Ev Bədii Şair olmaq zülümdü… – İbrahim İlyaslının şeirləri

Şair olmaq zülümdü… – İbrahim İlyaslının şeirləri

2436

İbrahim İLYASLI – 60

Çox da ki, yerdə qəribəm..

Mənim vecsiz dünyanın bir kəsiylə işim yox,
Mən haqqa tapınmışam-mənim Allah varımdı.
Mən yazanlar şeir yox, Tanrının möcüzəsi –
Ağaca, daşa, suya, oda məktublarımdı!

Tanışlıq

Kimə nə, kiməm, nəçiyəm?-
Hər gələn baxır, adamam.
Dünyanın ən bəd əməli
Adamdan çıxır – adamam.

Göyə tor atan deyiləm,
Yerdə qarsatan deyiləm.
Nə vurub-tutan deyiləm,
Nə elə fağır adamam.

Sinəm – qalxan, dilim – süngü,
Qəddim – ağac, əllərim – gül.
Mən dumandan, çəndən yüngül,
Mən dağdan ağır adamam.

Doğranıram budaq-budaq,
Tökülürəm yarpaq-yarpaq.
Mən kefi kök, damağı çağ,
Mən könlü yağır adamam.

Haqqın görkü – ODam, SUyam.
Haqqa varan bir yolçuyam.
MƏNəm, SƏNəm, Oyam – buyam,
Adamam, axır, adamam.

Məni bu qələmdən qoru, İlahi

Küfr mənlik deyil… Əstəğfürullah! –
Sənə can atıram, sənə, İlahi!
Şeytan bardaş qurub kürəyimizdə,
Aman vermir gələk dinə, İlahi!

Burdan daşlayırsan, o yandan çıxır,
Ordan təpinirsən, burda hazırdı.
Dünən gözlərimlə gördüm, masamda
Əyləşib yerimə şeir yazırdı.

İşə yüyürürsən – iş yerindədi,
Dükana girirsən – vitrindən baxır.
Meyxanadan qovub rədd eləyirsən,
Məscidin önündə qarşına çıxır.

Gah əziz dost kimi girir qollara,
Gah qarşı səngərdə top dalındadı.
Gah dilənçimisal çıxır yollara,
Gah milyonermisal qul halındadı.

Bir əli göydələn saraylar tikir,
Bir əli ehmalca qazır altını.
Söyürəm, əlimdən özgə nə gəlir,
Hərçi – pətərinin yeddi qatını.

Elə qucaqlayıb Yer kürəsini,
Bir küncü – bucağı çıxmır yadından.
Şərqdə müharibə alovlandırır,
Qərbdə dil – dil ötür “barış” adından.

Yerdə sahibidi küll-ixtiyarın,
Mahuyət-ül iblis, surət-ül cindi.
Şahlar ən sevimli oyuncaqları,
Rəiyyət əlində plastilindi.

Yoxmu bu gedişin dönüşü, yoxmu,
Yoxmu bu gərdişin sonu, İlahi?!
Bu şeirdə şeytan barmağı varsa,
Məni bu qələmdən qoru, İlahi!

Hardasan dünyanın halal Adamı

Hardasan dünyanın halal Adamı,
Hardasan, varmısan?–Səsimə səs ver.
Məndən o tərəfə sən tükənirsən,
Səndən bu tərəfə mənə nəfəs ver.

Məndən o tərəfə, səndən bu yana,
Nə kökdədi dünya, xəbərin varmı?
Tapşırıb yellərə, büküb al-qana,
Bir ürək yollasam sənə çatarmı?

Bilərmisən hankı məmləkətdənəm,
Hansı millətdənəm bilərmisən sən?
Bu aciz halıma ucalığından,
Baxıb acı-acı gülərmisən sən?

Vurnuxub qalmışam dünya içində,
Mənə bir yol salğa özünə doğru.
Qurtulum bəşərin adiliyindən,
Sürünüm mübarək izinə doğru.

Hardasan dünyanın halal Adamı?–
Sən haqsan, sən varsan!–Səsimə səs ver.
Qapında ən sadiq nökərin ollam,
Mənə bu Şahlığı, nolar, tələs ver.

Bildim

Dünyanın ikicə rəngi varıymış,-
Bildim qara nədi, ağ nədi, bildim.
Balamın dilindən bir söz eşitdim,
Dağ üstən çəkilən dağ nədi, bildim.

“Yox”dan yola çıxdım, yol məni getdi,
Kəm məni kəsdirdi, bol məni getdi.
Mən sağı getdikcə, sol məni getdi,
Axır ki sol nədi, sağ nədi, bildim.

