vailə – Yox, bu, Allahın cəzası deyil, sənin intiqamındır! Peyğəmbər deyilsən, qisasçısan!…

Nuh peyğəmbər – …. heç olmasa indi ağlını başına yığ! Allahla arama girmə! Onun elçisi olduğuma inan! Mən tanrının iradəsiyəm. Bu gəmi də, bu tufan da, çəkdiyin cəza da onun iradəsidir…. Cənab Cəbrayil buyurub ki, bu gəmi keçmişi gələcəyə daşıyacaq. Mən burda keçmişin seçilmişlərini aparıram, zir-zibilini yox.

Vailə – Amma sənin gəmində bu günün düşmənçiliklərini, Allahın istəyinə zidd olan pislikləri aparanlar da var. Qardaşı quyuya itələyənlər, başqasının halalına göz dikənlər, dilinə düz söz gəlməyənlər, mayaları hiylə və xəyanətlə yoğrulanlar. Bəs onları hara aparırsan, niyə aparırsan? Qohum-əqrəban olduğuna görə? … Amma unudursan ki, bu hiyləgər xislətli qadın sənin oğlunun anasıdır. Və mən gəmiyə buraxılmasam o da minməyəcək!

Nuh peyğəmbər – (oğlu Kənana) Gəl, oğlum, son anda da olsa, imana gəl! Min gəmiyə! Mənə yardımçı ol! Bu qadına uyma! Kafir sözünə inanma!

Kənan – Yox, ata, anamı bu daşqının qabağında tək qoya bilmərəm!

Nuh peyğəmbər – Bütün dünya mənə inanan yerdə sən – belimdən gələn, qanı qanımdan olan necə yox deyə bilər?! Bu iblisin südü niyə bu qədər güclüdür? Görmürsənmi sular yüksəlir? İndicə gəmi sahildən ayrılacaq….

Kənan – Bacarmaram, ata! O gəmidə  elələri var ki, sənə məndən daha əzizdir. Onlarla bir gəmiyə minməkdənsə, dağa qaçaram. Boğulmaqdan qurtararam.

Nuh peyğəmbər – Oğlum, oğlum! Bu gün iman və itaətkarlığı ilə Allahın mərhəmətinə sığınanlar xilas olacaq.

Kənan – Mən dağlara sığınacağam.

Nuh peyğəmbər – Ürəyimə damıb ki, gördüyün o təpələr, dağlar da suyun altında qalacaq.

Kənan – Bəs biz? Bizim Allahımız yoxdur?! Yaradıbsa, bizə də bir gün ağlar. Sığınacaq verər.

Nuh peyğəmbər – Sənin xilasın atanla bir yerdə olmaqdır. İnadından əl çək! Anana uyma! Onların nəsli xarab idi. Südü çürükdür. Körpəlikdən səni mənə qarşı böyütdü. Amma indi bunların vaxtı deyil! Bax, sular ətrafımızı sardı….

Vailə – Məni gəmiyə mindirmədiyinin cəzasını ömrün boyu çəkəcəksən. O dediyin gələcəyə itin-qurdun övladı gedəcək, amma sən sonsuz qalacaqsan. Mənim üstümə gələn həyasızların uşaqlarını özünə övlad sayırsan?

Nuh peyğəmbər – (Qəzəblənir. Güclənən tufanda qışqırığı güclə eşidilir) Gələcəyə xəyanətkar arvad, imansız oğul aparmaqdansa, başqasının namuslu övladlarını aparmaq daha əfsəldir. Qoy bəşəriyyətin gələcəyi sənin kimilərindən törəməsin.

