Ev Xəbərlər “Təmrin” dərgisinin xüsusi “Mirzə Fətəli Axundzadə” nömrəsi çap olunub

“Təmrin” dərgisinin xüsusi “Mirzə Fətəli Axundzadə” nömrəsi çap olunub

990

Artıq ikinci ildir ki, Milli Məclisin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə Mərkəzi və Türkiyənin “Təmrin” dərgisinin birgə layihəsi olan “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi həyata keçirilir. Layihə çərçivəsində indiyədək “Təmrin” dərgisinin Rəsul Rza, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadəyə həsr olunmuş xüsusi nömrələri işıq üzü görüb.

Azərbaycanın görkəmli dramaturqu, maarifçisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 143-cü il dönümü ərəfəsində isə dərginin xüsusi “Mirzə Fətəli Axundzadə” nömrəsi çap olunub.

Bu xüsusi nömrə ümummilli lider Heydər Əliyevin sözləri ilə açılır: “Mirzə Fətəli Axundzadənin yaradıcılıq yolunu səciyyələndirən tarix səhifələrini vərəqləyərkən biz böyük iftixar hissi keçiririk ki, xalqımız ağır zamanlarda gerilik, dini fanatizm şəraitində belə görkəmli şəxsiyyət, öz dövrünü qabaqlayaraq gözəl əsərlər yaradan bir insan yetişdirmişdir”.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük ədiblə bağlı yüksək fikirləri təqdim olunur: “Mirzə Fətəli Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır…”

Dərginin 116-cı xüsusi nömrəsində Xalq yazıçısı Anarın, Milli Məclisin deputatı Cavanşir Feyziyevin, akademik İsa Həbibbəylinin, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın, professor Cavanşir Yusiflinin, ədəbiyyatşünas-alim Şahbaz Şamıoğlunun, ədəbiyyatşünaslar Mətanət Vahid və Tural Adışirinin, şair Səlim Babullaoğlunun maraqlı məqalələri dərc edilib. Eyni zamanda, görkəmli dramaturqun həyat və sənət barədə fikirləri, geniş bioqrafiyası, Şəki və Tbilisidəki ev muzeylərindən geniş fotomateriallar, habelə Bakıda şairin adının əbədiləşdirildiyi abidə və yerlərin fotoları, zaman-zaman M.F.Axundzadə ilə bağlı fikir söyləmiş dünyanın və Azərbaycanın tanınmış insanlarının fikirləri yer alıb.

“Milli dünyagörüşümüzün inkişafında Mirzə Fətəli Axundzadənin rolu” ( Şərqin Volteri – Mirzə Fətəli Axundzadə) yazısını Cavanşir Feyziyev bu sözlərlə bitirir : “Azərbaycan mədəniyyət düşüncəsinin milliləşməsində, ictimailəşməsində, siyasiləşməsində, müasirləşməsində və demokratikləşməsində, dünyaya açıqlıq keyfiyyətləri qazanaraq universallaşmasında həlledici tarixi rol oynayan Mirzə Fətəli Axundzadə ilə, doğrudan da, tariximizin köhnə dövrü bitir, yeni zaman başlayır. Heç şübhə yoxdur ki, yeni zamanda Azərbaycanın müstəqilləşməsində, suveren demokratik respublika kimi dünya dövlətləri arasında özünəlayiq yer tutmasında Mirzə Fətəli Axundzadə ideyalarının xüsusi payı və həlledici əhəmiyyəti olub”.

Xüsusi nömrəni nəşrə şair Səlim Babullaoğlu hazırlayıb. Dərginin naşiri Şərəf Yılmaz, layihənin koordinatoru Bəxtiyar Səlimov, mətnlərin türkcəyə tərcüməçisi Ömər Kiçikməhmədoğludur.

Dərgi Türkiyənin bir çox kitabxanalarına, habelə təhsil müəssisələrinə təqdim edilir. Bu, Mirzə Fətəli Axundzadənin çağdaş Türkiyədə tanıdılması istiqamətində ilk böyük nəşrdir.