Doldu piyalələr, boşaldı camlar,
Sərxoş damağımı dəyişdi tamlar…
Qaranlıq könlümdə yandıqca şamlar
Ürəkdən əriyən yağ nədi, bildim.

Adlayıb dünyanın Hun hasarından
Qopdu şah millətim şah damarından…
Sındı məmləkətim sınırlarından,-
Çəpəri pozulan bağ nədi, bildim.

İbrahim İlyaslı, budurmu qanmaq?-
İşin-peşən oldu tutuşub yanmaq.
Haqqı buluncaymış fələyi danmaq,-
Bildim nahaq nədi, haqq nədi, bildim.

Torunu sudan çək, balıqçı baba

Torunu sudan çək, balıqçı baba
Mənim nə ölümüm torunda sənin?
Məni yem etdiyin harınlar ki, var –
Çıraq tutmayacaq gorunda sənin.

Açıb qucağını bu dünya üzü,
Dağlar da dərəymiş, dərə, bir cürə.
Ümmana bənzəyir bu dünya özü,
Hamı avar çəkir, hərə bir cürə.

Heç nə görməyəndə heçə göz baxır,
Heçliyə varmağın yüz qanunu var.
Bir saman çöpünə neçə göz baxır –
Dəryada davanın öz qanunu var!

Ömrə qayıdırmış ömürdən gedən,
Ölümdən qorxuruq ölənə kimi.
Kimdi Tanrısına bəndəlik edən,
Özüylə üz-üzə gələnə kimi?

Bədən qayığıma əllərim avar,
Qolum qoltaq oldu sənə çatınca.
Mənə bir tədbir tök, balıqçı baba,
Sualtı qayıqlar düşüb dalımca.

Bir az bu ağaca, bir az o daşa

Bir az bu ağaca, bir az o daşa,
Bir az bu torpağa oxşayıram mən.
Bir az ağac ömrü, bir az daş ömrü,
Bir az torpaq ömrü yaşayıram mən.

Yüz yol od qoyanlar yandırammadı,
Olmadı kimsəyə əyilməyim də.
Palıd vüqarımı sındırammadı,
Salbalar altında böyüməyim də.

Ovcumun içində qəbrim qazıldı,
Gözümün ovcuma boşalan vaxtı.
Mənim yaddaşıma daşla yazıldı,
Mənim ürəyimin daş olan vaxtı.

Şikar qovladılar, at oynatdılar,
İllərlə yarımcan canımın üstə.
Qara gözlərimdə qır qaynatdılar,
Asfalt döşədilər alnımın üstə.

Bir az ağaclara, bir az daşlara,
Bir az torpaqlara oxşadım, neynim?
Bir az ağac ömrü, bir az daş ömrü,
Bir az torpaq ömrü yaşadım, neynim?!

Başına döndüyüm

Uca tanrım, ucalığın haqlandı,
Bir mətləbim var, başına döndüyüm:-
Məni qoymur öz ömrümü yaşayam,
Abır – həya, ar, başına döndüyüm.

Dindirirəm – qara daşlar ağlayır,
Dillənmirəm – dilim mamır bağlayır.
Dərələrdə sellər məni haqlayır,
Zirvələrdə qar, başına döndüyüm.

Bu yürüşnən bir mənzilə çatmazdım,-
Belə bilsəm, heç başımı qatmazdım.
Mənə qalsa, ipə – sapa yatmazdım…
Yatdım, oldum xar, başına döndüyüm.

Ətək – ətək üstümə od tökdü ki,
Kəlmə – kəlmə ürəyimi sökdü ki…
Ağ günümü göy əskiyə bükdü ki,
Bir nainsaf yar, başına döndüyüm.

Təmənnam yox kimlərdənsə baş olum,
İbrahiməm, İbrahim də kaş olum,
Ya bilmərrə daşa döndər, daş olum,
Ya neynirsən gör, başına döndüyüm!

Olmaz-olmaz

Yeddi yol səcdə qıl, yeddi qat əyil
Zalımdan məzluma hay olmaz-olmaz.
Hər saya salınan sahib-say deyil,
Hər saya gələndən say olmaz-olmaz.

Min bir qiyafədə gəlsin səhnəyə,
Astar üzə bəlli, təzə köhnəyə.
Yüz arxı qaldırıb bağla dəhnəyə,
Dəhnədən çıxandan çay olmaz-olmaz.