Pyesin ikinci epizodundan başlayaraq keçmişdən bu günə  simvolik olaraq gələn Nuh peyğəmbər indilikdə bütünlüklə yeni görkəmdə görünsə də, fikri, düşüncəsi eyni ağrılı kökə yüklənmiş bir müdrikliklə müşayiət olunur. Bu baxımdan remarkaya və ya Nuh peyğəmbərin nitqinə diqqət edək:

“Fikri hardasa uzaqlarda olan, çaşqın, amma bütün görkəmi ilə keçmiş bir müdriklikdən xəbər verən ağsaqqal, əlində əsa səhnədən keçir. Geyimi dəyişilsə də, bu elə Nuh peyğəmbərdir. Dayana-dayana, düşünə-düşünə eyni sözləri təkrara edə-edə

Nuh Ağsaqqal – Allah bu zülmlərə, bu boyda haqsızlıqlara dözə bilməz. Dünya bu boyda çirkabı götürməz. Yenə qiyamət qopacaq, qiyamət günü yaxınlaşır…. ”

Keçmişdən bu günə  simvolik olaraq gələn Nuh peyğəmbər yenə hər yerdə və hər zaman haqsızlıq, ədalətsizlik müşahidə edir və bundan qurtulmaq yolunun yenə də qiyamət gününün baş verməsində görür.

Nuh Ağsaqqalın düşüncəsinə görə, qiyamət günü baş versə, bütün bu əyrintilər, çirkablar məhv olar. Hələlik  isə gözlənilən o məşum an, məqam indilikdə əyani olaraq azca da olsa görüntüyə gəlmir. Bu isə sonralar və ya məzmunu dəyişilmiş, lakin mahiyyətcə eyni funksiyanı yerinə yetirən bir hal, məqam kimi diqqəti çəkəcək.

İndilikdə isə bu baş vermir və ya indilikdə o məşum an, məqamı qabardan  və ya ona doğru yönələn çox üzüntülü olay baş verir: yerindən-yurdundan didərgin düşənlər, qaçqınlar “Baş şəhərə” axışaraq sığınacaq ümidindədirlər.

Ancaq bu “Baş şəhərdə” də onlar uyğun, münasib bir məkan və ya “sığınacaq”  tapa bilmirlər. Ona görə ki, bu “Baş şəhərdə” “bu ağ imarətdəki vəzifəlilərin çoxunun arvadı onlardandır” və “gəlib burda da erməni axçilərə qaravaşdığ” eləmək yerindən-yurdundan didərgin düşənlər üçün artıq bundan belə yenə də heysiyyətinin tapdalanmasına rəvac verəcək.

Bu əzabverici, utancverici,  işgəncəli təhqirlərə dözmək və ya bunun varlığında sonadək bütün dəhşətləri ilə yaşanılması  yerindən-yurdundan didərgin düşənlər, qaçqınlar üçün ağrılı məqam və ya silinməz izlər kimi yadda qalır.

Bu baxımdan aşağıdakı dialoqlara diqqət edək:

Birinci qaçqın – Yaradan bizi yaddan çıxarıb. Qurban olum ona! Adamı öz yurdundan neçə dəfə didərgin salarlar? Üç dəfə? Beş dəfə? Göyçə getdi. Arazbasar getdi. Yurdumuzda turp əkdilər. Bunu necə götürür Allah?

İkinci  qaçqın – Elə ona görə cəzalarını verdi də. Zəlzələynən  altını üstünə çevirdi o xarabanın.

Birinci qaçqın – Xaraba dediyin onlarındı bəyəm? Öz yerimiz-yurdumuz dağıldı…..

İkinci  qaçqın – Düz deyirsən, bacı! Allah da onların Allahıdı. Zəlzələnin dağıtdığı evlər də bizimdir. Bizim dədələrimizin yadigarları yox oldu. Indi dünya yığışıb onlara abad şəhərlər salır.

Birinci qaçqın – Yaxşı ki, Bakı doğmalarımız varmış, yoxsa qırılıb getmişdik.

İkinci  qaçqın – Kimdir doğman? Erməni arvadlarını bağrına basanlar? Budey! Bu ağ imarətdəki vəzifəlilərin çoxunun arvadı onlardandır. Gəlib burda da  erməni axçilərə qaravaşdığ eliyəjayığ…..

