Ev Bədii Çiçəkli sözünə güldandı könlüm – Məmməd Aslanın şeirləri

Çiçəkli sözünə güldandı könlüm – Məmməd Aslanın şeirləri

240

Bu yolu seçdim ki

Səpib göyərdərəm sözü-kəlməni,
Ayrı sənətim yox, ayrı işim yox…
Tanıtsa, bir misram tanıdar məni,
Ayrı sənədim yox, arayışım yox!..

Sözlər közərdimi, qəlbim yanacaq,
İsidər ruhumu bu od, bu ocaq.
Mənim ov silahım dilimdir ancaq,
Ayrı sapandım yox, ayrı daşım yox!

Bu yolu seçdim ki, yanam, tutuşam,
Alovlar içində qovrulan quşam,
…Ömrü söz uğrunda girov qoymuşam,
Ayrı ürəyim yox, ayrı başım yox!

Sən demə

Sən elə gözəlsən, elə göyçəksən,
Görüb gül üzünü, gül dandı könlüm.
Çiçək sözlərini yağdır üstümə,
Çiçəkli sözünə güldandı könlüm.

İntizar çəkməkdən min dağım çökdü,
Yolunmuş çəmənim ləçək-ləçəkdi,
Bu qədər ağrını-acını çəkdi,
Yenə xəyalınla ballandı könlüm.

Köhlən bildiyimiz, demə, yedəkmiş,
O şirin şərbətin bircə qədəhmiş…
Sözün də çiçəktək ömrü gödəkmiş,
Çiçək sözlərinə aldandı könlüm.

Yaxşı ki

Çəni tapan gündən kəsilib ağrım,
Könülümü göynədən bir intizarmış.
Mən elə bilirdim buza dönmüşəm,
Sən demə, sinəmdə tonqal yanarmış.

Günləri aylara zorla düyərdim,
Ömrün çiçək fəsli keçdi deyərdim,
Qurumuşdum, ülfətindən göyərdim,
Xoş gün görən kimi ürək baharmış.

Arxanca dünyanı gəzərdi Məmməd,
Yandı hicranına, közərdi Məmməd,
Pislərin əlindən bezərdi Məmməd,
Yaxşı ki, dünyada yaxşılar varmış.

Əs, bahar nəfəslim

Sən mənə ömürsən, sən mənə bahar,
Sən elə bilmə ki, sən sənsən elə.
Çəmənin çiçəyi nəyimə gərək,
Mənə bənövşəsən, süsənsən elə.

Bir zərif qönçədən dodağın zərif,
Yanağında qoşa ulduz közərib,
Yanında laləyə söylədim tərif,
O vaxtdan inciyib küsənsən elə.

Tələs, harayıma çatmağa tələs,
Tez çatsan, qəm mənə girişə bilməz,
Əs, bahar nəfəslim, ürəyimə əs,
Haçandı bir əsim əsənsən elə.

Dərddaşım dağlar

Sizsiz yaşamağım – zindan əzabı;
Əgər yaşadığım yaşamaqdısa…
Fələklə könlümün qəmxarlığı var,
Göylərin gözündən yaşım axdısa.

Çiçək açmalıydı daşda diləyim;
Çiynimə qonmamış uçdu mələyim.
Hansı mərtəbədən, məqamdan deyim,
Təmələ hördüyüm daşım axdısa…

Mənimlə danışdı dağın hər daşı;
Sirr tutan dağların Məmməd – sirdaşı.
Bir kömək ummadan dərdini daşı,
Məqsədin dağ yükü daşımaqdısa.

Niyə itirdin məni

Bir dəli rüzgara kökləndi könlüm,
Bilmirəm aparır, bu, hara məni.
Ay axşam ömrümün səhər günəşi,
Qaytar payızımdan bahara məni.

Yenə gözlərindən irağa düşdüm,
Bir yanar səhratək qurağa düşdüm,
İtirdim özümü, sorağa düşdüm,
Gətirdi həsrətin zinhara məni.

Ətək sən olardın, əl mən olardım,
Yanaq sən olardın, tel mən olardım,
Dilində ən şirin kəlmən olardım,
Sən hara itirdin, sən hara məni.

Məmməd xəyalınla min il qızınmış,
İnsanın ömründən eşqi uzunmuş,
Ürəyim arxanca körpə quzunmuş,
Gah itir gözündən, gah ara məni.

Sözün xətrinə

Üçəm nida ilə bitirdim sözü,
Ölgün deyilən söz sədasız qalar.
Ədalı işlərdə çəki-düzən var,
Mitillər, məğmunlar ədasız qalar.

Sözü söz kimi de, hədəfə çatsın.
Arif kimsələrin döşünə yatsın!
İldırım çaxırsa, bir daş qopartsın,
Təsirsiz deyilən nidasız qalar.

Ömrüm bir gündən də kəm olur-olsun!
Nakəslər qəsdimə cəm olur-olsun!
Kimsəyə baş əyməm, kim olur-olsun!
Gedərəm, imanım xətasız qalar!

Belə küskün görünmə

Çinar yarpağıdı, bu nədi yoxsa,
Xəzanmı qonubdu çiyninə belə.
Dərdinə bu göylər göynədi yoxsa,
Alma bu dünyanın eyninə belə.

Aydımı, ya sənsən buludda çimən?
Yandırıdın çökərəm tezi-geci mən,
Hər Məcnun xəyalı bir güllü çəmən,
Geyin bu çəməni əyninə belə.

Qəm yemə, yurdumun gözəl gəlini,
Şaxta tanımasın çiçək telini,
Dünyanın ardınca yellət əlini,
Salma hər fikiri beyninə belə.

Səni aparan yollar

Sən getdin, arxanca açıla qaldı,
Bir də qapanmadı qollar beləcə.
Mənimlə dumana, çənə büründü,
Hönkürdü yamaclar, yallar beləcə.

Sənsiz dünya mənə dərd-qəmə döndü,
Üyündü zirvələr, dağ quma döndü,
Şəkərim, şərbətim zəqquma döndü,
Zəhərə çevrildi ballar beləcə.

Bir uca dağ idin yaz görkəmində,
Şehli çəmənlərin öz görkəmində,
Səni apardığı qız görkəmində,
Geriyə qaytara yollar beləcə.

Tural Adışirinin təqdimatında