Qanında yoxdursa ha daşdan süzül,
Ha əlləş, ha çarpış, ha əri, üzül.
Nə qeyrət dəvədir, nə namus qızıl,–
Qardaşdan qardaşa pay olmaz-olmaz.

Tanrının bəndəylə yoxdur qərəzi,
Var şöhrət mərəzi, gödən mərəzi.
Hər şeyə ölçüdür mizan-tərəzi,–
Artıqdan əskiyə tay olmaz-olmaz.

İbrahim İlyaslı dolanar bihal,
Göyə çıx, Yerə gir hökmdür bu hal:–
Sərkərdəsiz millət, aşıqsız mahal,
Aqilsiz məmləkət bay olmaz-olmaz.

Yıxılır

Ürəklər eşqə atlanır,
Ağıl nəfsindən yıxılır.
Şair sözündən qatlanır,
Aşıq səsindən yıxılır.

Nuhun əyyamından bəri
Sirri birdi bəndələrin;
Kişi «yox»undan gəbərir,
Zənən «hə»sindən yıxılır.

Hərə qalxır öz ipinə,
Kim düzünə, kim çəpinə.
Hamı özünün dibinə,
Öz zirvəsindən yıxılır.

Mən bir dəli rəssamam

Oturub ömrün içində
Çiçək şəkli çəkirəm.
Yalan rəngləri götürüb,
Gerçək şəkli çəkirəm.

Çəkirəm ciyərlərimə
Faniliyin ətrini.
Məndən əziz tutan varmı,
Bu faninin xətrini?!

Kimsə bilməz nə çəkdirir,
Mənə mən çəkdiklərim.
Ölümlərə cücərirlər
Olmağa əkdiklərim.

Dəryalar mənə çəkilir,
Tufanlar məndən qopur.
Başıma odlar ələnir,
Ruhuma sular hopur.

Şəkillənir qələmimdə
Doğulmamış bir adam.
Mən şair deyiləm, yavrum,
Mən bir dəli rəssamam.

Gedirik

Hər gecənin səhəri var,
Hər varlığın təhəri var.
Hər ömrün bir kəhəri var,
Bağrını yarıb gedirik.

Hər qəmin bir düyünü var,
Hər nəşənin bir ünü var.
Hərənin sanlı günü var,
Sanayıb, durub gedrik.

Yayda oduq, qışda qarıq,-
Nəyə desən yarayarıq.
Yaman “kefqom” adamlarıq,
Kefdi da… görüb gedirik.

Biz hər şeyi bilənlərik,
Biz heç nəyi biləmmərik.
Qurğu ilə gələnlərik,
Qurğudu, qurub gedirik.

Düzündə bitək Allahın,
İzində itək Allahın.
Əl bizim – ətək Allahın,
Bir yoldu, varıb gedirik!

Nə olur mənə haqq olur

Nə olur mənə haqq olur,
Mənim işim haqq iləndi.
Şah kimdi? – Allahın qulu,
Hökmü-fərma taxt iləndi.

Dünya qananla doludur,
Sağ yenə sağın soludur.
Yol olan yoxluq yoludur,
Varlıq olan vaxt iləndi.

Eşq nədi – işığın səsi,
Eşq nədi – sözün nəfəsi.
Eşqdi Allahın kölgəsi,
Eşqə düşmək baxt iləndi.

Olsun

Dünyaya kefə gəlmirik,
Bir az da göz yaşın olsun.
Qaşın altda gözün varsa,
“Gözün üstə qaşın” olsun.

Dilində haqq sözün varsa,
Söz deməyə üzün varsa,
Ürəyində közün varsa,
Ətəyində daşın olsun!

Bu din mənim dinim deyil,
Bu don mənim donum deyil.
Bu ömür də mənim deyil,
Apar, halal xoşun olsun.

İnşallah

Könül, bunca qəm eləmə,
Qalmarıq naçar, inşallah.
Yerdən umud gözləməyən,
Quş olub uçar, inşallah.

Ovcunda boğulur səsin,
Sızlama Allah bəndəsi.
Bu yerin, göyün yiyəsi,
Bir gün nur saçar, inşallah.

Haq deyib haqlayan Tanrı,
Haqqa gün ağlayan Tanrı.
Bir yandan bağlayan Tanrı,
Bir yandan açar, İnşallah.

Şeir

Səni
qana-qana
yazmaq olmur,
yaza-yaza
qanmaq.
Sənə yetməyin
bircə yolu var:
Yanmaq!!!
Yanmaq!!!
Yanmaq!!!

