Nazim Əhmədlinin şeirləri…
Adsız liman
yaman uçub, dağılıb,
necə gedim bu yolu;
pas atıb daş divarda,
yuxumdakı at nalı;
buludların səsindən,
qulağımda küy qalıb;
ötən eşqin odundan,
canımda kösey qalıb;
ruhum bir adsız quşun,
qanadından asılıb;
heç özüm də bilmirəm,
alnıma nə yazılıb;
bir ayrı göy üzündən,
yaşıl ulduzlar baxır;
lələk-lələk buludlar,
yellənir ağır-ağır;
hər göyün öz tanrısı,
hər köyün öz adı var;
hələ yağışlar yağır,
qurumayıb buludlar;
könlümə qubar dolub,
baxışımda duman var;
orda bir adsız şəhər,
bir adsız da liman var.
Əllərimdən bərk yapış
nə qapı, nə baca var,
hardan girim saraya;
barılar çox qəlbidi,
əl çatmır yuxarıya;
körpü bir tağın üstə,
qar yatıb dağın üstə;
ruhum yarpağın üstə,
payız düşüb araya;
çıxıb getdim naxıra,
kim qalıbdı axıra;
mən yaşıla baxıram,
üzüm dönmür sarıya;
kimdə bir az can qalıb,
nə dağ, nə aran qalıb;
ortalıqda qan qalıb,
qaysaq gəlmir yaraya;
qayıdın, açın yolu,
ağaclar saçın yolub;
ürək yarıcan qalıb,
ömür çatır yarıya;
hər çiçəkdə min naxış,
buludlar yağış-yağış;
əllərimdən bərk yapış,
ayrılıqlar qarıyar.
Gedim kimi oyadım
deyəsən, ayazıyır,
gecə üzü danadı;
küçələr bomboş qalıb,
binalar yan-yanadı;
sözüm ocaq üstədi,
ruhum məni səslədi;
uçdum, hara istədim,
sızıldayır qanadım;
gedim kimi oyadım,
gün çırtdadı bir udum;
üfüqdə ağ buludun,
yanaqları qanadı;
saçları uzun-uzun,
gizlədə bilmir nazın;
yuxumdakı o qızın,
nə özü var, nə adı;
buludlar düyçə-düyçə,
xəyallarım düyünçə;
yata bilmədim gecə,
göydə ulduz sanadım.
Kimsə dartır ruhumu
hər kol bir qaraltıdı,
hər gecə bir səksəkə;
kimsə dartır ruhumu,
şəklimi çəkə-çəkə;
içimdə səngər qışı,
çölüm qan ağlıyırmış;
İlahi, heç bilmirdim,
dağlar da laxlıyırmış;
buludlar çəkilməyib,
bir yanı uçuq qalıb;
gəldiyim göy üzünün
qapısı açıq qalıb;
qara dalğalar gəzir,
dənizin yaxasında;
dünya dağılır hələ,
fələyin yuxusunda;
kim nə çəkir, kim bilir,
hərənin öz dərdi var;
bir gecənin içində,
saçlarıma yağdı qar;
deyən yol da uzanır,
hələ sabaha çox var;
dağların arasından,
işıldayır bulaqlar.
Mənə sevgidən danış
uzaqlar yordu məni,
bir az qayıt yaxına;
qərib-qərib dənizlər,
gəlib girir yuxuma;
ömür bir biçim qalıb,
dərd içim-içim qalıb;
könlümün köçü qalıb,
çiçəklərin ağında;
gəldi payız küləyi,
soldu dağın küləyi;
birdən sınar ürəyim,
ürəyimə toxunma;
uzun yollar içində,
çəkdim dərdi içimdə;
yazılıb bu biçimdə,
alnımın varağına;
yol tutdum, qarış-qarış,
ağrılar qarımamış;
mənə sevgidən danış,
qəmli şeir oxuma.
O sevdiyim dəniz
gündüz gecəni qovur,
gecələr də gündüzü;
buludlar çəkilincə,
gülümsəyir göy üzü;
yurdu yoxdu ahların,
dərdi çoxdu şahların;
qarşı duran dağların,
solub bəti-bənizi;
yanıb sönən kösövdü,
dünya uçuq bir evdi;
daha nələri sevdi,
könlümün görən gözü;
ruhumdan bir qaçaq var,
köksümdə bir bıçaq var;
canımda bir ocaq var,
hələ sönməyib közü;
od yaxım, köz götürüm,
buluddan cığır hörüm;
aparın məni, görüm,
o sevdiyim dənizi.