“Axçilər”in başı üzərində dayanıb çoxtərəfli məqsəd və niyyətə xidmət edən və ya vəziyyəti məqsəd və niyyətinə uyğun idarə etməyi məharətlə bacaran Müşavir isə indiki anda qaçqınları qəbul edərək onların “dərdinə şərik olmağa” “cəhd edir”, “rahat bir sığınacaq”la onları fikrən “sevindirməyə” “cəhd etsə də” çoxtərəfli oyun oynadığı məqamı qaçqınlar çox aydın bir şəkildə hiss etməyə başlayır və bunu çəkinmədən dilə gətirən qaçqınlar bütün gərgin olayların baş verməsinə səbəb kimi onların, daha konkret olaraq “Müşavir”lərin qurduğu çoxtərəfli oyunların nəticəsi kimi qəbul edir.

Bu baxımdan Müşavir pyesdə çoxqatlı oyunların və ya gərgin olayların baş tərəfində duran qızışdırıcı, alovlandırıcı hərəkət, davranışları ilə diqqəti çəkən, çoxcildli tipik və ya ümumiləşdirici bir obraz kimi canlanır.

Müşavirin monoloqu və ya remarka bu cəhətdən pyesboyu səpələnən fikir və ideyaya bədii aydınlıq gətirir:

Müşavir – (tək, öz-özünə) Bu Bakı da qəribə şəhərdi. Bir milyonu yığışır, bir adamın burnu qanamır. Ermənistanda bunların bacı-qardaşlarının başına olmazın vəhşiliklər gətirilir, burdakı ermənilərəsə gözün üstə qaşın var deyən yoxdur. Amma daha bıçaq sümüyə dirənib, bu qovanla qovulan üz-üzə gələndə əsəblər dözməyəcək! Bu şəhərə elə bir od vurmalıyam ki, alovu ərşə dirənsin.

(Sonra imperiyanın epoletli, zər-zibalı mundirinin içində ortadakı kresloda oturur. Bu sovet dövrünün general və ya marşal forması da ola bilər. Ayağı- ayağının üstündə, əda və lovğalıq qarışıq bir təəccüblə)

Müşavir – Neçə yüz il əlimizin altında saxladığımız xalqlar da müstəqillik eşqinə düşüblər. Bəs harda qaldı o təbliğat maşını, inam, din dəyirmanları?! Vahid sovet xalqı, sovet dövləti?! Nə kommunizm nağılı kömək edə bildi, nə ordu!

(Yerindən sıçrayıb ortalıqda əsəbi bir dövrə vurur. Üzü tamaşaçılara, sözünün canını deyirmiş kimi davam edir)

Amma iki yüz ilə düşdüyün quyudan çıxmağa da iki yüz il vaxt lazımdır. Dövlət qurmaq asandı bəyəm? Bir ovuc çeçen də öz dövlətini istəyir. Başları daşa dəyəndə ayılacaqlar. Yüyürə-yüyürə gələcəklər üstümüzə. Mən bunların dilini yaxşı bilirəm!

(sağdakı kresloya yanaşır. Dirsəkdəki əbanı çiyninə çəkir, əmmaməni başına qoyur, uzun təsbehi əlinə alır)

Mənə müsəlman aləmini tanıtmaq istəyirlər. Iran- İraq müharibəsi, Əlcəzair, Livan, Əfqanıstan, PKK. Əkdiyimiz toxumlardı göyərir. Hamısında məni öz adamları kimi tanıyırlar. Bu Azərbaycanlılar da qəribə xalqdır. İki-üç xoş söz de, gir ürəklərinə.

(Yaşıl kresloda bardaş qurur, əsil molla kimi, ləhcəsiz)

Bismillahül, rəhmanir-rəhim. Müsəlman qardaşlar, Avropanın, xaçpərəstin nə günahı? Düşmən öz içimizdədir. Kimin haqqı var, mollanın – üləmanın sözünə müxalif olsun. Axı kimdir müxalifət? Küçə uşaqları. Biz islam vəhdətindən danışırıq, bunlar milli birlikdən. Nə milli?! Biz deyirik, hərəkat müqəddəs islam bayrağı altında getsin. Amma bunlar üçrəngli bayraqdan dəm vururlar. Ermənidən nə fərqi bunların? Buna dözmək olar? Bəs cihad hansı gün üçündür? Yaşasın islam birliyi!