Qədim türkü

Ən uca dağlar belində,
Binə türk olu, türk olu.
Himalay, Altay, Ağrıya,
Sinə türk olu, türk olu.

Sidqi dürüst, ruhu oyaq
Qılıncı, mızrağı sayaq.
Dar ayaqda arxa-dayaq,
Dinə türk olu, türk olu.

Boğulamaz haqqın səsi,
Yoxdur «necə»si, «niyə»si.
Doğu-Batının yiyəsi,
Yenə türk olu, türk olu

O sevdalı çağlar yadındadırmı?

O sevdalı çağlar yadındadırmı?-
Bir mən igidiydim, bir də sən gözəl.
Dünyada mənə tay dəli yoxuydu,
Yoxuydu dünyada sənə tən gözəl.

Bə heç demirsənmi hardadı görən
İpək tellərinə nərgizlər hörən?…
Səniydin onlara yaraşıq verən,
Nə çiçək gözəldi, nə çəmən gözəl.

Sevgi bir yol gələr adama haqdan,-
Sənin divanənəm elə o vaxtdan.
Gözümə ağ gəlib yola baxmaqdan,
Ürəyə xal düşüb, saça dən, gözəl.

Mən ömür sürmədim – vaxtdı, uzatdım,
Sənsizlik adıyla başımı qatdım…
Göynəyə-göynəyə əlliyə çatdım,-
Gülə-gülə ölləm “öl” desən, gözəl.

Gör mən nə saymışam, fələk nə sayıb –
Dönüb sənə baxmaq sayılar ayıb…
Aradan qırx igid ömrü adlayıb,-
Mən həmən dəliyəm, sən həmən gözəl!

Elə bilirsən ki

Elə bilirsən ki, səni duymuram,
Elə bilirsən ki, mən qəlbi daşam.
Elə bil hər dəfə səni görəndə
Dizləri titrəyən mən olmamışam.

Bəzən yol getmişik uzun-uzadı,
Nə mən danışmışam, nə sən dinmisən.
Hələ də gözlərim ulduzlardadır,–
Sən elə mənimçün göydən enmisən.

Səni illər boyu sevdim gizlicə,
Dindi ürəyimin axır təpəri.
Əllərim əlinə toxunan gecə
Əlləri qoynunda açdım səhəri.

Hər gecə sənsizlik çöküb sinəmə,
Çöksüyüb sinəmə inildəmişəm.
Vaxt olub, yüyürüb gecəyarısı,
Pəncərən önündə şeir demişəm.

Səndən nə gizlədim, nə deyim sənə,
Arxada ömür var, qarşıda ölüm.
Tale ilk eşqimi çox gördü mənə,
Sən mənə özünü çox görmə, gülüm.

Necəsən?

Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?

Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?

Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?

Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?

Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?

Sənin həsrətinlə yazdığım şeir

Qəlbimin parası üzülüb gəlir,
Söz-söz, misra-misra düzülüb gəlir.
Sənsiz gecələrdən süzülüb gəlir,
Sənin həsrətinlə yazdığım şeir.

İniltim, gümültüm, ağlar səsimdi,
Öz ahım, öz naləm, öz nəfəsimdi.
Qoşa qanadımdı, dar qəfəsimdi,
Sənin həsrətinlə yazdığım şeir.

Gözümün, könlümün söz təşnəsidi,
Ömrümün fələklə əlləşməsidi.
İlahi hisslərin mələşməsidi,
Sənin həsrətinlə yazdığım şeir.

Rəngi-ruhu qaçmış sir-sifətimdi,
Səsinə uçunan məhəbbətimdi.
Bir dönük sevdaya sədaqətimdi,
Sənin həsrətinlə yazdığım şeir.

Gəl

Nerələrdə qaldın, gözümün nuru?-
Bir anlıq həsrətin bir il oldu, gəl.
Sırsıra bağladı ocağım, odum,
Sənsiz Sumqayıtım Sibir oldu, gəl.

Gözəllər xasından sevib-seçdiyim,
Keç desə yolunda candan keçdiyim,
Oturub-durduğum, yeyib-içdiyim,
Yatıb-oyandığım səbir oldu, gəl.

Allahdan aşağı nə var unutdum,
Tutiya ətrinlə könlüm ovutdum.
Hər kəlmə başında adını tutdum,
Hər kəlmə canıma cəbir oldu, gəl.

Səndən ötrü

Beqəfil sinəmin altı göynədi,
Elə qəribsədim, oyy… səndən ötrü.
Nə vaxtdı ömrünü sənsiz yaşayan,
Canıma toy tutdum, toy, səndən ötrü.

