Ev Bədii Şuşaya köç gəlir – Elşən Əzimin yeni şeiri

Şuşaya köç gəlir – Elşən Əzimin yeni şeiri

270

ŞUŞAYA KÖÇ GƏLİR

Bulud ətir səpir öz yağışıyla,
Şuşaya köç gəlir yaz yağışıyla.
Qaya əllərini gözünün üstə-
Qaldırıb köçünü gözləyir Şuşa.
İçindən qopmuşdu ruhu otuz il
Ruhunu, İçini gözləyir Şuşa.

Oğul qarşılayan ana misalı
Bayram libasını geyinir Şuşa.
Gedəndə ardınca su atmamışdı-
Gələn qədəmlərə su səpir indi
Öyünür Şuşa.
Yuxudan ayılır bir qərinəlik
İnfarktdan sağalmış bir ürək kimi
Yenidən, yenidən döyünür Şuşa.

Açılır Şuşanın yolları, tanrım
Açılır qoynunda qalan qolları.
Sərir qollarını, qanadlarını
Gələn balasının qədəmlərinə.
Bu şəhər üz tutur sabahlarına
Bu köç salam verir qədimlərinə.

Şuşaya köç gəlir bu bahar çağı
Gəlir qələbənin nübarı kimi,
Düzülür bir durna qatarı kimi.
Bir zaman üzünü göylərə tutub
Durna qatarına söz deyən Vaqif
İndi göy üzündən yerlərə baxır
Bu köçü, növrağı gözləyən Vaqif
Deyir:
“Fərağınızdayam xeyli zamandır
Sözüm vardır mənim sizə, durnalar.”

Dağlar da düzülür yol qırağına,
Düzülür ağacın, daşın karvanı.
Şuşaya köç gəlir, durna qatarı…
Şuşaya köç gəlir, maşın karvanı…