(Gülə-gülə imam libasından sıyrılır, təsbehi əlində qaldırır – “Bax, İslam dünyasını bu təsbehin dənələri kimi yüz bir yerə ayırmışıq” deyir və ciddi bir tövrlə qara kresloya yanaşır, qara cübbəni geyinir, erməni keşişinin qara papağını başına qoyur, bəzəkli əsanı əlinə alır)

Xristian qardaşlar, dünyanı yalnız xaçpərəst birliyi xilas edə bilər. Bizim bir dərdimiz varsa, o da türkdür! Bizim torpağımızda tək bir türk yaşadıqca rahatlıq tapa bilmərik. Onlar bir gün Azərbaycanla Türkiyə arasında körpü salıb bizi qovacaqlar burdan. Onları qırmaqdan başqa çarəmiz yoxdur. Bütün dünyanı onların üstünə qaldırmalı, onlara düşmən eləməliyik! Bizim birliyimiz olmasa, türkün, islamın qabağını kim alacaq.

(Bu paltardan da sıyrılır, səhnənin ortasına gəlir. Üzü tamaşaçılara)

Rusiyanı xilas etmək üçün bunlar da yetərli deyil. Biz yeri gələndə demokratıq.

– Bəylər! Rusiya əvvəlki Rusiya deyil. Biz keçmişə qayıda bilmərik. Aşkarlıq, yenidənqurma xalqları oyatdı. Respublikalar müstəqil olmaq istəyirlər. Qoy olsunlar. Rusiya heç kimi zorla saxlamaq istəmir.

(Bütün bu danışıqları müvafiq geyimli əvəzləyici və ya rəqs qrupu və meydan gurultusu ilə müşayiət edə bilər)

Yeri gələndə demokratiyanın qənimi….

(ortadakı imperiya kreslosuna yaxınlaşıb telefonu götürür)

Bakı qorxulu sindromdur. Millətçi, ekstremist bir kütlə silahlanıb. Ordu yeritməkdən başqa çarə yoxdur.

(qışqırıq və hay-harayla səhnə qaralır)

Dramaturq əslində düzgün olaraq Qaçqınları məhz Müşavirlə, onun otağında olan çoxplanlı, çoxməqsəd və niyyətə xidmət edən imperiyanın hiyləgərtipli siyasətinin əyani nümunəsi kimi diqqəti çəkən olaylarla qarşılaşdırır. Imperiyanın məhz hiyləgər siyasətinin nəticəsi kimi onlar indilikdə isti, doğma yurd-yuvalarından zorla ayrılaraq qaçqın vəziyyətinə düşmüşlər.

Məhz çoxplanlı siyasətin bir nəticəsi o oldu ki, qəbula gələn yerindən-yurdundan didərgin saldığı həmin qaçqınları onların birbaşa qohumluğu olan insanların Baş şəhərdəki evlərinə yönləndirir ki, “qırğınla yola salı”nanlarla Baş şəhərdə yaşayan erməni qohumları arasında yerdəyişmə siyasətini həyata keçirməklə yanaşı daha irəli gedərək bu Baş şəhərdə əlavə sıxlığın, qarmaqarışıqlıq, xaotik vəziyyətin yaranmasına ancaq təkan verdi:

Birinci Qaçqın – (qapıdan içəri girə-girə) Bu da bizim adresimiz! Köçün gedin! Rahat evlərimizi qoymuşuq sizin üçün. Bizi qırğınla yola saldılar. Amma biz sizə yer göstəririk. Sakitcə yola salırıq. Dəyişirik evimizi! Onsuz da daha burda yaşaya bilməzsiniz!

Və təbii ki, Birinci Qaçqın da verilən ünvana gəlib “divardakı şəklə” qeyri-ixtiyari baxandan sonra və ya qeyri-ixtiyari olaraq anlamağa cəhd edir ki, gəldiyi ünvan Baş şəhərdə yüksək vəzifə sahibi olmuş doğmasının evidir və indicə söhbətləşdiyi və ya qapını onun üzünə açan həmin o doğmasının oğludur.

