Artıq üç gün idi ki, ermənilər kəndi atəş altında saxlayırdılar. Bununla da kiçik və iriçaplı silahlardan atılan güllələrlə dinc əhalini vahiməyə salmağa çalışırdılar. Hələ iki ay bundan əvvəl, yəni 2020-ci ilin iyul ayında ermənilər tərəfindən sərhədlərimizə edilən hucum nəticəsində gedən beşgünlük müharibə də eyni ssenari ilə başlanmışdı. Düşmən məsafəcən Qarabağdan çox uzaqda olan sərhəd kəndlərimizi atəşə tutmuş, bir neçə dinc sakinlərimizin evlərini bombalamışdı. Bunun nəticəsində öz həyətində ağacları sulayan qocaman kənd sakini 76 yaşlı Əziz kişinin evinə qəflətən düşən bombanın qəlpələri onun həyatına son qoymuş, həyətdəki tut ağacına hörüklənmiş bir sağmal inəyini və pəyədə olan səkkiz qoyununu, həyət-bacada hərlənən yüzə yaxın toyuq-cücəsini yerə sərmişdi. Qonşuya yuxa salmağa köməyə getmiş Nisə arvad partlayış səsini eşidən kimi əlləri unlu halda özünü həyətlərinə yetirəndə artıq gec olduğunu, əlli illik ömür-gün yoldaşının başından və sinəsindən aldığı qəlpə nəticəsində cansız halda torpağa yayılan qan içində yerdə uzandığını görmüşdür. O, yavaş-yavaş alovlanan, uçub-dağılmış evinə baxaraq ərinin meydinin yanında yerə çökmüş, son dəfə “Səni yanasan erməni!” ifadəsini hayqıraraq saçlarını yolmaq üçün əllərini yuxarı qaldırmaq istədiyi anda aldığı infarktdan elə yerindəcə dünyasını dəyişmişdi …
Yayda olan bu hadisədən artıq iki ay keçməsinə baxmayaraq ermənilər tərəfindən atılan atəşlər hələ də davam edir. Onlar bununla kənd əhalisində narahatlıq və təlaş yaratmağa çalışırlar. O zaman ordumuz erməni təxribatının qarşısını alsada, düşmən payızın son həftəsində yenidən işğal olunmuş torpaqlardan dinc əhalnin yaşadığı kəndləri atəşə tutmağa, bombalar yağdırmağa başladılar. Bununla da onlar bir daha insanlar arasında xof yaratmağı və əhalini yenidən öz doğma kəndlərindən pərən-pərən salmağı düşünürlər. Lakin onlar buna nail ola bilməyəcəklərini görüb, bu dəfə top atəşlərindən daha çox istifadə edirlər. Ermənilər səngərlərdə onlarla üzbəüz dayanan rəşadətli ordumuzla döyüşməyə deyil, əsgərlərimizin başı üzərindən cəbhə xətdindən bir neçə yüz metr aralıda yerləşən kəndlərin dinc əhalisini ağır top qurğularından intensiv atılan bomba atəşinə tutmağa üstünlük verirlər. Ermənilərin təxribatı nəticəsində müharibənin yenidən başlandığı üç gün ərzində kəndin bir çox evlərinə, mağazaya, məktəbə, uşaq bağçasına, poçt şöbəsinin və kənd icra nümayəndəliyinin inzibati binalarına düşən bombalardan artıq səkkiz dinc sakinimiz dünyasını dəyişmiş, on iki nəfərimiz isə müxtəlif dərəcəli qəlpə yarası alaraq xəstəxanalara yerləşdirilmişlər. Yaralananlardan ikisinin vəziyəti çox ağır olduğundan müalicə üçün onları gecəylə paytaxtın mərkəzi klinikasına köçürülmüşlər. Əhali arasında ən hiddət yaradan məqam isə ölən sakinlərimiz arasında ikisinin körpə məktəbli uşaqların olması idi. Amma bütün bunlara baxmayaraq kənd əhalisi evlərini tərk etmək haqqında düşünmür, dədə-baba torpaqlarından, yurd-yuvalarından müvəqqəti də olsa ayrılmağı heç ağıllarına belə gətirmirlər. Onlar ordumuza güvənərək gündəlik adi həyatlarını yaşayır, əkin-biçinlə, heyvandarlıqla məşğul olur, təsərrüfatlarını inkşaf etdirməkdə davam edirlər…