Ruhum kimə əsirdi
gecə yarıdan keçib,
üzüm-gözüm mürgülü;
küləklər hara dartır,
həsrətimin yükünü;
solub gedir qönçələr,
yal-yamaca çən gələr;
qara xal-xal gecələr
saçlarımdan sökülür;
hara getdi ahlarım,
sonu yox uzaqların;
o taydakı dağların
boy-buxunu bükülü;
ağ buludlar nə sində,
dərdim əkin-biçində;
qalıb yolun içində,
körüm-köçüm tökülü;
həm cığaldı, həm kürdü,
ruhum kimə əsirdi;
gecə yuxuma girdi
göy üzünün şəkili.
Sular Tanrı payıdı
yollar burum-burumdu,
cığırlar dolayıdı;
göy sular gedib itmir,
axıb-axıb qayıdır;
ağ buludlar mürgülü,
hanı, dərdin şəkili;
könlümdəki tikili,
Tanrınını sarayıdı;
saat ötür üstümdən,
boğuluram tüstümdən;
canım bişir istidən,
həsrətimin yayıdı;
dünya bağlı bir qəfəs,
yoruldum nəfəs-nəfəs;
qulağıma düşən səs,
dağların harayıdı;
ocaq közündən baxır,
yollar gözümdən baxır;
sular dizimdən baxır,
sular Tanrı payıdı.
Yenə bu günə şükür
hanı yaz yağışları,
buludlar da quruymuş;
sevdamın rəngi yaşıl,
ayrılıqlar sarıymış;
kim incidib dənizi,
solub bəti-bənizi;
fələk eşitmir bizi,
qulaqları karıymış;
dərd sığışmır üsgüyə,
gün qayıtmır əsgiyə;
dünən baxdım güzgüyə,
saçlarım da qarıymış;
buludlar dəstə-dəstə,
ürəyim nə həvəsdə;
demə yolların üstə,
hələ payız varıymış;
kim gülür, kim dərd çəkir,
küləklər yarpaq bükür;
yenə bu günə şükür,
Tanrı bizə yarıymış.
Yolumun üstünə çıx
yarpağı yağış yudu,
işıq düşdü üzümə;
göy üzünün rəngini,
qarışdırdım sözümə;
həsrətimi qovurdum,
ağrıları sovurdum;
bir yoxuşu da yordum,
təpər gəldi dizimə;
külək əsdi, bir əsim,
buz kimidi nəfəsin;
gəl, bir az da sən isin,
bu ocağın közünə;
mən gəlmədim, bu yaz da
Kür boğuldu Arazda;
məni gözlə bir az da,
ayrılığa üzülmə;
oduma, istimə çıx,
yanıram, tüstümə çıx;
yolumun üstünə çıx,
səni təpim gözümə.
Nə qaldı son bahardan
burdan bir ov keçibdi,
hara gedib çəhlimi;
atım qançır olubdu,
dəh deyirəm, ləhliyir;
harda yatıb-ayılıb,
buludlardan soyulub;
ağca duman yayılıb,
dağları bələkləyir;
nə qaldı, son bahardan,
könlüm qalmaz qubardan;
xəbər çıxmadı yardan,
həsrətim küləkliyir;
hər gözələ naz düşür,
saçıma bəyaz düşür;
könlümə bir yaz düşür,
həsrətim lələkliyir;
hanı, dağın yatımı,
hardan sürüm, atımı;
anam sacın altını,
yuxumda ətəkliyir;
getdim üzü küləyə,
düşdüm qışa-çilləyə;
fələk yığıb ələyə,
hamını ələkləyir.
Ürəyim bir ocaq közü
xoş günlərdən xəbər yoxdu,
yadımdan çıxmır ötənlər;
qışda ac qalan sərçələr,
gecə ulduzları dənlər;
ürəyim bir ocaq közü,
yoxmu, gecənin gündüzü;
yenə görünmür göy üzü,
çəkilmir dumanlar, çənlər;
nə var uzaqdan, yaxından,
tək səbir ötür qorxumdan;
çəkilib getmir yuxumdan,
payıza oxşar çəmənlər;
ayrılıqlar min sənədi,
ağrılar dənə-dənədi;
özüm də bilmirəm, nədi,
könlümdə bir həsrət inlər;
dəli ruhum harda uyur,
dalğalar sahili yuyur;
bulanıb dünyanın suyu,
çoxalıbdı dərd içənlər
/”Ədəbiyyat qəzeti”. 1 may, 2021/