Remarkaya və dialoqlara bu baxımdan diqqət edək:

(danışa-danışa gözü divardakı şəklə sataşır, duruxur. Evə göz gəzdirir. Sonra iki əlli başına vurur)

Allah, külü tök mənim başıma! Gör məni hara göndəriblər. (Eldara) Bu Rəşidin evidir? Sən Eldarsan, bibi qurban?

Eldar – (duruxur, baxır, gözünə inanmırmış kimi) Bənövşə bibi!

Birinci qaçqın – Öldür məni, Allah, yer yarılsın, girim yerin altına. (Eldarı qucaqlayır)

Eldar – Bu nə işdi, Bənövşə bibi! Sizi də qovdular? Ola bilməz?

Birinci qaçqın – Oldu, bala, oldu! Daha dağlar başında baba  yurdun, Bənövşə bibinin şah sarayına bənzəyən mülkü, ev-eşiyi yoxdur! Hamısı qaldı erməniyə. Özümüzü də güllə qabağında vəhşiliknən qovdular. Bura gələndən sonra da, bu adresi veriblər ki,  gedin yerinizi deyin, qoy köçsünlər, yaşayın orda.

(Eldar başını tutub dayanır…..)

Pyesdə “Müşavir” simasında gerçəkləşən “Rusiyanın neçə yüz illik dövlət siyasəti”ndə indiki anda məhz məkrli şəkildə yaratdıqları müharibə zonasından birbaşa Baş şəhərə axışan qaçqın, köçkün ailələrinin məhz məqsədli şəkildə qəbul edilib yerləşdirilməsi ilə yanaşı, ölkədə ictimai-siyasi, sosial vəziyyətin yenə də məqsədli olaraq idarəçiliyinin əllərində möhkəm saxlanılmasına nail olunur.

Bu baxımdan  Müşavir pyesboyu dramaturq tərəfindən düşünülmüş “Rusiyanın neçə yüz illik dövlət siyasəti”nin ümumiləşmiş tipik obrazı kimi diqqəti çəkir.

Müşavirlə Prezidentin dialoqu bu cəhətdən  hər iki tərəfin, xüsusilə, “Rusiyanın neçə yüz illik dövlət siyasəti”nin  ölkədə yaratdığı gərgin ictimai-siyasi vəziyyətin ümumiləşmiş obrazı kimi maraq doğurur:

Müşavir – Razılıq ver, gedib oturum Gəncədə, bir neçə aya bitirək bu oyunu….

Prezident – Meydanda dayanan xalq düzgün başa düşməz bunu, Viktor….

Müşavir – İstəyirsən, danışım onların liderləriylə…. (kənara) Bu, hələ bilmir ki, mən cəbhəçilərin razılığını almışam. Bunu devirirlər, mənimlə işləri olmayacaq. (sevincək) Tapdım çıxış yolunu! (Prezidentə) Məni müdafiə edərlər….

Prezident – Başa düşmədim. Necə olur bu? Mənə “İstefa!” deyirlər, sənisə saxlayacaqlar….. Bəlkə elə sən də o liderlərlə birsən?!

Müşavir – Əsəbiləşməyin, cənab Prezident! Onlar mənim Qarabağdakı xidmətlərimi unutmayıblar…… Vəssalam! İçərilərində sizə qarşı bərk işləyənlər var.

Müşavirin “Qarabağdakı xidmətləri”nin nəticəsi o olur ki, onu “dəyərləndirən qüvvələrlə” birgə məqsədli olaraq Baş şəhərdə gərgin çaxnaşmaların, çevrilişlərin yaranmasına nail olundu. Buna köklü səbəb isə yerlərdə “daxili birliyin olmaması”  ilə şərtlənir. “Didişmə, çəkişmə, qardaş davası, hikkə….” imkan vermir ki, daxili birləşmə olaraq xarici düşmənə qarşı birgə mübarizə aparılmağa cəhd edilsin. Əksinə, bu olmadıqda  “düşmənin qabağında yer süpür”məkdə onlar davam etməyə məcbur olacaqlar. Bu isə son məqamda daxili parçalanmaya gətirib çıxarır və ya daxili birliyin olmamasından Müşavirtipli  qüvvələr isə vəziyyətdən məqsədli şəkildə yararlanaraq öz xeyir, mənafeyi naminə məharətlə istifadə etməyi bacarırlar.

