Ev Publisistika Tarixin söz aynası – Nadir Məmmədli

Tarixin söz aynası – Nadir Məmmədli

1554

Azərbaycanda roman janrı böyük bir inkişaf yolu keçmiş, müxtəlif dövrlərdə, ictimai-siyasi və sosial-tarixi şəraitlərdə fərqli formalarda təzahür etmişdir. Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Ə.Cəfərzadə, F.Kərimzadə ilə başlanan tarixi roman ənənəsini Y.Oğuz, Əlisa Nicat bu gün də uğurla davam etdirir. Tarixi roman janrı öz inkişafından qalmamış, yazıçılarımız mövcud varisliyə sədaqət göstərərək yeni əsərlər yazırlar. Onlardan biri də hekayə, povest və şeirlə ədəbiyyata gələn və tez bir zamanda yaradıcılığı ilə şöhrət tapan Sona İsmayılovadır.

Nəsrindən görünür ki, onun çox zəngin elmi-tarixi düşüncəsi, tarixə dərindən bələdliyi, faktlarla işləmək mədəniyyəti, eyni zamanda güclü bədii təfəkkürü və təxəyyülü vardır. Qələmə aldığı “Sözün xaqanı” tarixi-bədii roman klassik şairimiz, ziddiyyətli tale yaşamış Əfzələddin Xaqaniyə həsr olunmuşdur. Müəllif romanı qələmə alarkən, ilk növbədə, özünü həmin tarixə aid etmiş, məhz o tarixdə yaşamış, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş, qələmə aldıqlarını təhtəlpsixologiyası və yazıçı təxəyyülündə saf-çürük etmişdir. Elə buna görədir ki, əsər çox uğurlu alınmışdır. Yazıçı üçün tarixi roman qələmə almaq çox məsuliyyətli bir işdir, belə ki, Sona xanımın müraciət etdiyi dövr, söz açdığı tarixi şəxsiyyət haqqında geniş mütaliəsi sayəsində yüksək səviyyədə bilgisi vardır. Elə ona görədir ki, romanda Azərbaycan tarixinin qaranlıq səhifələrini və Xaqani dühasını reallıqlar, bədii təxəyyülü ilə canlandıra bilib. Zamanında V.Q.Belinski yazırdı: “Tarixi romana uydurma, hər şeydən əvvəl, şəxsi həyatı, ayrı-ayrı insanların taleyini təsvir etmək yolu ilə daxil olur və tarixlə bağlı hadisələr tək-tək adamların taleyi ilə qaynayıb-qarışır”. Müəllif bu əsəri ilə qarşısına milli kimliyimizi sevdirmək, təbliğ etmək və həmçinin tariximizin görkəmli nümayəndələrini olduğu kimi ictimaiyyətə çatdırmaq məqsədi qoyub. Fərqi yoxdur – istər tarixi reallıqlar, istərsə də yazıçı təxəyyülündən doğan hadisələr, olaylar, obrazlar,.. bütün bunlarla təsvir olunan tarixi dövrün obrazını yarada bilib. Romanı oxuduqca bir daha aydın olur ki, tariximizi tarixçilərdən daha çox yazıçılarımızdan öyrənməliyik. Sona xanımın tarixi janra müraciət etməsinin səbəbi millətin tarixini xalqına çatdırmaq istəyidir, çünki tarix kitabları nə qədər sxolastik, quru faktlara əsaslansa da, bu faktları canlandıran tarixi-bədii əsərlər həm yaddaşlarda qalır, həm də maarifləndirici rol oynayır – bu əsərlər elə tarix kimi də qəbul olunur. O, tək-tək təsadüf edilən detalları dövrün tələblərinə uyğunlaşdırır, ayrı-ayrı epizodlarla kifayətlənmir, özünün çoxsaylı təfərrüatları ilə bütövlük faktoru yaradır, sanki bütün bu epizodlar və bəlli təfsilatlar onun üçün xüsusi əhəmiyyət kəsb edir; yeniliyə can ataraq yeni ifadə formaları və təfəkkür tərzi nümayiş etdirir. Sözün xaqanı