İllərdir ki, ilk xoruz banı olmamış yuxudan oyanan , bu dəfə isə səhərə qədər atılan güllə səslərindən onsuz da yuxusu ərşə çəkilən Yaqub yatağından qalxıb həyətə çıxdı. Sərin payız havasını bir neçə dəfə dərindən sinəsinə çəkib gərnəşdi, əl-qol ataraq idman hərəkətləri edirmiş kimi bir-iki dəfə oturub-durduqdan sonra, beş yaşlı oğlu Namiqin dünən axşamdan həyətin ortasında qalmış rezin topunu ayağıyla çiləməyə başlıadı. Sonra topa ehlmaca bir təpik vurub onu çəpərə sarı yönəltdi və tələsmədən tövləyə tərəf addımladı. Heyvanları kəndin nobat sürüsünə qatmaq üçün tövlənin qapısını açıb onları çölə buraxdı. Hər səhər olduğu kimi, yenə də dərindən nəfəs alaraq, asta səslə öz-özünə “Allah Ali Baş Komandanımızı və rəşadətli ordumuzu qorusun!” duasını pıçıldadı. O, belə duaları etməklə yanaşı, dövlətin ona yaratdığı bu günkü şəraitinə görə Allaha şükür idadə etməkdən də yorulmurdu. Hər dəfə sürünü qabağına salıb nobata ötürəndə “Maşallah, Allah bərəkət versin! Allah pis gözlərdən qorusun!” dualarını tez-tez və bir neçə dəfə söyləyirdi. Bu artıq onda bir adət halını almışdı. Hələ dörd-beş il bundan qabaq işğaldan azad olunmuş kəndlərinə qayıdanda qapısında bir toyuğu belə olmayan Yaqubun, bu gün artıq həyətində yüzlərlə yumurtlayan toyuq-cücəsi, 50 baş qoyunu, altı baş iribuynuzlu malqarası vardı. Dövlət onun ailəsini dədə-baba məhləsində, uçub-dağılmış evlərinin yerində yeni tikilmiş müasir, tam təmirli üçotaqlı, kürsülü evə köçürməkdən başqa, hökumət ona şəxsi təsərrüfatını inkşaf etdirməkdən ötəri damazlıq üçün təmənnasız olaraq 10 baş qoyun və yanı balalı bir sağmal inək də vermişdir. Bu illər ərzində o, təsərrüfatını xeyli inkişaf etdirmiş, heyvanlarının sayını artırmışdır. Uşaqlarının körpə olmasına baxmayaraq bu işdə ona həyat yoldaşı da bacardığı qədər köməklik göstərirdi. Uşaqların qayğısına qalmaq, ev işlərini görməkdən başqa, heyvanları sağmaq, onların südündən pendir, yağ tutmaq arvadının öhdəsinə düşürdü. Heyvanları rahlamaq, hər gün tövləni təmizləməkl, il boyu onların yemlənməsini təmin etmək üçün ot tədarükünü görmək, həftədə bir dəfə olmaqla kəndin nobat növbəsinə getmək, həyətyanı bağında əkdiyi mer-meyvəni, tərəvəzi, eləcə də yumurta, süd, qatıq, pendir və yağ məhsullarının satışını realizə etmək Yaqubun səlahiyyətlərinə aid idi. Arvadı Pərinin şəhərdə doğulub böyüməsinə baxmayaraq o, gəlin gəldiyi bu beş-altı ildə çətin kənd şəraitinə çox tez öyrəşmiş, hər hansı bir işdə handa özündən deyib döşünə döyən kənd qızlarından heç də geri qalmırdı. Səkkiz aylıq südəmər qızı Nailənin, balaca oğlu Namiqin qayğıları da ona öz işlərini görməsində mane ola bilmirdi. Ən başlıcası isə o, bütün bunları çox həvəslə görür və heç vaxt işin ağırlığından və ya çoxluğundan şikayət etmirdi. Hərdən Yaqub da onun bütün bu qədər işləri vaxtdında və keyfiyyətlə necə başa çatdırmasına heyran qalırdı. Zarafatlamı və ya geçəkmi, hərdən söhbət əsnasında Pəri ərinə deyirdi ki, qoy hələ bu müharibə qurtarsın, ordumuz bu mənfur erməni qonşularımızı torpaqlarımızdan qovub çıxardandan sonra, təsərufatımızdakı qoyunların sayını 200 başa çatdırmasam, heç atamın qızı deyiləm. Anamın işlədiyi uşaq bağçasını öz öhdəmə götürüb, onları təmənnasız olaraq kənd təsərüfatı məhsulları ilə təmin edəcəm…
Hinin qapısını açıb, toyuqların yem yerinə bir vedrə dən səpəndən, qablarına su tökəndən sonra Yaqub darvazanı açaraq heyvanları qabağına qatıb kənd yoluna tərəf sürdü. Kəndin o başından gələn nobat sürüsü onsuzda gəlib onun yanından ötəcəkdi deyə, həmişəki kimi yenə də elə burada gözləməyi qərara aldı. Bu vaxt onun mobil telefonu zəng çalmağa başladı. Pencəyinin cibindən çıxartdığı telefonunda Bakıda yaşayan baldızının adının yazıldığını görəndə narahatlıqla düyməni basdı:
-Alo! Eşidirəm Gülpəri! Salam!