Pyesdə  Prezidentlə onun uşaqlıq dostu olan Əziz Zülfüqarlı və Gövhər Ana arasında gedən dialoq bu baxımdan əsərdə cərəyan edən hadisə, vəziyyətin ümumiləşmiş bədii ifadəsi kimi diqqəti çəkir:

Prezident – Biz böyük bir xəyanətin içindəyik….. Bilirsən, tək Ermənistan davası olsa, nə vardı ki. Biz bir şirin tikəyik, düşmüşük ac canavarların ağzına, hərə bir tərəfdən dartışdırır. Bir xalqın nə qədər düşməni olar? Başımızı qaldırıb “biz də varıq” deyən kimi, İran o tərəfdən qalxır, rus bu tərəfdən, Avropa o yandan. Bir başa neçə qapaz olar?

Əziz – Görmürsən, dünənə kimi bir-birinə düşmən olan Rusiyayla İran bizə qarşı necə birləşir…..Erməni Rusiyanın üzünə tüpürdü, ”çıxıram Rusiyanın himayəsindən” – dedi, amma Rusiya daha bərk basdı onu bağrına. Beş yüz ildir gedir bu siyasət! Qafqazı türkdən, müsəlmandan təmizləmək…..   …. Düşmənlərimiz bir yana. Faciələrimizin ən böyük səbəbi daxili birliyimizin olmamasıdır. Didişmə, çəkişmə, qardaş davası, hikkə….. Düşmənin qabağında yer süpürür, amma qardaşına əyilə bilmir….

Prezident – Dünyanı qəsdən elə bölüblər ki, münaqişə ocaqları heç vaxt sönməsin. Yoxsa rus gələnə qədər erməni vardı Qafqazda?! Nə vaxt dövlətləri olub?…. Dünya Ermənistanın haqsız və yalançı olduğunu gözəl bilir. Amma susur, ona belə sərf eləyir!….

….. Gövhər Ana – Allah o Moskvadakıların evini yıxsın, ay bala!…. Bəs, bu Ermənistanın axırı nə olacaq e……

Prezident – Nə olacaq? Qan çıxacaq, sakitləşəcəklər…. Moskva qızışdırır bu işi!

Gövhər Ana – Sən özünü Moskvaya qurban verə bilməzsən. Çalış, öz xalqının ağıllı adamlarını yığ başına. Camaat səni müdafiə etsə, heç kim bata bilməz!…. …. Camaatın dərdi çoxdur! Ermənistandan qovulanlar, Qarabağda yurdları dağıdılanlar. Dərdlərinə çarə edə bilmirsən. Dunya da qulaq asmır. Bəs neyləsinlər?

Gövhər Ananın toxunduğu bu ağrılı məqamlar pyesboyu Birinci qaçqın, İkinci  qaçqın simasında gerçəkləşir. Onlar hələ də Nuhun dövründə olduğu kimi, hazırkı real Qiyamət gününün ağırlığını öz üzərində hiss edir və daşıyırlar:

Birinci qaçqın – Sənə asi oluram, Allahım! Bu qədər zülm olmaz.

İkinci  qaçqın – Ordan vəhşiliklə qovulduq. Qırılanlarımız qırıldı. Qalanımız diyarbadiyar düşdü. Indi də öz şəhərimizdə qırılırıq. Qalmışıq ayaq altda.

Birinci qaçqın –Uşaqlarımız küçələrdə. Başımıza haranın daşını tökək?

İkinci  qaçqın – Bu zülmü necə götürürsən, Tanrı? Bəs biz sənin bəndən deyilik? Nə günahımız var? Niyə bu qədər imtahana çəkirsən bizi?