A.N.Pautnik tarixi romanlar haqda yazırdı: “Tarixi roman – keçmişi tarixi ardıcıllıqla təsvir etməkdir. Janrın tələbi tarixi sənədlərə əsaslanmaq, olmuş tarixi hadisələri və şəxsləri müasir tələblər baxımından əks etdirməkdir”. Tarixi roman əsərlərinin yaranmasında yazıçı təxəyyülünün rolu böyükdür. Xüsusilə qeyd etmək istəyirəm ki, Xaqani haqqında bilmədiklərimizi Sona xanım romanda tutarlı faktlarla izah edə bilmiş və belə nəticəyə gəlmişdir ki, tariximiz bitməyib – davam edir. Dövrün koloritini canlandırsa da, keçmişə öz təxəyyülü ilə yanaşan yazıçı olmuş faktlara sərbəst yanaşmır, hadisələri dəyişmir. Müəllif romanda xronoloji ardıcıllığı gözləyir – romanın kompozisiyasının ölçü vahidi insan bioqrafiyasıdır; təsadüfi deyildir ki, Xaqaninin gənclik yaşlarından ta ölümünə qədər insan-şair ömrünü tam əhatə edə bilmiş, hətta müəyyən məqamlarda saray münaqişələrinin daxilinə girməyi bacaran bir üslub sərgiləmişdir. Xaqanini çox ciddi planda təsvir etsə də, məzmununu tarixi hadisə və şəxsiyyətdən götürsə də, real və ya macəralarla əhatə edilmiş bir roman qələmə almış, əsərdə yığcam və sərrast ifadələri ilə zəngin dil koloriti yaratmışdır. Sona xanımın bəlkə də qazandığı ən böyük uğurlardan biri də məhz tarixi roman janrında qələmini sınamasıdır. Bu bədii yaradıcılıq yolu – narrativ üslub təkcə tarixi yox, fəlsəfəni, coğrafiyanı da bilməyi tələb edir. O, romanında dünya modellərinə həm forma və məzmun, diskurs və semantika parametrlərinə, sərbəstliyinə görə bədii təfəkkürə, estetik idrak qanunlarına, polifonik səciyyəyə sadiq qalır. Görkəmli yazıçı, tənqidçi-ədəbiyyatşünas M.Hüseynin tarixi roman janrı haqqında yazdığı önəmli fikirləri Sona xanımın yaradıcılığı ilə də səsləşir: “Tarixçi dövrün ümumi ictimai münasibətlərini əks etdirirsə, yazıçı ən çox dövrün psixologiyasını təşrih edir. Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana bilməz. Bir qədər də sadə desək, tarixçi “nələr olmuşdur?” sualına cavab verirsə, sənətkar “nələr ola bilərdi və necə ola bilərdi?” suallarına da cavab verir. Yazıçının vəzifəsi heç də tarixi şəxsiyyətlərin fəaliyyətini başdan-başa izləyib bədii tərcümeyi-hal yaratmaqdan ibarət deyildir”. Bu məlum həqiqəti dərk edən Sona İsmayılova tarixi romanında təsvir etdiyi qəhrəmanlarını həm tarixi şəxsiyyət, həm də insan kimi dolğun təsvir edir, əsas məqsədə çata bilir: tarixi həqiqətlərə sədaqət, lakin eyni zamanda, bu həqiqətləri bədii təxəyyül süzgəcindən keçirmək, daha çox tarixlə müasirlik arasında körpü yaratmaq, keçmişlə bugünü bir-birindən ayırmamaq.

“Sözün xaqanı” tarixi romanını bədii-tarixi səciyyəsi, dil zənginliyi və səmimi təhkiyəsi ilə Sona İsmayılovanın yaradıcılıq uğuru kimi dəyərləndirmək olar. Yaş məhdudiyyəti nəzərə alınmayaraq roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub. İnanırıq ki, bu əsər Azərbaycan polifonik romanları sırasında örnək olacaq, öz dəyər və əhəmiyyətini uzun müddət saxlayacaq, hətta gündən-günə artıracaq.