-Salam, Yaqub! Yuxudan oyatmadım ki?
-Yox, yox, evdə deyiləm, heyvanları nobata ötürürəm. Nə işdi? Səhərin gözü açılmamış xeyir ola, zəng eləmisən? Narahat oldum.
-Elə biz də dünəndən çox narahatıq. Bütün gecəni yatmamışıq. Axşam hərbi komisarlıqdan evə zəng vurmuşdular ki, Nazim döyüşlərdə ağır yaralanıb, müalicə olunmaq üçün bu gün axşama qədər onu Bakıya gətirəcəklər. Bunu eşidəndən sonra anamı hələ də sakitləşdirə bilmirik. Deyir ki, yəqin oğlum ölüb, bunlar da məni aldadırlar. Atam da deyir ki, anamı ancaq Pəri sakitləşdirə bilər. Çağırın Pərini, uşaqları da götürüb gəlsin Bakıya.
Yaqub həyacanla soruşdu:
-Necə yəni, kim dedi ki, Nazim ölüb?
-Demədilər ey öldüyünü, anam özündən belə düşünür. Cəbrayıl rayonu uğrunda gedən şiddətli döyüşləri televiziya kanallarından izləyəndən sonra arvad özü belə nəticəyə gəlib. Anadır da, bəlkə də ürəyinə …
Yaqub Gülpərinin sözünü bitirməsinə imkan vermədi:
-Yox, yox, qəti olaraq elə düşünməyin! Mən elə bir-iki saata Pərini uşaqlarla birlikdə şəhərə yola salaram. Lakin belə vəziyyətdə mən də onlara qoşulub şəhərə gələ bilmərəm, düz başa düşün, kəndin bu günündə el adamı qınayar. Atışma bir balaca səngiyən kimi özüm də gələcəm. Amma bilmirəm bu xəbəri Pəriyə necə deyim?
-Bilmirəm, bir təhər de, başa sal ki, getməlisən, qardaşın ağır yaralıdır. Sən özün isə hələlik gəlmə, amma uşaqları mütləq göndər! Eşidirsən məni, sən özün gəlmə, uşaqları göndər! – bunu deyib Gülpəri telefonu söndürdü.
Bir dəqiqə keçməmiş yenidən Yaqubun telefonuna zəngi gəldi. Zəng edən və bayaqkından fərqli olaraq bu dəfə ağlayaraq hıçqıra-hıçqıra danışan yenə də Gülpəri idi:
-Yaqub, Nazim haqqında həqiqəti təkcə mən bilirəm və bunu axşamdan sinəmdə gizli saxlayıram. Sənin xətrini tək yeznə kimi yox, həm də böyük qardaş kimi nə qədər çox istədiyimi bilməmiş deyilsən. Ona görə də hər şeyi sənə açıq deyəcəm. Ürəyim partlayır… Axşam zəngindən sonra ürəyim çox narahat id. Zəng edən hərbi komisarlığın nümayəndəsindən Nazimin necə və harasından yaralandığını soruşduqda onun mənə cavab verməkdə çətinlik çəkdiyini hiss etdim. Buna görə də özüm gecə sakitcə həyətə çıxıb hərbi hissəyə zəng edərək Nazimin komadiri ilə telefonla əlaqə saxladım və nə qədər çətin və ağır olsa da həqiqəti eşitməyə hazır olduğumu ona söylədim. O, döyüşlərdə qəhrəmanlıq göstərən Nazimin erməni snayperi tərəfindən ürəyindən vurularaq öldürüldüyünü söylədi. Eşidirsən məni?.. Nazim yoxdur artıq, qardaşım şəhid olub!..