Aman diləmərəm qəsdimə dursan,
Qurbanlıq qulunam – boynumu vursan.
Mənə haqq eləyib divan tutursan,
Halaldı bu haqqı-say səndən ötrü.

Həmən İbrahiməm – pünhan ağlayan,
Doğrular yalandı, sənə bağlıyam.
Qıyma özgə xata məni haqlaya,
Olum sadağalıq qoy səndən ötrü.

Hər işin gözəldi…

Hər işin gözəldi sənin, ay gözəl,
Sən mənə zülmü də gözəl verirsən.
Açılır ovucun ağ zambaq kimi,
Həsrəti vüsaldan əzəl verirsən.

Özüyün özündən xəbərin yoxdu,
Bu boyda dünyaya sığışmır ədan.
Düzlərdə pələsəng olub qalmışam,
Dağdan səsin gəlir, dəryadan sədan.

Yollar bihuş olur sən yeriyəndə,
Qarşına yüyürür güllü cığırlar.
Quşlar budaqlardan, balıqlar sudan,
Çiçəklər çəməndən sənə baxırlar.

Qəddinə küsənir sərv ağacları,
Dəli qızılgülün hirsi qındadı.
Yerindən tərpədir ətrin daşları,
Yer üzü heyranlıq məqamındadı.

Belə ovsunlayan olmayıb məni,
Sehir qızı sehir, sirr qızı sirsən.
Öyrətmən yaradıb yaradan səni,-
Bəşərə gözəllik dərsi verirsən.

Bir sənsən könlümdə…

Qəlbində yerim yox, köksündə necə?…

Qəlbimin başında qurulu taxtın,
Köksümün üstündə yerin bəllidi.
Bir sənsən könlümdə, bu gecə haqqı,
Bir də sənsizliyin sitəmləridi.

Payız yarpağıtək saralıb-sollam,
Üstümü almağa qarlı qış gələr.
Qanlı qismətimin qurbanı ollam,-
Bəlalı sevdalar mənə tuş gələr.

Sən də xoş gəlibsən, buyur başa keç,
Könül ovçusunun yeri başdadı.
Mənim kimi şikar görübsənmi heç?-
Mənim tək şikarın yeri başqadı.

Aman ver, söküldü canımın tabı,
Ruhumun qalası baxışlarında.
Mələk “günah”ı var, şeytan “savab”ı
Zalımın balası, baxışlarında.

Mən eşq əsiriyəm, gül sevdalısı,
Bircə bülbüllərə həsədim qalır.
Mən eşqə düşəndə canla düşürəm,
Çıxanda quruca cəsədim qalır.

Qəlbimin başında qurulu taxtın,
Köksümün üstündə yerin bəllidi..
Bir sənsən könlümdə, bu gecə haqqı,
Bir də sənsizliyin sitəmləridi.

İstəyir

Bilirsənmi, səni, ömrüm,
Ürəyim necə istəyir…
Elə SƏN deyib döyünür,
Hər gün, hər gecə istəyir.

Kürləşib uşaq sayağı,
Dinc durmur əli, ayağı.
Bu qədər qoruq-qaytağı
Almır da vecə, istəyir.

Nə işarət, nə söz qanır,
Nə “səbr elə”, nə “döz” qanır.
Alov tanıyır, köz qanır,-
Tezcə, lap tezcə istəyir!

Sənə heyran

Səfərə çıxırsan – uğurlar olsun,
Özündən muğayat ol, sənə heyran.
Qoy öpsün mübarək qədəmlərini
Bəxtəvər-bəxtəvər yol, sənə heyran.

Sayənə sərilən yerlər sayıldı,
Ətrini duyunca güllər bayıldı…
Göylər başın üstə hayıl-mayıldı,
Sağ sənə heyrandı, sol sənə heyran.

Həsrət gözlərini oyub, gözləyir,
Qurbanlıq qəlbini soyub, gözləyir.
Qanını qaşığa qoyub gözləyir,
İbrahim dediyin qul, sənə heyran.

Olur

Şahənşah əyləşir taxta,
Əmri – «Dünya, düzəl!» olur.
Yarpaqlar qovuşur haqqa,
Yalan sözdü; xəzəl olur.

Bir sevda kəsir solunu,
Göyə qaldırır qolunu.
Gözəl günlərin yolunu,
Gözlədikcə gözəl olur.

Hər gülünkü gətirmir ha,
Hər daş çiçək bitirmir ha.
Tale eşqi yetirmir ha,
Eşq taledən əzəl olur.

Tural Adışirinin təqdimatında