Pyesdə Qiyamət gününün ağırlığını Qaçqınlarla yanaşı, tamam başqa tərəfləri ilə diqqəti çəkən əksqütblü digər səlahiyyət sahiblərinin həyatlarında da bütün gərginlikləri ilə yaşanılır.

Bu da təbii ki,  bütünlüklə  dövrün, cəmiyyətin, mühitin ümumi ab-havasında   maksimalist emosional haləti ilə müşayiət olunaraq üzə, zahirə çıxır. Böyük insan toplumun üsyankar ruhlu, etirazedici kəskin çıxışları  ilə üz-üzə qalan (əslində bütün bu proseslər səhnə arxasında baş verir) böyük səlahiyyət sahibləri vəziyyətdən çıxış yolları axtarılır. Prezident və onun ətrafını artıq bürümüş böyük və nəhəng bir təlatümlü dalğa indiki halda Qiyamət gününün simvolik obrazı kimi diqqəti çəkir

Rüstəmxanlının yaradıcılığında kinossenariləri də xüsusi yer tutur. ”1990-cı ilin adamı” (film, 1977; qısametrajlı sənədli film), “Azərbaycan məktəbinin 60 illiyi” (film, 1980), “Azərbaycana namus və sevgiylə” (film, 2006), “Babadağ” (film, 2006), “Cavadxan” (film, 2009), “Cavadxan. Filmin filmi” (film, 2007), “Daş” (film, 1977), “Ənvər Həsənov. Yeddi oğuldan biri” (film, 2007), “… Meşəyə insan gəlir” (film, 1980), “Musaküçə kəndinin sakinləri” (film, 1973), “Neft daşlarının 25 illiyi” (film, 1975), “Payızın 17 anı” (film, 2007), “Qayıdış” (film, 1988), “Suvenir” (film, 1972), “Talada ev” (film, 1986), “Tikilir, amma…” (film, 1973), “Uçuş xətti” (film, 1987), “Zəlimxan dastanı” (film, 2007), “Əsgər mahnıları”, “Salur Qazanın evinin yağmalanması”(Kitabi-Dədə Qorqud dastanının motivləri əsasında), “Dənizdə şəhər”, “Meşə gözətçinin xəstələnməsi”, “Düşmən görüşünə…”, “Домик на поляне”(С. Рустамханлы, Э. Алиев), “Если любишь… будешь терпеть!” və digər çoxsaylı nümunələrdə S. Rüstəmxanlı sənəti özünəxas cəhətləri ilə diqqəti çəkir.

Bu baxımdan kinossenarilərdə S. Rüstəmxanlı sənətkarlığının əsas cəhəti ondadır ki, burada əksini tapan hər hansı hadisə, vəziyyət və ya obrazlar aləmi, eləcə də şəxsiyyətlərin fərdi taleyi, onların həyata, cəmiyyətə baxışı, dövrə, mühitə, ümumiyyətlə onların ətraf aləmə münasibəti, düşüncə tərzi dövrün ictimai-siyasi və ya sosial-mənəvi durumu ilə birgə alıb bədii təhqiqata çəlb edilir.

“Cavadxan”  kinossenarisində məhz yuxarıda qeyd etdiyimiz cəhətlər müşahidə olunur. Bu  ssenari S. Rüstəmxanlının “Ölüm zirvəsi” romanının motivləri əsasında yazılmışdır. Tarixi mövzuda qələmə alınmış bu əsər Gəncə xanı Cavad xanın (1786 – 1804, 3 yanvar) Qafqaza rus imperatoru tərəfindən yenicə təyin edilən və ya birbaşa onun işğalçılıq siyasətini yerlərdə inadkarlıqla və ya amansızcasına davam etdirən general Sisianovun başçılığı altında rus qoşunlarına qarşı mübarizəsinə həsr olunmuşdur.

Buna baxmayaraq kinossenaridə Cavad xan obrazının bədi təqdimində 2 (iki) istiqamətverici məqam qabardılır:

  1. Cavad xan və onun ətrafında baş verən hadisə, vəziyyətin və ya xanlıqlararası davranışlarının, münasibətin bədii təqdimi,
  2. və bundan birbaşa qaynaqlanan rus işğalçı qüvvələrinin Gəncəyə yeridilməsi siyasətinin qarşısının alınması yolunda Cavad xanın mübarizəsinin bədii təqdimi.