Telefon Yaqubun əlindən sürüşüb ayağının altındakı gölməçənin içinə düşdü və deyəsən onun heç bundan xəbəri də olmadı. Elə bu vaxt kəndin nobat sürüsünü örüşə aparan çoban onun yanından ötərkən salam versə də salamı eşitmədiyindən Yaqub heç qımıldanmadıda. Çoban bir söz deməyib çiyinlərini oynadaraq Yaqubun qoyunlarını nobat sürüsünə qatıb, fit çala-çala onları dərə aşağı çəmənliyə tərəf sürməyə başladı. Bir neçə dəqiqə beləcə yerində dayanıb sürünün arxasınca baxan, düşmən tərəfin atdığı mərmi səsindən diksinərək özünə gələn Yaqub, kəndin o biri başında yaşayan taksi şoferi Bəhmənin evinə sarı yollandı. Belə vəziyyətdə onun köməyinə ancaq Bəhmən gələ bilərdi. Tərtər – Bakı yolunu su yoluna döndərən II qrup müharibə əlili olan Bəhmən, öz köhnə “Mersedes” maşını ilə hər gün camaatı rayondan şəhərə və əksinə daşımaqla onlara taksi xidməti göstərirdi. Hələ 1992-ci ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə sol ayağını itirmişdi. Yeriyəndə ayağının birinin protez olmağı azacıq bilinirdi. Bütün bunlara baxmayaraq ümumilikdə səhhəti ona maşın sürərək taksi fəaliyyəti ilə məşqul olmağa heç bir çətinlik yaratmırdı. Darvazaya yaxınlaşan Yaqub Bəhmənin alaqapısını döyməklə kifayətlənməyib, onu adı ilə də səsləməyə başladı. Alaqapını özü açan Bəhmən Yaqubun ağarmış sifətini görüb onunla zarafat etmək istədi:
-Sabahın xeyir. Nə olub, a qağa? Elə haylayırsan ki, elə bil kəndimizin bombalanmasını ilk dəfə görürmüş kimi həyacanlanaraq, mənə xəbər verməyə gəlmisən?!
-Yox, yox əşi. Neçə illərdir səngimək bilməyən atışmaları, ermənilərin kəndə atdıqları bombaları onsuz sən də eşidib görürsən. Ermənilərin mülkü əhaliyə qarşı törətdikləri bu təxribatların ilk dəfə deyil ki şahidi oluruq. Əvvəlki illər deyil ee, artıq qorxmağa heç bir əsas yoxdur, ordumuzun əsgərləri ermənilərin vəhşiliklərinin qarşısını qətiyyətlə alırlar və bundan sonra da alacaqlar. Mən başqa məsələ üçün gəlmişəm. Sən bu gün Bakıya gedəcəksənmi?
-Hə, gedəcəm, amma qabaq oturacaqda gedəcək bir nəfər müştərim var. Arxaya yerləşərsinizmi?
-Hə, yerləşərlər. Mən getmirəm, uşaqları göndərirəm. Nə vaxt yola düşəcəksən?
