Ev Bədii Sevda dediyimiz gözəl sərxoşluq – Şeirlər

Sevda dediyimiz gözəl sərxoşluq – Şeirlər

198

Adil Mirseyid – 70

* * *
Bir dəli şeytan deyir
Sən də at şeirin daşını
Çıx get qara Afrikaya
Rembo kimi qat başını.

Öpülməmiş bir qız tap
Bir də köndələn daxma
Heç kimə məktub yazma
Güzgülərə də baxma

Nə din, nə dil, nə də Vətən
Hamısı çıxsın yadından
Amma bir gün uçan yerdə
Vursunlar qanadından

Qar eskizi

Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır

…Qara çörək
Bəyaz pendir
Qırmızı çaxır

Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır

gecə yağışı

bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm
göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm

necə inanırdım bəxt ulduzuma
mən sözün sehrinə bel bağlayırdım
gecələr yuxuma girərdi allah
mən ona sirr verib sirr saxlayırdım

nə tüfəng asılıb divardan nə saz
bəlkə öz ömrümü uydurmuşam mən
bəlkə yüz il əvvəl oynamalıydım
bəlkə bu yuxudan gec durmuşam mən

nə bir at kişnəyir nə köpək hürür
divar saatı da susub qorxuda
yüz il öncə yağan yağışın səsi
bu gecə oyadıb məni yuxudan

göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm
bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm

uzun gecənin şeiri

Bəzən vağzallarda qatar gecikir
hardasa dağlarda bahar gecikir
gecikmiş məhəbbət romanları var
aynada xatirə dumanları var

mən şeir yazıram gecə yarısı
sancır ürəyimi bir bal arısı
ağlama gözünün yaşlarını sil
gecəyə qar yağır umrumda deyil

hanı rahatlığım dincliyim hanı
o qafası sərxoş gəncliyim hanı
mən sənin ömründən çıxıb gedərəm
alnıma bir güllə sıxıb gedərəm

pəncərə önündən bir kölgə keçir
mənim gümanımdan bir bəlkə keçir
çox uzun bir gecə dekabr ayı
sanki gülümsəyir oyuncaq ayı

gəl otur yanımda səssiz sədasız
ayrılaq bu gecə qansız qadasız
son dəfə bir şeir oxuyum sənə
hər şeyi təzədən başlayaq yenə

eşq günahı

sənin gözlərində eşq günahı var
bilirəm ayrılıq izləyir bizi
haralardan əsdi bu qara rüzgar
sanki bir fəlakət gözləyir bizi

bir yol ayrıcında üz üzə durduq
qarşıda uçurum arxada boşluq
biz gül yarpağında bir yuva qurduq
sevda dediyimiz gözəl sərxoşluq

nə durmusan bir hava çal çal aşıq
ürəyimiz parçalanır axşamlar
olum ölüm arasında qalmışıq
səsimizə hay vermədi adamlar

bu nə dərddi umud yoxdu sabaha
yandırdılar mənim isti yuvamı
dur bir ruhani çal ölürəm daha
qiyamətə saxlamışam davamı

alnımda tanrının bir qəmli şeiri

nə günahın sahibiydim belə uzun yaşadım
otuz yaş da qocalıqdı mənimçün
gicgahımda bir ağrı var
qəfil sancır gicgahımda bir damar
güllə yeridi bəlkə

bir nar çiçəyi açıb
könlümün budağında
güllə yeridi bəlkə

gözlərimdə bir qürbət qaranlığı
aydınlanan yerdəcə
içimə qorxu salan nədir birdən birə
mən səhrada tənha atlı

alnımda tanrının bir qəmli şeiri
alnımda bir öpüş yeri
güllə yeridi bəlkə

* * *
quşları yemləyirdim
daş oldu ovcumda dən
mən bir kor şairinəm
ilahi tut əlimdən

dua oxuyacaqdım
söz çıxmadı dilimdən
mən bir lal şairinəm
ilahi tut əlimdən

qərib könlüm neyləsin
ayrı düşüb elindən
qürbətdə boğuluram
ilahi tut əlimdən

Tural Adışirinin təqdimatında