Bu halda Cavad xan kömək olmadığı təqdirdə çıxış yolu olaraq oğulları ilə birgə fədakarlıq göstərərək rus işğalçı qüvvələrinə qarşı mübarizəyə qalxır.

Kinossenaridə yuxarıda qeyd etdiyimiz bu  2 (iki) istiqamət daim biri digərini təqib edən və ya qovşaq halda tamamlayan cəhət kimi son ana qədər bütövləşmiş bir məsələ kimi estetik həllini tapır.

Bu baxımdan kinossenarinin proloq hissəsi qeyd etdiyimiz 2 (iki) mühüm məqama bədii aydınlıq gətirir və ümumiləşdirilmiş müəllif fikri, niyyətinin formalaşmasına estetik zəmin yaradır:

“Göz işlədikcə uzanan bir döyüş meydanı. Cavad xan atdan enmiş, qılıncına söykənib meydana baxır. Hər tərəf insan cəsədi ilə doludur

Cavad xan öz-özünə:

– Bu torpağa nə qədər diş qıcayan var, İlahi! Nə qədər vuruşmaq olar, görəsən? Qonşunla, qardaşınla. 20 xaqanlıq! Birinin tikəsi birinin boğazından keçmir. Dünya üstümüzə gəlir. Yenə birləşə bilmirik. Hansı günahımıza görə bizi bu imtahana çəkirsən, İlahi! İndi  də xaçpərəstlər baş qaldırıb, rus orduları gah Dərbənddən gəlir, gah Tiflisdən”.

Ssenariboyu bütün hadisə, vəziyyət, obrazlar aləmi Cavad xanın daxili yanğı ilə söylədiyi bu ağrılı məqam üzərində köklənir. Çünki “göz işlədikcə uzanan bir döyüş meydanı”nda Gəncə xanı Cavad xan təkdir. Baxmayaraq ki, o, Oğulları ilə birgə döyüşə atılaraq  mərdanə vuruşur.

Amma yenə Oğulları ilə birgə böyük bir işğalçı ordu ilə qeyri-bərabər səviyyədə vuruşmaq, təkcə öz xanlığını deyil, ümumilikdə 20 xaqanlığın ərazi bütövlüyünü qorumaq yolunda inadkarlıqla vuruşmaq  onun daxili və xarici gücündə deyildi. Bunun üçün Cavad xanla birgə Azərbaycanın 20-yə parçalanmış, bölünmüş xanlığı daxil olmaqla birləşərək, bütövləşərək işğalçı rus ordularına qarşı vuruşmaq lazım idi.

Gözlənildiyi və ya hətta olsun ki, gözlənilmədiyi üçün bu, Olmadı. Xanlıqlar nə hikkə idisə və ya hansısa  olsun ki, naməlum  Gözəgörünməz Qüvvələrin  aralarında  yaratdığı qarmaqarışıqlığın ucbatından Azərbaycanın  birbaşa uğurlu gələcəyinə hesablanan uyğun sazişə girərək birləşə bilmədilər. Məhz ona görə ki, xırda, cılız fikir, düşüncələr arxasında sürünərək hissolunmadan Hərəkət,  Davranışlarını da məhz bu ruhda kökləyir və ya buna görə də “Birinin tikəsi birinin boğazından keçm”ədiyinə görə nəinki təkcə Cavad xanın hakimiyyəti, həmçinin digər  20 xaqanlığın hakimiyyəti belə zəifləməyə düçar olur. Amma bu hakimiyyət zəifliliyinin kökündə birləşə bilməmək məsələsi  digər xanlıqlar üçün, çox qəribə səslənsə də, həlli məlum olmayan, gözəgörünməz, sirli, möcüzəvi “böyük bir ağır dərd idi” və hələ də bu  “ağır dərddən möcüzəvi olaraq” qurtulmaq yolunda sonubilinməyən çoxsaylı cəhdlər edilirdi.