-Çörəyimi yeyim, yarım saata tərpənəcəm. Bu qarışıqlıqda uşaqları şəhərə yollamağın xeyirdirmi? Yoxsa…
-Yox, yox, xeyir deyil! Pərinin qardaşı dünən Cəbrayıl rayonu yaxınlığında gedən döyüşlərdə şəhid olub. Bu axşam onun meydini dəfn etmək üçün şəhərə gətirəcəklər. Hələ bu barədə heç Pərinin özü bilmir. Sən də yolda ona heç nə bildirmə. Onu “Qardaşın ağır yaralanıb” adıyla evlərinə yola salacam, hər şeydən Bakıda xəbər tutsa yaxşıdır. Allah torpaq uğrunda ölən bütün şəhidlərimizə rəhmət eləsin! Mən gedim, sən də hazırlaş. Səni evdə gözləyirəm, darvazanın yanına çatanda siqnal verərsən, çıxarıq. Tez gedim ki, uşaqlar da yola hazırlaşsınlar…
Yaqub darvazanın alaqapısını açıb həyətə girəndə Pəri samavarı qaynadırdı. Armud ağacının altındakı stolun üstündə səhər yeməyi üçün hər şey düzülmüşdü. Yaqubun yeməyə iştahası olmasada arvadı ilə salamlaşaraq stola yaxınlaşıb əyləşdi. Pərinin qaynar samavardan ona süzmüş olduğu pürrəngi çayla dolu armudu stəkanı qarşısına çəkdi. Hadisəni Pəriyə necə söyləməsi üçün uyğun məqam axtardığı bir anda, atasının səsini eşidib yuxudan oyanan Namiq əlində şalvarını və köynəyini gətirərək geyindirmək üçün anasına yaxınlaşdı. Bu zaman içəri otaqdan körpə Nailənin səsi eşidildi. O, ağlamaqla yuxudan oyandığını və ac olduğunu anasına sanki bu yolla xəbər verməyə çalışırdı. Pəri ona sarı gələn oğlunu götürüb ərinin qucağına otuzdurdu:
-Qurbanın olum, Yaqub, sən Namiqi geyindir, mən də Nailəylə məşqul olum. Onun pampesini dəyişdirib, əmizdirməsəm, qız sakitləşən deyil. Qoy onu rahlayım, sonra gələrəm birlikdə çörəyimizi yeyərik. – bunu deyən Pəri tələsik evə sarı yollandı…
Bəhmən dediyi vaxtda maşınana oturub evdən çıxan zaman ermənilər yenidən kəndin aşağı istiqamətinə daha bir bomba mərmisi atdılar. Düşmən tərəfindən ara bir pulimyotlardan kəndə sarı atılan güllələrin səsi də açıq-aydın eşidilirdi. Ordumuzun əsgərləri düşmənin top və pulimyotlarını susdurmağa çalışsalarda, yağışdan sonra zəhərli göbələklər kimi əmələ gələn ermənilər, sanki yenidən meydanda olduqlarını bildirirmişlər kimi, dinc əhalinin yaşadığı kəndə atəş açmaqda davam edirdilər. Bəhmən maşını ehtiyatla sürərək kəndin baş yolundan dövlət tərəfindən tikilən yeni məhlələrə tərəf döndərəndə insanların küçə boyu qaçdığını görüb sürəti azacıq artırdı. O, bir tayı aşaraq kənara düşmüş, qəlpələrdən deşik-deşik olmaqla aşsüzəni xatırladan digər tayı hələ də aram-aram yellənərək cırıldayan darvazanın qabağındakı evə yaxınlaşıb maşını saxladı. Maşından enib həyətə yaxınlaşanda gözlərinə inanmadı. Bir neçə dəqiqə bundan qabaq həyətə düşmüş bombanın partlaması nəticəsində torpaqda böyük dəlik əmələ gəlmışdır. Evin ön divarının dağıması isə tavanın çökməsinə səbəb olmuşdur və bu da içəridə kimlərinsə sağ qalmasına güman yeri qoymurdu. Qonşulardan kimsə həyətdəki meyidlərin üzərinə ağ mələfə sərmişdi. Üstü örtülmüş meyidlərdən birinin uşaq olduğu aralıdan bilinirdi. Bəhmən ətrafa toplanmış qonşuların yanından keçib meyidlərə yaxınlaşdı. Başını qaldırıb qəzəb və təəssüflə evə sarı boylandı. Bu vaxt uçmuş evin qalıqları altından sanki zəif inilti eşidib tez ora yaxınlaşdı. Kənd adamlarının köməyi ilə tez bir zamanda uçmuş evin tavanı altından qucağında körpəsini sıxıb saxlayan, başının bir tərəfi dağılmış vəziyyətdə olan qadın meydini çıxardıb həyətə uzatdılar. Qadının öz balasını əmizdirərkən başından aldığı qəlpə yarasından öldüyü bilinirdi. Ananın qanlı döşü hələ də körpə qızcığazın ağzında idi. Onun başından axan qan isə zəif bir şırımla süzülərək körpənin sifətinə, oradan da axıb torpağa qarışmaqda davam edirdi.
Arif Ərşad
04-10-2020-ci il